Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması.
Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirmişdir.
Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur.[1] Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur.[2] XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər.
Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır. Məsələn, şifahi xalq şeirinin fərqli hecalı nümunələri, Dədə Qorqud və əski uyğur şeirləri (Maniçi poeziya, Manixey poeziyası), ərəb şeirinin “səc” forması və s. Yəni öncə məhz sərbəst şeir forması yaranmış, sonra tədricən sillabik vəzn, daha sonra isə vahid metro-ritmik quruluşlu vəzn – əruz formalaşmışdır.[3]
Tədqiqatçı Şirvani Ədilli Azərbaycan poeziyasında mövcud olan sərbəst şeirlərin xüsusiyyətlərini nəzərə alaraq ilk dəfə bu şeir formasının 8 növünü müəyyən etmişdir:[3]