Sarıcalı oymağı

Sarıcalı oymağıCavanşir elinin qollarından biri.

Tarixi ədəbiyyatda bu qurumun Bəhmənli oymağından ayrılması məlumdur. XVIII yüzilin önlərində, 1727-ci ildə 9 ailədən ibarət idi. Yüzbaşının ailəsini də əlavə etsək, təxminən 10 ailə alınır. Osmanlı qaynağına görə, Sarıcalı oymağı Xaçın nahiyəsində Tərnəgird (Tərnəüd) torpağında qışlayır, başqa adı Torpaqbulaq olan Güştaş adlı yerlərində yaylayır. Bayad torpağında, Doğalan və Zəliyan adlı arxların kənarında əkinçiliklə məşğul olurdu.

Qarabağda xanlıq qurmuş Pənahəli xan Sarıcalı-Cavanşir əslən Arazbarlıdır. Arazbar xanlıq dönəmində Cavanşir-Dizaq mahalı adlandı. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği "Qarabağnamə" adlı əsərində Pənahəli xanın atası Ibrahimxəlil ağadan danışarkən yazır: "Bu dövlət və nüfuz İbrahimxəlil ağanın əlinə keçdiyi zaman daha da artdı. O, böyük dövlət sahibi olduğundan adı dillərə düşüb məşhur oldu. Onun Ağdamdakı bağı və hasar divarı, Arasbar və Araz kənarındakı mülkü, mal-qarasının otlaq və yataqları, yaylaqda "İbrahimxəlil qalağı" adilə məşhur olan bir imarəti onun varlı və böyük cəlal sahibi olmasına adil bir şahiddir." Tarixçi Mirzə Camal Cavanşir Qarabaği "Qarabağ tarixi" adlı əsərində Pənahəli xanın əsil-nəsəbindən, yer-yurdundan bəhs edərkən yazır: "Mərhum Pənah xanın əsil-nəsəbi Dizağın Cavanşir elindəndir"

Tarixçi Mir Mehdi Xəzani də bu fikrə dəstək verir: "Mirzə Camal mərhum yazar ki, Pənah xanın əsil-nəsəbi Cavanşir Dizaq elindən və Sarıcalı oymağındandır ki, Sarıcalı həm qədim Bəhmənli elindən bir firqədir ki, əyyami-sabiqdə Türküstan məmləkətindən gəliblər. Amma Mirzə Adıgözəl və başqa adamlar rəvayət edərlər ki, Pənah xan mərhumun əsil-nəsəbi Arqun xan Çingizə yetişir. Guya belə nisbət veriblər ki, dudmani-Çingiziyyənin dövlət və səltənətləri münqəriz olandan sonra o nəsildən birisi fərar edib gəlib əvvəl Gürcüstanın Lori qalasında məxfi və mütəvari olub, sonra xavanini-Gəncənin işləri tərəqqidə olan zamanda gəlib Gəncədə onlara xidmət edərmiş. Sonra ali olan hümməti şöylə xanlara xidmət-güzar olmağı özünə ar bilib, oradan Qarabağa gəlib Cavanşir içində bəxti-cavani-yarıt qılıb, çox dövlət və mal və həşəm üz verib və bir fərzəndi-ərcüməndi və bir mövludi-səadətməndi dəxi təvəllüd edib ki, hüsni-vəcahəti və camali-bilətafəti həddən ziyad imiş. Pəs ol əxtər bürci-nəcabətə və ol mehr-süpehri-şərafətə Əli müsəmma ediblər və çün cəmali-rüxsarı və dürrbar olan məqal və göftarı ata-anasının gah misal olan qülubi-xatirələrini kəhrəba kimi məczubi-məhəbbət etmişdi. Bu səbəb kəsrəti¬məhəbbətdən və nəhayəti-mehrü ülfətdən ona Sarıca əli1 xitab ediblər və əz bəski dövlət və müknəti və malü qəniməti ziyad olduğu səbəbə yanında naxırçı və ilxıçı və çoban və muzdur və xidmətkar çox olublar. Həmin obanın adı o zamandan Sarıca Əlili qalmışdır və Pənah xan dəxi şul nəsildən əmələ gəlmişdir".

Bəs Pənahəli xan Arazbar qəzasının harasındandır? Pənahəli xanın kötükcəsi, tarixçi Əhməd bəy Cavanşir doğma yuvalarından danışarkən yazır: "Onun əcdadı olub, Araz çayının sahilində, Bəhmənli kəndinin yaxınlığında Alaqarğı oymağında yaşayan Məhəmmədxan adlı birisi ceyran dərisindən qayırılmış perqament üzərində yazılan bir qəbaləyə əsasən Kürəkçay, Kür, Araz, Əlincəçay və Göycə gölü arasındakı 200 verstə qədər uzunluğu və bu qədər də eni olan bütün Qarabağ torpaqlarını satın almış və uzun müddət bu yerdən müstəqil surətdə istifadə edərək, hələ sağlığında oranı üç oğlu arasında bölüşdürmüşdü."

Dəqiqlik üçün qeyd edək ki, Məhəmmədxan sultan Pənahəli xanın qohumu deyildi. Məhəmmədxan sultan Səfəvilər dönəmində Arazbar və Bayat qəzalarında xeyli torpaqları olan böyük bir mülkədar idi. Pənahəli xandan da xeyli öncə yaşamışdı. Vəfatından sonra mülkünü oğlu Sədrəddin sultan idarə edirdi. Oğlundan sonra isə nəvələri Pənahəli bəylə Behbudəli bəy dədə-baba mülklərinə yiyələnmişdilər. Pənahəli xan Bayat bazarını adaşı Pənahəli bəydən alıb abadlaşdırmışdı...

Mehdiqulu xan Cavanşir 1827-ci ildə Irandan dönəndən sonra Qarabağ komendantı tərəfindən qeyri-qanuni olaraq torpaqlarını pay-bölüş edilmiş gördü. Haqqını qaytarmaq üçün ədliyyə orqanlarına baş vurdu. Özəl mülkü haqqında məhkəməyə təqdim etdiyi arayışlarda Alaqarğı barəsində də bilgi var. Mehdiqulu xan dədə-baba torpaqları Alaqarğının sınırlarını belə cızır: "Alaqarğı—gündoğandan Köndələnçay, günbatandan Sarısu arxı, güneydən Arazla sınırlanan bir torpaqdır. Quzeydən Quruçay bu torpağı ikiyə bölürdü. Bir hissəsi podpolkovnik Məhəmmədqasım ağanın idi. Bir hissəsində isə xəzinəyə bağlı Bəhmənli, Seyidmahmudlu, qışda HacılıYağləvənd obaları əyləşirdilər".

Pənahəli xan Sarıcalı-Cavanşir xanlıq qurduqdan sonra pulla alıb abadlaşdırdığı Bayat qalasına, sonra Sarıcalıların yurdu Tərnəkütə, lap sonra isə alıb tikdirdiyi Pənahabad qalasına köçdü.

Cavanşir elinin Sarıcalı oymağının əmirləri, əyan-əşrəfləri Qarabağda xanlığın qurulmasında önəmli rol oynamışdı. Pənahali bəy müstəqillik uğrunda mübarizəsində ilk növbədə sarıcalılara arxalanırdı. Elə onlarla da Nadir şahın sarayından qaçmışdı. Pənahəli bəy yaxın-yoldaşları sarıcalılarla (oğlu İbrahimxəlil ağa, bacısıoğlu Lütfəli bəy, Seyidəli bəy, Hacı Məhəmməd bəy, əmisioğlu Şahverən bəy, Hümbətəli bəy, Göyüş bəy) ilə qaçıb Qarabağa gəlir. Sürgündən yayınıb orda-burda daldalanan eldaşlarından başına yığıb qaçaqlığa qurşanır. Nadir şah Təbriz və Şamaxı hakimlərinə göstəriş verir ki, Pənahəli bəyi tutub hüzuruna gətirsinlər. Pənahəli bəy göstərişdən duyuq düşüb, Qarabağdan vurub Şirvandan çıxır, Şirvandan girib Qarabağdan çıxır. Dağda-daşda daldalanıb ələ keçmir.

Xanlıq quran sarıcalılar: Behbudəli ağa Ibrahimxəlil ağa oğlu, Ismayılxan ağa Ibrahimxəlil ağa oğlu, Mirzəxan ağa İskəndər ağa oğlu, Lütfəli bəy Hacı Mirzə Lətifxan ağa oğlu, Şahverən bəy Kazım ağa oğlu, Əhmədxan bəy Əhmədxan ağa oğlu, Hüseynxan bəy Iskəndər ağa oğlu, Seyidəli bəy, Hacı Məhəmməd bəy, Hümbətəli bəy, Göyüş bəy və başqaları.

Xanlığın qurulmasında önəmli rol oynamış Şahverən bəy Kazım ağa oğlunun törəməsi Qasım bəy Zakir Cəfərqulu xana yazırdı:

 
Sarıcalı adın gətirmə dilə,
Var imiş xudadan əlbəttə belə,
Eşşək az qalıbdı çata mənzilə,
Onu bundan sonra tuta bilməz at…

Sarıcalı oymağı Mehdiqulu xanın dövründə və rus-üsul idarəsi dönəmində bir neçə dəfə Irana qaçmışdı. Qasım bəy Zakir şeirlərinin birində oba yiyəsi Mirzə Mehdi bəy Əli bəy oğlu Sarıcalıya yazırdı:

Sarıcalını qoyma eyləsin fərar,
Yüzillik əmlakı tökülüb qalar;
Gedən tək olara qızılbaş yazar
On tümən məvacib, oda lavüsul…

Quzey Azərbaycanda Sarıcalı adlı bir neçə kənd qərar tutur. Güney Azərbaycanda isə Marağada 2 kənd, Qaradağda 1 kənd var.

Sarıcalı oymağının tanınmış soyları

[redaktə | mənbəni redaktə et]
  • Ənvər Çingizoğlu, Fazil Baxşəliyev, Qarabağın el və obaları, Bakı, "Şuşa", 2007, 224 səh.
  • Ənvər Çingizoğlu, Behbudovlar, Bakı, "Mütərcim". 2008, 168 səh.
  • Ənvər Çingizoğlu, Cavanşir eli:Sarıcalılar, Bakı, "Mütərcim", 2015, 352 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]