Salam Salamzadə

Salam Əbdülqasım oğlu Salamzadə (23 fevral (7 mart) 1908, Bakı12 may 1997, Bakı) — rəssam, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq rəssamı (1982). Salam Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Əsərləri ölkəmizlə yanaşı xarici ölkələrin də muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır. Rəssam həmçinin, ictimai fəaliyyətlə də məşğul olub, Azərbaycan Milli İncəsənət Muzeyinin və Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifəsində işləyib. Hal-hazırda Salam Salamzadənin 72 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır.

Salam Salamzadə
Doğum tarixi 23 fevral (7 mart) 1908
Doğum yeri
Vəfat tarixi 12 may 1997(1997-05-12) (89 yaşında)
Vəfat yeri
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı
Fəaliyyəti rəssam
Təhsili
  • Moskva Dövlət Pedaqoji İnstitutu[d]
Janr portret
Mükafatları
"Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1940
"Xalqlar dostluğu" ordeni — 1988 "Şərəf nişanı" ordeni — 1959

Salam Salamzadə 7 mart 1908-ci ildə Bakıda, Əbdülqasım bəylə Xədicə xanımın ailəsində anadan olmuşdur. O 10 yaşında olarkən anası Xədicə xanım vəfat edir.[1] Uşaqlığının kifayət qədər çətin olmasına baxmayaraq, Salam Salamzadə hələ orta məktəbdə oxuyarkən rəsm çəkməyə böyük maraq göstərirdi. Nəticədə 1925-1929-cu illərdə o, ilk peşə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Texnikomunda almağa nail olur. Buradakı müəllimlərinin təlim-tərbiyə metodları gələcəkdə onun fərdi üslubuna dərindən təsir edir. Salam Salamzadə daha sonra 1931-1932-ci illərdə aktyor və kinorejissor Rza Təhmasib, rəssam Rüstəm Mustafayev və gələcək həyat yoldaşı Qəmər Nəcəfzadə ilə birlikdə Moskva Dövlət Pedaqoji Universitetində pedaqoji təhsil almışdır. Hələ tələbə ikən "Şərq qadını", "İnqilab və mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyir  və illüstrasiyalar çəkir.[2]

Universiteti bitirdikdən sonra o, xalq şairi Əliqulu Qəmküsarın qızı, Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Nəcəfzadə ilə ailə həyatı qurmuş, cütlüyün 2 qız övladı dünyaya gəlmişdir.

Salamzadə 1997-ci il mayın 12-də Bakıda vəfat etmiş və Fəxri Xiyabanda dəfn edilmişdir.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1929-cu ildə Salam Salamzadə Azərbaycan rayonlarına səfərlər etmiş və bir müddət GəncəLənkəranda qalaraq burada yaradıcılıqla məşğul olmuşdur. Həmin dövrdə “Sap sexi” (1930), “MTS-in açılışı” (1932) “Gəncə toxuculuq fabrikində”, “Komsomolçular iş vaxtı” (1930), “Konserv fabrikində” kimi yaradıclılğının ilkin dövrünə xas tematik tablolar yaratmışdır.[3]

İkinci Dünya müharibəsi illərində rəssam daha çox müharibə qəhrəmanlarının portretlərini çəkmişdir. Bundan əlavə, 1940-cı ildə Salam Salamzadə rəssam Sadiq Şərifzadə ilə birgə Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin layihəsi üçün “Azərbaycan ədəbiyyatşünaslarının panteonu” adlı monumental panno hazılayır. Müharibədən sonra yenidən yaradıcılıq məharətini genişləndirmək məqsədilə ölkənin cənub rayonlarına xüsusən Astara və Lənkərana ezamiyyətlərə yollanır.[2]

S.Salamzadənin incəsənət xadimlərinin portretləri, əmək adamlarının iş prosesində təsvir olunmuş surətləri olduqca inandırıcı, obrazların xarakterik və psixoloji xüsusiyyətlərini təcəssüm etdirən, daxili aləmlərini açan, həmçinin sənaye mənzərələri və təbiət lövhələrində lirik bədii təfərrüatları özündə əks etdirən bədii elementlərlə zəngindir.[4] Rəssamın müharibədən sonrakı dövrdə yaratdığı portret qalereyası rəngarəngliyi ilə seçilirdi. Həmin rəsmlər arasında rəssamın həyat yoldaşı və ilk azərbaycanlı kinorejissor Qəmər Salamzadənin portreti də var idi.

"Günəş altında" adlı rəsm əsəri

Rəssamın portret əsərlərinə "Maniyə Kərimovanın portreti" (1938), "Üzeyir Hacıbəyovun portreti" (1941), "Xalq artisti Sidqi Ruhullanın portreti" (1944), "Röyal arxasında" (1955), "Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Almaszadənin portreti" (1957), "Gilənarla qızın portreti" (1957), "Nəriman Nərimanovun portreti" (1958), "Qız bababöykü çiçəyi  ilə" (1962), "Gənc kolxozçu qızın portreti" (1964), "Kəndli qız" (1972) və başqalarını göstərmək olar.[3]

S.Salamzadə süjetli tablo və mənzərə janrında yaratmış olduğu əsərlərində bəzən sintez üsulu ilə iki janrın xüsusiyyətlərini bir tabloda birləşdirərək əks etdirmişdi. Süjetli tablo və məzərə əsərlərindən "Rüstəmin Əfrasiyabla döyüşü" (1934), "Günəş altında" (1958), "Sovxoz çölləri" (1959), "Suya gedən qadınlar" (1968), "Çay plantasiyası" (1970), "Rəfiqələr" (1970), "Qürub çağı" (1973), "Toya gedənlər" (1974), "Astara subtropik sovxozu" (1976), "Rezervuarlar" (1976), "Lənkəran çaybecərənləri" (1977) və digərlərini qeyd etmək olar.[5]

1960-cı illərdən başlayaraq bir çox xarici ölkələrə səfərlər edən Salamzadə öz təəssüratları əsasında mənzərə və portret janrında əsərlər çəkib. Rəssamın xarici ölkələrə yaradıcılıq ezamiyyət və səfər nəticəsində yaratmış olduğu tablolar onun yaradıcılığının ayrıca bir istiqamətini təşkil edir. Onun xaricə ilk səfərlərindən biri 1958-ci ildə Çexoslovakiyaya olub.[1] Salamzadə ölkəni gəzmiş, onun tarixi, zəngin mədəni irsi və müasir həyatı ilə yaxından tanış olmuş, təəssüratları əsasında silsilə əsərlər yaratmışdır. Amma onun bədii fəaliyyətinin ayrıca xətti ərəb ölkələrinə səfərlərindən sonra formalaşıb. Rəssam ərəb ölkəllərində uzunmüddətli yaradıcılıq ezamiyyətində olmuşdu. O, yarım ilə yaxın ərəb ölkələrində yaşamış, Misir, İraq, Suriya, Livan və başqa ərəb ölkələrində gördüyü, müşahidə etdiyi hal və hadisələri rəssam təxəyyülündən keçirərək, diqqəti cəlb edən rəngkarlıq əsərləri yaratmışdı. Rəssamın yaradıcılığının 10 ilə yaxın dövrü ərzində ərsəyə gətirdiyi müxtəlif janrlı əsərlər "Ərəb ölkələri silsiləsi"ni (1961-1970) təşkil edir. O dövrün əsərlərinə “Asvan yüksək bəndi”, “Qahirə silsiləsi” və başqaları da daxildir.

Sənətşünas, AMEA-nın müxbir üzvü Kərim Kərimov bu haqda bildirib:[2]

"Ərəb ölkələrində çox rəssam olmuş, lakin heç kəsə S.Salamzadə qədər ərəblərin həyatı ilə yaxından tanış olmaq, geniş müşahidələr aparmaq, hadisələrin mahiyyətini duymaq və gələcək əsərləri üçün bu qədər material toplamaq nəsib olmamışdı".

1970-1980-ci illər onun intensiv bədii fəaliyyəti və yetkin sənət dövrü olması ilə səciyyələnir.

Salamzadə 1930-cu ildən sərgilərdə iştirak edib. Onun əsərləri dünyanın bir sıra ölkələrində keçirilən sərgilərdə nümayiş etdirilib. Bundan başqa, onun mühüm sərgiləri arasında 1949 və 1951-ci illərdə Moskvada keçirilən "Ümumiittifaq İncəsənət Sərgisi"lərini göstərmək olar.[6]

S.Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) və Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub.

1987-ci ildə Salamzadə “Liviyada” adlı əsərlərindən ibarət fərdi sərgi keçirib.

Onun əsərləri R.Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında və s. muzeylərdə saxlanılır.[3]

Salamzadənin əsərləri Polşa, Almaniya, Rumıniya, Macarıstan, Fransa, İspaniya, Avstriya, İtaliya, Livan, Suriya, Misir, Tunis, Venesuela, Türkiyə, İran və İraq kimi ölkələrin sərgilərində nümayiş etdirilir.[7]

  1. 1 2 3 "Salam Abdulgasim oglu Salamzade". prabook.com (ingilis). 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  2. 1 2 3 "XALQ RƏSSAMI SALAM SALAMZADƏNİN YARADICILIQ YOLUNA DAİR QEYDLƏR". 525.az. 2022-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-28.
  3. 1 2 3 4 5 ADRQ, 2017. səh. 7
  4. Azərbaycan qəzeti, 1997. səh. 4
  5. ADRQ, 2017. səh. 8
  6. 1 2 3 Kərimova, 1964. səh. 123
  7. Azərbaycan qəzeti, 1997. səh. 5