Vyetnam müharibəsi, Azərbaycandilli sovet mənbələrində Vyetnamda Amerika təcavüzü[1] - Vyet Konq kimi tanınan Şimali Vyetnamın kommunist hərəkatı və müttəfiqlərinin Cənubi Vyetnam və onun əsas müttəfiqi olan ABŞ-yə qarşı durduğu uzunmüddətli və baha başa gələn bir münaqişə olmuşdur.
Şərq bloku |
---|
Müharibə 1954-cü ildə, Şimali Vyetnamda Xo Şi Min və onun kommunist Vyet Minh partiyasının hakimiyyətə gəlməsi ilə başlamış və iki fövqəldövlət, ABŞ və SSRİ arasında Soyuq Müharibə nəticəsində daha da şiddətlənmişdir. Vyetnam müharibəsində yarıdan çoxu Vyetnamın dinc əhalisi olmaqla, 3 milyon insan (58 000 amerikalı) həlak olmuşdur. 1969-cu ildən etibarən, ABŞ-nin müharibəyə ən yaxından cəlb olunduğu dövrdə Vyetnam münaqişəsində 500 000 nəfərdən çox hərbi qulluqçu iştirak etmişdir.
1973-cü ildə prezident Riçard Niksonun ABŞ qüvvələrinin geri çəkilməsi haqqında əmrindən həm əvvəl, həm də sonra ABŞ-də müharibə əleyhdarı qüvvələrin artması amerikalılar arasında daha ciddi fikir ayrılıqlarının yaranmasına səbəb olmuşdur. 1975-ci ildə kommunist qüvvələrin Sayqonu ələ keçirməsi ilə Vyetnam müharibəsi bitmiş və növbəti il ölkə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir.
İkinci Dünya müharibəsi dövründə Yaponiya Cənub-Şərqi Asiyada, Hind-Çin yarımadasının şərq ucqarında yerləşən və 19-cu əsrə qədər Fransanın hakimiyyəti altında olmuş Vyetnama qoşun yeritdi və onu işğal etdi. Çin və Sovet kommunizmindən ilhamlanan Ho Çi Minh Yaponiya və Fransa müstəmləkə idarəçiliyi ilə mübarizə aparmaq üçün Vyet Minhi, Müstəqil Vyetnam Liqasını yaratdı. 1945-ci ildə Yaponiya müstəqil Vyetnamın idarəsini Fransız təhsilli İmperator Bao Daiyə buraxaraq öz qoşunlarını geri çəkdi. Ho Çi Minhin Vyet Minh qüvvələri dərhal ayağa qalxaraq Hanoyun şimal şəhərini ələ keçirdi və Honun prezidentliyi altında Demokratik Vyetnam Respublikasını (VDR) elan etdi.
Regionun idarəsini yenidən öz əlinə almağa çalışan Fransa Baonu dəstəklədi və 1949-cu ilin iyul ayında paytaxtı Sayqon olan Vyetnam (Cənubi Vyetnam) dövlətini yaratdı. Silahlı münaqişə fransızların 1954-cü ilin may ayında, Dien Bien Fu döyüşündə Vyet Minh qüvvələri tərəfindən məğlub edilməsinə qədər davam etdi. Cenevrədə keçirilən növbəti sülh danışıqlarında Vyetnam 17-ci paralel boyunca iki hissəyə bölündü (Şimalda Ho, Cənubda Bao hakimiyyətdə olmaqla) və birləşmə barədə 1956-cı ildə keçirilmək üzrə ümumxalq səsverməsi çağrıldı. 1955-ci ildə isə güclü anti-kommunist görüşlərə malik Ngo Dinh Diem Baonu hakimiyyətdən salaraq Vyetnam Respublikasının prezidenti oldu.
Soyuq Müharibənin güclənməsi ilə, Amerika Birləşmiş Ştatları Sovet İttifaqının müttəfiqlərinə qarşı öz siyasətini sərtləşdirdi. Prezident Dvayt Eyzenhaver Diemə və Cənubi Vyetnama güclü dəstək vəd etmişdi. Amerika silahlı qüvvələri və polisindən təlim alan və ləvazimatlar əldə edən Diemin təhlükəsizlik qüvvələri Vyet Minh tərəfdarlarına cənubda hücum etdi, həbs edilən 100 000 insanın əksəriyyəti işgəncələrə və edama məruz qaldı. 1957-ci ildən etibarən Vyet Konq və Diem hakimiyyətinin digər əleyhdarları dövlət rəsmilərinə və digər hədəflərə hücum etməklə müqavimət göstərməyə başladılar və 1959-cu ildən Cənubi Vyetnam Ordusunu odlu silahların istifadə olunduğu döyüşlərə cəlb etməyə nail oldular.
1960-cı ilin dekabr ayında, Diemin kommunist və qeyri-kommunist müxalifləri rejimə qarşı müqavimət təşkil etmək üçün Cənubi Vyetnamda Milli Qurtuluş Cəbhəsini yaratdılar. Milli Qurtuluş Cəbhəsinin müstəqil olmasını iddia etməsinə və üzvlərinin əksəriyyətinin qeyri-kommunistlərdən ibarət olmasına baxmayaraq, Vaşinqtonda bir çox insan onun Hanoinin oyuncağı olduğuna inanırdı. Prezident Con Kennedi tərəfindən Cənubi Vyetnamdakı şərait haqqına məlumat vermək üçün 1961-ci ildə göndərilən qrup Vyet Konq təhlükəsinin qarşısını almaqda kömək etmək üçün amerikan hərbi, iqtisadi və texniki yardımının formalaşdırılmasını məsləhət bilmişdi. Kennedi genişmiqyaslı hərbi müdaxiləni dayandırsa da ABŞ-nin yardımını artırdı. 1950-ci ildə sayı 800-dən az olan ABŞ hərbi dəstələri 1962-ci ilə kimi 9000-ə qədər artmışdı.
1963-cü ilin noyabr ayında, Kennedinin Dallasda qətlə yetirilməsindən üç həftə əvvəl öz generalları tərəfindən həyata keçirilən çevrilişdə Diem hakimiyyətdən salındı və qardaşı Ngo Dinh Nhu ilə birlikdə qətlə yetirildi. Cənubi Vyetnamda başlayan siyasi qeyri-stabillik Kennedidən sonra prezident vəzifəsinə gəlmiş Lindon Consonu və müdafiə naziri Robert MacNamaranı ABŞ-nin hərbi və istisadi yardımını artırmasına gətirib çıxardı. Növbəti ilin avqust ayında Demokratik Vyetnam Respublikasının minonoslarının Tankin Körfəzində ABŞ qırıcılarına hücumundan sonra Conson cavab həmləsi olaraq Şimali Vyetnamda hərbi hədəflərin bombalanması əmrini verdi. Tezliklə Konqres Consona müharibə etmək üçün geniş səlahiyyətlər verən Tonkin Körfəzi Qətnaməsini qəbul etdi və ABŞ təyyarələri növbəti ilin fevral ayında Davamlı İldırım Əməliyyatı kod adı altında müntəzəm bombalama reydlərinə başladı.
1965-ci ilin mart ayında Conson amerikan ictimaiyyətinin böyük dəstəyi ilə ABŞ döyüş qüvvələrinin Vyetnama göndərilməsi qərarını qəbul etdi. İyun ayına qədər 82 000 nəfərlik ordu Vyetnamda yerləşdirilmişdi və General Uilyam Vestmorland mübarizə aparan Cənubi Vyetnam ordusuna dəstək üçün 1965-ci ilin sonuna qədər daha 175 000 qoşunun göndərilməsini tələb edirdi. Conson 1965-ci ilin iyul ayına qədər 100 000 nəfərlik qoşunun və 1966-cı ilə qədər digər 100 000 nəfərlik qoşunun təcili göndərilməsi əmrini verdi. ABŞ-dən əlavə Cənubi Koreya, Tayland, Avstraliya və Yeni Zellandiya da Cənubi Vyetnamda döyüşmək üzrə ordular göndərdilər.
Şimali Vyetnama edilən hava hücumlarının əksinə olaraq, ABŞ və Şimali Vyetnamın cənubdakı döyüşlər əsasən General Vestmorlandın başçılığı altında Sayqondakı General Nquyen Van Thieu hökuməti ilə birgə əməkdaşlıqla quruda aparılırdı. Ümumilikdə, ABŞ hərbi qüvvələri regionda əsas məqsədi bölgənin təhlükəsizliyini təmin etmək deyil, mümkün qədər daha çox düşmən əsgəri öldürmək olan zəiflətmə siyasəti yürüdürdü. 1966-cı ilə qədər Cənubi Vyetnamın geniş əraziləri “azad döyüş zonası” elan edilmişdi və buradan bütün dinc əhalinin köçürülməsi və yalnız düşmənin qalması nəzərdə tutulurdu. B-52 helikopterlərinin bombalaması nəticəsində məcburi köçkünlərin Sayqon yaxınlığında yerləşən və təhlükəsiz ərazilər hesab edilən kamplara axışması ilə bu ərazilər kimsəsizləşmişdi. İtirilmiş ərazini asanlıqda geri qaytara biləcəkləri faktından cəsarətlənən DVR və Vyet Konq döyüşü dayandırmaqdan imtina edirdi. Çin və Sovet İttifaqından dəstək alan Şimali Vyetnam öz hava müdafiəsini gücləndirirdi.
1967-ci ilin noyabr ayına qədər Vyetnamdakı amerikan əsgərinin sayı 500 000 nəfərə yaxınlaşırdı və ABŞ-nin itkisi 15 058 ölü və 109 527 yaralı idi. Müharibə uzandıqca, Vaşinqtonun müharibəni qazanmaq üzrə olduqları barədə iddiaları ilə yanaşı, bəzi əsgərlərin dövlətin onları burada saxlama səbəblərinə inamsızlığı da artmışdı. Müharibənin sonrakı illərində narkotikdən istifadə, itaətsizlik və əsgərlərin zabit və daha yüksək rütbəli qulluqçulara hücumu da daxil olmaqla, amerikan əsgərləri arasında fiziki və psixoloji pozuntu halları artmışdı. 1967-ci ilin oktyabr ayında 35 000 nümayişçi Pentaqonun qarşısında müharibə əleyhinə kütləvi etiraz aksiyası keçirdi.
1967-ci ilin sonlarından etibarən Hanoinin kommunist hakimiyyəti böyüyürdü. 31 yanvar 1968-cil il tarixində General Vo Nquyen Ciapın başçılıq etdiyi 70 000 VDR əsgəri Tet əməliyyatına, Cənubi Vyetnamın yüzdən çox şəhər və rayonu üzərinə planlaşdırılmış güclü hücumlara başladı. ABŞ və Cənubi Vyetnam qüvvələri cəld əks hücüm edə bildi və kommunistlər hədəflərdən heç birini bir-iki gündən artıq müddətdə əllərində saxlamağa nail olmadılar. Hücumlar haqqında məlumat və Vestmorlandın əlavə 200 000-lik ordu tələb etməsi barədə xəbərin yayılması ABŞ ictimaiyyətinin mənfi reaksiyasına səbəb oldu. Seçki ilində ona olan müsbət rəylərin azalmasının ardından Conson mart ayında Şimali Vyetnamın bombalanmasını dayandırdı (cənubda isə bombalamalar davam etdi) və qalan səlahiyyət müddətindən yenidən seçilmək üçün deyil, sülhə nail olmaq üçün istifadə edəcəyinə söz verdi.
Consonun 1968-ci ilin mart ayında etdiyi çıxışla açıqladığı bu yeni mövqeyi Hanoy tərəfindən müsbət qarşılandı və may ayında Parisdə Cənubi Vyetnam ilə ABŞ arasında sülh danışıqları başladı. Cənubi vyetnamlıların və Milli Liberatlar Cəbhəsinin daha sonra işə qarışmasına baxmayaraq, dialoq tezliklə süquta uğradı və seçki kampaniyalarında zorakılıq hallarının baş verməsindən sonra respublikaçı Riçard Nikson Hubert Hemfriyə üstün gələrək Ağ Evdə qələbə qazandı.
Nikson Amerikada “səssiz üstünlüyün” müharibəni dəstəklədiyini düşünürdü və onlara arxalanaraq müharibə əleyhinə hərəkatı yatırmağa çalışırdı. Amerikanların müharibədə ölməsi və ya yaralanması hallarını azaltmaq üçün o, raket və artilleriya bombardmanlarını artıran və Cənubi Vyetnamlılara quru əməliyyatlarında üstünlük verən ordunun geri çəkilməsi proqramını elan etdi. Vyetnamlaşdırma adlandırdığı bu siyasətdən əlavə, Nikson Parisdə ictimai sülh və 1968-ci ilin baharından başlayaraq, dövlət katibi Henri Kissinqer tərəfindən idarə olunan yüksək səviyyəli sülh danışıqlarına başladı. Şimali vyetnamlılar isə sülh danışıqlarında əsas şərt kimi ABŞ ordusunun tamamilə geri çəkilməsinə təkid etməyə davam etdilər. Növbəti bir neçə il isə ABŞ əsgərlərinin 1968-ci ilin mart ayında May Layi kəndində 400 silahsız dinc əhalini qətlə yetirməsi də daxil olmaqla, daha çox zorakılıq halları ilə müşahidə olundu.
Müharibə davam etdikcə müharibə əleyhinə nümayişlər də çoxalırdı. 1968 və 1969-cu ildə ölkə ərazisində yüzlərlə aksiyalar vardı. 1969- cu il 15 noyabr tarixində 250 000 nümayişçinin dinc şəkildə toplaşaraq amerikan ordusunun Vyetnamdan geri çağırılmasını tələb etməsilə Amerika tarixində müharibə əleyhinə ən böyük nümayiş baş tutdu. Xüsusən kollec ərazilərində daha güclü olan bu nümayişlər amerikanları çox sərt şəkildə böldü.
1970-ci ildə ABŞ və cənubi Vyetnamın müştərək əməliyyatı ilə Vyetnam Demokratik Respublikasının orada yerləşən ehtiyat bazalarını məhv etmək üçün Kamboca işğal edildi. Daha sonra cənubi vyetnamlılar Laosu işğal etsələr də, Şimali Vyetnam qüvvələri onları məğlub etdi. Bu ölkələrin işğalı ilə beynəlxalq hüquq normalarının pozulması Amerikanın müxtəlif ərazilərində yerləşən kolleclərdə etiraz aksiyalarının yeni dalğasını başlatdı. 1972-ci ilin iyunun sonlarında Cənubi Vyetnama digər bir uğursuz hərbi əməliyyatdan sonra Hanoyi, nəhayət, danışıqlara getməyə razı oldu. Kissinqer və şimali Vyetnam nümayəndələri payızın əvvəlində sülh müqaviləsi hazırladı, lakin Sayqondakı liderlər buna etiraz etdilər və dekabr ayında Nikson Hanoy və Hayfonqdakı hədəflərə qarşı bombalama reydləri həyat keçirmək əmrini verdi. “Yeni il atəşfəşanlığı” adını alan bu reydlər beynəlxalq qınağa səbəb oldu.
1973-cü ilin yanvar ayında ABŞ və Şimali Vyetnam iki ölkə arasında düşmənçiliyi bitirən son sülh sazişi imzaladılar. Şimali və cənubi Vyetnam arasındakı müharibə isə 1975-ci il, 30 aprel tarixinə, DVR qüvvələrinin Sayqonu işğal edərək Ho Çi Minh adlandırmasına qədər (Ho 1969-cu ildə vəfat etmişdi) davam etdi. Uzun müddət davam edən münaqişə ölkə əhalisinin böyük əksəriyyətinə zərər yetirmişdi; müharibənin 8 ilində 3 milyon insan yaralanmış, 12 milyon insan məcburi köçkün olmuş və təxminən 2 milyon insan həlak olmuşdu. Müharibə ölkənin infrastruktur və iqtisadiyyatına böyük zərər yetirmişdir və yenidənqurma işləri zəif inkişaf etmişdir. Qonşu Çin və Kamboca ilə münaqişələr də daxil olmaqla, növbəti 15 il ərzində zaman-zaman zorakılıq halları baş versə də Vyetnam 1976-cı ildə Vyetnam Sosialist Respublikası adı altında birləşdirilmişdir.
1986-cı ildə azad bazar siyasətinin tətbiqinə başlanması ilə neft ixracından əldə edilən gəlirlər və xarici kapital axını nəticəsində güclənən iqtisadiyyat inkişaf etməyə başladı. Vyetnam və ABŞ arasında ticarət və diplomatik münasibətlər 1990-cı ildə bərpa edildi.