Təmkin (əsl adı Böyükkişi Abbas oğlu Mirzəzadə; d. 25 avqust 1925 - ö. 18 may 2014) — Azərbaycan şairi[1].
Təmkin | |
---|---|
Böyükkişi Abbas oğlu Mirzəzadə | |
Təxəllüsü | Təmkin |
Doğum tarixi | |
Doğum yeri | Qərbi Azərbaycan, Göyçə mahalı, Basarkeçər, Zod |
Vəfat tarixi | (88 yaşında) |
Vəfat yeri | Mingəçevir |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Firəngiz |
Uşaqları | Nofəl, Mahudə, Aydın, Rübail, Üzeyir, Kamilə. |
Təhsili |
|
Fəaliyyəti | Şair, dramaturq |
Əsərlərinin dili | azərbaycan, |
Janrlar | Şeir, poema, pyes |
Təmkin (Böyükkişi Abbas oğlu Mirzəzadə) 25 avqust 1925-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur.
1941-ci ildə Zod kənd orta məktəbini əla qiymətlərlə bitirərək həmin məktəbdə müəllim işləmişdir. 1942-ci ildə ailələri əsl-nəcabətlərinə görə siyasi təqiblərdən yaxa qurtarmaq üçün Gəncə ətrafına, Zazalı kəndinə köçür, sonra isə Seyidlər kəndində məskunlaşırlar.
1945-ci ildə atası vəfat etdiyindən ailə yükü üzərinə düşür. 1948-ci ildə Mingəçevir SES tikintisinə gəlir, təqaüdə qədər şəhərin bir neçə müəssisəsində fəhlə, mütəxəssis və mühəndis kimi çalışır.
Bədii yaradıcılıqla məşğul olmuş, yaradıcılığı yaşadığı bölgədə yaxşı tanınmış, daim el məclislərində şeirləri söylənilmişdir[2].
18 may 2014-cü ildə vəfat etmişdir[3].
Firəngiz xanımla ailə həyatı qurmuş, altı övladı olmuşdur.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadənin atasıdır[4].
Şəhid polkovnik Müharib Mirzəyevin böyük qardaşı idi.
Gənc yaşlarından bədii yaradıcılıqla məşğul olmuş, müxtəlif janrlarda şeirlər yazmışdır. Sovet dövründə ədəbiyyatda hökmran olan sosialist realizmi prinsiplərini qəbul etmədiyinə görə böyük ədəbiyyata gəlməmişdir. Əsas mövzusu sadə insan və onun cəmiyyətlə münasibətləri olmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bir neçə kitabı nəşr edilmiş, bədii nəşrlərdə yaradıcılığı işıqlandırılımışdır.
Filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli şair Təmkinin yaradıcılığını poeziyada milli bütövlük və istiqlal mübarizəsinin inikası adlandırmışdır[5][6][7].
1970-ci ildə latın qrafikası əsasında Azərbaycan dilinin əlifbasını tərtib etmiş və əlyazmalarını bu əlifba ilə ilə yazmışdır.
El şairi 7 aprel 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Şeirlərinə bir neçə mahnı bəstələnmişdir.
Gəldim məzarını ziyarət edim,
Ziyadxan oğlu Cavadxan babam,
Qeyrət rəmzisən Azərbaycanda,
Vüqarlı dağlardan uca, xan babam.
"Cavadxan babam" şeirindən
Soruşdu birisi, sevdiyin nədir,
Dedim:-Ana, Vətən, Eli sevirəm,
Duyub danışdığım, dərk elədiyim,
Anam öyrətdiyi dili sevirəm.
"Sevirəm" şeirindən
Damcı damar, daşı dələr deyiblər,
Su arx ilə birdə gələr deyiblər.
Zər qədrini zərgər bilər deyiblər,
Sərrafı olmayan ləl qədri bilməz.
"Həyati təsvir " şerindən
Həyat nərdivandı, qalxanlar enir,
İnsan oğlu qonaq kimi əylənir.
Koroğlunun igidliyi söylənir,
Qalıbdı şöhrət-şanı dünyada.
"Dünyanı dərk" şeirindən
Dünya işlərinə nə qalmısan mat,
Həmi matəm keçir, həmi toy-büsat,
De, kimə gərəkdir mənasız həyat,
Könül şadlanarmı, qəm olan yerdə?
"Olan yerdə" şeirindən
(Seçmələr şairin "Seçilmiş əsərləri. Şeirlər, I cild." kitabından götürülmüşdür)