Sosialist realizmi (rus. Социалистический реализм) və ya sosrealizm — SSRİ-nin və digər sosialist ölkələrinin incəsənətində bədii yaradıcılığa dövlət siyasəti vasitələri, o cümlədən senzura ilə yeridilən və sosializm quruculuğu məqsədinə xidmət edən dünyagörüşü metodudur. Azərbaycan dramaturgiyasında sosial realizmin banisi Cəfər Cabbarlı sayılır.
Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovethakimiyyətinin rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi.
Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir şəkli idi. Maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial tərbiyə üçün istifadə edirdilər.
Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq olunurdu.
Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik arasında olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl qanunları ilə yaşayan insan nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu da onu dini maarifçiliyə, din təbliğinə yaxınlaşdırırdı.
30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha dəqiq olan sosialist realizmi termini ilə əvəz edildi. Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq qaldı. Sosialist realizmi termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də qüvvətləndi.