Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991).
Salis Məmmədov | |
---|---|
Salis Məmmədsani oğlu Məmmədov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | (76 yaşında) |
Vəfat yeri | Şəki, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Uşaqları |
Vəfa Məmmədova, Aydın Məmmədov |
Atası | Məmmədsani |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Jurnalistika |
Təhsili | BDU |
Fəaliyyəti | jurnalist |
Mükafatları |
|
Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir.
1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir[1].
1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən[2] imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi.
Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi. O, 1993-cü ildə oğlu Aydın Məmmədovla birlikdə ilk müstəqil region qəzeti olan "Şəkinin səsi"ni təsis etmiş və vəfatına qədər həmin qəzetin baş redaktoru olmuşdur.
Salis Məmmədov 29 yanvar 2009-cu il tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
SSRİ-nin "Şərəf nişanı" ordeni, "Leninin yubiley" medalı, Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl Qələm" mükafatı, 21 iyul 2005-ci ildə Azərbaycan Respublikasının "Tərəqqi" medalı[3] ilə təltif edilmişdir. 1993 və 1994-cü illərdə redaktoru olduğu "İpəkçi" qəzeti 60 illik yubileyi münasibətilə prezident Heydər Əliyev tərəfindən 2 təbrik məktubu almışdır[4].
23 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür[5].