Bu məqaləni vikiləşdirmək lazımdır. |
Teyyub Mirzəhəsən oğlu Axundov (30 yanvar 1920, Bakı – 3 dekabr 1991) — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991).
Teyyub Axundov | |
---|---|
Doğum tarixi | 30 yanvar 1920 |
Doğum yeri | |
Vəfat tarixi | 3 dekabr 1991 (71 yaşında) |
Fəaliyyəti | kinematoqraf, rejissor, ssenarist |
IMDb | ID1113307 |
Teyyub Mirzəhəsən oğlu Axundov 1920-ci il yanvarın 30-da Bakıda anadan olub. Kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərib. 14 yaşında kinostudiyaya gəlir. O vaxt Bakı kinostudiyasında görkəmli kinodramaturq C. Cabbarlının eyniadlı əsəri əsasında "Almaz" filminin çəkilişləri aparılırdı. Sənətə meyilli gənc həvəskar da həmin filmin yaradıcı heyətinə operator assistenti kimi işə qəbul edilir. 1938-ci ilə qədər də operator assistenti kimi fəaliyyət göstərir.
Teyyub Axundov sevdiyi sənətdə püxtələşmək üçün kinostudiyada çəkilən filmlərdə böyük həvəslə çalışır, peşəkar rejissor və operatorlardan sənətin sirlərini öyrənməkdən zövq alırdı. 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda, digər vətənpərvər oğullar kimi, o da cəbhəyə gedir. Ukrayna cəbhəsində vuruşur, Stalinqrad, Kirovoqrad, Nikolayev, Kişinyov, Budapeşt, Praqa uğrunda döyüşlərdə iştirak edir. İki dəfə yaralanaraq hospitala düşür. Qələbə xəbərini Vyanada eşidir.
Ön cəbhədə şücaətlə döyüşən Teyyub Axundov eyni zamanda döyüş bölgəsində əlinə keçən fotoaparatla əsgər dostlarının, viran qalmış şəhər və kəndlərin, müharibənin dəhşətlərindən əziyyət çəkən insanların acınacaqlı həyatını lentə alır, özü də bilmədən müharibənin salnaməsini yaradır. Bu fotolardan sonralar sənədli filmlərdə də istifadə edilir.
1946-cı ilin iyununda ordudan tərxis olunaraq böyük yaradıcılıq eşqi ilə Bakı kinostudiyasına qayıdır. Elə həmin ildə rəhbərlik tərəfindən kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya — Dövlət Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilir. Orda məşhur Rusiya kinooperatorları Anatoli Qolovnya və Mark Magitsondan operator sənətinin sirlərini öyrənir. Doğma kinostudiyaya qayıtdıqdan sonra isə geniş dünyagörüşünü və zəngin mütaliəsini səmərəli iş əmsalına çevirib Azərbaycan kinosunda orijinal yaradıcılıq nümayiş etdirir. İstedadlı operator ona tapşırılan hər bir mövzuya diqqətlə yanaşır, aktyor psixologiyasına yaxından bələd olur, rejissor istəyini dəqiq yerinə yetirirdi. Bütün bunlar gənc, lakin kifayət qədər həyat təcrübəsi olan kinooperator üçün vacib idi. Kinorejissorlar da tarixi-bioqrafik ("Mahnı belə yaranır"), detektiv ("Onu bağışlamaq olarmı?"), tarixi-inqilabi ("Qatır Məmməd"), hərbi-vətənpərvərlik ("Dağlarda döyüş"), lirik-psixoloji ("Tütək səsi", "Şərikli çörək") və başqa janrlarda çəkilən filmlərdə kamera arxasına keçməyi ona həvalə edirdilər.
İstedadlı kinooperator 1954-cü ildə Yan Frid və Hüseyn Seyidzadənin çəkdiyi "Doğma xalqıma" adlı ekran əsərinin operatorlarından biri olur. Bu, Azərbaycanın ilk rəngli bədii-sənədli filmi idi. O, filmdə tanınmış operatorlar Ə. Atakişiyev və X. Babayevlə birlikdə çalışır. Bir il sonra isə müstəqil operator kimi görkəmli rejissor T. Tağızadənin "Görüş" filmində (C. Məmmədovla birgə) çalışır. Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğuna həsr edilmiş, kənd zəhmətkeşlərinin həyatından bəhs edən, natura çəkilişləri bol olan filmdə Teyyub Axundov müxtəlif rakurslu çəkilişlər vasitəsilə özünün yaradıcılıq kredosunu təsdiqləyir, milli kinomuzda peşəkar operator məktəbinin banilərindən birinə çevrilir. Kinorejissorların diqqətini çəkən sənətkar bundan sonra bir-birinin ardınca müxtəlif janrlı filmlərin çəkilişinə dəvət alır. Onun ümumi yaradıcılığına 25 sənədli, 17 bədii ekran əsəri, "Mozalan" kinojurnalının 8 filmi daxildir. Peşəkar operatorun çəkdiyi sadə süjetli filmlər belə maraqlı və mənalı kadr kompozisiyasına görə tamaşaçını darıxdırmır, filmləri baxımlı edirdi.
Görkəmli rejissor Rza Təhmasib Teyyub Axundovun nəzəri və praktik biliyinin daha genişplanlı və məzmunlu ekran əsərləri işləməsinə imkan verdiyini görür və 1959-cu ildə quruluş verdiyi "Onu bağışlamaq olarmı?" filmini lentə almağı ona həvalə edir. Teyyub Axundov xatirələrində yazır: "Çəkdiyim filmlər içərisində "Onu bağışlamaq olarmı?" və "Birisigün gecəyarısı" filmlərinin çəkiliş proseslərini heç vaxt unutmuram. Bu filmlərdə çox geniş yaradıcılıq imkanları var idi, mən də bundan gen-bol istifadə etdim".
Ümumiyyətlə, rejissor ideyasının məhsulu olan filmləri operatorların fərdi yaradıcılıq üslubları formalaşdırır. Məsələn, Teyyub müəllim kinorejissor Ş. Mahmudbəyovun "Romeo mənim qonşumdur" filmində komediya janrının tələblərinə uyğun olan müxtəlif rakurslu, ümumi planlı, panoramlı çəkilişlərdən məharətlə istifadə edib. Hadisələrin koloritini, personajların düşdüyü vəziyyətin komizmini artırmaq, əsərin mahiyyətini çatdırmaq üçün birinci plan portret çəkilişlərini müxtəlif rakursundan göstərib, prototiplərin hiss, həyəcanlarını qabarıq əks etdirib. Tarixi-inqilabi filmlərdə isə əsərin məzmunundan irəli gələn tələblərə əsasən aktyor peşəkarlığı nəzərdə tutulmaq şərti ilə ümumi plan təsvirlərinə üstünlük verib. Bu janrda çəkilən filmlərdə personajların, demək olar ki, hamısı əsas qəhrəman hesab olunur.
Teyyub müəllim quruluşçu operator olduğu "Mahnı belə yaranır", "Sehrli xalat", "Dağlarda döyüş", "Od içində" və başqa filmlərdə maraqlı məişət boyalarına geniş yer verərək janr və üslub cazibədarlığı göstərmişdir. Onun çəkdiyi hər bir kadrın ümumi kompozisiyası məkanın və mühitin ab-havasını dəqiq çatdırır. Məsələn, "Sehrli xalat" filmində pionerlər sarayına toplaşan uşaqların cəsurluğunu, orta əsrlərdə yaşayan xan və vəzirlərin məkrli niyyətlərini, fərqli cəhətlərini işığın, rənglərin ümumi vəhdətindən, cazibəsindən yaranan rəngarəng təsvirlər vasitəsilə izləyirik. Peşəkar operatorun əsas məqsədi hər kadrın məna çalarlarını, mövzuda olan məntiqi mənanı qabartmaq, nağıldakı reallığı belə nəzərə çarpdırmaq idi. Operatorluq sənətinin ümdə vəzifəsi olan rəng və işıq seçimində heç vaxt yanılmayan Teyyub Axundov çəkdiyi bütün filmlərdə həyat faktlarından yaranmış tabloları qabarıq canlandırır, ədəbi əsərin mahiyyətini tam açır, real qəbul etdiyimiz obrazların gerçək simasını müəyyənləşdirirdi. Belə kinematoqrafçılarımız sayəsində də filmlərimiz milli kontekstdə inkişaf edir, peşəkar aktyor məktəbi yetişirdi.
Kinorejissor Ş. Mahmudbəyovun "Şərikli çörək" filmində peşəkar aktyor heyətinin tərkibində olan uşaq aktyorların kamera qarşısındakı sərbəst ifası, filmin ideya məzmununun maksimal səviyyədə açılması rejissor traktovkası ilə bərabər operator peşəkarlığı, səmimiyyəti ilə bağlıdır. Filmdə rol alan kiçik aktyorlar müharibə illərinin əzabını yaşayan uşaq dünyasının mündəricəsini canlı və dolğun çatdırdılar. Buna görə də müharibənin görünməyən dəhşətləri haqqında bitkin təsəvvür yaradan azyaşlı aktyorların adı uzun illər teatr və kinoda çalışan peşəkar aktyorlarla birlikdə fəxrlə çəkildi, vurğulandı.
Azərbaycan kinosuna layiqli imza atan kinooperatorun çəkdiyi filmlər haqqında çox danışmaq olar. Onun lentə aldığı bədii filmlər yüksək mükafatlara layiq görülüb. Teyyub müəllim xronika sahəsində də uzun illər çalışıb, operator kimi "Sülh uğrunda mübarizə", "Onun 150 yaşı var", "Çağırışa cavab", "Azərbaycan subtropiklərində", rejissor-operator kimi "Gənc metallurqlar", "Mən Xəzər dənizçisiyəm", "Şirvan qoruğu", rejissor kimi "Mikayıl Müşfiq", "Bizim qayğılarımız" və s. sənədli filmləri çəkib.
Teyyub Axundov 1991-ci il dekabrın 3-də, 71 yaşında vəfat etmişdir.