Spartak (lat. Spartacus; e.ə. 103[1], Trakiya[2] – aprel e.ə. 71[1]) — Qədim Romada qulların ən böyük üsyanının (e.ə. 73 və ya 74-71) başçısı. Mənşəcə frakiyalı idi. Romalılar Spartakı əsir almış və qladiator məktəbinə vermişdilər. E.ə. 74 ildə Kapuya şəhərində qladiator məktəbində Spartakın rəhbərliyi ilə başlanmış üsyana bir çox qaçqın qullar, icarədar kəndlilər də qoşulmuşdu. O, e.ə 109-cu ildə doğulmuşdur. E.ə 71-ci ildə romalılar tərəfindən öldürülmüşdür.(38 yaşında)
Spartak | |
---|---|
lat. Spartacus yun. Σπάρταϰος | |
Doğum tarixi | e.ə. 103[1] |
Doğum yeri | |
Vəfat tarixi | aprel e.ə. 71[1] |
Vəfat səbəbi | döyüşdə ölüm |
Atası | bilinmir |
Anası | bilinmir |
Fəaliyyəti | Qladiator, hərbi lider[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Üsyan haqqında onun iştirakçılarından alınan heç bir məlumat yoxdur. Buna görə də üsyançıların bir çox planları və onların həyat təfsilatları hələ də naməlum olaraq qalır. Eramızdan əvvəl 1-ci əsrdə İtaliyaya qulların axını davam edirdi. Qulların vəziyyəti əvvələrdə olduğu kimi çox ağır idi. Bu, qulların öz zülmkarlarına qarşı mübarizəsinin daha da güclənməsinə gətirib çıxarırdı. Kapuya şəhərində qladiatorların böyük həbsxana məktəbi var idi. B.e.-dan əvvəl 74-cü ildə qullar gizlincə qaçmağa hazırlaşırdılar. Keşikçilər bundan xəbər tutdular. Buna baxmayaraq, onlarla qladiator həbsxanadan qaçmağa müvəffəq oldu. Onlar Vezuvi dağında gizləndilər. Üsyanın rəhbəri böyük qüvvə, ağıl və cəsarətilə seçilən Spartak idi. İlk vaxtlarda üsyançılar ucu itilənmiş ağaclarla və mətbəx bıçaqları ilə silahlanmışdılar, onlar özləri üçün üzüm tənəklərindən qalxan hörmüşdülər. Üsyançılar varlı malikanələrə və yoldan keçən arabalara hücum etməklə, düşmənin əlindən alınmış silahla silahlanırdılar. Ətraf malikanələrin qulları da Spartaka qoşulmağa başladılar. Üç min Roma döyüşçüsü qulların sığındığı yeri mühasirəyə aldı. Romalılar qayadan aşağı düşən yeganə cığırı tutdular. Onlar ümid edirdilər ki, aclıq üsyançıları təslim olmağa məcbur edəcək. Lakin qullar cır üzüm tənəklərindən uzun nərdivanlar hördülər və gecə ikən sıldırım qayadan aşağı endilər. Romalılar bu yerdə aşağı enməyi qeyri-mümkün hesab etdiklərindən burada keşikçi qoymamışdılar. Üsyançılar qəflətən Roma dəstəsi üzərinə hücum edərək onları darmadağın etdilər.
Üsyançıların uğurları haqqında xəbər bütün ölkəyə yayıldı. İtalyanın hər yerində öz acı taleləri ilə barışmaq istəməyən qullar Spartakın yanına gəlirdilər. Müxtəlif dillərdə danışan, çox vaxt bir-birini başa düşməyən on minlərlə qul bir yerə toplaşdı. İstedadlı sərkərdə olan Spartak ciddi hərbi intizama malik güclü ordu (təqr. 70 min nəfər) yaratmışdı. Spartak onlardan Roma qoşunu qaydasında piyada və süvari qoşunları, eləcə də kəşfiyyat dəstəsi düzəltdi. Üsyançıların düşərgəsində dəmirçilər gecə-gündüz silah düzəldirdilər. Senat nəhayət, üsyançılar ordusunun çox zəhmli qüvvə olduğunu başa düşdü və E.ə. 72 ildə Roma senatı Spartaka qarşı konsullar Q. Lentulun və Q. Gellinin başçılığı altında iki ordu göndərdi.
Spartak üsyançıları İtalyanın şimalına apardı. O, qoşunda möhkəm intizam yaratdı. Spartak qoyduğu qayda-qanunlar heç də bütün qulların xoşuna gəlmirdi. Üsyançıların bir hissəsi ondan ayrıldı və tezliklə də ağır cəzalandı, romalılar bu dəstənin üzərinə hücum edərək onu darmadağın etdilər. Konsullar üsyançıların əsas qüvvələrini mühasirəyə alıb məhv etmək istəyirdilər. Lakin Spartak konsulların bu planını başa düşürdü. Spartak bu orduları ayrı-ayrılıqda darmadağın etməyə müvəffəq oldu. Spartakın ordusu Adriatik dənizi sahili boyu irəliləyərək Mutina yaxınlığında Roma prokonsulu Kassinin qoşununu məğlub etdi. Spartak qulları İtaliyada çıxarmaq istəyirdi ki, onlar öz doğma yerlərinə qayıda bilsinlər. Üsyançılar vuruşa-vuruşa Po çayı vadisinə çatdılar. Azadlıq yolu artıq açıq idi. Lakin Spartak gözlənilmədən geri döndü. Görünür, qulların çoxu İtalyanı tərk etmək istəmirdi.
Spartakın Siciliyaya keçmək təşəbbüsü baş tutmadıqdan sonra o, Yunanıstana getmək istəyirdi. Lakin bu dəfə ona qarşı Qney Pompeyin ordusu və M. Lukullun dəstəsi göndərildi. Bu qoşunların birləşməsindən ehtiyat edən Spartak Apuliya ilə Lukaniya vilayətinin sərhədində Krassa qarşı həlledici vuruşa girişməyə məcbur oldu və məğlubiyyətə uğradı. Spartak bu döyüşdə həlak oldu. Onun ölümündən sonra üsyan iştirakçılarına amansız divan tutulmuşdu. Spartaka ədəbi əsərlər (Covanyoli, V. Yan və b.) həsr olunmuş, haqqında ABŞ-də bədii film çəkilmiş, balet yaradılmışdır.