Seysmik təhlükə

Seysmik təhlükə — zəlzələ nəticəsində qruntun titrəyişləri və bu titrəyişlərin təsiri ilə əmələ gələn sürüşmə yanğın və s. dolayı hadisələri özündə birləşdirir.

Zəlzələ zamanı fiziki obyektlərin dağılması və zədələnmələri, əsasən qrunt titrəyişləri ilə əlaqədardır. Qrunt titrəyişləri isə amplitut-tezlik tərkibləri və davamiyyəti ilə səciyyələnir. Seysmik təhlükənin müəyyən edilməsi üçün hesablamalar ilk dəfə 1968-ci ildə C. Allin Cornell tərəfindən tərtib edilmişdir onların əhəmiyyətindən və istifadə səviyyəsindən asılı olaraq olduqca mürəkkəb ola bilər. Regional geologiyaseysmologiya mühiti əvvəlcə seysmometr qeydlərindən həm dərinlikdə, həm də səthdə zəlzələnin baş vermə mənbələri və nümunələri üçün araşdırılır; ikincisi, bu mənbələrdən təsirlər yerli geoloji süxur və torpaq növlərinə, yamac bucağı və qrunt sularının şəraitinə nisbətən qiymətləndirilir. Beləliklə, oxşar potensial zəlzələ zonaları müəyyən edilir və xəritələrdə çəkilir. Tanınmış San Andreas qırığı, Sakit okean atəş halqası ilə əlaqəli kontinental kənarlar boyunca bir çox sahələr kimi, daha böyük potensial hərəkətə malik uzun dar elliptik zona kimi təsvir edilmişdir.

Qiymətləndirmə metodları

[redaktə | mənbəni redaktə et]

Seysmik təhlükə dedikdə verilən ərazidə kifayət qədər böyük zaman intervalında (50, 100, 500 il və s.) müəyyən səviyyəli seysmik effektin baş verməsi ehtimalı nəzərdə tutulur. Uzun müddətli seysmik təhlükənin qiymətləndirilməsi, Azərbaycanın da aid edildiyi seysmik cəhətdən aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını (şəhərsalma, torpaqdan istifadə insanların həyatlarını və əmlaklarını sığortalama və s. sahələr) planlaşdırmaq üçün zəruri bir işdir. Uzunmüddətli seysmik təhlükənin qiymətləndirilməsi miqyası 1:5000000-dan 1:2500000-dək olan ümumi seysmik rayonlaşdırma xəritələri vasitəsilə təsvir olunur. Ilk dövrlərdə seysmik rayonlaşdırma əsasən seysmostatistik prinsip əsasında aparılırdı. Yəni, tərtib olunmuş rayonlaşdırma xəritələrində məlum olan güclü zəlzələlərin izoseystləri göstərilir və eyni ballı izoseystlər birləşdirilirdi. Nəticədə seysmik rayonlaşdırma xəritəsində yalnız müxtəlif intensivlikli titrəyiş zonaları təsvir olunurdu.[1]

Seysmiklik törədən zonalar

[redaktə | mənbəni redaktə et]

Keçmiş SSRI, o cümlədən Azərbaycan ərazisinin seysmik rayonlaşdırılması işi dəfələrlə aparılmışdır. Ilk belə xəritə 1937-ci ildə SSRI EA Seysmologiya Institutu tərəfindən hazırlanmış və rəsmi nəşr olunmuşdur. 1947-ci ildə Q. P. Qorşkovun rəhbərliyi ilə tərtib olunan bu xəritənin yeni variantı SSRI Dövlət Tikinti komitəsi tərəfindən seysmik dayanıqlı tikinti üçün normativ sənəd kimi təsdiq olunmuşdur. Həmin xəritədə Böyük Qafqazın Mərəzədən respublikanın Gürcüstanla sərhədinə qədər olan ox zolağı 8 bal intensivlikli zəlzələlərin baş verməsi mümkün olan zona kimi ayrılır. Böyük Qafqazın cənub və şimal yamacları 7 bal intensivlikli seysmik təhlükəli zonalara aid edilmişdir. Respublikanın depressiya zonalarının daha aşağı-6 bal intensivlikli seysmik potensiala malik olduğu göstərilir.

Sonrakı dövrlərdə, zəlzələlərin qeydiyyatı və onların parametrlərinin təyini üzrə yeni metodların işlənib-hazırlanması, seysmologiya və seysmotektonika sahəsində aparılan tədqiqatların inkişafı, yeni güclü zəlzələrin baş verməsi və s. kimi amillər mövcud seysmik rayonlaşdırma xəritələrinin dəfələrlə dəqiqləşdirilməsinə səbəb olmuşdur.

Seysmik rayonlaşdırma xəritəsinin təkmilləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə həm müasir dövrdə baş verən zəlzələlər instrumental və makroseysmik cəhətdən ətraflı öyrənilir, həm də keçən əsrlərdə baş vermiş dağıdıcı zəlzələlər haqqında daha geniş informasiya toplanması istiqamətində işlər aparılır.

Seysmoqravitasiya

[redaktə | mənbəni redaktə et]

Seysmoqravitasiya hadisələri müxtəlif olub, əsasən ərazilərin morfostrukturları ilə əlaqədardır. Qafqazda ən çox rast gələn seysmoqravitasiya hadisələri uçqunlar, sürüşmə-uçqunları və daş axınlarıdır. Müəlliflər seysmikrayonlaşdırmanı əsasən aşağıdakı prinsiplər əsasında aparmağı təklif edirlər.

  • Regionların litosfer qatının neotektonik inkişaf mərhələsində kövrək və plastik deformasiyalarını əks etdirən xəritələr əsasında aktiv dərinlik qırılmaları morfostrukturları ayrılır.
  • Morfostruktur və qırılma tektonikası regionun, paleoseysmo-geoloji metodları da daxil olmaqla, müxtəlif üsullarla müəyyənləşdirilmiş zəlzələ episentrləri ilə tutuşdurulur.
  • Aktivliyi neotektonik hərəkətlərin sürəti, amplitudu və s. əlamətlər əsasında təyin edilən, zəlzələ episentrlərinin bağlı olduğu tektonik element (morfostruktura və ya qırılma zonaları) müəyyənləşdirilir.
  • Yer qabığının qalıq seysmogen deformasiyasının ölçüləri və genetik tipi əsasında tektonik elementin potensial seysmikliyi qiymətləndirilir.
  • Morfostruktur və ya qırılma zonasının qiymətləndirilmiş potensial seysmikliyi həmin struktur elementin yeni dövrdə inkişaf tempi təxminən bərabər olan məhdud sahələrinə ekstrapolyasiya edilir.
  • Güclü zəlzələ haqqında məlumat olmadıqda, strukturun potensial seysmikliyi Kmax xəritəsinə əsasən müəyyənləşdirilir.
  • Bərabər seysmik potensiallı morfostruktur və ya qırılma seqmentləri seysmikliktörədən zonalar kimi birləşdirilir və güclü zəlzələlərin izoseystlərinə uyğun formada seysmikliktörədən zonalardan kənardakı titrəyiş zolaqları hesablanır.

Beləliklə, metodun müəllifləri seysmikrayonlaşdırmada istifadə olunan məlum metodlara demək olar ki, yalnız seysmodislokasiya qalıqları əsasında seysmik potensialın ən yüksək həddini təyin etmək üsulunu əlavə etmiş olurlar.[2]

Seysmik dalğalar

  1. "Seysmologiyanın əsas elementləri". səh.278. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.
  2. "Seysmologiyanın əsas elementləri". səh.290. ek.anl.az. 27 aprel 2023-cü il tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]