Tahirə Məmməd (Tahirə Qəşəm qızı Məmməd;27 iyun 1960, Vayxır, Naxçıvan rayonu) — filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri.
Tahirə Məmməd | |
---|---|
Tahirə Qəşəm qızı Məmməd | |
Doğum tarixi | |
Doğum yeri | Vayxır, Babək rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | ədəbiyyat nəzəriyyəsi |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA Nizami adına Ədəbiyyat İnstitutu |
Mükafatları |
Tahirə Məmməd Naxçıvan MR-nın Babək rayonu Vayxır kəndində ziyalı ailəsində anadan olmuşdur. 1976-1980-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix-ədəbiyyat fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə müəllim kimi başlamışdır. 1983-86-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuşdur. 1986-cı ildən Ədəbiyyat nəzəriyyəsi şöbəsində təyinatla gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlamış və həmin şöbədə müxtəlif elmi vəzifələr tutmaqla 2012-ci ildə seçki yolu ilə şöbə müdiri seçilmişdir[1].
Tahirə Məmməd 1989-cu ildə filologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2008-ci ildə dosent, 2011-ci ildə professor elmi adına layiq görülmüşdü. Fəlsəfə doktorluğu dissertasiyası "Cəfər Cabbarlı yaradıcılığının bədii metod təkamülü", elmlər doktorluğu dissertasiyası "XX əsr Azərbaycan dramaturgiyasının poetikası (Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlının dramaturgiyası əsasında)" mövzusundadır. Tahirə Məmməd Azərbaycanda Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə ilk qadın elmlər doktorudur[2].
Tahirə Məmməd elmi araşdırmalarla yanaşı pedoqoji fəaliyyətlə də məşğuldur. Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının professorudur[3]. Ali məktəblər üçün müxtəlif adlarda dərslik, dərs vəsaiti və proqramların müəllifidir. Tahirə Məmməd Bakı SLavyan Universitetində uzun müddət Türk ədəbiyyatı tarixi fənnini tədris etmiş və həmin fənn üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin sərəncamı ilə çap olunmuş dərs proqramının (2008) və dərs vəsaitinin (2010) müəllifidir.
Professor Tahirə Məmmədin araşdırdığı problemlər az öyrənilməsi və aktuallığı ilə diqqəti cəlb edir. Tədqiqatlarının əsas istiqaməti ənənəvi poetik strukturların yeni dövr və müasir ədəbiyyatda təzahür xüsusiyyətləri üzrədir. XX əsrin başlanğıcı Azərbaycan ədəbiyyatında metod qarışıqlığı probleminin əsaslandırılması, Azərbaycan dramaturgiyasının poetikasının milli özünəməxsusluğunun və dramatik növdə sufizmlə bağlı element və motivlərin davamının müqayisələrlə müəyyənlişdirilməsi, ədəbiyyatda neosufizm konsepsiyası alimin əsas elmi nailiyyətlərindəndir [4] Araşdırdığı mövzular üzrə Beynəlxalq və Respublika konfranslarında maraqlı məruzələrlə çıxış etmişdir. Nüfuzlu elmi dərgilərdə məqalələri çap olunmuşdur. 10 kitab müəllifidir (biri həmmüəlliflə, biri kollektiv monoqrafiya olmaqla). 160-dan yuxarı məqaləsi var. Məqalələri Respublikadan kənarda da elmi ictimaiyyətə təqdim olunmuş, ABŞ, Hollandiya, Rusiya, Türkiyə, İran, Özbəkistan, Qırğızıstan və Gürcüstanın nüfuzlu nəşrlərində çap edilmişdir. Kitablarından biri Gürcüstan Parlamentinin "İsskustvo" nəşriyyatında çap olunmuş biri isə (həmmüəliflə olan)) Moskva Dövlət Linqvistik Universitetinin sifarişi ilə yazılmış və hazırda həmin Universitetdə elektron dərslik kimi tədris olunmaqdadır[5].
Tahirə Məmməd elmi əhəmiyyətli bir sıra layihələrin yerinə yetirilməsində rəhbər və iştirakçı kimi yer almışdır. 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fondunun Əsas qrant layihəsi müsabiqəsinin nəticələrinə görə "Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri və problemləri" mövzusunda təqdim etdiyi layihə ilə qalib elan olunmuş, pilot layihəsi kimi dəyərləndirilmiş və layihənin elmi nəticələri ikicildlik kitab halında çap edilmişdir[6]. Rəhbəri olduğu layihə üzrə 4 kitab, 30-a yaxın məqalə çap olunaraq elmi ictimaiyyətə çatdırılmışdır [7]. Elmi ictimaiyyətdə yüksək reytinqi olan "Poetika.izm" jurnalının baş redaktorunun müavini (baş redaktor akademik İsa Həbibbəyli, TDK "Türk dünyası" jurnalının idarə heyətinin üzvü[8], "Türük" jurnalının jürisidir. "Şah İsmayıl Xətai", "Cəfər Cabbarlı" komissiyalarının, "Turan Cavid Qadın ictimai birliyi"nin üzvü kimi də fəaliyyət göstərir. Elmi rəhbəri olduğu onlarla doktorant uğurla dissertasiya müdafiə edrək müvafuq dərəcələrdə diplom almış və ya müafiə ərəfəsindədirlər. Çox sayda elmlər və fəlsəfə doktorluğu dissertasiyalarının rəsmi opponenti olmuşdur. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü, Dissertasiya şurası sədrinin müavini, Yeni dövr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi üzrə Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının da sədr müavinidir.
Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi ilə əlaqədar İnstitut tarixində xidmətlərinə görə AMEA Rəyasət Heyətinin Fəxri Fərmanı, Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" ikicildliyinin hazırlanmasında fəal və səmərəli fəaliyyəinə görə isə Nizami adına Ədəbiyyat İnstitutunun Təşəkkürü (şəxsi işinə yazılmaqla) ilə təltif edilmişdir. 2016-cı ilin elmi hesabatına əsasən ədəbiyyatşünaslıq sahəsində fəaliyyəti nəzərə alınaraq AMEA Nizami adına Ədəbiyyat İnstututunun müəyyənlədirdiyi nominasiyaya əsasən Elmi Şuranın qərarı ilə "İlin alimi" adına layiq görülmüşdür. Bunlarla yanaşı, BP və C.Cabbarlının ev muzeyinin fəxri diplomu, Kazım Qarabəkir forumunun fəxri üzvlüyü, medalı, plaketi, Türkiyədə Azərbaycan Kültür evinin qızıl döş nişanı və b.kimi təltiflərə layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu" mükafatı ilə təltif edilmişdi.
Tahirə Məmməd hal-hazırda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirir, elmi aktuallığı və yeniliyi ilə diqqət cəlb edən mövzularda təqdiqatlar aparır.