Sabir Əkbər oğlu Rizayev (17 aprel 1924, İrəvan – 20 dekabr 1978, İrəvan) — ssenarist, dramaturq, sənətşünas, teatr və kino tənqidçisi. Ermənistan SSR əməkdar incəsənət xadimi (1975).[1][2]
Sabir Rizayev | |
---|---|
Doğum adı | Sabir Əkbər oğlu Rizayev |
Doğum tarixi | 17 aprel 1924 |
Doğum yeri | |
Vəfat tarixi | 20 dekabr 1978 (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | film tənqidçisi[d], ssenarist, teatrşünas |
Fəaliyyət illəri | 1949–1978 |
Mükafatları |
Sabir Əkbər oğlu Rizayev 17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rizayev həmin vaxt Moskvada "İnostrannaya literatura" ("Xarici ədəbiyyat") jurnalının redaksiyasında "Türk ədəbiyyatı" şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirmiş, 1942-ci ildə könüllü olaraq müharibəyə getmişdir. İkinci Dünya müharibəsi qurtardıqdan sonra İrəvana qayıtmış və "Kommunist" qəzetində işləmişdir. 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlamışdır. Sabir Rizayev 1951-ci ildə İrəvan Teatr İnstitutunu bitirmişdir. O, 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra "Armenfilm" kinostudiyasında ssenari şöbəsinə rəhbərlik etmiş, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləmişdir. 1965-ci ildən ömrünün sonunadək Ermənistan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi vəzifəsində işləmişdir. Onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi yaradılmış, bir sıra monoqrafiyalar yazılmışdı.
Sabir Rizayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin müstəsna xidmətləri olmuşdu. Onun atası Əkbər Rizayev hələ İrəvan gimnaziyasında oxuyarkən "Könülsüz nikah" adlı komediyanı yazmış və həmin əsər İrəvan teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuşdu. Daha sonralar Əkbər Rizayev Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını yaşatmaq üçün tamaşalarda rollar ifa etmişdir. Anası Firəngiz Rizayeva İrəvanda səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olmuşdur.
Sabir Rizayev 1975-ci ildə "Ermənistan SSR Əməkdar incəsənət xadimi" adına layiq görülmüşdür. Müasir erməni sənətşünasları Sabir Rizayevi erməni kinoşünaslığının banisi adlandırırlar. O, bir sıra filmlərin ssenari müəllifi olmuşdur. Sabir Rizayevin qələmindən çıxan "Erməni bədii kinematoqrafiyası" (1963), "Hraciya Nersesyan" (1968), "Vardan Əcəmyan" (1978) monoqrafiyaları sənətşünasların stolüstü kitablarına çevrilmişdir. Erməni dilini mükəmməl bilən Sabir Rizayev əsərlərini əksəriyyətini rus dilində yazmışdır.
Onun müəllifi olduğu İrəvan Azərbaycan Dram Teatrı haqqında ilk tədqiqat əsəri 1963-cü ildə Bakıda rus dilində "Ermənistanda Azərbaycan teatrı" ("Азербайджанский театр в Армении") adı altında çap olunmuşdur. İrəvandakı Azərbaycan teatrının banisi Yunis Nuri haqqında Sabir Rizayevlə aktyorun oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda azərbaycanca çap olunmuşdur.
Sabir Rizayev yaradıclılğının çiçəkləndiyi bir vaxtda həyatla vidalaşmışdır. O, 20 dekabr 1978-ci ildə İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt keçirmiş və məruzəsini tamamlaya bilməyərək gözlərini əbədi yummuşdur. Sabir Rizayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilmişdir.
Ümumiyyətlə, Sabir Rizayevin müəllifliyi və tərtibçiliyi ilə 30 kitabı çap olunmuşdur. Onlardan 15-i rusca, 14-ü ermənicə, 1-i isə azərbaycanca çap olunmuşdur. Sabir Rizayevin yazdığı əsərlər bu gün də öz aktuallığını saxlamasının göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq 2009-cu ildə İrəvanda "Teatr və kino haqqında seçilmiş işləri" ("Избранные работы о театре и кино") adı ilə 280 səhifə həcmində nəfis şəkildə çap edilmişdir.
Ermənicə:
Rusca:
Azərbaycanca: