Susuzluq günü (ərəb. ﻳﻮﻢ ﺍلعطش, Yəvm əl-atəş) — 724-cü ildə, Mavəraünnəhrdən keçən Sırdərya çayının sahillərində, indiki Tacikistan ərazisində, Türgiş xaqanlığı ilə Əməvilər xilafəti arasında baş vermiş döyüşə verilən ənənəvi ad.
Susuzluq günü | |||
---|---|---|---|
Ərəblərin Mavəraünnəhrə yürüşü | |||
| |||
Tarix | 724 | ||
Yeri | Xücənd yaxınlığı (indiki Tacikistan) | ||
Nəticəsi | türgişlərin həlledici qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Müslüm ibn Səid əl-Kilabi öndərliyindəki Əməvi ordusu türgişlərin yürüşlərindən xəbərdar olanda Fərqanə vadisinə hücum təşkil edir. Türgiş atlıları tərəfindən qovulan ərəblər tələsik şəkildə Sırdərya çayına doğru qaçır. Nəhayət, 11 gün davam edən qaçışdan sonra Əməvi ordusu Sırdərya sahilinə çatır, ancaq onlar türgiş və yerli Mavəraünnəhr hakimlərinin qoşunları ilə əhatə olunur. Hər halda, ərəblər bu mühasirəni qırıb, çayı keçərək Xücənd şəhərinə çatırlar. Əməvilərin məğlubiyyətə uğraması müsəlmanların regiondakı nəzarətini darmadağın edir. Mavəraünnəhr təqribən 740-cı ilə kimi ərəblər ilə türgişlər arasında mübahisəli ərazi olaraq qalır.
Mavəraünnəhr regionu xəlifə I Validin (hak. 705–715) hakimiyyəti dövründə, VII əsrdə İran və Xorasanın fəthindən sonra Əməvi sərkərdəsi Quteybə bin Müslüm tərəfindən ələ keçirilmişdir.[1][2] Mavəraünnəhrdə yaşayan türk və İrandilli xalqların, o cümlədən müəyyən dərəcədə muxtar olan yerli hakimlərin Əməvilərə olan sədaqəti sual altında qalmışdı. Hətta, Mavəraünnəhr hakimləri 719-cu ildə xilafətin valilərinə qarşı hərbi yardım almaq üçün Tan Çini və onların vassal dövləti olan Türgiş xaqanlığına məktub göndərmişdir.[3][4] Türgişlər bu çağırışlara cavab olaraq, 720-ci ildən başlayaraq Mavəraünnəhrdə yaşayan müsəlmanlara hücumlar etməyə başlayır. Bundan savayı, yerli soqdianalılar da xilafətə qarşı üsyanlar qaldırırdı. Əməvilərin Xorasan valisi Səid ibn Əmr əl-Həraşi qaldırılan qiyamları sərt şəkildə yatırtmış, Səmərqənd şəhərindəki üsyançıları məğlub etmiş və əlverişli nəzarətin itirildiyi Fərqanə vadisi istisna olmaqla Quteybə bin Müslüm dövründə fəth edilmiş torpaqları yenidən müsəlman hakimiyyəti altına almışdır.[5][6]
Xorasan valisi Səid ibn Əmr əl-Həraşi 723-cü ildə vəzifəsindən azad edilir, onun yerinə isə növbəti ilə Fərqanə vadisini ələ keçirməyi planlaşdıran Müslüm ibn Səid əl-Kilabi vali təyin edilir. Yürüş ilkin mərhələlərindən başlayaraq müəyyən problemlərlə üzləşir. İlk növbədə, xəlifə taxtına Hişam ibn Əbdülməlik çıxır, Xalid əl-Qəsri isə İraq valisi təyin edilir. Bu, Xorasan ərəblərinin uzun müddət davam edən tayfalararası rəqabəti ön plana çıxarır. Bəlxdə yaşayan və əslən cənubdan yəmənli qoşunlar əslən şimallı olan əl-Kilabinin vəzifədən azad edilərək başqası ilə əvəz olunmasını tələb edirdi. Buna görə də onlar yürüşdə iştirak etməkdən imtina etdilər. Buna baxmayaraq, Nəsr ibn Səyyar əslən şimallı olan mudarilərdən ibarət bir ordu ilə yəmənliləri Bərukanda məğlub edir. Hər halda, bəzi yəmənlilər əl-Kilabinin ordusuna qoşulmağa vadar edilir. Xalid əl-Qəsri əl-Kilabiyə məktub yazır və ona bildirir ki, Xalidin onu əvəz edəcək Əsəd Xorasana çatana qədər yürüşə davam etməlidir. Nəticə etibarilə, 4 min yəmənli qoşun əl-Kilabinin ordusunu tərk edir.[7][8][9]
Əl-Kilabi ordusu ilə Sırdərya vadisi boyunca irəliləyərək Fərqanə şəhərinə çatır, şəhərətrafı əraziləri yağmalayarkən şəhərin özünü mühasirəyə alır. Əməvi ordusu bu vaxtlarda Türgiş xaqanı Suluk xanın özlərinkindən daha böyük bir ordu ilə Fərqanə şəhərinə doğru irəliləməsindən xəbərdar oldu. Mühasirəni götürüb geri çəkilən müsəlman ordusu cənuba doğru qaçmağa başlayır. Onlar cənuba o qədər tez qaçır ki, iddialara görə, ordu normalda üç günlük olan yolu bir günə qət edir.[9][10][11] Ərəblər ikinci gündə Vadi əl-Sübuh çayını keçir, bu zaman isə türgiş ordusu onlara çatır və Abdullah ibn Abi ibn Abdullahın əsas ərəb qüvvəsindən kənarda saldığı düşərgəyə hücum edir. Ərəblər və onların soqdianalı müttəfiqləri ağır itkilər yaşayır, hətta Səmərqənd hakimi Qurəkin qardaşı belə döyüşdə həlak olur, ancaq onlar hücumu dəf edə bilir.[9][12]
Ərəblər daha səkkiz gün qaçmağa davam edir. Onlar bu zaman daim türgiş atlılarının hücumlarına məruz qalırdı. Ərəblər doqquzuncu gündə Sırdərya çayına çatır, ancaq onların yolu Şaş və Fərqanə hakimlərinin qoşunları, o cümlədən Səid ibn Əmr əl-Həraşinin yatırtdığı soqdianalı üsyançıların qalıqları tərəfindən bağlanır. Ərəblər döyüşdən əvvəlki gecədə düşərgə salır və bir milyon dirhəm dəyərində olduğu iddia edilən yüklərinin hamısını yandırır. Ümidsiz vəziyyətə düşmüş ərəblərin susuzluqdan əziyyət çəkmələrinə və qabaqdan türgiş, arxadan isə mavəraünnəhrli qoşunlarla əhatə olmalarına baxmayaraq, rəqiblərin mövqelərini qıraraq Sırdərya çayını keçir. Əl-Təbari qeyd edir ki, ordu Xücənd şəhərinə çatan zaman "aclıq və yorğunluqdan əziyyət çəkən qoşunlar qarmaqarışıqlıq ilə ora-bura yönəldi". Ordunun rəhbərliyi Əbdülrəhman ibn Naim əl-Həmidiyə verilir, o isə ordunu Səmərqənd şəhərinə geri çəkir.[13][14][15]
Ərəb ordusunun məğlubiyyəti və verilən itkilər müsəlmanların Mavəraünnəhrdəki nəzarətinin növbəti illərdə demək olar tamamilə süquta uğramasının katalizatoru idi.[14][16][17] Başqa sözlə, Böyük Britaniya tarixçisi ser Hamilton Aleksandr Rosskin Gibbin qeyd etdiyi kimi, bu döyüş "praktik baxımdan ərəblərin Mavəraünnəhrə sonuncu təcavüzkar ekspedisiyası idi, ancaq ərəb nüfuzuna daha böyük bir zərbə yetirilmişdi. Rollar tamamilə dəyişmişdi. Bundan belə ərəblərin müdafiə mövqeyi tuturdu və onlar tədricən Amudərya boyunca yerləşən bütün mahallardan qovulmuşdular".[18] Yeni Əməvi valisi Əsəd əl-Qəsri növbəti bir neçə il ərzində durmadan yeni yürüşlər həyata keçirirdi, ancaq böyük nailiyyətlər əldə edə bilmirdi. Həmçinin, Əsəd yerli elita ilə əməkdaşlığı təmin etmək üçün İslam dinini qəbul etmiş yerlilərə qoyulan vergiləri bir müddət ləğv etmişdir, ancaq bu siyasət Xorasan ərəbləri tərəfindən müsbət qarşılanmırdı və vergilər Əsədin xələfi Əşras ibn Abdullah əl-Sulami tərəfindən bərpa edilmişdir.[19][20][21] Bu, 728-ci ildə Mavəraünnəhrdə ümumi üsyana səbəb olmuşdur. Türgişlərin hərbi dəstəyi ilə ərəblər bütün regionu, hətta 737-ci ildə Xorasanı belə tərk etməli olmuşdur. Mavəraünnəhrə nəzarət uğrunda rəqabət başlamışdı. Ərəblər Suluk xanın 738-ci ildə öldürülməsindən sonra Türgiş xaqanlığında baş vermiş vətəndaş müharibəsindən istifadə edən Əməvi valisi Nəsr ibn Səyyarın 739–741-ci illərdəki yürüşlərinə qədər əvvəlki mövqelərinə qayıda bilməmişdi.[22]