Sevim Arbana

Sevim Arbana (1951[1]) — Albaniya qadın hüquqları müdafiəçisi və "Alban Qadınlarına Faydalı" və "Sülh və Anlaşma üçün Qadın Körpüsü" adlı qeyri-hökumət təşkilatlarının təsisçisi.

Sevim Arbana
Doğum tarixi 1951[1]
Vətəndaşlığı
Fəaliyyəti insan hüquqları fəalı, pasifist

Həyatı[redaktə | mənbəni redaktə et]

Sevim Arbana 1951-ci ildə anadan olub.[2] Sevimin atası Albaniyadakı Azadlıq Ordusunun üzvü kimi İkinci Dünya müharibəsində almanlara qarşı vuruşub. O, müharibədən sonra anti-kommunist Qanunçuluq Partiyasına qoşulmuş və nəticədə "xalq düşməni" kimi damğalanaraq Ənvər Xocanın hakimiyyəti dövründə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Atasının siyasi baxışlarına görə Arbananın ailəsi Albaniya hökuməti tərəfindən daim təqiblərə məruz qalırdı; bununla da Sevimin Tirana şəhərində yerləşən İncəsənət Məktəbində təhsilini başa vurmaqla bağlı çətinliyi yaranmışdı.[3]

1991-ci ildə Arbana Kosovoda keçirilən bir forumda özünün qadın hüquqları təşkilatlarının aldığı maliyyə çatışmazlığına etiraz edərkən Serbiya polisi tərəfindən həbs olunmuşdu. Bundan əlavə, Sevim Arbana əvvəllər MJAFT! (azərb. Bəsdir!‎) hərəkatında iştirak etmiş Tirana meri Eryon Veliay ilə birgə çalışmışdı. Arbana onu qadın hüquqlarını dəstəkləmədiyinə görə tənqid etmiş və Veliayın həmin vəzifəyə seçilməsindən sonra onunla əməkdaşlığını dayandırmışdı. 1997-ci ildə Sevim Albaniyada ilk çətir QHT olan QHT Forumunun prezidenti seçilmişdi.[2][3]

2005-ci ildə 1000 Sülh Qadınından (ing. 1000 PeaceWomen) biri kimi "Nobel" sülh mükafatına namizəd göstərilmiş[3] Sevim Arbana daha sonra 2019-cu ildə "Liderlik" kateqoriyasında Qlobal Qadın Mükafatına da namizəd olmuşdu.

Sevim Arbana "Naim Frasheri" nəşriyyatının redaktorudur.[4]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Sovet İttifaqıAlbaniya Sosialist Xalq Respublikasının süqutundan sonra – 1993-cü ildə Arbana Albaniyada ilk qadın klubu olan "Alban Qadınlarına Faydalı" qeyri-hökumət təşkilatını və Balkan sülh təşkilatı "Sülh və Anlaşma üçün Qadın Körpüsü"nü təsis etdi.[2] Arbana kommunizmin süqutundan sonra fəaliyyət göstərən ilk aktivist hesab olunur.[5] Bu təşkilatların yaranmasına onun dünyada ilk qadın klubu olan Aleksandra Klubu (ing. The Alexandra Club) ilə tanışlığı səbəb olmuşdu. Bu təşkilatlar vasitəsilə Arbana reabilitasiya mərkəzləri yaratmış, insan alverinə qarşı kampaniya aparmış, evsizlikməişət zorakılığı qurbanlarına yardım göstərmişdi.[3]

"Alban Qadınlarına Faydalı" Mərkəzi[redaktə | mənbəni redaktə et]

"Alban Qadınlara Faydalı" Mərkəzi məişət və ya cinsi zorakılıq qurbanı olan, valideynləri tərəfindən tərk edilən və ya iqtisadi çətinliklər yaşayan qadınlara yardım etmək üçün yaradılmış təşkilatdır. Bu mərkəz həm də Albaniyada məişət zorakılığı faktlarına və qadınların zorakılıqdan qaçarkən üzləşdiyi iqtisadi çətinliklərə diqqəti cəlb etməyə xidmət etmişdir. Mərkəz, həmçinin, küçə uşaqları üçün reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir, qaraçı icmasındakı yeniyetmə analara yardımlar edir və qan davalarının qurbanlarına yardım edir.[3] Hesablamalara görə, bu mərkəz vasitəsilə Arbana 7,000-dən çox alban küçə uşağına təlim keçmiş və onlara iş tapmaqda kömək etmişdi.

Kosovo müharibəsi zamanı mərkəz 3,800-dən çox Kosovo və Albaniya qaçqınını yerləşdirmək və onlara kömək etmək üçün istifadə edilmişdir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 http://www.1000peacewomen.org/en/network/1000-peacewomen/search/sevim-arbana-289-27.html.
  2. 1 2 3 "Sevim Arbana (Albania) | WikiPeaceWomen – English". wikipeacewomen.org. 2020-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-17.
  3. 1 2 3 4 5 6 "The Balkanista Meets Sevim Arbana" (ingilis). The Balkanista. 29 aprel 2018. 3 fevral 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2023.
  4. WEF. "Sevim Arbana". www.wef.org.in (ingilis). 21 iyul 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 apr 2023.
  5. "Sevim Arbana: Pashë Ramën kur pickoi me dhunë një ministre" (Albanian). www.balkanweb.com. 28 yanvar 2019. 17 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 aprel 2023.