Teodor Şiqeru Kanamine (ing. Theodore Shigeru Kanamine; 29 avqust 1929, Şimali Hollivud[d], Kaliforniya – 2 mart 2023, Neypls[d], Florida) – yaponəsilli amerikalı briqada generalı. O, ABŞ ordusunun aktiv vəzifədə olan ilk yaponəsilli generalı olmuşdur.[1]
Teodor Kanamine | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 29 avqust 1929 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 mart 2023 (93 yaşında) |
Vəfat yeri | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | briqada generalı |
Təltifləri |
Teodor Kanamine 29 avqust 1929-cu ildə Kaliforniya ştatının Şimali Hollivud bölgəsində doğulmuşdur.[2] O, "Walt Disney" studiyasının yaxınlığında market işlədən immiqrant yapon ailənin ən böyük uşağı idi. İkinci dünya müharibəsi zamanı ailəsi ilə birlikdə Kaliforniyadan Arkanzas ştatının Cerom qəsəbəsində yerləşən internasiya düşərgəsinə gətirilmişdir.[1]
Müharibədən sonra Omaha texnologiya liseyinə daxil olmuş, liseyin üzgüçülük komandasının kapitanı olmuşdur. 1947–54-cü illərdə ildə Linkolnda yerləşən Nebraska Universitetinə təhsil almış və kriminal psixologiya sahəsində ixtisaslaşmışdır.[1]
2-ci leytenant kimi Rezerv Zabitlərin Təlim Korpusunun komissiyasından keçərək Hərbi Polis Korpusuna daxil olmuş və 1955-ci ildə aktiv hərbi xidmətə çağırılmışdır. Əvvəlcə Koreyada xidmət göstərmiş, daha sonra Vyetnam müharibəsinə göndərilmişdir.[2] 1960-cı illərin sonunda ABŞ-ın Sayqon şəhərində yerləşən Hərbi Yardım Komandanlığında işləmişdir. O, Sayqonun təhlükəsizliyindən məsul olan 716-cı hərbi polis batolyonunun komandanı olmuş, 1968-ci ildə Sonqmi qətliamının araşdırılmasında iştirak etmişdir.[1] Pentaqonda fəaliyyət göstərərkən oranj qazını araşdırmışdır.[3] Daha sonra provost marşalı olmuş, Almaniyadakı hərbi polis briqadasının komandiri təyin olunmuşdur. 1976-cı ildə briqada generalı rütbəsinə yüksəlmişdir.[1]
Kanamine 1981-ci ildə təqaüdə çıxmış və ailə ilə Floridaya köçmüşdür. Amerika Qırmızı Xaçının Sent-Lüsi qraflığı üzrə sədri olmuş,[1] burada yerləşən Müqəddəs Ailə Katolik Kilsəsi üçün könüllülük etmişdir.[3]
Kanamine ABŞ ordusunun "Görkəmli xidmətə görə" medalı, iki dəfə "Fəxri legion" ordeni, "Bürünc ulduz" medalı və iki dəfə "Ləyaqətli xidmətə görə" medalı ilə təltif olunmuşdur. Hərbi Polis Korpusu onun adını Şərəf zalına daxil edilmişdir. 2 mart 2023-cü ildə Florida ştatının Neypls şəhərində qızının evində ağ ciyər xərçəngi səbəbilə ölmüşdür.[1] 14 mart 2023-cü ildə Sarasota Veteranlar Milli Qəbiristanlığında dəfn olunmuşdur.[4]
Omaha hovuzunda işləyərkən almanəsilli Meri Stuben ilə tanış olmuşdur. Nebraska ştatının qanunları irqlərarası evliliyi qadağan etdiyi üçün onlar 1954-cü ildə Ayova ştatının Kaunsil-Blafs şəhərində evlənmişdirlər.[4] Onların iki qızı (Laura və Linda) və üç oğlu (Maykl, Teodor və Devid) olmuşdur.[1] Oğlu Teodor da hərbçi olmuş və polkovnik rütbəsi almışdır.[2]