Surxay İsmayılov (geoloq)

Surxay İsmayılov (15 may 1929, Goranboy rayonu26 may 1994, Bakı) — Azərbaycanlı, Balakən rayonunda "Filizçay" polimetal yatağını kəşf edən geoloq.

Surxay İsmayılov
İsmayılov Surxay Yusif oğlu
Doğum tarixi
Doğum yeri Goranboy, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan Respublikası
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi geologiya

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

İsmayılov Surxay Yusif oğlu 15 may 1929-cu il tarixində Qasım İsmayılov (indiki Goranboy) rayonunun Kəpənəkçi kəndində Yusif və Mələk İsmayılovların ailəsində dünyaya gəlmişdir. Böyük qardaşı Gəray (1925-ci il təvəllüdlü) 1943-cü ilin fevralında müharibəyə yollanır və təxminən iki il sonra 1944-cü ilin oktyabrında itkin düşür. Atasız böyüdüklərindən 6 uşaqlı ailənin bütün yükü uzun illər böyük oğul kimi onun üzərinə düşür. Yuxarı siniflərdə ikən müəllim çatışmadığına görə məktəbdə aşağı siniflərə müəllimlik də edir. Orta təhsilini doğma rayonda alan S. İsmayılov 1946-cı ildə A.S. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Geoloji coğrafiya" fakültəsinə daxil olmuş və 1952-ci ildə oranı geoloq ixtisası alaraq bitirmişdir. O, "Beryaşen pirofillit yatağının minereloji-petroqrafik xarakteristikası" mövzusunda diplom işini uğurla müdafiə etmişdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 1952-ci ildə Qazaxıstan geoloji idarəsində başlayan gənc geoloq 1 il sonra vətənə qayıdır və Mehmanı geoloji partiyasına keçirilir. 1957-ci ildə həmin partiyanın texniki rəhbəri, 1958-ci ildə isə sonradan "Filizçay" adlandırılacaq Balakən geoloq—kəşfiyyat partiyasına rəis təyin edilir. Məhz burada onun rəhbərliyi ilə 1959-cu ildə Avropanın 2-ci böyük polimetal yatağı olan "Filizçay" yatağı kəşf edilir.[1] Bu kəşfə görə Surxay İsmayılov 1970-ci ildə "Yatağı ilk açanlar" nişanı ilə təltif edilir. Keçmiş SSRİ və hazırda Azərbaycan üçün bu yatağın əhəmiyyəti olduqca böyükdür. Bu kəşfdən sonra jurnalist-publisist Qılman İsmayılov tərəfindən ekspedisiyaya və bu ağır əməyə həsr olunmuş "Dağ fatehləri" sənədli povesti də yazılmışdır.[2] 1963–1965-ci illərdə Naxçıvan, Gilgəzçay, Ağkənd geoloji kəşfiyyat partiyalarına rəis vəzifələrində çalışır. 1967-ci ildə Naxçıvan GKP-da baş mühəndis təyin edilir. 1968-ci ildə Kiçik Qafqaz Geoloji Ekspedisiyasına mühəndis, ordan isə Qazax geoloji axtarış—kəşfiyyat partiyasının, 3 il sonra isə Qazax geoloji kəşfiyyat ekspedisiyasının, 1972-ci ildə isə Baş Qafqaz Geoloji Ekspedisiyasının rəisi təyin edilir. 1973-cü ildə müxtəlif vəzifələrdə çalışır. 1974-cü ildə ağ yanan xammalın reviziya-sınaq partiyasının, 5 il sonra təcrübi-metodik partiyasının rəisi vəzifələrində çalışmışdır. 1980-ci ildə Kiçik Qafqaz Geoloji—Kəşfiyyat Ekspedisiyasına keçirilmiş, Yeni Texnikanın Təcrübi-Metodiki Partiyasının rəhbəri təyin edilmişdir.

1981-ci ildə Muxaxçay, 1 il sonra Çeder Axtarış Partiyasının rəisi vəzifəsinə keçirilmişdir. Son illərdə Azərbaycan SSR Geologiya İdarəsinin rəis müavini vəzifəsində çalışmışdır.Əmək fəaliyyət dövründə "Qırmızı əmək bayrağı" ordeni (1971), "Filizçay" yatağının kəşfinə görə "Yatağı ilk açan" (1970), "Geoloji süxurların əlaçısı" (1966) nişanı və digər fəxri fərman, fərqlənmə nişanları ilə təltif edilmişdir.Bütün ömrü boyu ağır şərtlərdə, kəskin hava şəraitində ekspedisiyalarda çalışaraq sağlamlığını da peşəsinə qurban vermiş və 1994-cü ildə cəmi 65 yaşında Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Hal—hazırda bu yataq hələ də istismar edilmir. Amma onun barəsində yüksək məqsədli planlar dövlət tərəfindən hazırlanır. "Böyük və Kiçik Qafqazın Azərbaycan ərazilərinə düşən hissəsində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılıb. Mis ehtiyatları əsasən Balakən-Zaqatala, Gədəbəy, QarabağOrdubad filiz rayonlarında cəmlənib. Qarabağ mis—porfir yatağının ehtiyatları ümumi filiz ehtiyatlarının 4,7%-ni təşkil edir. Polimetal filiz (qurğuşun və sink) yataqları isə əsasən Balakən, Qazax və Ordubad rayonları ərazisində yerləşib. Avropada ən nəhəng yataq hesab olunan və dünyanın ən iri yataqları sırasına daxil olan "Filizçay" kolçedan—polimetal yatağının (Balakən rayonu) dəqiq kəşfiyyatı başa çatdırılıb və sənaye ehtiyatları təsdiq edilib. Yataq 95 milyon ton filiz ehtiyatına malikdir. Filizdə əsas qiymətli komponentlər mis (filizdə orta miqdarı 0,59%), sink (3,63%), qurğuşun (1,43%), gümüş (44,2 q/t), bismut, kadmium, kobalt, selen, tellur, indium və s. ibarətdir. Hesablamalara görə, "Filizçay" yatağının ehtiyatları dağ-mədən müəssisəsinin yüksək rentabelli fəaliyyətini 60 ildən artıq müddətə təmin edə bilər. Kobalt ehtiyatları Daşkəsən filiz rayonunda — "Hamamçay" və "Dəmir" dəmir filizi yataqlarında və "Filizçay" kolçedan—polimetal yatağında cəmlənib. Qeyd etmək lazımdır ki, uzun illər ərzində Daşkəsən yatağının istismarı nəticəsində Qoşqarçayın dərəsində 30 mln. tondan artıq tullantı yığılıb ki, bu tullantıların tərkibində külli miqdarda qiymətli kobalt vardır.[3]

Hökumət təltifləri

[redaktə | mənbəni redaktə et]
  • 1961 – Azərbaycan SSR-in 40 illiyinə həsr edilmiş fəxri fərman.
  • 1966 – Sosialist yarışmasındakı fəal iştirakı və istehsalatda yüksək göstəricilərə görə "Geoloji süxurların kəşfiyyatının əlaçısı" ("Отличник разведки недр") nişanı.
  • 1970 – Azərbaycan SSR-də Balakən rayonunda "Filizçay" polimetal yatağının kəşfinə görə "Yatağı ilkaçan" ("Первооткрыватель месторождения") nişanı
  • 1971 – "Qırmızı əmək bayrağı" ordeni ("Орден трудового красного знамени")
  • 1977 – "Sosialist yarışmasının qalibi" nişanı
  • 1977 – "Sosialist əməyi zərbəçisi" adı ("Ударник коммунистического труда")
  • 1979 – 50 illiyi münasibətilə rabitə idarəsinin fəxri fərmanı
  • 1986 – "Əmək veteranı" medalı
  • 1989 – Çoxillik şərəfli əmək fəaliyyəti, yüksək göstəricilər, ictimai həyatda fəal iştiraka görə SSRİ Geologiya Nazirliyinin Həmkarlar İttifaqının mərkəzi komitəsinin fəxri fərmanı
  1. Baş Qafqaz Geoloji Ekspedisiyası. Musayev. N. A. Bakı 2002,səh.29
  2. "Azərbaycan" jurnalı. № 10, 1974
  3. Allahverdi Cəfərov,Zaman.-2011 fevral.səh.9.