Katın qırğını | |
---|---|
Əsas münaqişə: İkinci dünya müharibəsi zamanı Sovet-Polşa müharibəsi | |
| |
Ümumi məlumatlar | |
54°46′24″ şm. e. 31°47′20″ ş. u.HGYO | |
Yeri | Katın meşəsi, Kalinin və Xarkov həbsxanası |
Hücumun hədəfi | polyak zabit və ziyalılar |
Tarix |
|
Hücum metodu | kütləvi edam |
Ölü sayı |
|
Törədən(lər) |
SSRİ SSRİ Xalq Daxili İşlər Komissarlığı |
Vikianbarda əlaqəli mediafayllar |
Katın qətliamı[a] — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi.[1] Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır.
Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi.[1] Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı.[2]
Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi.[3] Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi.[1][4][5]
SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi. Rusiya tərəfi qırğının qurbanlarının ölməsi səbəbindən istintaqı bağladı və hadisə Böyük təmizləmənin bir hissəsi olaraq qəbul edilmədiyi üçün öldürülənlərə bəraət verilməsi proseduru tətbiq olunmadı.[6]
2010-cu ilin noyabr ayında, Rusiya Federasiyası Dövlət Duması, qətliama əmr verdiyi üçün Stalin və digər dövlət xadimlərinin hadisə ilə bağlı günahkar olduğunu özündə əks etdirən bəyannaməni təsdiqlədi.[7]
1 sentyabr 1939-cu ildə Polşanın Nasist Almaniyası tərəfindən işğalına başlandı. Bu hücum nəticəsində Böyük Britaniya və Fransa Polşa ilə bağlamış olduqları ingilis-polyak[8] və fransız-polyak hərbi müttəfiqlik müqavilələrin tələbini yerinə yetirərək müstəmləkələri ilə birlikdə Nasist Almaniyasına qarşı müharibə elan etdilər. Buna baxmayaraq müttəfiqlər Polşaya yetərli hərbi dəstək göstərə bilmədi.[9] Bu müddət ərzində müttəfiqlər ancaq Qəribə müharibə olaraq adlandırılan hərbi manevrlər həyata keçirə bildilər.[10]
SSRİ 17 sentyabrda Molotov-Ribbentrop paktına uyğun olaraq Polşanın işğalına başladı. Qızıl ordu çox sürətlə irəlilədi və onlarla üzbəüz gələn polyak əsgərləri sovetlərlə toqquşmaya girməmək əmri aldıqları üçün, demək olar ki, müqavimətlə qarşılaşmadı.[11] Sovetlər tərəfindən bəzi mənbələrə görə 250000,[1][12] bəzi mənbələrə görə isə 454700 Polşa əsgər və polisi əsir götürüldü.[13] Əsir götürülənlərdən bəziləri tezliklə azadlığa buraxıldı və ya qaçmağı bacardı. Buna baxmayaraq 125000 polyak əsgər SSRİ Xalq Daxili İşlər Komissarlığının nəzarətində olan əsir düşərgələrinə göndərildi.[1] Bu əsirlər arasından SSRİ tərəfindən ilhaq edilən Polşa ərazisində yaşayan belarus və ukraynalılardan ibarət 42400 əsgər oktyabr ayında azad edildi.[12][14][15] Bununla yanaşı, SSRİ əsir götürdüyü əsgərlər arasında Nasist Almaniyasının işğalında olan qərbi Polşa ərazisində anadan olan 43000 əsgəri almanlara təhvil verdi. Buna qarşılıq olaraq Nasist Almaniyası da əsir götürdüyü polyak əsgərlər arasından şərqi Polşa ərazisində dünyaya gələn 13575 əsgəri sovetlərə göndərdi.[12][15]
Polşa vətəndaşlarının Sovet repressiyaları ilə üzləşməsi də elə bu dövrdə baş verdi. Polşanın çağırış sisteminə görə ali təhsilli polyak gəncləri ehtiyat zabit hesab olunduğu üçün SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən onların böyük hissəsi əsir götürüldü.[16] Polşa Milli Yaddaş İnstitutunun verdiyi rəqəmlərə görə təqribən 320000 polyak vətəndaşı SSRİ-nin müxtəlif ərazilərinə deportasiya edildi. Bu rəqəm keçmiş dövrün tarixçilərinə görə 700 min ilə 1 milyon arasında dəyişirdi.[17][18] Milli Yaddaş İnstitutuna görə İkinci dünya müharibəsi illərində SSRİ tərəfindən 150 min Polşa vətəndaşı (keçmiş hesablamalara görə 500 min) müxtəlif yollarla öldürülmüşdür.[17][18] Dalstroy düşərgəsinə göndərilən 12 min nəfər polyak əsirdən təkcə 583 nəfər sağ qurtula bilmişdir. Sağ qalan əsirlər 1942-ci ildə Şərqi Polşa Silahlı Qüvvələrinə qoşulmaları üçün azadlığıa buraxılmışdır.[19] Tadeuş Piotrovskinin yazdığına görə müharibə dövründə və 1944-cü ildən sonra 570387 Polşa vətəndaşı Sovet repressiyalarının qurbanı olmuşdur.[20]
19 sentyabrda SSRİ Xalq Daxili İşlər Komissarlığı rəhbəri Lavrenti Beriya Müharibə Əsirlərinin İdarəedilməsi üzrə Baş İdarənin yaradılmasına dair göstəriş verdi. Bundan sonra SSRİ Xalq Daxili İşlər Komissarlığı Qızıl Ordudan əsirləri təhvil aldı. Təhvil alınan əsirlərin saxlamaq üçün qəbul mərkəzləri və aralarında dəmiryolu vasitəsilə əsir mübadiləsinin aparılması mümkün olan tranzit əsir düşərgələri yaradıldı. Ən böyük düşərgələr Kozelsk (Optina Monastrı), Ostaşkov (Seliger gölündə yerləşən Stolobni adasında) və Starobelskdə yerləşirdi. Digər düşərgələr isə Juknovo (Babinino dəmiryolu stansiyası), Yuze (Talitsi), Tyotkino dəmiryolu stansiyası, Kozelşina, Oranki, Voloqda və Qryazovetsdə yerləşirdi.[21]
Kozelsk və Starobelsk düşərgələrində polyak zabitlər saxlanılırdı. Digər düşərgələrdə isə skaut, jandarm, polis zabitləri və həbsxana məmurları tutulurdu. Əsirlər arasında həmçinin rahib, hüquqşünas, mülkədarların da daxil olduğu polyak ziyalıları vardı.[22] Əsir düşərgələrindəki saxlanılanların nisbəti bu şəkildə idi: Kozelsk 5000, Ostaşkov 6570, Starobelsk 4000. Ümumilikdə isə 15570 nəfər saxlanılırdı.[23]
19 noyabr 1939-cu il tarixli xəbərə görə SSRİ Xalq Daxili İşlər Komissarlığının əlində 40000 polyak hərbi əsiri vardı. Bunlardan 8000–8500 nəfəri əmr səlahiyyətli zabitlər, 6000–6500 nəfəri polis zabitləri və 25000 nəfəri isə əsgər, eləcə də əmr səlahiyyəti olmayan zabitlər idi. Dekabr ayında həyata keçirilən həbs dalğası nəticəsində yeni polyak zabitlər də həbs olundu.[1][15][24] İvan Serovun Lavrenti Beriyaya 3 dekabr tarixli hesabatına görə "ümumilikdə Polşa ordusunun 1057 keçmiş zabiti həbs olunmuşdur".[12] 25000 əsgər və əmr səlahiyyətinə sahib olmayan zabitlər məcburi əməyə (yol tikintisi, ağır metallurgiya) cəlb edildilər.[12]
1939-cu ilin oktyabrdan 1940-cı ilin fevralına qədər düşərgələrdə saxlanılan əsirlər Vasili Zarubin kimi SSRİ Xalq Daxili İşlər Komissarlığı zabitləri tərəfindən sorğu-sual və siyasi təhriklərə məruz qaldılar. Məhkumlar azad ediləcəklərini düşünsələr də, bu sorğular əslində kimlərin ölüb, kimlərin sağ qalacağının seçilməsi üçün edilirdi.[25][26] SSRİ Xalq Daxili İşlər Komissarlığının hesabatlarına görə bir məhkum əgər SSRİ tərəfdaşı mövqeyi nümayiş etdirmirsə, o, Sovet hakimiyyətinin qatı və barışmaz düşməni hesab edilirdi.[25]
5 mart 1940-cı ildə Lavrenti Beriyanın verdiyi məlumat əsasında Sov.İKP MK Siyasi Bürosunun altı üzvü, İosif Stalin, Vyaçeslav Molotov, Lazar Kaqanoviç, Kliment Voroşilov, Anastas Mikoyan və Mixail Kalininin ortaq rəyinə görə 25700 polyak əsir "inqilabçı və əks-inqilabçı" adı ilə qərbi Ukrayna və Belarusiyadakı düşərgə və həbsxanalarda saxlanıldı.[27] Tarixçi Gerard Veynberqin qırğınla bağlı rəyinə görə, Stalin polyak zabitlərin öldürülməsini gələcəkdə formalaşa biləcək mümkün Polşa ordusunu böyük bir hissəsindən məhrum qoymaq üçün istəyirdi. O, Katın qırğını haqqında yazırdı:
Bu dəhşətli addımın səbəbi olaraq almanların Anti-Polşa siyasətinin reallığının nümayiş etdirilməsi olduğu iddia olunur. Bu iddia Sovet rejimi tərəfindən qırğınların almanlardan gizli saxlanılması səbəbindən ağlabatan görünmür. ... Daha inandırıcı səbəb olaraq Sovetlərin qərb sərhəddində Polşanın yaranmasını gözləməsi əsas götürülə bilər. Hər bir halda Stalin Polşanın şərqini əldə saxlamağı düşündüyü üçün ortaya çıxacaq yeni Polşanın düşmən münasibət göstərəcəyindən əmin ola bilərdi. Bu səbəblə də hərbi və ziyalı sinfinin böyük hissəsinin sıradan çıxarılması Polşanı daha zəif hala gətirəcəkdi. Gerard Veynberq[28]
|
Sovet rəhbərlərindən xüsusilə də Stalin əsirlikdə olan polyakları Sovet hakimiyyətinə qarşı mübarizə aparacaq qüvvələr olaraq qiymətləndirirdi. Bu səbəblə də xüsusi düşərgələrdə saxlanılan əsirlərə "Sovet hakimiyyətinin açıq düşmənləri" damğası vuruldu.[1]
Qurbanların sayı təqribən 22000 olaraq qəbul edilir və bu göstəricinin ən azı 21876 olaraq qəbul olunur.[1] 1990-cı ildə təsnif olunan Sovet sənədlərinə görə 3 aprel 1940-cı ildən sonra 21857 polyak məhbus edam edildi. Bunların 14552 nəfəri üç böyük əsir düşərgəsində, 7305 nəfəri isə SSRİ-nin qərb bölgələri olan Ukrayna və Belarusiyada saxlanılırdı.[29] SSRİ Xalq Daxili İşlər Komissarlığının polyak məhbuslardan məsul olan general mayoru P. K. Soprunenko Katın və digər yerlərdəki edamları koordinasiya edirdi.[30]
Katın meşəsində öldürülənlərin arasında əsgərlər (bir admiral, iki general, 24 polkovnik, 79 polnovnik leytenant, 258 mayor, 654 kapitan, 17 gəmi kapitanı, 85 gizir, 3420 zabit və 7 keşiş), 200 təyyarəçi, hökumət nümayəndəsi, zadəganlar (1 şahzadə və 43 məmur) və dinc sakinlər (üç mülkədar, 131 qaçqın, 20 universitet professoru, 300 həkim, bir neçə yüz hüquqşünas, mühəndis və müəllim, yüzdən artıq jurnalist vardı.[25] Ümumilikdə, Polşa ordusunun zabit heyətinin yarısı qətlə yetirildi.[25] Ümumilikdə isə SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən 14 Polşa generalı qətlə yetirildi.[31] Öldürülən generallar Leon Billeviç, Bronislav Boqatıreviç, Ksaveri Çerniçki, Stanislav Haller, Aleksandr Kovalevski, Henrix Minkeviç, Kazımir Lukovski, Konstantin Plisovski, Rudolf Priç, Françişek Skorski, Leonard Skierski, Pyotr Skuratoviç, Meçislav Smoravinski və Aleyiz Vir-Konas idi. Qətlə yetirilənlərin hamısı etnik polyak deyildi. İkinci Polşa Respublikası çoxmillətli dövlət idi və zabit heyəti arasında etnik ukraynalı, belarus və yəhudilər də vardı. Katın qırğınının qurbanlarının təqribən 8%-nin Polşa yəhudiləri olduğu düşünülür.[32] Stanislav Svyyeneviç və Yozef Çapski də daxil olmaqla 395 Polşa yəhudisi qırğından xilas ola bilmişdir.[25] Onlar daha sonra Yuknov, Pavlitçev Bor və Qryazovets kimi əsir düşərgələrinə göndərilmişdir.[21]
Yerdə qalan məhkumların 99%-i öldürüldü. Kozelsk düşərgəsindəki məhkumlar Katın meşəsinə aparılaraq gülləndi. Starobelsk düşərgəsindəki məhkumlar Xarkovda yerləşən SSRİ Xalq Daxili İşlər Komissarlığının həbsxanasında öldürüldü və cəsədləri Piatixatki kəndi yaxınlığında kütləvi şəkildə basdırıldı. Ostaşkov düşərgəsindəki polis zabitləri isə Kalinində yerləşən SSRİ Xalq Daxili İşlər Komissarlığı həbsxanasında güllələndi və Mednoye yaxınlığında kütləvi şəkildə basdırıldı.[21]
Kalinindəki məhkumların edamı haqqında ətraflı məlumat SSRİ Xalq Daxili İşlər Komissarlığının Kalinin Bölgəsinin keçmiş rəhbəri olan Dmitri Tokarevin mühakiməsi zamanı ortaya çıxdı. Tokarevin dediyinə görə güllələnmə axşam başladı və sübh açılana qədər davam etdi. İlk dəfə 4 aprel 1940-cı ildə 390 nəfər güllələnmə üçün nəql olundu, ancaq bu qədər məhkumu bir gündə güllələmək asan başa gəlmədi. Sonrakı nəql etmələr zamanı isə 250 nəfərdən çox olmamaqla daşınmalar edilirdi. Güllələmələr adətən alman istehsalı olan 25 ACP Valter Model 2 tapançaları ilə həyata keçirilirdi.[33] Bəzən Naqan M1895 model Sovet istehsalı silahdan da istifadə edilirdi.[34] Güllələmələr zamanı alman silahlarının istifadə olunmasının əsas səbəbi Sovet istehsalı olan silahlarla müqayisədə təpməsinin daha çox olması və bu səbəblə də vurulma zamanı daha çox ağrı hissi yaratması ilə bağlı idi.[35] SSRİ Xalq Daxili İşlər Komissarlığında katib olan Vasili Mixayiloviç Blokinin 1940-cı ilin aprel ayı ərzində 28 gün boyunca şəxsən 7000-dən çox məhkumu güllələdiyi bildirilir.[30][36]
Qətllər eyni metodika ilə törədilirdi. Məhkumun şəxsi məlumatları nəzərdən keçirildikdən və ölüm təsdiqləndikdən sonra, əlləri arxaya qandallanırdı. Daha sonra məhkum həbsxanada nəzərdə tutulmuş bir otağa aparılır və yerindəcə cəllad tərəfindən baş və ya boyununun arxasından vurularaq öldürülürdü.[37] Daha sonra öldürülənlərin cəsədləri onları çöldə gözləyən kamyonların arxasında yığılırdı. Güllələmələrin səsini boğmaq üçün qətllərin törədildiyi otaqları izolyasiya etməklə yanaşı, həm də yüksək səsli avadanlıqları qoşaraq ört-basdır etməyə çalışırdılar. 1991-ci ildən sonra verilən açıqlamalara görə SSRİ Xalq Daxili İşlər Komissarlığının Smolenskdə yerləşən həbsxanalarında da qətllər eyni şəkildə törədilirdi. Bununla yanaşı, bəzi güllələmələrin kütləvi məzarlıqların üstündə də törədildiyi ehtimal olunur.[38] Əsirlərin güllələnməsi 1 may günündəki bayram istisna olmaqla fasiləsiz davam etmişdir.[39]
Ukrayna və Belarusiya həbsxanalarında saxlanılan 3000–4000 arasındakı polyak məhkum aralarında 50 qadın əsir də olmaqla güllələndi. Ehtimal olunur ki, onların cəsədləri Bukivniya və Kurapatidə basdırılmışdır. Öldürülən qadınlar arasında general mayor Yozef Duborun qızı leytenant Yanina Levandovskaya da vardı.[39][40]
Polyak məhkumların aqibəti haqqındakı suallar 1941-ci ilin iyununda Barbarossa əməliyyatı başladıqdan sonra ortaya çıxdı. Mühacir Polşa hökuməti SSRİ ilə həm Nasist Almaniyasına qarşı birgə mübarizə aparmaq, həm də Sovet torpaqlarında Polşa ordusu qurma istəyini dilə gətirən Sikorski-Mayski müqaviləsini imzaladı. Polşalı general Vladislav Anders bu yeni yaradılacaq ordunu təşkilatlandırmağa başladı və bir müddət sonra itkin düşmüş polyak zabitlər haqqında məlumat istədi. Şəxsi görüş əsnasında Stalin ona və Polşa Baş naziri Vladislav Sikorskiyə bütün polşalı əsgərlərin azad edildiyini və bəzilərinin Mancuriyada "izlərini itirdiklərinə" görə hər biri haqqında məlumat verilə bilməyəcəyini bildirdi.[41][42] Yozef Çapski 1941–1942-ci illərdə itkin düşmüş polyak zabitlərin aqibətini araşdırdı.
1942-ci ildə alman işğalı altında olan Smolenskdə əsir olan və dəmiryolu işlərində çalışan polyak işçilər yerli əhalidən Katın meşəsi yaxınlığındakı Kozelskdə polyak zabitlərinin kütləvi məzarlarının olması haqqında məlumat əldə etdi. Daha sonra onlar axtarışlar edərək bu məzarlardan birini tapa bildilər və bu məsələ haqqında gizli Polşa hökumətinin üzvlərinə məlumat ötürdülər.[43] Bu məlumat aşkara çıxarılan məzarlarda çox əsgərin ola biləcəyini düşünmədikləri üçün əhəmiyyətli hesab olunmadı.[43] 1943-cü ilin əvvəllərində Vermaxtın Mərkəz Ordu Qrupu və Abver kəşfiyyat təşkilatı arasındakı əlaqələndirici şəxs olan kəşfiyyatçı Rudolf Kristof fon Gersdorf polyak zabitlərinin kütləvi məzarlıqlarının olması haqqında məlumat əldə etdi. Bu hesabatlarda kütləvi məzarların Katın meşəsi yaxınlığındakı Keçi təpəsində yerləşdiyi qeyd olunurdu. O, əldə etdiyi məlumatlar haqqında rəhbərliyinə hesabat verdi. Mənbələrdə alman rəhbərliyinin məlumatlara hansı vaxtda sahib olması haqqında ziddiyyətlər vardır. Bəzi mənbələrə görə, bu məlumatlar onlara 1942-ci ilin axırı, bəzi mənbələrə görə 1943-cü ilin yanvar-fevral aylarında, bəzi mənbələrdə isə 1943-cü ilin 1 mart və ya 4 aprel tarixlərində çatdırılmışdır.[44] Yozef Gebbels bu kəşfi SSRİ ilə Qərb müttəfiqləri arasında boşluq yaratmaq, bolşevizmin dəhşətlərini dünyaya göstərmək və nasist təbliğatı aparmaq üçün əla fürsət olaraq dəyərləndirdi.[45] Reyxsender Berlin radiosu ciddi hazırlıqlardan sonra 13 apreldə Smolensk yaxınlığındakı Katın meşəsində alman hərbi qüvvələrinin 28 metr uzunluğunda, 16 metr enində xəndək aşkarladığını və burada 3000 polyak zabitinin 12 qat üst-üstə olmaqla cəsədlərinin aşkarlandığını bildirdi.[3] Radio çıxışda Sovetlər 1940-cı ildə qətliamı törətməkdə günahlandırıldı.[3]
Alman tərəfi Katın Komissiyası adının verildiyi Belçika, Bolqarıstan, Xorvatiya, Danimarka, Finlandiya, Fransa, Macarıstan, İtaliya, Hollandiya, Rumıniya, İsveçrə və Slovakiyanın məhkəmə tibbi ekspertlərindən təşkil olunmuş heyəti kütləvi məzarların aşkarlandığı yerə tədqiqat üçün çağırdı.[46] Almanlar qırğının arxasında Sovet tərəfinin aşkara çıxmasında o qədər maraqlı idilər ki, kütləvi məzarların tapıldığı yerə əsirlikdə əllərində olan Ferdinand Hötelin də aralarında olduğu müttəfiq qüvvələrdən olan əsirləri də gətirmişdilər.[47] Müharibədən sonra Ferdinand Hötel haqqında olan həbs əmri səbəbindən saxta passportla ölkədən qaçdı. Yan Emil Skiviç onunla əməkdaşlıq edirdi və Yozef Makiyeviçlə birlikdə cinayət ilə bağlı yazılar yazdı. Ekspertizada iştirak edən bolqar Marko Markov və çex Fransisek Hayek müharibədən sonra dövlətləri SSRİ-nin peyk dövlətlərinə çevrildiyi üçün Sovetləri dəstəkləyən, almanları isə günahlandıran mövqedən çıxış etməyə məcbur qaldılar.[48] Xorvat pataloji eksperti Eduard Miloşoviç isə ABŞ-yə qaçmağı bacardı.
Katın qırğınının törədilməsi Nasist Almaniyasına Sovetləri beynəlxalq ictimaiyyətin önündə etibarsızlaşdırmaq üçün faydalı oldu. Yozef Gebbels gündəliyində 14 aprel 1943-cü ilə aid qeydində yazırdı: "SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən ölcürülən 12 polyak zabitin aşkara çıxarılması Bolşevizm əleyhinə təbliğat aparmaq üçün geniş şəkildə istifadə edirik. Tərəfsiz jurnalist və polyak ziyalılarını kütləvi məzarlıqların tapıldığı yerlərə göndərdik. Bu müddətə qədər bizə çatan hesabatlar dəhşətlidir. Bundan əlavə Fürer alman mətbuatında hadisə ilə bağlı əhəmiyyətli məlumatları paylaşmağa icazə verdi. Təbliğat vasitəsindən mümkün olan hər yolla istifadə olunması üçün göstəriş verdim. Biz bir-iki həftə bu məsələnin aktuallığını qoruya bilərik.[49]
Sovet tərəfi Nasist Almaniyasının ittihamlarını dərhal təkzib etdi. Onlar polyak əsirlərin Smolenskdən qərbdə saxlanıldığını və bölgəni 1941-ci ilin avqustundan ələ keçirən almanlar tərəfindən qətlə yetirildiyini iddia etdilər. Sovet İnformasiya Bürosu tərəfindən Smolenskdən qərbdə işləyən polyak əsirlərin nasist-faşist qüvvələri tərəfindən qətlə yetirilməsi haqqında bildiriş elan olundu.[50]
1943-cü ilin aprelində Sikorskinin rəhbərlik etdiyi mühacirətdəki Polşa hökuməti bu məsələni danışıqlar masasına gətirmək və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən istintaq işinin açılmasında israr elədi.[51] Buna cavab olaraq Stalin mühacir Polşa hökumətini Nasist Almaniyası ilə əməkdaşlıqda günahlandırdı və onlarla diplomatik münasibətləri kəsdi. Bundan sonra SSRİ tərəfindən Polyak Vətənpərvərlər Cəmiyyətinin sədri olan Vanda Vasilevskayanın mühacirətdəki hökumətin əvəzinə təmsilçi olaraq tanınması üçün qərbdəki müttəfiqlər arasında genişmiqyaslı təbliöatlara başladı.[52] 1943-cü ildə Cəbəllütariq B-43 qəzasında Sikorskinin ölümü müttəfiq liderlərinə sərf eləyən vəziyyət yaratdı.[53]
1943-cü ilin sentyabr ayında Yozef Gebbels alman ordularının Katın bölgəsindən geri çəkilməli olması haqqında məlumatlandırıldığı zaman gündəliyində bir proqnoz yazdı. 29 sentyabr 1943-cü ildəki qeydində bunları yazırdı: "Təəssüf ki, Katından geri çəkilməyə məcbur olduq. Bolşeviklər şübhəsiz ki, 12 min polyak zabiti bizim vurduğumuzu "kəşf edəcəklər". Bu hissə gələcəkdə bizim üçün problem yaradacaq. Sovetlər şübhəsiz ki, çoxlu sayda kütləvi məzarlar kəşf edəcək və bundan bizi məsul tutacaqlar".[49]
Sovetlər 1943-cü ilin sentyabr-oktyabr aylarında Katın bölgəsini yenidən ələ keçirdikdən sonra SSRİ Xalq Daxili İşlər Komissarlığı ərazidə ört-basdır etmək üçün fəaliyyətlərə başladı.[25] Alman tərəfinin Polşa Qızıl Xaç Komissiyası tərəfindən tikinti aparmalarına icazə verdikləri məzarlığı yox etdilər və başqa dəlillər ortaya çıxardılar.[25] Şahidlardən "müsahibə" götürüldü və Sovet tərəfinin mövqeyinə uyğun olmayan yanaşmaları deyənlər almanlara işləməkdə günahlandırılmaqla təhdid olundu.[54] Ölülərin üstlərindən tapılan sənədlərin heç biri 1940-cı ildən sonraya aid olmadığı üçün Sovet gizli polisi tərəfindən yeni dəlillər yaratmaq üçün Alman ordusunun bölgəni ortaya çıxardığı 1941-ci ilin ortalarına aid saxta dəlillər yerləşdirdi.[54] SSRİ Xalq Daxili İşlər Komissarlığının əməkdaşları olan Vsevolod Merkulov və Sergey Kruqlov 10 yanvar|10–11 yanvar 1944-cü ildə qırğının almanlar tərəfindən törədildiyini nəticəsini ortaya qoyan hesabat təqdim etdilər.
1944-cü yanvar ayında Sovetlər ərazini araşdırmaq üçün başqa komissiya təşkil etdi. Fövqəladə Dövlət Komissiyası olaraq adlandırılan komissiyanın adı öncədən müəyyən edilmiş nəticənin necə olacağından xəbər verirdi. Komissiya SSRİ Tibb Elmləri Akademiyasının rəhbəri Nikolay Buderenko tərəfindən idarə olunurdu. Bu səbəblə də komissiyaya hadisəni Moskva tərəfindən tədqiq etmək üçün təyin edilmiş Buderenko komissiyası olaraq da tanınırdı. Komissiyanın üzvləri arasında Aleksey Tolstoy kimi məşhur simalar da vardır, ancaq komissiyaya xarici ölkələrdən birinin daxil olmasına icazə verilmədi.[25][54][55] Buderenko komissiyası cəsədləri çıxartdı, almanlar tərəfindən 1943-cü ildə aparılan tədqiqatın nəticələrini inkar etdi və güllələmələrin 1941-ci ildə almanlar tərəfindən edildiyi nəticəsini ortaya qoydu.[25] Dəlillərin az olmasına baxmayaraq almanların məzarları məcburi qazdırdığı rus əsirləri öldürdüyü iddiasını da ortaya qoydular. Komissiyanın neçə üzvünün səhv dəlillərlə yanıldıldığı, neçəsinin həqiqətlərdən şübhələndiyi məlum deyildir. Siensiala və Materski Komissiyanın Merkulov-Kruqlov hesabatına uyğun şəkildə hazırlanmaqdan başqa seçimin olmadığını və Burdenkonun ört-basdır etməyə çalışdığının fərqində olduqlarını qeyd etdilər. Onun 1946-cı ildə ölmədən əvvəl ailəsinə belə bir şey etiraf etdiyi bildirilir. Buderenko komissiyasının nəticələri 13 aprel 1990-cı ildə cinayətin işlənməsinin rəsmən qəbul olunmasına qədər əsas arqument olaraq göstərilirdi.[55]
1944-cü ilin yanvar ayında Sovetlər ABŞ-nin Moskvadakı səfiri U. O. Averil Harrimanın qızı Keytlin Harriman və ABŞ səfirliyinin üçüncü katibi Con Melbinin müşayiət etdiyi çoxluğunu amerikan və ingilis jurnalistlərin təşkil etdiyi bir qrupu Katına dəvət etdilər.[54] Bəziləri Melbi və Harrimanın qrupa daxil edilməsinin Sovet təbliğatına rəsmi don geyindirmək olduğu yanaşmasını ortaya qoydular. Melbinin hesabatı Sovet yanaşamasındakı boşluqlara diqqət çəkirdi. Problemli şahidlər, şahidlərin sorğular zamanı təzyiqlərə məruz qalması, onların əzbərə oxşayan ifadələrə yer verməsi, bütün bu prosesləri görüntü xətrinə işıqlandıran jurnalist işlərinin olması kimi məsələlər onun diqqətini çəkmişdi. Buna baxmayaraq Melbi də rusların ortaya qoyduğu dəlillərin daha balanslı olduğu qənaətinə gəldi.[54] Harriman da öz hesabatında Melbi ilə həmfikir olan yanaşma ortaya qoymuşdu. Müharibədən sonra onlardan nəticələrin niyə tapıntılarla toqquşmasına açıqlama gətirmələri istənildi. Xarici İşlər Nazirliyinin ən çox axtardığı cavablar nəticələr ilə şübhələrin kəsişməsi ilə bağlı olanlar idi.[54] Qrupda iştirak edən jurnalistlər Sovetlər tərəfindən səhnələnən faktlardan daha az təsirləndilər və nəticələrdən qane olmadılar.[54]
Sovetlərin ortaya qoyduğu yanaşmalar qərb ölkələrində yaşayan sosialistlər tərəfindən də tirajlanırdı. Korlis Lemont bu yanaşmaları dərc etmiş olduğu "Sovet-Polşa fasiləsinin ardında qalanlar" məqaləsində önə çıxarırdı.[56]
SSRİ-Polşa münasibətlərinin gərginləşməsi SSRİ-Qərb münasibətlərinə də mənfi təsir göstərirdi. Müharibənin ilk dövrlərində Polşa Qərb müttəfiqləri üçün əhəmiyyətli idi və Sovetlərin hərbi münaqişə və toqquşma təşəbbüsləri Qərb-SSRİ münasibətlərini gərginləşdirmişdi. Bu dövrlərdə yaranmış beynəlxalq vəziyyət səbəbindən Böyük Britaniyanın Baş naziri Vinston Çörçill və ABŞ Prezidenti Franklin Delano Ruzvelt Polşa qarşısında götürmüş olduğu öhdəliklər və Stalinlə diplomatlarının tələbləri arasında getdikcə daha çox bölünmə ilə üzləşirdilər.[57]
Polşa diplomatı Eduard Bernard Raçinskiyə görə özü və General Sikorski 15 aprel 1943-cü ildə Vinston Çörçill və Aleksandr Kedoqan ilə görüşərək SSRİ-nin qırğından məsul olduğunu sübut etdiklərini bildirdilər. Raçinski Çörçillə bu məsələdə şübhəyə yer buraxmayacaq qədər əmin olduğunu bildirdi. Çörçill isə bunun qarşılığında Bolşeviklərin çox qəddar ola biləcəyini demişdir.[58] Bununla eyni zamanda, Çörçill 24 aprel 1943-cü ildə Sovetlərə Nasist Almaniyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən alman nəzarətindəki ərazilərdə aparılan tədqiqatların nəticələrini tanımayacağının zəmanətini vermişdir. O, belə bir tədqiqatın saxtakarlıq və terrorizmlə gəlinə biləcək nəticələr olacağını bildirmişdir.[59] Rəsmi olmayan və təsnif olunmuş İngiltərə sənədlərinə görə, Sovetlərin günahkar olduğunu demək olar ki, qəti şəkildə bilirdi. Buna baxmayaraq hazırkı şəraitdə Sovetlərlə müttəfiqliyin əxlaqi normalardan daha üstün olduğu düşünülürdü. Beləliklə də rəsmi versiya Sovetlərin mövqeyini dəstəklədi və bununla ziddiyyət yarada biləcək mövqelər senzuraya məruz qaldı.[59] Vinston Çörçill Ouen O`Mellidən bu mövzunu araşdırmasını istədi, ancaq Xarici İşlər Nazirliyinə ünvanladığı bir qeydində "bunlar təkcə həqiqətləri aşkara çıxarmaq üçündür, ancaq heç birimiz bu məsələ haqqında danışmamalıyıq".[54] O`Malli Sovetlərin versiyasında bir sıra uyğunsuzluq və hətta mümkünsüzlüklər ortaya çıxardı.[54] Daha sonra Çörçill hesabatın bir nüsxəsini də 13 avqust 1943-cü ildə Ruzveltə göndərdi. Hesabat Sovetlərin mövqeyini dəstəkləmirdi və nəticələri siyasi həssas qruplar tərəfindən həyəcanla qarşılandı. Buna baxmayaraq mövcud vəziyyətdə başqa siyasi alternativin olmadığı qəbul olundu. Ruzveltin hesabata şərhi olmadı.[60] Çörçill müharibənin başa çatmasından sonra Katın qırğınına daha az diqqət yetirir.[61]
1944-cü ilin əvvəllərində işğal altında olan Polşadakı həbs düşərgəsindən qaçmağı bacaran ingilis və polyak casusu olan Ron Cefferi Polşadan İngiltərə hökumətinə hesabatla getdi. Onun səyləri əvvəlcə təqdirlə qarşılandı, ancaq daha sonra ingilis sistemi tərəfindən diqqət göstərilmədi. Onun Katın qırğını haqqında ingilis hökumətini məlumatlandırmağa çalışması cəhdləri nəticəsiz qaldı və əvəzində hökumət daxilinə yerləşdirilmiş kommunist agentlərinin də cəhdləri ilə ordudakı vəzifəsindən azad edildi.[62]
1947-ci ildə sürgündəki Polşa hökuməti Telford Teylora 1944–1946-cı illərə aid Katın haqqındakı toplanan hesabatları təqdim etdi.[63]
ABŞ-də Katın qətliamı ilə bağlı rəsmi mövqe ilə ziddiyyət yaradan iki hesabatın olmasına baxmayaraq onların da mövqeyi eynilik təşkil edirdi.[25] 1944-cü ildə Ruzvelt Katın haqqında hesabat hazırlaması üçün xüsusi elçisi Balkan Hərbi Dəniz Qüvvələri Komandanı Corc Örlü təyin etdi.[25] Corc Örl araşdırmasının nəticəsində qırğının Sovetlər tərəfindən törədilməsi qənaətinə gəldi. ABŞ Müharibə İnformasiya Bürosunun müdirü Elmer Devis ilə görüşdükdən sonra Ruzvelt hesabatların nəticəsini rəsmi olaraq rədd etdi. O, qırğından Nasist Almaniyasının məsul olduğuna inandığını bəyan etdi və Corc Örlün hesabatının ört-basdır edilməsini əmr etdi. Örl ortaya çıxardıqlarını dərc etmək barəsində icazə istədiyi vaxt isə bunu etməmək üçün yazılı əmr göndərdi.[25] Örl yenidən təyinat aldı və müharibənin sonuna qədər Amerika Samoasında xidmətinə davam etdi.[25]
1945-ci ildə eyni nəticəni dəstəkləyən hesabat hazırlandı və yenə də nəticələr susduruldu. 1943-cü ildə almanlar Katında beynəlxalq mətbuat konfransı təşkil etmək üçün oraya iki amerikan zabiti, Donald B. Stüard və Con Van Vlaytı da dəvət etdi.[64] 2012-ci ilin sentyabr ayında ABŞ Milli Arxiv və Qeydiyyat İdarəsinin yaymış olduğu sənədlərdə Stüard və Vlayd tərəfindən rəhbərlərinə təqdim olunan hesabatlarda Sovetləri günahlandıran dəlillər əldə etdiklərini ortaya qoyduqları şifrələnmiş məlumat göndərilmişdir. Onlar tərəfindən üç dəlil ortaya qoyulmuşdur. Birincisi, əsgərlərin cəsədləri inkişaf etmiş dərəcədə çürüməyə sahib idi ki, bu da onların Sovetlərin iddia etdiyi tarixlərdən daha öncə öldürüldüyünü göstərirdi və nasistlər bölgəni 1941-ci ildən sonra ələ keçirdikləri üçün bu ola bilməzdi. İkincisi, kütləvi məzarlardan tapılan məktublar, şəkillər, sənədlər və vəsiqələrin üzərində göstərilən tarixlər 1940-cı ilin yazından sonraya keçmirdi. Üçüncü və ən çox diqqətləri toplayan fakt isə öldürülənlərin üzərlərində olan ayaqqabı və formalar çox köhnəlməmiş vəziyyətdə idi. Bu da onların əsir düşdükdən sonra çox yaşamadıqlarının göstəricisi idi. Daha sonra 1945-ci ildə Van Vlayt qırğından Sovetlərin məsul olduğunu özündə əks etdirən bir hesabatı təqdim etdi. Baş Qərərgah rəisi olan Corc Marşalın ümumi kəşfiyyatdan məsul köməkçisi olan Kleyton Laurens Bissel hesabatı məhv etdi.[65] Ehtimal olunur ki, ABŞ Stalini sakitləşdirmək və nasistlərə qarşı müharibədən yayındırmaması üçün məsələni gizli saxlayırdı.[66] 1951–1952-ci illərdə Katın qırğını məsələsi ilə bağlı Konqresin mühakiməsi zamanı Bissel etdiyi hərəkətinə haqq qazandırdı. O, ABŞ-nin Yaponiya ilə müharibədə olarkən onlara kömək edə biləcək müttəfiq olan SSRİ lehinə fəaliyyət göstərməyin ölkəsinin maraqlarına uyğun olduğunu bildirdi.[67] 1950-ci ildə Van Vlayt tərəfindən hesabatın yeni forması hazırlandı. 2014-cü ildə isə Van Vlaytın Fransada olduğu müddət ərzində 1945-ci ildə hazırlamış olduğu hesabatın nüsxəsi kəşf edildi.[68]
28 dekabr 1945 – 4 yanvar 1946-cı illər arasında Leninqradda yerləşən Sovet hərbi məhkəməsi yeddi Vermaxt əsgərini mühakimə etdi. Bunlardan biri, Sovet kəndlərində pulemyotdan istifadə edərək dinc sakinləri öldürməkdə ittiham olunan Arno Düre Katında 15000–20000 arası polyak zabitin dəfn edilməsində (öldürülməsində yox) iştirak etdiyini etiraf etdi. Bu etirafı ilə öldürülməkdən xilas oldu və 15 il ağır əmək cəzasına məhkum edildi. Etirafı absurd fikirlərlə dolu olduğu üçün Nürnberq prosesi ərzində Sovetlər tərəfindən təqdim olunan şahid kimi istifadə olunmadı. Daha sonra verdiyi etirafları məcburi şəkildə ondan aldıqlarını bildirdi.[69]
Nürnberq prosesindən əvvəl London konfransında alman müharibə cinayətlərinin iddianamələrini özündə əks etdirən sənədlərə Sovetlər "1941-ci ilin sentyabr ayında almanlar tərəfindən Smolensk yaxınlığındakı Katın meşəsində müharibə əsiri olan 925 polyak polis zabitinin almanlar tərəfindən öldürülməsi" iddiasını əlavə etməyi istədilər. ABŞ tərəfi bunu qəbul etdi, ancaq iddiaların mətbuatda geniş əks səda doğurmasını əsas götürərək bunun utanılması lazım olan bir məsələ olduğunu bildirdilər və proseslərin davamında iddialara cavab vermək məsuliyyətinin Sovet tərəfində olduğunu bildirdilər.[70] 1946-cı ildə aparılan mühakimələr zamanı Sovet generalı Roman Rudenko iddianaməni səsləndirərək böyük müharibənin günahkarlarının məsul olduğu ən əhəmiyyətli cəza hadisələrindən birinin də almanlar tərəfindən Smolensk yaxınlığındakı Katın meşəsində polyak zabitlərin vurularaq kütləvi şəkildə dəfn edilməsinin olduğunu dilə gətirdi.[71] Buna baxmayaraq iddianamə əsasında mühakimə açılmadı. Amerikan və ingilis hakimlər iddianaməni rədd etdi.[72] Məhkəmənin məqsədinin cinayəti Nasist Almaniyası, yoxsa Sovetlərin işlədiyini ortaya qoymaq yox, cinayəti işləyən birini mühakimə etmək olduğu bildirdildi.[73]
1951–1952-ci illərdə Koreya müharibəsinin arxa fonunda Respublikaçı Rey Meddinin rəhbərliyindəki Meddin Komitəsi tərəfindən Katın qırğını araşdırıldı. Komitə qırğının SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi qənaətinə gəldi[25] və SSRİ-nin Beynəlxalq Ədalət Məhkəməsi önündə mühakimə olunmasını tövsiyə elədi.[64] Buna baxmayaraq məsuliyyət məsələsi Dəmir pərdənin qarşı tərəfində olduğu kimi Qərbdə də mübahisəli olaraq qalmışdı. Böyük Britaniyada 1970-ci illərdə qırğının qurbanlarını anmaq üçün istifadə olunan 1940-cı il qurbanları (1941-ci il yerinə) ifadəsi Soyuq müharibəni qızışdırmaq mahiyyəti daşıdığı əsas gətirilərək qınandı. 1969-cu ildə BSSR-də müharibə memorialının Xatın qırğınının qurbanlarını anmaq üçün Xatın kəndinə yerləşdirilməsi hadisəinin də Katın qırğını ilə prosesi qarışdırmağa yol aça biləcəyi iddia edildi.[74][75] Bu iki ad oxşardır və ya bir çox dildə eyni şəkildə səslənir. Bu səbəblə tez-tez qarışıqlığın yaranmasına səbəb olurdular.[25][76]
Polşada müharibədən sonra hakimiyyətə keçən Sovetlərə bağlı sosialist rejim hadisə ilə bağlı SSRİ-nin rəsmi mövqeyini əsas xətt kimi götürərək əks düşüncələrə qarşı senzura tətbiq etdi. Katın qırğını müharibədən sonra Polşada qadağan olunmuş bir mövzu idi. Polşa Xalq Respublikasında senzura adi bir hal idi və Katın hadisəsi senzuranın mətbuat və akademiyaya tətbiq edilməsi məsələsində "Qara kitab"ında idi. Hökumət senzurasına görə nəinki istinad göstərmək, hətta vəhşilikdən danışmaq belə qadağan idi. 1970-ci illərin sonunda İşçiləri Müdafiə Komitəsi və Aviasiya Universiteti kimi qurumlar senzuradan imtina etdilər. Onlar həbs, döyülmə kimi avtoritar üsullara baxmayaraq məsələni müzakirəyə açdılar.[77] 1981-ci ildə Polşa Həmkarlar İttifaqı üzərində "Katın, 1940" yazısı olan sadə xatirə abidəsi qoydular. Abidə polis tərəfindən müsadirə olundu və üzərində "Hitler faşizminin qurbanı olan Polşa əsgərlərinin xatirəsinə" yazısı olan rəsmi mövqeni əks etdirən biri ilə əvəzləndi. Buna baxmayaraq Zaduski günündə Povazki məzarlığı və Polşanın digər bir sıra yerlərində sonradan polis tərəfindən sökülən xatirə xaçları qoyulurdu. 1989-cu ildə Şərq bloku çökənə qədər Polşada Katın qırğını qadağan olunmuş mövzu olaraq qalmışdı.[25]
1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin rəhbəri olan Aleksandr Şepelin həqiqətin ortalığa çıxma şansını minimuma endirmək üçün Katın qırğını ilə bağlı sənədlərin yox edilməsini təklif etdi və bir çoxunun yox edilməsini reallaşdırdı.[78][79] Nikita Xruşşova ünvanlamış olduğu 21857 polyak zabitinin öldürülməsi ilə bağlı sənədlərin yox edilməsi ilə bağlı təklifi qorunan və sonradan xalqa açıq elan edilən sənədlərin arasında öz yerini tapdı.[78][79][80][81]
1980-ci illərdə həm Polşa, həm də SSRİ üzərində qırğınla bağlı sənədləri açıqlamaq üçün təzyiqlər artırdı. Polşa akademikləri Katın qırğınını Polşa-Rusiya ortaq tarixinin senzuraya məruz qalmış hissələrini araşdırmaq üçün 1987-ci ildə qurulan Polşa-Rusiya komissiyasının gündəminə daxil etməyə çalışdılar.[25] 1989-cu ildə Rusiya akademikləri qırğının həqiqətən də İosif Stalinin əmri ilə törədildiyini açıqladılar və 1990-cı ildə Mixail Qorbaçov SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilmiş qırğında kütləvi dəfnlərin həyata keçirildiyi Pyatixatki və Mednoye kimi iki yerin də olduğunu bildirdi.
30 oktyabr 1989-cu ildə Mixail Qorbaçov Katın Qurbanları Dərnəyi tərəfindən təşkil olunan yüzlərlə polyakın daxil olduğu heyətin Katın qurbanlarının abidəsini ziyarətinə icazə verdi. Bu heyətə ABŞ-nin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski də daxil idi. Orada bir kütləvi aksiya keçirildi və həmrəylik hərəkatının tərifləyən plakatlar qaldırıldı. Heyət arasında yas saxlayanlardan biri abidə önündəki 1941-ci ildə faşistlər tərəfindən öldürüldüyü qeyd olunan hissədəki "faşistlər" sözünün üzərini örtəcək şəkildə "NKVD" sözünü yapışdırdı. Bir sıra ziyarətçi isə abidə ətrafında şamlar yandırdılar.[82] Zbiqnev Bjezinski yazırdı:
Bu insanların əksəriyyətində olduğu kimi məni də buraya gətirən şəxsi ağrı deyil, Katının simvolik üzünün tanınmasıdır. Ölənədək işgəncə ilə üzləşən ruslar və polyaklar burada birlikdə yatırlar. Mənim üçün çox önəmli görünən odur ki, baş verən hər hadisə haqqında olduğu kimi danışılmalıdır. Çünki yeni Sovet hakimiyyəti özünü Stalin və SSRİ Xalq Daxili İşlər Komissarlığının cinayətlərindən uzaqlaşdıra bilər. Təkcə həqiqət, Polşa və Sovet xalqları arasında həqiqi dostluğun təməli ola bilər. Həqiqət özü üçün bir yol tapacaqdır. Burada səyahət edə bilməyim həqiqəti ilə buna inandım. |
Zbiqnev Bjezinski əlavə olaraq bunları qeyd edirdi:
Sovet hökumətinin mənim burada olmağımı təmin etməsi və mənim düşüncələrimi bilməsi yenidənqurma dövrünün təmsil etdiyi Stalinizmdən uzaqlaşmağın simvolik mənasını təcəssüm etdirir. |
Bjezinskinin sözləri Sovet mətbuatında geniş şəkildə işıqlandırıldı. Mərasim zamanı onun tərəfindən abidəyə üzərində əl yazısı ilə həm ingilis, həm də polyak dilində "Stalin və NKVD-nin qurbanlarının xatirəsinə. Zbiqnev Bjezinski" yazılan gül qoydu.[85]
13 aprel 1990-cı il, yəni məzarların ilk dəfə tapılmasının 47-ci ildönümündə SSRİ tərəfi rəsmi şəkildə "dərin təəssüf hissi" duyduqlarını dilə gətirdi və qırğının törədilməsində Sovet gizli polisinin məsuliyyətini qəbul etdi.[86] Həmin gün Ümumdünya Katın Anım Günü (pol. Światowy Dzień Pamięci Ofiar Katynia) olaraq elan edildi.[87]
1990-cı ildə Rusiyanın prezidenti olacaq Boris Yeltsin "Bağlama № 1"-ə aid ən gizli möhürlü sənədləri açıq elan etdi və onları yeni Polşa prezidenti Lex Valensaya ötürdü.[25][88] Sənədlərin arasında Lavrenti Beriyanın 5 mart 1940-cı il tarixli Kozelsk, Ostaşkov və Starobelsk düşərgələrində əsir olaraq saxlanılan 25700 polyak hərbi əsirinin güllələnməsini təklif edən və Stalin tərəfindən də imzalanaraq təsdiq olan sənəd də vardı.[25][88] Polşa tərəfinə ötürülən sənədlərin içində daha sonra Aleksandr Şepelin tərəfindən Nikita Xruşşova ötürülən 3 mart 1959-cu il tarixli bildirişdə 21857 polyak hərbi əsirinin öldürülməsi ilə bağlı arxiv sənədlərinin azaldılması və şəxsi arxivlərin yox edilməsini təklif edən məlumatlar da üzə çıxmışdır.[81] Açıqlamalar Rusiya mətbuatında da öz əksini tapdı və bunlar Boris Yeltsinlə Mixail Qorbaçov arasında gedən mübarizə olaraq şərh olundu.[88]
1991-ci ildə SSRİ Baş Hərbi Prokruru Katın qırğınındakı roluna görə, P. K. Soprunenkoya qarşı məhkəmə iddiası prosesinə başladı, ancaq Soprunenko 83 yaşı olması, az qala kor olması və xərçəng əməliyyatından yeni dönməsini əsas gətirərək mühakimə olunmaqdan imtina etdi. Dindirmə zamanı Soprunenko öz imzasını inkar edərək özünü müdafiə etdi.[30]
2004-cü ilin sentyabr ayında Polşa prezidenti Aleksandr Kvasnevski Rusiyada səfərdə olarkən Rusiya tərəfi Katın qırğını ilə bağlı sənədlər üzə çıxdıqca onları paylaşmağa hazır olduğunu dilə gətirdi.[89] 2005-ci ilin martında Rusiya Federasiyası Baş Prokrurluğu 10 il ərzində davam edən mühakiməni yekunlaşdırdı. Baş prokrur Aleksandr Savenkov üç Sovet düşərgəsində öldüyü qeyd olunan 14542 nəfərdən 1803-nün ölümünü təsdiqləyə bildiyini açıqladı.[90] Buna baxmayaraq, o, düşərgədə yox, həbsxanada olan 7000 əsirin aqibətinə toxunmadı. Savenkov qırğının soyqırım olmadığını, qırğından məsul olan Sovet məmurlarının öldüyünü və nəticədə "məhkəmə baxımından bu mövzu haqqında danışmağa heç bir əsasın olmadığını" dilə gətirdi. Rusiya tərəfi istintaq zamanı toplanmış 183 cilddən 116-nın dövlət sirri olduğunu elan edərək sənədləri təsnif etdi.[91][92]
22 mart 2005-ci il tarixində Polşa Seymi səs birliyi ilə Rusiya arxivlərinin gizliliyinin ləğv edilməsi haqqında qanun qəbul etdi.[93] Seym, eyni zamanda, Rusiya tərəfinin qırğını soyqırım olaraq qəbul etməsini istədi.[94] Qəbul olunan qərarda "Rusiya tərəfinin qırğını soyqırım olaraq qəbul etməyərək cinayətin yükünü azaltmağa çalışdığı və sənədlərə çıxışı məhdudlaşdıraraq hadisənin aşkara çıxmasını çətinləşdirdiyi" vurğulandı.[94]
2007-ci ilin sonu, 2008-ci ilin əvvəllərində Rossiyskaya qazeta, Komsomolskaya pravda, Nezavisimaya qazeta kimi bir sıra Rusiya qəzetində Kremlin gizli razılığı ilə qırğının nasistlər tərəfindən törədilməsi ilə bağlı hekayələr dərc olundu.[95] Bu hadisənin nəticəsində Polşa Milli Xatirə İnstitutu öz istintaqını başlatmağa qərar verdi.[1]
2008-ci ildə Polşa tərəfi qırğın vaxtı SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən video görüntülərin çəkilməsi haqqında Rusiya tərəfinə sorğu göndərdi. Rusiya tərəfi isə öz növbəsində iddianı rədd etdi. Polşa rəsmiləri, eyni zamanda, sənədlərin təsnif olunmasını qırğın zamanı SSRİ tərəfinin Gestapo ilə əməkdaşlıq edilməsinin üzə çıxmaması səbəbindən həyata keçirildiyini iddia etdi.[96]
Növbəti illərdə Rusiya tərəfindən təhqiqatın daha 81 cildi də əlavə olaraq təsnif olunmuş və Polşa hökumətinə təhvil verilmişdir. 2012-ci ilin göstəricilərinə görə 183 cild sənəddən 35-i hələ də dövlət sirri olaraq təsnif olunur və gizli saxlanılır.[97]
2008-ci ildə Rusiya məhkəməsi Katın haqqındakı sənədlərin gizliliyinin ləğv edilməsi və zərər çəkənlərin məhkəmə reablitasiyası haqqında işə yenidən baxmağa qərar verdilər. Polşa qəzetinə verdiyi müsahibəsində Vladimir Putin Katın qırğınını siyasi cinayət olaraq adlandırmışdır.[98]
21 aprel 2010-cu ildə Rusiya Ali Məhkəməsi Moskva Şəhər Məhkəməsinə davam edən Katın məhkəmə işində apelyasiya şikayətinə baxılmasına qərar verdi.[99] "Memorial" adlı vətəndaş hüquqları qrupu bu qərarın minlərlə Polşa zabitinin öldürülməsi haqqında verilən qərarlarla bağlı gizli sənədlərin açılması haqqında məhkəmənin qərarına səbəb ola biləcəyini bildirdi.[99] 8 may 2010-cu ildə Rusiya Sovet dövründə Polşa zabitlərinin kütləvi qətllərinin araşdırılması üçün 1990-cı ildə başlanmış "159 saylı cinayət işi"nin 67 cildini Polşaya təhvil verdilər. Bu cildlərin hər biri təqribən 250 səhifədən ibarət idi və 6 qutuda toplanmışdır. Hər bir qutunun təqribi ağırlığı 12 kq idi və bütün sənədlərin cəmi ağırlığı 70 kq-a çatırdı. Rusiya prezidenti Dmitri Medvedev cildlərdən birini Polşa prezidenti Bronislav Komorovskiyə təqdim etmişdir. Prezidentlər hər iki dövlətin də faciə haqqındakı həqiqətləri ortaya çıxarmaq məsələsində razılığa gəlmələri məsələsində ortaq düşüncəyə gəldilər. Edilənlərin Polşa və Rusiya arasındakı ikili münasibətləri yaxşılaşdırmaq baxımından əhəmiyyətli olduğu qeyd olundu.[100]
2011-ci ildə Avropa İnsan Haqları Məhkəməsinə qırğının qurbanlarının qohumları tərəfindən Rusiyanın apardığı rəsmi təhqiqatların yetərliliyi ilə bağlı iki məktub daxil oldu.[101] 16 aprel 2012-ci il tarixli qərarda məhkəmə Rusiyanın qurbanların qohumlarına təhqiqatın gedişi haqqında məlumat vermədə hüquqlarını pozduğunu və qırğını "müharibə cinayəti" olaraq təsnif etdiyini müəyyən elədi. Bununla yanaşı, məhkəmə Rusiya tərəfinin apardığı istintaqın səmərəliliyini ittiham etməkdən imtina etdi. Buna səbəb olaraq isə hadisələrin 1998-ci ildə Rusiya tərəfindən İnsan Hüquqları Konvensiyasının ratifikasiya edilməsindən əvvəl baş verdiyi əsas göstərildi.[102] İddiaçılar apelyasiya şikayəti verdilər, lakin 21 oktyabr 2013-cü il tarixli verilən qərara görə Rusiya məhkəmələri tərəfindən bəzi kritik məqamların gizlədilməsi ilə bağlı olan iddialar yetərsiz hesab edildi.[103]
Rusiya və Polşa hələ də Katın qırğınının necə təsnif olunması haqqında fikir ayrılığındadır. Polyaklar bunu soyqırım hadisəsi olaraq görməkdədir. Eyni zamanda, Sovet arxivlərinin bütövlüklə açılması və istintaqın davam etdirilməsini tələb edirlər.[94][104][105]
1998-ci ilin avqust ayında Boris Yeltsin və Aleksandr Kvasnevski Rusiyada yerləşən Katın və Mednoye ərazilərində qırğının qurbanlarının xatirəsini anmaq üçün iki abidə qoymaq haqqında birgə qərar qəbul etdi. Həmin ilin sentyabr ayında ruslar Sovet əsirləri və məcburi köçkünlərin 1919–1924-cü illərdə Polşa əsir düşərgələrində ölməsi ilə bağlı məsələ qaldırdılar. Bu düşərgələrdə təxminən 16000–20000 arası hərbi əsir yoluxucu xəstəliklər səbəbindən ölmüşdür.[106] Bəzi Rusiya rəsmiləri bunun "Katınla müqayisə edilə biləcək bir soyqırım" olduğunu bildirirlər.[25] Oxşar cəhdlər 1994-cü ildə də edildi. Bəziləri bu cəhdləri Rusiyanın "anti-Katın" və "tarix bərabərliyi" yaratmaq cəhdləri olaraq görürlər.[105][107] SSRİ-dəki polyak məhbusların və mühacirlərin taleyi isə zəif araşdırılmışdır.
4 fevral 2010-cu ildə Rusiyanın Baş naziri Vladimir Putin polyak həmkarı Donald Tuskı aprel ayında keçiriləcək Katın qurbanlarının xatirə mərasiminə dəvət etdi.[108] Səfər 7 aprel 2010-cu ildə Tusk və Putinin qırğın qurbanlarının 70-ci ildönümü mərasimlərinin qeyd edilməsi zamanı baş tutdu.[109] Səfərdən əvvəl 2007-ci ildə Katın filmi ilk dəfə Rusiya dövlət televiziyasında nümayiş etdilirdi. "The Moscow Times" qəzeti filmin Rusiyada yayınlanmasının göstərişinin Vladimir Putinin müdaxiləsi ilə baş tutduğu ilə bağlı şərh verdi.[110]
10 aprel 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinski, həyat yoldaşı, 87 yüksək rütbəli hərbçi və dövlət xadiminin olduğu təyyarə Smolensk yaxınlığında qəzaya uğradı. Qəza nəticəsində ekipaj üzvləri də daxil olmaqla ümumilikdə 96 nəfər həyatını itirdi.[111] Təyyarədəkilər Katın qırğınının 70-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün səfər edirdi. Baş verən qəza Polşa ictimaiyyətini sarsıtdı. Qəza vaxtı təyyarədə olmayan Polşa Baş naziri Donald Tusk qəzanı "müharibədən sonra Polşa üçün baş vermiş ən ağır hadisə" olaraq dəyərləndirdi.[112] Qəzadan sonra bir sıra söz-söhbətlər yarandı. Baş vermiş fəlakətli qəza beynəlxalq ictimaiyyət, həmçinin Rusiya mətbuatında geniş şəkildə öz əksini tapdı və Rusiya televiziyasında Katın filminin yenidən yayınlanmasına səbəb oldu.[113] Polşa Prezidenti xatirə tədbirində çıxış edəcəkdi. Çıxış qırğının qurbanlarının xatirəsini yad etmək, qırğınların kommunizmin müharibədən sonrakı siyasi tarix zəminində əhəmiyyətini vurğulamaq və Polşa-Rusiya münasibətlərində uzlaşmanın əldə olunması üçün ediləcəkdir. Çıxışın heç vaxt edilməməsinə baxmayaraq, orijinal dildə polyakca səsləndirmə ilə daha sonra yayılmış və ingiliscə olaraq tərcüməsi edilmişdir.[114][115]
2010-cu ilin noyabr ayında Rusiya Federasiyası Dövlət Duması "Katın cinayətinin Stalin və digər Sovet məmurlarının birbaşa əmri ilə həyata keçirilməsini" özündə əks etdirən qərar qəbul etdi. Bəyannamədə qurbanların siyahısını təsdiqləmək üçün qətliamın daha da araşdırılmalı olmasına çağırış da edilmişdir. Dumanın Kommunist partiyasından olan deputatları cinayətin SSRİ tərəfindən törədilməsini rədd etdi və qərarın əleyhinə səs verdilər. 6 dekabr 2010-cu ildə Rusiya Prezidenti Dmitri Medvedev "Rusiya yaxın zamanlarda keçmişin mirasını təmizləmək üçün əhəmiyyətli addımlar atdı və yenə də bu yöndə işlər görməyə davam edəcəyik" deyərək qırğınla bağlı bütün həqiqətləri açmaqla bağlı mövqeyə sadiq olduğunu bildirmişdir.[116]
Rusiya Federasiyası Kommunist Partiyası və bir sıra digər Sovet tərəfdarı olan rus siyasətçi və şərhçilər qırğının Sovetlər tərəfindən törədilməsinin bildirilməsinin qəsd olduğunu və 1990-cı ildə yayınlanan sənədlərin saxta olduğunu dilə gətirdilər. Onlar hadisələrin nasistlər tərəfindən törədilməsi versiyasının həqiqət olduğunu və 2004-cü ildə Rusiya tərəfindən aparılan təhqiqatların yenidən həyata keçirilməsinə çağırış etdilər.[117][118][119] "Memorial" kimi bir sıra təşkilat və rus tarixçiləri nasistlər tərəfindən qırğının törədilməsi versiyasındakı əsassızlıqları göstərərək Sovetlərin məsuliyyətini açıq-aşkar qəbul etdilər. Birincisi, Mednoye kimi qırğının törədildiyi digər yerlər heç vaxt almanların nəzarətinə keçməyib. Eyni zamanda, onlar cəsədlərin müayinə olunması zamanı onların yaxşı qaldığı, geyim, üzərlərindən çıxan əşyaların isə 1940-cı ilə aid olmasını əsas olaraq göstərdilər.[120]
Qırğının qurbanlarını anmaq məqsədilə dünyanın bir çox yerlərində abidə və xatirə lövhələri qoyulmuşdur.
İngiltərədə Katın qırğınına həsr olunmuş bir neçə abidə vardır. Bunlardan ən görkəmlisi 18 sentyabr 1976-cı ildə Qannersburi məzarlığına qoyulmuş olan abidədir.[121][122] Soyuq müharibə illərində bir-birini əvəz edən İngiltərə hökumətləri Polşa icmasının qırğını anmaq üçün böyük abidə qoymalarına etiraz etdi.[121][123][124] Sovet İttifaqı Katın hadisəsinin xatırlanmasını istəmədi və təşəbbüskarlara təzyiq göstərilməsini tələb edirdi.[121][125] Nəticədə abidənin inşası illərlə təxirə salındı.[123][124] Yerli icma nəhayət abidəni inşa etmək hüququnu əldə etdikdən sonra, heç bir rəsmi dövlət nümayəndəsi iştirak etmədi. Buna baxmayaraq qeyri-rəsmi şəkildə bəzi siyasətçilər tədbirə qoşulmuşdur.[121][123][124]
İngiltərədə üç il sonra, 1979-cu ildə başqa bir abidə də Staffordşayrın Kennok Çizdə bölgəsində qoyuldu.[126] Nottingemşirdəki Sautvel Minsterin daxilində Hərbçilərin Kapellasında Ronald Sims tərəfindən xatirə lövhəsi qoyulmuşdur. Burada əhəmiyyətli saytda polyak cəmiyyəti vardır və hər il qırğının ildönümündə hadisələrin xatirəsi anılır. Mançestrin Cənub məzarlığında 1990-cı ildə açılmış Katın abidəsi vardır. Bu dövrdə İngiltərə hökuməti nasistlərlə yanaşı, Sovetlərin də müharibə cinayəti işlədiyini qəbul etmişdir.[127]
2000-ci ildə Rusiyada Katın hadisələri üçün müharibə abidəsinin açılışı keçirildi.[128][129] Daha əvvəl həmin yerdə hadisə ilə bağlı üzərində "Hitler faşizminin qurbanları" yazılmış lövhə vardı.[128]
Ukraynanın Xarkov şəhərindən 14 kilometr şimalda yerləşən Pyatixatkidə öldürülən 4300 nəfərin xatirəsini anmaq üçün abidə kompleksi inşa edilmişdir. Kompleks SSRİ Xalq Daxili İşlər Komissarlığına məxsus keçmiş istirahət binasının ərazisində ucaldılmışdır. Bu ərazidə uşaqlar oynayarkən polyak zabitlərə məxsus yüzlərlə düymə kəşf etmişdir.[130] Karnoutsos, Carmela. "Exchange Place. Paulus Hook". Jersey City. Past and Present. New Jersey City University. Archived from the original on 14 August 2004. Retrieved 4 July 2011. Kanadanın Toronto şəhərində polyakların Roncesvalles icması tərəfindən hadisələri anmaq üçün böyük metal heykəl inşa edilmişdir.[131]
Avstriyanın Vyana şəhərində Qardikirçe yaxınlığında həm Katın, həm də Smolenskdə qətlə yetirilmiş polyak zabitlərin xatirəsinə abidə qoyulmuşdur.[132]
Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində həm Katın qırğınının qurbanları, həm də Varşava üsyanı vaxtı Cənubi İtaliya ərazisindən Varşavaya havadan dəstək üçün uçan Cənubi Afrika Respublikası və Polşadan olan pilotların xatirəsinə abidə qoyulmuşdur.[133]
ABŞ-də Katın qırğınının xatirəsini anmaq üçün bir sıra abidələr qoyulmuşdur. Merilend ştatının Baltimor şəhərində Milli Katın Qırğını Abidəsi qoyulmuşdur.[134] Detroyt şəhərində yaşayan polyak icmasi tərəfindən Müqəddəs Albert Roma Katolik kilsəsində üzərində xatirə lövhəsi olan xaç və kiçik ağ abidə daşı qoyulmuşdur.[135] Qırğının xatirəsinə olan daha bir abidə də Nyu-Cersi Hudzon çayı üzərindəki Eksçeync Palasda qoyulmuşdur.[136] Eyni zamanda, Pensilvaniya və İllinoys ştatlarında da qırğının qurbanlarına abidə qoyulmuşdur.[135]
Polşanın bir çox şəhərlərində yerləşən ictimai məkanlarda, məzarlıq və kilsələrdə qırğının xatirəsinə abidələr qoyulmuşdur. Buna örnək olaraq Vrotslav şəhərində qırğının qurbanlarının xatirəsini anmaq üçün polyak heykəltaraş Tadeuş Thurzevski tərəfindən abidə kompozisiyası inşa olunmuşdur. Daha bir abidə 2000-ci ildə açılışı keçirilən Raçlavskaya Panorama binasının yaxınlığında yerləşən parkdadır. Abidədə "Ana Vətəni" göstərən ölü əsgərin üzərində ona doğru qılıncını uzatmış ölüm mələyi təsvir olunmuşdur.[137]
Katın qırğını bir çox film, təsviri sənəd, ədəbiyyat və musiqi əsərlərinə mövzu olmuşdur.