Sikorski-Mayski müqaviləsi — SSRİ ilə Polşa arasında 30 iyul 1941-ci ildə Londonda imzalanmış müqavilə.[1][2][3] Müqavilə öz adını onu imzalayan iki məşhur şəxsdən götürür: Polşanın Baş naziri Vladislav Sikorski və SSRİ-nin Londondakı səfiri İvan Mayski.
1939-cu ildə Nasist Almaniyası və SSRİ arasında Molotov-Ribbentrop paktı bağlandıqdan sonra,[4] SSRİ Polşanın işğalına və sonrakı bölüşdürməyə qoşuldu.[5][6] SSRİ Polşanın mövcud olmadığını elan etdi və ələ keçirdiyi bölgədəki polşalıları öz vətəndaşları olaraq dəyərləndirməyə başladı. Nəticədə 2 milyon polyak NKVD tərəfindən həbs olundu və sürgünlərə məruz qaldı.[1]
1941-ci ildə Nasist Almaniyası ilə SSRİ müharibəyə başladığı zaman SSRİ-nin beynəlxalq vəziyyəti dəyişdi. Bu zaman, Stalin Almaniyaya qarşı olan dövlətlərlə əlaqələr qurmağa başladı. Böyük Britaniyanın Xarici işlər Naziri Entoni İdenin vasitəçiliyi ilə Londonda yerləşən mühacir Polşa hökuməti ilə SSRİ-nin səfiri İvan Mayski arasında diplomatik münasibətlər başladı.[2][3] Nəticədə 30 iyul 1941-ci ildə Londonda müqavilə imzalandı. Daha sonra Moskvada 14 avqust 1941-ci ildə daha bir hərbi ittifaq müqaviləsi bağlanıldı.[7][8] 1941-ci ilin sonlarına doğru Sikorski daha bir diplomatik təmas üçün Moskvaya getdi.[9]
Stalin Nasist Almaniyası ilə bağlanmış bütün müqavilələri keçərsiz elan etdi və Polşanın 1939-cu ildə SSRİ ilə Almaniya arasında baş verən bölünməsini əsassız saydı. Daha sonra SSRİ düşərgələrində həbs olunmuş on minlərlə polyak əsirləri azad olundu. Mühacir Polşa hökuməti və SSRİ arasında əldə edilən razılığa əsasən bir çox polyak əhv əldə etdi[10][11] və onlardan təşkil olunmuş 40 min nəfərlik ordu General Vladislav Anderin komandanlığına verildi. Buna baxmayaraq, minlərlə polyak zabitin SSRİ tərəfindən öldürüldüyü Katın qırğını hələ daha iki il gizli qala bilmişdi.