Stolıpin aqrar islahatı — Pyotr Stolıpinin başçılığı altında Rusiyada kənd təsərrüfatı və aqrar sahədə həyata keçirilən islahat.
Birinci rus inqilabının qarşısında duran əsas məsələlərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İnqilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədarların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qaldırmağa çalışırdı. Birinci rus inqilabı məğlubiyyətlə nəticələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur.
1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesabsız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qorxuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişləndirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət 1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlanması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı. Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmazlığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə yetirdi. Müşavirə mülkədar torpaqlarının onlardan hətta qismən alınmasına dair bütün təklifləri rədd etdi və 1906-cı il yanvarın 25-də kəndlilərin öz icma torpaqlarından istifadə etməsində dəyişiklik haqqında yekdilliklə qərar çıxardı. Bu qərarda deyilirdi ki, icma torpağını yenidən dövraşırı bölüşdürməmiş cəmiyyətdə onun üzvü olan hər bir kəndlinin özünə məxsus icma torpaq payını xüsusi mülkiyyətə çevirməyi tələb etməyə ixtiyarı vardı.
Bir müddətdən sonra həmin qərar hökumət tərəfindən bəyənildi və o, Stolıpinin aqrar siyasətinin təməlini qoydu. Bu tədbirdə kəndli icma torpaq sahibliyini ləğv etmək və kəndliləri öz pay torpaqlarının xüsusi sahiblərinə çevirmək nəzərdə tutulurdu. 1906-cı il martın 4-də çar hökuməti yer quruluşu adlanan komissiyalar yaratmaq qərarına gəldi. Bu komissiyalar kəndli torpaq sahibliyinin ehtiyaclarını aydınlaşdırmaqla məşğul olmalı, Kəndli bankının əməliyyatlarında ona kömək etməli, kəndlilərin bir yerdən başqa yerə köçürülməsini asanlaşdırmalı, dövlət torpaqlarını icarəyə götürməkdə kəndlilərə yardım göstərməli idi. Komissiyalar pay torpaqlarından istifadə edilməsinin ən yaxşı üsuluna və kənd icmalarının daha xırda təsərrüfat vahidlərinə bölünməsinə dair təkliflər verə bilərdilər.
Komissiyalar quberniyalarda və qəzalarda yaradılırdı. Komissiyalara quberniyalarda qubernatorlar, qəzalarda isə zadəganların seçilmiş nümayəndələri başçılıq edirdilər. Bu komissiyaların üzvlərinin əksəriyyəti hökumət orqanları tərəfindən təyin olunurdu. Beləliklə, hökumət icma kəndli torpaq sahibliyinin ləğv edilməsini öz nəzarəti altına alırdı və kəndlilərin özlərinə məxsus torpaqları bölüşdürməsinə imkan vermirdi.
1906-cı il iyunun əvvəlində çar hökuməti kəndli icmasının ləğv edilməsi və icma torpaqlarının kəndlilərin şəxsi mülkiyyətinə çevrilməsi barədə öz təkliflərini baxılmaq üçün birinci Dövlət dumasının müzakirəsinə verdi. Əslində isə o, istəmirdi ki, Duma onun təklifini müzakirə etsin. Tezliklə I Duma buraxıldı və icma kəndli torpaq sahibliyindən xüsusi torpaq sahibliyinə keçmək haqqında fərman 1906-cı il noyabrın 9-da Dövlət duması tərəfindən təsdiq edilmədən elan olundu. Bu fərmana əsasən, icma torpağına sahib olan hər bir kəndliyə icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq hüququ verilirdi. Fərman mülkiyyətçi kəndlilərə köhnə yerdə yaşamaqda davam etmək, yaxud onlara mülkiyyət kimi ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci halda kəndlilər otrub, ikinci halda isə xutor sahibləri adlanırdılar. 1910-cu il iyunun 14-də II Nikolay Dumanın və Dövlət şurasının qəbul etdiyi "kəndli torpaq sahibliyinə dair" qanun layihəsini təsdiq etdi. Yeni aqrar qanunu 1906-cı il 9 noyabr fərmanının prinsiplərini bərqərar edir və icma torpaq sahibliyinin ləğv edilməsi üçün daha böyük imkanlar yaradırdı. 1910-cu il qanunu ilə artıq məcburi qaydada bütün icmaçı kəndlilər, əgər onların yaşadığı icmalarda ödəncə keçildiyi vaxtdan icma torpağı yenidən dövraşırı bölünməyibsə, xüsusi mülkiyyətçilər vəziyyətinə keçirilirdilər. 1911-ci il 29 may qanununa görə kəndlilərin icmadan çıxması üçün kəndli yığıncağının razılığını almaq işi də xeyli asanlaşırdı. İndi bu iş kəndli yığıncağında səslərin üçdə iki hissəsinə əsasən deyil, sadəcə olaraq səs çoxluğuna əsasən mümkün idi.
Hökumət yer quruluşu komissiyalarından istifadə edərək, məcburi qaydada icma kəndli torpaq sahibliyini dağıtmağa və kəndliləri torpaqdan yeni “azad etmə” işinə başladı. 1906-1916-cı illər ərzində hökumət 16 milyon kəndli həyətindən yalnız 2,1-2,3 milyon həyəti, yəni bu həyətlərin hamısının təqribən 14,4 faizini icma sahibliyindən xüsusi mülkiyyətə keçirə bildi. Lakin, icmadan ayrılmış kəndlilərin az olmasına baxmayaraq, onların bir çoxu tamamilə var-yoxdan çıxdı və öz torpağını itrdi. Kəndlilər çar aqrar qanununa qarşı qətiyyətlə mübarizə aparırdılar. Onlar öz nümayəndələrini yer quruluşu komissiyalarına göndərməkdən imtina edir, kəndlilərin icmadan ayrılması üçün cəmiyyətin razılığını vermir, torpağın öz xüsusi mülkiyyətinə keçirilməsi barədə ərizə verən kəndliləri təqib edir və onları öz ərizələrindən imtina etməyə məcbur edirdilər. Hökumət öz siyasətindən əl çəkmək istəmir, kəndlilər isə buna kütləvi etirazla cavab verdilər. Kəndli hərəkatı yenidən yüksəlməyə başladı. Çar hökuməti kəndlilərin mübarizəsini zəiflətmək və müəyyən mənada məhdudlaşdırmaq məqsədilə Stolıpin aqrar qanunun qüvvəsini yalnız bir sıra mərkəzi quberniyalar ilıə məhdudlaşdırıb, qeyri rus quberniyalarının əksəriyyətini, o cümlədən Qafqazı, Orta Asiyanı və Volqaboyunun bir sıra bölgələrini bu qanunun qüvvəsi dairəsindən çıxardı. Çar hökuməti bu rayonlarda öz aqrar siyasətini köhnə torpaq münasibətləri əsasında yeritməkdə davam edərək, rus kəndlilərini milli rayonların kəndlilərindən ayırmağa çalışırdı. Lakin çar hökumətinin bu tədbiri müvəffəqiyyət qazanmadı.
Rusiyanın ucqarlarında Stolıpinin aqrar islahatı yarımçıq və məhdud şəkildə həyata keçirilirdi. Orta Asiyada kənd icmalarının dağılması nəticəsində torpaqlar kəndlilərə xüsusi mülkiyyət kimi deyil, yalnız müvəqqəti istifadəyə veriliridi. Kəndli icmanın dağılmasından sonra torpağın sahibi hesab edilsə də, xüsusi mülkiyyətçi kimi heç bir sənəd almırdı. O, öz torpağını yalnız dövlət torpaqları üzərində hüququ olan şəxsə verə bilərdi. Orta Asiya, Sibir və digər milli rayonların kəndliləri mərkəzi quberniyaların kəndlilərinə nisbətən daha məhdud hüquqlar əldə etdiklərinə görə dəfələrlə mərkəzi hökumətə şikayət ərizələri və tələblər göndərmişdilər. Türk xalqları regionlarının əksəriyyətinin kəndliləri də onlara ruslarla eyni hüquqların verilməsini tələb edirdilər.
Stolıpin aqrar islahatı Volqaboyu, Sibir və Krımda müvəffəqiyyət qazana bilmədi. O, ucqarlarda natamam şəkildə həyata keçirilmişdi. Məhdudiyyətlər Sibirdə daha çox nəzərə çarpırdı. Sibir torpaqları, o cümlədən türklərin yaşadıqları ərazilər, yenə də əvvəlki kimi Dövlətin mülkiyyəti olaraq qalırdı. Volqaboyu ərazilərdə islahat məcburi şəkildə həyata keçirilirdi. Burada islahatdan boyun qaçıran və ona qarşı çıxan hər bir şəxs üç ay müddətinə həbs edilməli və ya cərimə olunmalı idi. Aqrar islahatın həyata keçirilməsi nəticəsində Krımda pay torpaqları daha çox azalmışdı. Bu isə bir tərəfdən yoxsul təsərrüfatların sayının artmasına, digər tərəfdən isə muzdlu əməkdən istifadə edən iri qolçomaq təsərrüfatlarının çoxalmasına səbəb olurdu. İnqilabdan əvvəlki dövrə nisbətən çar hökumətinin köçürmə siyasəti də dəyişikliyə uğradı. Hökumət, köçürməni məhdudlaşdırmaq siyasətindən kəndlilərin kütləvi surətdə Orta Asiya, Sibir və başqa yerlərə köçürülməsi siyasətinə keçdi. Kəndlilərin köçürülməsi Stolıpin aqrar islahatının tərkib hissəsini təşkil edirdi. Köçürmə siyasətində məqsəd, Rusiyanın mərkəzi quberniyalarında torpaq çatışmamazlığını aradan qaldırmaq, inqilabi əhval-ruhiyyədə olan kəndliləri mərkəzdən uzaqlaşdıraraq Sibir və Qazaxıstana göndərmək, milli ucqarlarda ruslaşdırma siyasəti yeritmək və qeyri-rus xalqları millimüstəmləkə zülmü altında saxlamaq üçün köçürülən ruslardan bir vasitə kimi istifadə etmək idi. Orta Asiya, Sibir və digər bölgələrə köçürülən kəndlilər yerli əhalidən alınmış torpaqla təmin edilirdi. Çar hökumətinin köçürmə siyasətini həyata keçirən məmurlar ən münbit torpaqları yerli əhalidən alaraq onları qeyri-münbit torpaqları çəkilməyə məcbur edirdilər. Bu isə bölgələrdə yerli əhalinin üsyanlarına səbəb olurdu. Bu dövrdə Rusiyanın mərkəzi quberniyalarında kəndli çıxışları zəiflədiyi halda, Orta Asiyada bu hərəkat güclənməkdə idi.
Çarizmin köçürmə siyasəti də onun özünə qarşı çevrildi. Çar hökuməti bu siyasət nəticəsində “həm Rusiyada, həm də ucqarlarda kəndlilərin narazılığının artmasına və onların vəziyyətinin daha da ağırlaşması”na nail oldu. Köçürülənlərin sayı 1905-ci ildə 39 min, 1906-cı ildə 141 min, 1907-ci ildə 427 min, 1908-ci ildə 665 min nəfər idi. Sonra, köçürülənlərin sayı xeyli azalmağa başladı. 1909-cu ildə köçürülənlərin sayı 619 min, 1910-cu ildə 316 min və 1911-ci ildə 183 min nəfər idi. Bununla bərabər, 1910-cu ildən etibarən geri qayıdanların sayı sürətlə artdı. Bu, çar hökumətinin köçürmə siyasətinə bağladığı bütün ümidlərin boşa çıxması demək idi. Bu siyasətin müvəffəqiyyətsizliyinin iki başlıca səbəbi var idi. Birinci səbəb ondan ibarət idi ki, köçürülənlər əsasən yoxsullar idi. Onlar Orta Asiyaya, Sibirə və başqa yerlərə öz vəziyyətlərini yaxşılaşdırmaq ümidi ilə köçürdülər. Onlar satdıqları torpaqdan və əmlakdan əldə etdikləri az məbləğə və dövlətdən aldıqları azacıq pulu yola xərclədiklərindən, köçürüldükləri yeni yerdə özlərinə təsərrüfat düzəltmək üçün vəsaitləri qalmırdı. Aldanıb var-yoxdan çıxanların bir hissəsi köçürüldükləri yerdə varlıların əsarəti altına düşür, köçürülənlərin çox hissəsi isə peşmançılıqla öz köhnə yurdlarına qayıdırdı. İkinci səbəb, köçürmə işinin düzgün təşkil edilməməsindən ibarət idi. Köçürülənlərdən ötrü çox zaman təsərrüfat üçün yararlı torpaq ayırıb vermirdilər. Kifayət qədər borc verilmirdi. Köçürmə siyasəti qarşısında sırf siyasi məqsədlər qoyan çar hökuməti onun iqtisadi nəticələri barəsində düşünmürdü. Köçürülənlərə kömək göstərilməsinin təşkili üçün geniş tədbirlər əsla görülmürdü. Nəticə etibarı ilə köçürülmə siyasəti kütləvi köçürülmə rayonlarında iqtisadi və siyasi vəziyyətin kəskinləşməsinə səbəb oldu.
Kəndli bankının fəaliyyəti də müvəffəqiyyətsizliyə uğradı. 1906-cı ildən 1916-cı ilədək Kəndli bankı 6,5 milyon desyatin torpaq almış və kəndlilərə, başlıca olaraq qolçomaqlara təqribən 4,1 milyon desyatin torpaq satmışdı. Bu müddət içərisində Bank torpaqlarında və Kəndli bankının yardımı ilə alınan torpaqlarda 280 minədək otrub və xutor təsərrüfatı yaradılmışdı. Kəndli torpaq bankı torpaqların satışı ilə yanaşı onları icarəyə də verirdi. İcarəyə verilmiş torpaqların haqqı ya pulla, ya da natura şəklində ödənilirdi. Kazan quberniyasında pulla icarə üstünlük təşkil etmişdi.
Çar hökuməti müsəlman dininə etiqad edən xalqları təhlükəli hesab edirdi, çünki Stolıpinin yazdığı kimi, “gərgin günlərdə qiyamçı Zaqafqaziyanın, zahirən sakit görünən Volqaboyunun və narahat Türküstanın özgə xalqları inqilab cəbhəsində olacaqlar”. Çarizm müsəlman əhali arasında inqilabi hərəkatın qarşısını almaq üçün bütöv tədbirlər sistemi işləyib hazırladı. Bu tədbirlərdən ən başlıcası “müsəlmanların xristianlaşdırılması” deyilən tədbir idi. Hökumət bu məqsədlə Kazanda ruhani akademiyası nəzdində xüsusi olaraq missionerlik şöbəsi açdı ki, bu şöbə çox keçmədən öz məzunlarının böyük bir qrupunu müsəlman rayonlarına göndərdi. Çar missionerləri bir çox rayonlarda polis orqanlarının köməyi ilə xristianlığı yayırdılar. Stolıpin aqrar islahatı kənd təsərrüfatında kapitalizmin inkişafını gücləndirdi. Lakin aqrar islahatlar bütövlükdə hökumətin və mülkədarların gözlədikləri nəticələri vermədi. Mülkədarlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolıpinin aqrar siyasəti nəticəsində nəinki zəifləmədi, əksinə gücləndi. Çar hökuməti iqtisadi inkişafın və sinfi mübarizənin gedişində qarşıya qoyulmuş vəzifəni yerinə yetirə bilmədi. Stolıpin islahatı kəndli məsələsini gündəlikdən həll edib çıxarmadı. İslahat bütün çətinlikləri və qüsurlarına baxmayaraq türk xalqları yaşayan bölgələrdə kapitalizmin inkişafı, bank və maliyyə sisteminin yaranması, yeni sənaye sahələrinin meydana gəlməsi, burjuaziya və fəhlələrin təşəkkülünə səbəb olmuşdu.