Tbilisinin yüz min şəhidi və ya Yüz min şəhid (gürc. ასი ათასი მოწამე, Rom: asi atasi mots'ame; orijinalı: gürc. ათნი ბევრნი მოწამენი, Rom: at'ni bevrni mots'ameni) — XIV əsrə aid olan anonim “Yüz ilin gürcü salnaməsi” adlı əsərə görə 1226-cı ildə Gürcüstanın paytaxtı olan Tbilisini ələ keçirən Xarəzmşah sultanı Cəlaləddin tərəfindən xristianlıqdan imtina etmədiyinə görə öldürülmüş Gürcü Pravoslav Kilsəsinin müqəddəsləridir. Mənbədə öldürülənlərin sayının 100.000 olduğu iddia edilmişdir. Gürcü kilsəsi onları hər il noyabr ayının 13-də (köhnə təqvimlə 31 oktyabr) yad edir.[1]
Tbilisinin yüz min şəhidi | |
---|---|
| |
Vəfat tarixi | 9 mart 1226 |
Vəfat yeri | |
Xatirə günü | 13 noyabr |
Cəlaləddinin Gürcüstan krallığı ilə ilk qarşılaşması 1225-ci ildə baş vermiş Gərni döyüşündə onun ordusunun gürcüləri sarsıdıcı məğlubiyyətə uğratması və bununla da Gürcüstanın orta əsrlərdəki çiçəklənmə dövrünün sona çatması ilə baş vermişdir. Növbəti il Cəlaləddin Tbilisiyə ikinci yürüşünü etmiş və Gürcüstan kraliçası Rusudanı və onun sarayını qaçmağa məcbur etmişdir. Paytaxtın müdafiəsinə qalxan gürcü qoşunları şiddətli müqavimət göstərmiş olsa da, Cəlaləddinin qoşunları nəhayət, 9 mart 1226-cı ildə Tbilisidə yaşayan yerli müsəlmanların da köməyi ilə şəhərə soxulmağa nail olurlar. Müzəffər Xarəzm əsgərləri Tbilisini talan etmiş və şəhərin xristian əhalisini qılıncdan keçirmişdirlər. Ənənəvi olaraq “Yüz ilin salnaməsi” kimi tanınan XIV əsrin anonim gürcü salnaməsində bu haqda belə yazılıb: “Düşmənin gətirdiyi dağıntıları çatdırmaqda sözlər acizdir: körpələri analarının döşündən qoparıb başlarını körpüyə döyərək gözlərinin kəllələrindən düşməsini seyr edirdilər...”[1] Müsəlman tarixçiləri olan İbn əl-Əsir və Nəsəvi (Cəlaləddinin katibi olmuş və onun tərcümeyi-halını yazmışdır) sultanın əmri ilə İslamı qəbul etməyən xristianların öldürülməsi faktını təsdiqləmişdirlər.[2][3]
Gürcü mənbəsinin verdiyi məlumata əsasən, Cəlaləddin Sioni kafedralının günbəzini sökdürərək onun yerində özünə taxt qoydurmuşdur. Onun əmri ilə Məsihin və Məryəmin ikonaları kafedraldan çıxarılaraq Mtxvari çayının üstündə olan körpüyə yerləşdirilmiş və daha sonra isə xristianlara körpünün üstündən keçmələri əmr edilmişdir. İkonalara hörmətsizlik etməyi və İslam dinini qəbul etməyi rədd edənlərin başları kəsilmişdir.[1][4] XIII əsrdə yaşamış erməni tarixçisi olan Kirakos Qandzaketsi də, Cəlaləddin və əsgərlərinin gürcüləri dinlərini dəyişdirməyə məcbur etdiyini, qadınlarla pis rəftar edildiyini, kilsələrin dağıdıldığını və xaç işarələrinin məhv edildiyini bildirmişdir.[5]
Orta əsr gürcü salnaməçisi öldürülənlərin sayını ათნი ბევრნი (at'ni bevrni) olaraq müəyyənləşdirmişdir. Bu rəqəmin birinci hissəsi olan at'ni "on" deməkdir. İkinci hissəsi olan, bevrni isə, müasir gürcü dilində "çox, lap çox" mənasını verir. Bu söz eyni zamanda qədim gürcü dilində "on min" mənası deməkdir. Son nəticə olaraq bu söz qədim fars dilindən qədim gürcü dilinə keçmişdir (Qədim fars dilindən tərcümədə *baiwar/n "on min" demək idi).[6]