Tofiq Bayramov

Bayramov Tofiq Qulaməli oğlu — azərbaycanlı aktyor.

Tofiq Bayramov
Tofiq Qulaməli oğlu Bayramov
Doğum tarixi (81 yaş)
Doğum yeri
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2002
"Tərəqqi" medalı

Tofiq Bayramov Suraxanı rayonundakı 97 saylı orta məktəbi bitirib. 1965- 1969-cu illərdə M.A.Əliyev adına Dövlət İncəsənət İnstitutunda aktyor sənətinə yiyələnib. Tələbə ikən C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Balaş rolunda oynayıb. İnstitutu bitirdikdən sonra təyinatını Sumqayıt Dövlət Dram Teatrına veriblər. Tofiq Qulaməli oğlu burada tamaşa qoyulan bir çox əsərlərdə müvəffəqiyyətlə çıxış edərək teatr rəhbərliyinin rəğbətini qazanıb. N.Həsənzadənin "Qoy bütün şərq bilsin", M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah", S.S.Axundovun "Tamahkar", Bokarenin "Poladəridənlər" əsərlərinin tamaşalarında Tofiq Qoçu Qələndər, Şahbaz bəy, Hacı Murad və Sanya rollarında rejissorların tələb etdiklərindən də yüksək səviyyədə çıxış edib. Bir müddət Musiqili Komediya Teatrında yaratdığı maraqlı obrazlardan sonra 1995- ci ildən taleyini Bakı Bələdiyyə Teatrına bağlayıb. Bu illər ərzində Tofiq Bayramov Bakı Bələdiyyə Teatrının repertuarında olan tamaşalarda yaddaqalan çoxsaylı rollarda çıxış edib. C.Məmmədquluzadənin "Ölülər" əsərində- Hacı Həsən ağa, M.F.Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah"komediyasında- Hatəm ağa, Nazim Hikmətin "Damokl qılıncı"nda- Hakim, C.Cabbarlının "Dönüş" əsərində Xosməmməd, Sofoklun "Elektra"sında- Tolfibi, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə- Abdulla, N.Nərimanovun "Nadir şah"ında- Cavadxan, A.Babayevin "Oğul"unda- Qeysər, A.Qurbaninin "Türk sancağı"nda- Kərbəlayi Muxtar, Ə.Əliyevin "Unutqanlıq qorxunc bəladır"nda- Qarasaqqal, M.Hüseynin "Cavanşir"ndə- Cavanşir, H.Cavidin "İblis"ndə- İxtiyar rolları ilə sənətkarlığını nümayiş etdirib və çoxsaylı teatrsevərlərin alqışına səbəb olub.

Sənətkarın əməyi və istedadı layiqincə qiymətləndirilib və ona Əməkdar artist fəxri adı verilmişdir. 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

  1. Qətl günü (film, 1990)
  2. Qisas (film, 1991)
  3. Yük (film, 1995)
  4. Əsirin qayıtması (film, 2002)]]
  5. Ovsunçu (film, 2002)
  6. Bir anın həqiqəti (film, 2003)
  7. Cavid ömrü (film, 2007)
  8. Acılar bitməz (film, 2009) (tammetrajlı bədii film) - rol: Kamil
  9. Sübhün səfiri (film, 2012)
  10. 72 km (film, 2014)