Bu məqaləni vikiləşdirmək lazımdır. |
Səfvət bəy Həsən bəy oğlu Məlikov (mühacirətdə: Safvet Melik Zerdabi; 12 (24) noyabr 1891, Zərdab, Göyçay qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 1976, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı, Türkiyədə fəaliyyət göstərmiş memar və Azərbaycan mühacirətinin üzvlərindən biri.[1][2] Məlikovlar ailəsinin üzvü olan Səfvət bəy Həsən bəy Zərdabinin oğludur.
Səfvət Məlik Zərdabi | |
---|---|
Səfvət bəy Həsən bəy oğlu Məlik-Zərdabi | |
Doğum tarixi | 12 (24) noyabr 1891 |
Doğum yeri | |
Vəfat tarixi | 1976 |
Vəfat yeri | |
Dəfn yeri |
|
Həyat yoldaşı | Nəfisə Məlik Zərdabi (1905–1982) |
Atası | Həsən bəy Zərdabi |
Anası | Hənifə Məlikova |
Təhsili |
|
Fəaliyyəti | memar, bürokrat |
Səfvət bəy Həsən bəy oğlu Məlikov köhnə təqvimlə 12 noyabr 1891-ci ildə Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur.[3] 1915-ci ildən fasilələrlə xaricdə yaşamış və nəhayət, 1927-ci ildə davamlı olaraq Türkiyəyə yerləşmişdir. Türkiyədə Nəsihə adlı bir xanımla ailə həyatı qurmuş və 1976-cı ildə dünyasını dəyişmişdir. Səfvət bəyin məzarı Ankara şəhərinin Qarşıyaxa məzarlığında yerləşir.[4][5]
O, Bakı real məktəbini bitirdikdən sonra 1915-ci ildə Riqa Politexnik İnstitutuna daxil olub. Özü də atasının adına təsis olunmuş təqaüdlə təhsil alıb. 1917-ci ildə bolşeviklərin inqilabından sonra təhsilini yarımcıq qoyub Bakıya geri dönməyə məcbur olur. Buraya gəldikdən sonra cümhuriyyət quruculuğu prosesində iştirak edir. Əlimərdan bəy Səfvətin bəyin yeznəsi idi və Əlimərdan bəy Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibində Səfvət bəyi özünə köməkçi – qələm müdiri götürür. 1919-cu il martın 9-da Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səfvət bəy Parisə yola düşməmiş, İstanbulda konsulluqda çalışmışdır. Anası ilə yazışmalarından bəlli olur ki, Səfvət bəy AXC-nin xaricə təqaüdlə oxumağa göndərdiyi 100 tələbədən biri olmağa çalışmış, lakin konsulluqda çalışdığına görə bu mümkün olmamışdır.[6] Hənifə xanım Məlikzadə Zərdabinin 16 avqust 1919-cu ildə Azərbaycan Respublikasının maarif nazirinə bu ərizə ilə müraciət etmişdir:
Azərbaycan Respublikasının maarif naziri Əlahəzrət cənablarına
Həsənbəy Məlikzadə Zərdabinin dul övrətindən Ərizə Mənim oğlum Səfvət bəy Məlikzadə Zərdabi Riqa Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar olaraq, o, təhsilini davam etdirə bilmir. Siz, Əlahəzrət Cənabları, 100 nəfər gəncin ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmiş və bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səfvət bəy hal-hazırda Konstantinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o, tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə, oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səfvət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz. Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz. Bunu da nəzərinizə çatdırıram ki, 4-cü kurs tələbəsi olmuş oğlum yaxşı-yaxşı qiymətlərlə oxumuş və dərs aldığı professorlar tərəfindən müsbət rəy almışdır. Mən buna da bütün varlığımla əminəm ki, oğlum da atası Həsən bəy Məlikzadə kimi, ali təhsil aldıqdan sonra bütün ömrü boyu Azərbaycana ləyaqətlə xidmət edəcəkdir. Sizdən xahiş edirəm ki, hansı ölkəyə və hansı ixtisas üzrə oğluma yer ayrılması barədə məlumat verəsiniz. Bunu da nəzərinizə çatdırıram ki, Səfvət bəy atası H.B.Zərdabinin adına təqaüdlə təhsil aldığından müvafiq sənədləri şəhər idarəsindədir. Tələbinizlə nazirliyə təqdim oluna bilər. Hənifə xanım Məlikzadə Zərdabi 16 avqust 1919-cu il, Bakı şəhəri. |
Anası Hənifə xanımın 1921-ci ildə Azərbaycan SSR Xalq Maarif Komissarı Dadaş Bünyadzadəyə yazdığı məktubdab məlum olur ki, Səfvət bəy 1921-ci ildə də İstanbulda olmuşdur. Hənifə xanım dövlətdən oğluna təhsil alması üçün yardım edilməsini istəmişdir. Bakıya geri dönən Səfvət bəy 1923-cü ilə qədər burada qalır.[6] Səfvət bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi. Səfvət bəy 1921-ci il fevral ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadənin adına aşağıdakı məktubu göndərmişdir:
Xalq Maarif Komissarına
Arxitektura tələbəsi Səfvət Həsən oğlu Məlikovdan Ərizə Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı. Mən tələbə olarkən, politexnikum özünün istedadlı tələbələrindən biri kimi məni təhsilimi başa çatdırmaq üçün Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə ümumiyyətlə təhsilimi başa vurmağa mane oldu. Müsavat hakimiyyəti illərində mənim xaricə ezam edilən tələbələrin sırasına daxil etmək barədə xahişim etinasızlıqla qarşılandı. Belə ki, Müsavat hökumətinin nöqteyi-nəzərincə mən öz əqidəmə görə siyasi axımdan "etibarsız" element hesab olundum. İndi texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan Sovet hökumətinin təcrübəsində xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz. Təhsilimi tamamlamaq üçün mənə ilyarım – iki il vaxt kifayətdir. Bu müddətdən sonra mən hazırlıqlı arxitektor-mütəxəssis kimi geri qayıdacağam. Axı Azərbaycan Sovet hökuməti Dağıstan inqilab komitəsinin müraciətinə əsasən bir dağıstanlını ali təhsil almaq məqsədilə xarici ölkəyə ezam edirsə, elə düşünürəm ki, bu hökumət əvvəllər də öz vəsaiti ilə oxumaq imkanına malik olmayan, şəhər idarəsinin təqaüdündən istifadə edən, tədris başçılarının yaxşı rəy verdikləri azərbaycanlı gəncə də köməklik göstərəcəkdir. Məktubuma Bakı Şəhər İdarəsi yanında məktəb komissiyasının 2 aprel 1915-ci il tarixli protokolunun surətini əlavə edirəm. Yoldaş komissar! Sizdən bir daha xahiş edirəm ki, ali təhsilimi Almaniyada başa çatdırmaq üçün ezam olunmağıma hərtərəfli köməyinizi əsirgəməyəsiniz. 7 fevral 1921-ci il, Bakı şəhəri. |
Səfvət Məlikovun məktubu Azərbaycan SSR Xalq Maarif Komissarlığının 1921-ci il 1 mart tarixli iclasında müzakirə olunmuşdur. İclasın qərarında qeyd edilmişdir:
Tələbə Məlikovun 4-cü kursun dinləyicisi olduğunu, təhsilini başa çatdırdıqdan sonra Azərbaycan Respublikası üçün faydalı olacağını nəzərə alaraq, təhsilini davam etdirmək üçün məqsədilə xaricə ezam olunsun. |
Qərarı Dadaş Bünyadzadə imzalamışdır.
1923-cü ildə onu Almaniyaya təhsil almağa göndərirlər. Almaniyada yüksək mühəndis ixtisasına yiyələnir.[6]
1927-ci ildə Türkiyəyə gəlir və Əlimərdan bəy Topçubaşovun qohumu olmasına, Azərbaycanda Həsən bəy Zərdabiyə qarşı münasibətin hələ tam bilinməməsinə görə Azərbaycana dönməmiş və burada qalmaq qərarına gəlir.[6]
Səfvət bəy Türkiyə Mühəndislər Dərnəyinin qurucularından olmuş, Ankaranın ən məşhur binalarının layihələndirilməsində iştirak etmişdir. Onun Türkiyə Memarlar Muzeyində fotosu vardır.[6]
Səfvət bəy həm də Azərbaycanın mühacirət mətbuatının yazarlarından biri olmuş və atasının yolunun davam etdirib, publisist olmuşdur. Tarixçi Akif Aşırlı Səfvət bəyin 10 məqaləsini tapa bilmişdir. Məlum olmuşdur ki, Səfvət bəy hətta "Mücahid" dərgisində bir müddət redaktor kimi çalışmışdır.[6]
Səfvət bəy "Milliyyətçi Azərbaycan Dərnəyi"nin qurucularından biri olmuşdur.[7]
1960-cı illərdə SSRİ ilə Türkiyə arasında münasibətlər yaxşılaşmağa doğru getdi. Nümayəndə heyətləri səfərləri başlamışdı. Deyilənə görə o zaman Abbas Zamanov Türkiyəyə gedib Səfvət bəyi tapıb. Abbas Zamanov hətta ona Azərbaycana dönməyi də təklif edib. Lakin o, daha dönmək istəmədiyini bildirmişdir.[6]
Azərbaycan SSR-nın mədəniyyət naziri olan və Həsən bəy Zərdabinin nəvəsi olan Rauf Hacıyev Maestro Niyazi Türkiyəyə səfər gedərkən gedərkən Səfvətlə onun vasitəsiylə əlaqə saxlamış və Səfvət Rauff Hacıyevin oğlu olan məşhur rejissor Fuad Hacıyevın yeni doğulmuş qızına hədiyyələr göndərmişdir.[4] Fuad Hacıyevin bildirdiyinə görə Rauf Hacıyevlə Səfvət Məlik-Zərdabinin əlaqələri davamlı olmuşdur:[4]
Biz Ankarada olan zaman Həsən bəy Zərdabinin sonuncu övladı Səfvət Məlik-Zərdabinin evini ziyarət etdik. Orada Səfvətin həyat yoldaşı Nəfisənin bacısı Aişə xanım yaşayırdı. O, bizə Səfvətin iş vəsiqəsini, sənədlərini təqdim etdi. Sənəddə də qeyd olub ki, Səfvət Almaniyada təhsil alıb. O həm memar, həm də mühəndis bölməsinin məzunu olub. Soyadı isə "Məlik-Zərdabi" kimi qeyd olunub. Biz onun adını "Saffet" kimi yazırdıq.Amma "f" hərfi bir dənə olub. Bütün bu sənədlərin şəkillərini sizə təqdim etdik. Nəfisənin bacısı Aişə çox yaşlı qadın idi. Gözləri zəif görürdü. O, bizə Səfvətlə bağlı xeyli məlumat verdi. Hətta qeyd edim ki, atam Rauf Hacıyev Maestro Niyazi Türkiyəyə gedərkən Səfvət əmiyə çox şey göndərirdi. Həmin vaxt bizim bir qızımız dünyaya gəlmişdi. Səfvət əmi də qızımıza Türkiyədən gözəl geyimlər alıb göndərmişdi. Rauf Hacıyev Səfvət Məlik-Zərdabi ilə həmişə əlaqə saxlayırdı. |
Fuad Hacıyevin Səfvət bəyin baldızı ilə görüşməsindən aydın olur ki, Səfvət bəy Ankarada yaşamış və orada da dəfn edilmişdir. Fuad Hacıyev onun və həyat yoldaşı Nəzihə xanımın məzarlarını aşkar etmiş və ziyarət etmişdir.[4] Məzarı Ankaranın Qarşıyaxa məzarlığındadır. Həyat yoldaşı Nəfisə xanımın məzarı ilə qoşadır. Qəbrin üzərində "Azərbaycan əşraflarından olan Həsən bəy və Hənifə xanımın oğlu Səfvət Məlik Zərdabi. Ruhuna fatihə. 1898–1976" yazılıb.[5]