Dördüncü sənaye inqilabı vəya Sənaye 4.0 (ing. dilindən Industry 4.0) — dördüncü sənaye inqilabı adlı konseptin sırf sənaye ilə bağlı olan alt hissəsidir. Sənaye 4.0 və dördüncü sənaye inqilabı ifadələri tez-tez bir-birini əvəz etməsinə baxmayaraq, bunlar fərqli konseptlərdir. Sənaye 4.0 standartlarına cavab verən istehsal müəssisələri əsasən naqilsiz bağlantı və sensorlar ilə gücləndirilmiş, bütün istehsal xəttini görüntüləyə bilən və bu barədə qərar qəbul edə biləcək xüsusi bir sistemlə və bu sistemə qoşulmuş avadanlıqlarla təchiz olunur. Dördüncü sənaye inqilabı isə dünyada ümumi olaraq fiziki, rəqəmsal və bioloji dünyalar arasındakı sərhədlərin qarışmasını təsvir edən bir yoldur. Bu, süni intellekt, robotexnika, Əşyaların İnterneti (IoT), 3D çap, gen mühəndisliyi, kvant hesablama və digər texnologiyalardakı inkişafların birləşməsidir və hər hansı bir sahədə tətbiq oluna bilər[1].
Sənaye 4.0 termini, 2011-ci ildə, Almaniya hökumətinin istehsalın kompüterləşdirilməsini təşviq edən yüksək texnologiya strategiyasının bir layihəsindən yaranmışdır[2]. Sənaye 4.0 termini həmən ildə Hannover sərgisində ictimaiyyətə təqdim edildi[3]. 2012-ci ilin oktyabr ayında Sənaye 4.0 üzrə İşçi Qrup, Alman federal hökumətinə Sənaye 4.0 tətbiqetmə tövsiyələrini təqdim etdi. Sənaye 4.0 işçi qrupunun üzvləri və tərəfdaşları Sənaye 4.0-ün qurucu ataları və hərəkətverici qüvvəsi kimi tanınırlar. 8 aprel 2013-cü ildə Hannover Sərgisində İşçi Qrup Sənaye 4.0-ün yekun hesabatını təqdim etdi. Bu işçi qrupuna Siegfried Dais (Robert Bosch GmbH) və Henning Kagermann (Alman Elm və Mühəndislik Akademiyası) rəhbərlik edirdi[4].
Sənaye 4.0 prinsipləri şirkətlər tərəfindən tətbiq edildikləri üçün bəzən yenidən markalandılar, məsələn, aerokosmik hissələri istehsalçısı Meggitt PLC öz Sənaye 4.0 tədqiqat layihəsini M4 marka etdi. [12]
Almaniyada Sənaye 4.0-ə keçid, xüsusən rəqəmsallaşmanın əmək bazarına necə təsir edəcəyi barədə müzakirə İş 4.0 adlı mövzu altında araşdırılır.
İstehsalçılar Sənaye 4.0 texnologiya transformasiyasını araşdırmaq və yerinə yetirmək üçün aşağıdakı dizayn prinsiplərinə istinad edirlər:
- Qarşılıqlı əlaqə: Obyektlər, avadanlıqlar və insanlar Əşyaların İnternetindən istifadə edərək bir biri ilə əlaqə qurmalıdırlar. Bu, hər hansı bir zavodu ağıllı edən ən vacib prinsipdir.
- Virtualizasiya: Kiber Fiziki Sistemlər (KFS) real aləmin virtual surətini simulyasiya etməyi və yaratmağı bacarmalıdırlar. KFS-lər hətta ətraf mühitdə mövcud olan obyektləri də izləməlidirlər. Qısacası, hər bir obyektin virtual surəti olmalıdır.
- Mərkəzsizləşdirmə: KFS-lərin müstəqil işləmə qabiliyyəti var. Bu, xüsusi məhsullar və problemlərin həlli üçün fürsət yaradır və istehsal üçün daha çevik bir mühit formalaşdırır. Müvəffəqiyyətsiz və ya ziddiyyətli məqamlar olduqda isə, məsələ daha yüksək səviyyəyə ötürülür. Bununla belə, həyata keçirilmiş belə texnologiyaların olmasına baxmayaraq, keyfiyyətə nəzarət bütün prosesdə zərurət olaraq qalır.
- Real-vaxt qabiliyyəti: Ağıllı bir fabrikdə məlumatlar real vaxtda öncədən toplanılmalı, və sonradan saxlanılmalı və ya həmən anda təhlil olunmalıdır. Tapıntılara əsasən sistemin qərar vermə bacarığı olmalıdır. Buna təkcə bazar araşdırmaları ilə bağlı qərarlar deyil, həm də istehsal xəttindəki bir avadanlığın nasazlığı kimi daxili proseslər də daxildir. Ağıllı obyektlər yaranmış qüsuru müəyyənləşdirməli və bununla bağlı olan tapşırığı digər əməliyyat maşınlarına həvalə etməlidirlər. Bu da çevikliyə və istehsalın optimallaşdırılmasına böyük töhfə verir.
- Xidmət yönümlülük: İstehsalat müştəri yönümlü olmalıdır. Müştərinin spesifikasiyasına əsasən məhsul yaratmaq üçün insanlar və ağıllı obyektlər / qurğular Xidmətlər İnterneti vasitəsilə səmərəli əlaqə qura bilməlidirlər. Xidmətlər İnternetinin vacib olduğu yer məhz budur.
- Modulluq: Dinamik bir bazar şəraitində Ağıllı Zavodun yeni bir bazara uyğunlaşma qabiliyyəti vacibdir. Tipik bir vəziyyətdə, ortalama bir şirkətin bazarı araşdırması və istehsalını müvafiq olaraq dəyişdirməsi üçün bir həftə lazımdır. Ağıllı zavodlar mövsümi dəyişikliklərə və bazar trendlərinə sürətlə uyğunlaşa bilməlidirlər[5].
Cari rəqəmsal trendlərə yaxından baxdıqda Sənaye 4.0-ün bir çox komponentdən ibarət olduğunu görmək olar. Bu komponentlərin nə qədər geniş əhatəli olduğunu anlamaq üçün, rəqəmsal texnologiyalara misal olaraq aşağıdakı nümunələri gətirmək olar:
- Mobil qurğular
- Əşyaların İnterneti (IoT) platformalar
- Lokasiyanın müəyyən edilməsi texnologiyaları
- Qabaqcıl insan-maşın interfeysi
- İdentifikasiya və saxtakarlıq aşkarlanması
- 3D çap
- Ağıllı sensorlar
- Böyük verilənlərin analitikası və qabaqcıl alqoritmlər
- Genişlənmiş reallıq / geyinilə bilən cihazlar
- Bulud hesablama
- Məlumatların vizuallaşdırılması və "real vaxt" analitikası
Sənaye 4.0 texnika və standartlarının tətbiqi üçün müxtəlif çətinliklər və maneələr var:
- Təhlükəsizlik: Sənaye 4.0 texnikalarının tətbiq edilməsinin bəlkə də ən çətin tərəfi IT təhlükəsizlik riskidir. Hər hansısa bir istehsal müəssəsinin onlayn inteqrasiyası təhlükəsizlik pozuntularına və məlumat sızmalarına yol verməyi gözlənilir. Ona görə də burada kiber oğurluq da nəzərə alınmalıdır. Bu cür problemlər fərdi xarakter daşımır və yarandığı halda istehsalçılara külli miqdarda maddi ziyan vura və hətta onların nüfuzuna xələl gətirə bilər. Buna görə təhlükəsizlik sahəsində araşdırma çox vacibdir.
- Kapital: Sənaye 4.0 standartlarına uyğun texnologiyanın tətbiqi böyük bir investisiya tələb edir. Bu cür transformasiya layihələrinin başlanmasına şirkətin baş icracı direktoru səviyyəsində qərar verilməlidir. Bu hallarda belə risklər hesablanmalı və ciddi qəbul edilməlidir. Bundan əlavə, bu cür transformasiyalar yüksək məbləğ tələb etdiyi üçün, kiçik müəssisələrin büdcəsinə çox vaxt uyğun deyil. Bu da öz növbəsində gələcəkdə onların bazar payını itirməyinə səbəb ola bilər.
- Məşğulluq: Qlobal miqyasda Sənaye 4.0-ün tətbiqi ilə məşğulluq vəziyyətinin necə dəyişəcəyi barədə fərziyyələr irəli sürmək hələ erkən olsa da, işçilərin fərqli və yeni bacarıqlar toplamalı olacağını artıq demək olar. Daha yuxarı səviyyəli bacarıqlar toplamış işçilərin məvacibləri artsa da, böyük sektorların işçiləri artıq müəyyən çətinliklərlə üzləşməli olacaqlar. Müxtəlif yeni təhsil formaları tətbiq olunmalıdır, lakin bu yuxarı yaş kateqoriyalı işçilərin böyük hissəsi üçün problemi həll etmir. Məşğulluqla bağlı olan çətinliklər transformasiya layihəsinin üzləşdiyi ən əsas maneəsidir.
- Məxfilik: Bu yalnız müştərinin deyil, istehsalçıların da narahatlığıdır. Bir-biri ilə qarşılıqlı əlaqədə olan bir sənayedə istehsalçılar məlumat toplamalı və təhlil etməlidirlər. Müştəri üçün bu, onun şəxsi həyatına təhdid kimi görünə bilər. Keçmişdə məlumatlarını paylaşmayan kiçik və ya böyük şirkətlər daha şəffaf bir mühit üçün işləməli olacaqlar. Artıq dəyər zəncirində iştirak edən şirkətlərin bir çoxu əməliyyatlarını daha da effektiv etmək üçün bir-biri ilə vacib məlumatları paylaşmalıdırlar[5].