Tirion Lannister (ing. Tyrion Lannister), Şeytan (ing. the Imp) və ya Yarı adam (ing. the Halfman) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Tirion Lannisterin baxış bucağından verilir. Bu personajı yaratmaq Corc R. R. Martinin ağlına 1981-ci ildə "Vindheyvn" romanını yazarkən gəlmişdi.[1] The New York Times Tirionu yazıçının "ən yaxşı tapıntılarından" və ən məşhur xarakterlərindən biri adlandırıb.[2][3] Martin də Tirionu serialdakı favoriti adlandırıb.[1][4]
Tirion "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının ən varlı və ən güclü ailələrindən biri olan Lannisterlərə mənsub, çok kiçik boylu bir adam olaraq təqdim edilib. Tirion Lannister indiyə qədər yayımlanmış kitablardan yalnız "Qarğaların ziyafəti"ndə (2005) yoxdur.[5][6] Xarakterin çox məşhur olması 2013-cü ildə Corc R. R. Martin və "Bantam Books" nəşriyyat evinin Tirionun kitablardakı sitatlarından ibarət "Tirion Lannisterin hazırcavablılığı & müdrikliyi" adlı kolleksiyanı çap etməsinə səbəb olub.
Romanda Tirion bir Lannister kimi statusunu istifadə edərək həyatı boyu lağa qoyulmasının təsirini azaltmaq istəyir. O, heç kəs tərəfindən ciddi qəbul edilmədiyini bildiyi üçün əksiklərini şərab, hazırcavablılıq və istədiyi hər şeyi eləməklə örtməyə çalışır. Əvvəlcə Keytilin Stark və Liza Arrenin əlindən canını xilas edən Tiriona daha sonra atası Tayvin Lannister Kral Torpaqlarını (ing. King's Landing) qaydaya salmağı əmr edir. Tirion şəhəri və ondan nifrət edən ailəsini Stannis Barateonun hücumundan qorumaq üçün çox çalışsa da, atası qayıtdıqdan sonra saray ərkanının qəzəb və intriqaları qarşısında çarəsiz qalır. O, Cofri Barateonun ölümünə görə günahlandırıldıqdan sonra atası Tayvin Lannisteri öldürərək Essosa qaçır.
Tirion Lannister "Taxtların oyunu" serialında amerikan aktyoru Piter Dinkleyc tərəfindən canlandırılır.