Tanya Paffenhols (alm. Thania Paffenholz; 2 fevral 1965, Köln, Şimali Reyn-Vestfaliya) — sülh prosesləri üzərində işləyən Almaniya akademiki və siyasi məsləhətçisi. O, hal-hazırda İnklüziv Sülh qurumunun direktorudur.[1] Tanya Paffenhols iyirmi ildən artıqdır ki, sülh proseslərinin müqayisəli tədqiqatına rəhbərlik edir və Mozambik, Anqola, Somali, Keniya, Uqanda, Cənubi Sudan, Mali, Əfqanıstan, Nepal, Şri-Lanka, Myanma, Yəmən, Misir, El-Salvador, Suriya və Kolumbiya kimi ölkələrdə sülh prosesləri üzrə məsləhətçi olmuşdur. O, sülh tədqiqatçısı kimi işinə görə 2015-ci ildə Vihuri Beynəlxalq Mükafatını almışdır.[2]
Tanya Paffenhols | |
---|---|
Doğum tarixi | 2 fevral 1965 (59 yaş) |
Doğum yeri | |
Təhsili |
Tanya Paffenhols 2 fevral 1965-ci ildə Almaniyanın Köln şəhərində anadan olmuşdur. O, Avropa, Afrika və Asiyada köklərə malikdir. İsveçrədə yaşayır. Paffenhols 1996-cı ildə Almaniyanın Frankfurt şəhərindəki Göte Universitetində beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. O, silahlı münaqişələrdə vasitəçilik və sülh quruculuğu nəzəriyyəsi və praktikasına diqqət yetirir. Paffenhols 1992–1996-cı illərdə Frankfurt Sülh Araşdırmaları İnstitutunda elmi işçi olmuş, Birləşmiş Millətlər Təşkilatının Afrikadakı bir neçə missiyasında iştirak etmişdir. O, 1996–2000-ci illərdə Avropa İttifaqının Somali üzrə xüsusi elçisinin sülh quruculuğu üzrə müşaviri vəzifəsində çalışmışdır. Paffenhols daha sonra Berndə "Swisspeace"də Sülh Quruculuğu Mərkəzinin təsisçi direktoru vəzifəsində çalışmış, İsveçrə Xarici İşlər Nazirliyinə məsləhət vermişdir.[3] O, 2005-ci ildən Cenevrədə yerləşən Beynəlxalq və İnkişaf Araşdırmaları üzrə Məzun İnstitutu ilə işləyir, eyni zamanda Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, OECD, ATƏT,[4] hökumət və qeyri-hökumət təşkilatlarına məsləhətlər verir.