Tofiq Məlikli


Tofiq Məlikli
Doğum tarixi 31 avqust 1942(1942-08-31) (82 yaş)
Doğum yeri
Elm sahəsi ədəbiyyatşünaslıq
Təhsili
Mükafatları "Moskvanın 850 illik xatirəsinə" medalı

Tofiq Məlikli (tam adı: Tofiq Davud oğlu Məlikov; 31 avqust 1942, Kirovabad) — Azərbaycan və Rusiya ədəbiyyatşünası, şərqşünası, tərcüməçisi, kulturoloqu, yazarı. İçtimai xadim. Filologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi (2011). Moskva Dövlət Linqvistika Universitetinin professoru. Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti (1991)[1]

Tofiq Məlikli 31 avqust 1942-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir. 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olunur. 1968-ci ildə “XX əsrin 60-cı illərində türk poeziyası” mözusunda namizədlik, 1994-cü ildə “Yeni türk poeziyası: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-1992-ci illərdə SSRİ EA Şərqşünslıq İnstitutunda, 1991-1994-cü illərdə İstanbul Universitetində Rus dili və ədəbiyyatı bölümünü qurmuş və ona başçılıq etmiş, 1994-2015-ci illərdə Moskva Dövlət Linqivistka Universitetində açdığı “Türk dili və mədəniyyəti mərkəzi”nin rəhbəri olmuşdur. 1998-ci ildə professor elmi adı almış T.Məlikli hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur. Eyni zamanda, 1991-ci ildən Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidentidir. 2011-ci ildən “Azərbaycanın əməkdar elm xadimi”dir. T.Məlikli, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin və “Ocaq” Cəmiyyətinin rəhbəri, Rusiya türkoloqları komitəsi sədrinin müavinidir. 2003-cü il oktyabr ayının 25-də Moskvada Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsi yaranarkən bölmənin sədri Tofiq Məlikli seçilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əsas elmi fəaliyyəti ədəbiyyatşünaslıq, ümumtürk və Türkiyə filologiyası, ədəbiyyat nəzəriyyəsi, kültüroloji ilə bağlıdır. Sovet məkanında çağdaş türk poeziyasının yeganə uzmanı olan Tofiq Məlikli Türkiyə ədəbiyyatındakı yeni bir cərəyanın - Yeni poeziyanın ideya-estetik prinsiplərini uzun illər araşdıraraq və kompleksli tarixi-ədəbiyyatşünalıq incələmələrinə, bu cərəyanın aparıcı şairlərinin yaradıcılıqlarının sistemli analizinə dayanmış, türkoloji elmində ilk dəfə olaraq bədii birliyin orjinal tipinin mükəmməl sistemini yaratmışdır. Bu sistem çağdaş türk ədəbiyyatında baş verən proseslərin anlaşılmasında və incələnməsində önəmli rol oynamaqdadır. Tofiq Məlikli 15 elmi monoqrafiyanın və türk ədəbiyyatı, qarşlaşdırılmalı ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı, türkoloji və filoloji problemlərə həsr olunmuş 200-ə yaxın məqalənin yazarıdır. Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fakir Baykurt, Əziz Nesin və başqa Türkiyə yazıçılarının əsərlərini rus və Azərbaycan türkcəsinə çevirmişdir. İki poetik kitabın müəllifidir. T.Məliklinin əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir.[2][3]

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 60-cı və 70-ci illərin əvvəllərində türk poeiyası. Moskva: 1980 (rusca)
  • Nazim Hikmət və yeni Türkiyə şeiri. Moskva: 1987 (rusca)
  • Yeni türk şeiri: təşəkkülü və inkişafı. Bakı: 1993 (rusca)
  • Türkiyə ədəbiyyatı: köklər və budaqlar. Moskva: 1990 (rusca)
  • Türkoloji problemler. Bakı: 2008 (Aərbaycan türkcəsində)
  • Türkiyə ədəbiyyatı tarixi. Moskva: 2010. (rusca)
  • Dahinin tənhalığı.Fazil Hüsnü Dağlarca, Мoskva: 2014 (rusca)
  • Türkiyə şairləri. Bakı: 2017.(rusca)
  • Türkoloji və filoloji problemlər. Bakı: 2017 (Azərbaycan türkcəsində)
  • Suyu axtaran adam. Bakı: "Təknur" nəşriyyatı, 2019 (Azərbaycan türkcəsində)


  • Qaralamasız yaşanan ömür. Tərtibat: İlham Bədəlbəyli. Tofiq Məlikinin 70 illiyinə ərmağan. Moskova: 2012.(Rus və Aərbaycan türkcəsində).
  • Məlikli (Məlikov) Tofiq Davud oğlu.- S.D.Miliband. Rusiya şərqşünasları. Moskva, 2008.(rusca)
  1. "Tofiq Davud Oğlu Məlikli". 2019-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  2. "Yazıçılar Birliyində Tofiq Məliklinin "Dahinin tənhalığı" kitabının təqdimatı olub". 23 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-05.
  3. "Nazim Hikmət və doktor Qalina... - Tofiq Məlikli yazır". 2019-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-08.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]