Sukxotay krallığı

Sukxotay krallığı (tay อาณาจักรสุโขทัย) — 1238–1583-cü illərdə indiki Tailand ərazisində hökmranlıq etmiş orta əsr tay feodal buddist dövləti. Paytaxt Sukxotay indiki Yeni Sukxotay qəsəbəsindən 12 kilometr uzaqlıqda yerləşir. Hal-hazırda xarabalıqdır və 1991-ci ildə YUNESKO-nun Ümumdünya irsinə daxil edilmişdir.

Tarixi krallıq
Sukxotay krallığı
อาณาจักรสุโขทัย
Sukxotayın təsir sferası və qonşu dövlətlərinin xəritəsi (təx. XIII). Sukxotay krallığı tünd göy rənglə verilib.
Sukxotayın təsir sferası və qonşu dövlətlərinin xəritəsi (təx. XIII).
Sukxotay krallığı tünd göy rənglə verilib.
 
 
 
1238 — 1438

Rəsmi dilləri Supxanburi dialekti
Dövlət dini Txeravada buddizmi
İdarəetmə forması Mütləq monarxiya
Kral
 • 1238–1257 Si İndraditya
 • 1279–1299 Ramakxamxaenq
 • 1347–1368 I Maxa Tammaraça
 • 1419–1438 IV Maxa Tammaraça
Tarixi
 • 1238 Lavo krallığından ayrılma
 • 1279–1298 Böyük Ramakxamxaenqin səfərləri
 • 1378 Ayutiya krallığından asılılıq
 • 1438 Ayutiya krallığı ilə şəxsi birlik
 • 1569 Taunqudan asılılıq
 • 1583 Ayutiya krallığı ilə birləşmə
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sukxotay sanskrit dilindəki sukxa (hind. सुख – "xoşbəxtlik") və udaya (hind. उदय – "qalxmaq, əmələgəlmə") sözlərindən yaranmışdır. Mənası – "xoşbəxtliyin peyda olduğu yer".

Vat Si Savay (Sukxotay Tarixi Parkı)
"Maravicaya"da oturmuş budda heykəli[1] (Ualters İncəsənət Muzeyi).

XIII əsrdən əvvəl tay krallıqları şimalda yerləşən yaylalarda hakimiyyət sürürdü. Bu dövlətlərə Lannatayın sələfi Hiran krallığı və müasir Çin Xalq Respublikası ərazisində yerləşən Kenhun krallığı daxil idi. Sukxotay uzun müddət Kxmer imperiyasının təsiri altında olmuş Lavo krallığının (indiki Lopburi) tərkibində ikən ticarət mərkəzinə çevrilmişdi. Tayların Yuxarı Çaopxraya çayı vadisinə miqrasiyası uzunmüddətli bir proses idi.

Müasir tarixşünasların Sukxotayın Kxmer imperiyasından ayrılmasının[2] 1180-ci ildə başladığını irəli sürürlər. Sukxotay təxminən 1180-ci ildə Kxomsabad Kxlonlamponq rəhbərliyindəki monlar tərəfindən yenidən işğal olunana qədər yüksək muxtariyyət yaşayırdı.

İki yaxın dost olan pxokxun Si İndraditya (1238–1270) və pxokxun Pxa Muanq Kxmer imperiyasına qarşı üsyan qaldırmışdı.[3]:195–196 Tay feodal tituluna çevrilməzdən əvvəl Kxun möhkəmləşdirilmiş qəsəbə və onun ətrafındakı kəndlərə hökmranlıq edən şəxsə verilən bir titul idi.[4] Banqklanqxao Sukxotayı Si İndraditya adı ilə hökm etmiş və Pxra Ruanq sülaləsini (1238–1438) başlatmışdır. O, kortəbii krallığın təsirini qonşu şəhərlərə genişləndirmişdir. Hakimiyyətinin sonunda 1257-ci ildə Sukxotay krallığı Yuxarı Çaopxraya çayı vadisinin (o vaxtlar sadəcə Menam – azərb. Sular anası‎ olaraq bilinirdi) hamısına hökmranlıq edirdi.

Ənənəvi tay tarixşünasları Sukxotay krallığının əsasının qoyulması tay millətinin yaranması kimi hesab edirlər, çünki Sukxotaydan əvvəlki krallıqlar barədə çox az məlumat var. Müasir tarixi tədqiqatlar tay tarixinin tay tarixinin Sukxotaydan daha əvvəl başladığını iddia edirlər. Buna baxmayaraq, Sukxotay krallığının yaranması Tailandda hələ də qeyd edilir.

Vat Sapxan Xin (Sukxotay Tarixi Parkı)
Pxra Açana (Vat Si Çum, Sukxotay Tarixi Parkı)

Ram Kamhanqın səfərləri

[redaktə | mənbəni redaktə et]

Pxo Kxun Ban Muanq (?–1279/80) və onun qardaşı Ramakxamxaenq (1279–1298) Sukxotay krallığının ərazisini genişləndirmişdir. Ramakxamxaenq cənubdakı Supannabxum krallığını və Sri Txamnakorn krallığını fəth etmiş, Txeravadanı dövlət dini olaraq qəbul etmişdir. Bununla yanaşı, bu dövrdə krallıq şimaldakı PxreMuanq Sua şəhərlərini ona xərac verməyə məcbur etmişdir.

Ramakxamxaenq daha sonra qərbdəki monlara özləri bütpərəstlərdən azad etmək üçün kömək etmişdir. Bu monlar daha sonra Martaban krallığını yaratdılar. Buna görə də tay tarixşünasları Martaban krallığının Sukxotaydan asılı olduğunu irəli sürürlər.

Səfərlərinə son qoyduqdan sonra Ramakxamxaenq Sri Txamnakorndan olan rahiblərin Txeravada inancını Sukxotayda təbliğ etməyə çağırmışdır. 1283-cü ildə tay əlifbasını yaratmışdır. Onun hazırladığı Ramakxamxaenq kitabəsi 600 il sonra Monqkut tərəfindən kəşf olunmuşdur.

Bu dövrdə krallıq Çinin Yuan sülaləsi ilə siyasi əlaqələr qurmağa başlamışdır. Sukxotay və Çin arasındakı ticari əlaqələr qat-qat inkişaf etmişdir. Sukxotayın ixrac etdiyi məhsullardan biri Sanqkalok idi. Bu Tailandın Çin üslubunda keramikanı hazırladığı yeganə dövrdür. Bu, XIV əsrdə dəbdən düşmüşdür.

XIV əsrin başlarında Sukxotay indiki Tailandın əksəriyyətini idarə edirdi. Sadəcə şərqi vilayətlər kxmer hakimiyyəti altında idi.[3]:223 Ramakxamxaenqin ölümündən sonra Sukxotaydan asılı olan dövlətlər müstəqillik əldə etdilər. Ramakxamxaenqin xələfi onun oğlu Lertxay olmuşdu. Sukxotayın vassal krallıqları – şimaldakı Uttaradit və bir qədər sonra indiki Laos ərazisində hökmranlıq etmiş Luanqpxabanq ilə Vyentyan öz azadlıqlarını elan etdilər. 1319-cu ildə qərbdəki monların dövləti öz azadlıqlarını elan etdilər və 1321-ci ildə Lanna Takı öz himayəsinə aldı. Cənubdakı Subxanburi şəhəri kral Lertxayın hakimiyyət dövrünün ilk illərində öz azadlığını elan etmişdi. Beləliklə, krallıq qısa bir müddət ərzində olduqca zəifləmişdi.

1349-cu ildə Ayutiya krallığının orduları Sukxotaya hücum etmiş və oranı özlərinə asılı vəziyyətə salmışdı.[3]:222 Daha sonra 1378-ci ildə kral Lertxay Sukxotayın vassal dövlətə çevrilməsini qəbul etmişdir.[5]:29–30

Ramakxamxaenq kitabəsi (Banqkok milli muzeyi).

1419-cu ildə kral III Maxa Tammaraçanın (1400–1419) ölümündən sonra onun oğulları – Pxaya Ram və Pxaya Ban Muanq (IV Maxa Tammaraça, 1419–1438) taxt-tac uğrunda bir-birləriylə vuruşmuşdular. Ayutiya kralı İntxraça (1408–1424) bu münaqişəyə müdaxilə etmiş və krallığı ikisi arasında bölmüşdür. Kral IV Maxa Tammaraça 1438-ci ildə vəfat etdikdən sonra Ayutiya kralı III Borommaraçatxirat öz oğlunu – Ramesuanı (gələcək Ayutiya kralı Borommatraylokkanat, 1431–1488) Sukxotay canişini təyin edir. Bu, müstəqil Sukxotayın sonu olur.[6]

Ayutiya ilə birləşmə

[redaktə | mənbəni redaktə et]

Krallıq Ayutiya imperiyasının tərkibinə daxil edilməmişdi. Bu uzunmüddətli proses XVI əsrdə sona çatmışdır. Sukxotayın hərbiyyə, idarə, memarlıq, din və dil kimi sahələri Ayutiyanın təsirinə məruz qalmışdır. Ayutiya krallığının mərkəzləşmiş bir idarəetmə üsuluna sahib olmadığından keçmiş Sukxotay ərazisi (yeni adı – "şimali şəhərlər" və ya "Muanq Nua") hələ də yerli əsilzadələr tərəfindən idarə edilirdi. Müasir dövrdə bu dövlət bir cür "federasiya" adlana bilər. Ən əhəmiyyətli şimali şəhər Pxitsanulok idi. Şimallı zadəganlar özlərini Ayutiya elitası ilə əlaqələndirmək istəyirdilər. Buna görə də onlar arasında çoxlu ittifaqlar yaranmış, evliliklər gerçəkləşmişdir.[7]

Keçmiş Sukxotay torpaqları 1441–1474-cü illərdə reallaşan Ayutiya ilə Lannatay krallığı arasındakı müharibədə döyüş meydanına çevrilmişdi. 1462-ci ildə Sukxotay şəhər dövləti Ayutiya hakimiyyətinə qarşı üsyan qaldırmış və Lannatayla ittifaq qurmuşdur. Bu dövrdə Pxitsanulok Ayutiyanın II dərəcəli paytaxtı olmuşdur. Hətta 1463-cü ildə kral Borommatraylokkanat sarayını oraya köçürmüşdür. Portuqaliya tüccarları Ayutiya və Pxitsanuloku "əkiz şəhərlər" olaraq qələmə vermişdir. Keçmiş Sukxotay krallıq sülaləsindən olan şimallı zadəganlar Ayutiya vərəsəlik münaqişələrində böyük rol oynayırdılar. Pxitsanulok qubernatoru və şimali şəhərlərin canişini olan Maxa Tammaraça 1569-cu ildə Ayutiya taxt-tacına sahib olmuşdur.[7]

1583-cü ildə Situan çayı sahilində gerçəkləşən döyüşdən sonra Pxitsanulok kralı, həmçinin Ayutiya taxtının vəliəhdi Naresuan xalqı birmalılardan qorumaq üçün, eləcə də baş vermiş zəlzələ səbəbiylə Pxitsanulok, Sukxotay, Pxiçay, Savankxlok, Kampxanq Pxet, Pxiçit və Prabanq şəhərlərinin əhalisini Tailandın mərkəzi vilayətlərinə köçürmüşdür.[8]

Kralların siyahısı

[redaktə | mənbəni redaktə et]
Portret Ad Doğum Hak. başlama Hak. bitmə Vəfat Qeydlər
I Si İndraditya (Pxo Kxun Banq Klanq Tao) Pho Khun Sri Indraditya 1188 1238 1270 (30 il) (82 yaş)  • Birinci Sukxotay kralı
II Ban Muanq Pho Khun Ban Muang ? 1270–1271 (1 il) (42 yaş)  • Si İndradityanın oğlu
III Böyük Ramakxamxaenq Pho Khun Ram Khamhaeng təx. 1237–1247 1279 1298 (19 il) (51–61 yaş)  • Ban Muanqın kiçik qardaşı
 • Si İndradityanın oğlu
IV Lertxay Phaya Lerthai ? 1298 1323 (25 il) (61 yaş)  • Ramakxamxaenqın oğlu
V Nquanamtxom Phaya Nguanamthom ? 1323 1347 (24 il) (81 yaş)  • Lertxayın əmisi oğlu
 • Ban Muanqın oğlu
VI I Maxa Tammaraça Phra Maha Thammaracha I ? 1347 1368 (21 il) (68 yaş)  • Nquanamtxomın əmisi oğlu
 • Lertxayın oğlu
Ayutiya krallığı süzerenliyi altında
VII II Maxa Tammaraça Phra Maha Thammaracha II ? 1368 1399 (31 il)  • I Maxa Tammaraçanın oğlu
VIII III Maxa Tammaraça Phra Maha Thammaracha II ? 1400 1419 (19 il)  • II Maxa Tammaraçanın oğlu
IX IV Maxa Tammaraça Phra Maha Thammaracha IV ? 1419 1438 (19 il)  • III Maxa Tammaraçanın oğlu
  1. "Seated Buddha in "Maravijaya"". Ualters İncəsənət Muzeyi. 2012-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.
  2. Koedes, Corc. "The Origins of the Sukhodaya Dynasty" (PDF). Journal of the Siam Society. Siam Heritage Trust. JSS Vol. 14.1b (digital). 1921: 1. 2016-10-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 noyabr 2018. The dynasty which reigned during a part of the 13th and the first half of the 14th centuries at Sukhodaya and at Sri Sajjannlaya, on the upper Menam Yom, is the first historical Siamese dynasty. It has a double claim to this title, both because it cradle was precisely in the country designated by foreigners as "Siam" (Khmer: Syam; Chinese Sien, etc.), and because it is this dynasty which, by freeing the Thai principalities from the Cambodian yoke and by gradually extendinig its conquests as far as the Malay Peninsula, paved the way for the formation of the Kingdom of Siam properly so called.
  3. 1 2 3 Koedes, Corc. Ualter F. Vella (redaktor). The Indianized States of Southeast Asia. tərcümə Suzan Braun Kouinq. University of Hawaii Press. 1968. ISBN 978-0-8248-0368-1.
  4. Terviel, Barend Jan. "Ahom and the Study of Early Thai Society" (PDF). Journal of the Siam Society. Siamese Heritage Trust. JSS Vol. 71.0 (digital). 1983: image 4. 2013-11-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 14 noyabr 2018. khun : ruler of a fortified town and its surroundinig villages, together called a mu'ang. In older sources the prefix ph'o ("father") is sometimes used as well.
  5. Çakrabonqse, Ç. Lords of Life. London: Alvin Redman Limited. 1960.
  6. Uyatt, Deyvid K. Thailand: A Short History (2nd). Silkworm Books. 2004. səh. 59.
  7. 1 2 Kris Beyker; Pasuk Pxonqpaiçit. A History of Thailand (3rd). Cambridge University Press. 2014. səh. 10.
  8. Phisēt Čhīačhanphong. พระมหาธรรมราชากษัตราธิราช. Tailand: สำนักพิมพ์มติชน. 2003. səh. 57. ISBN 974-322-818-7. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]