Tomişiqe Rihey (富重 利平?, 19 may 1837, Yanaqava[d], Fukuoka prefekturası – 7 fevral 1922, Kumamoto) – əsasən Kyuşuda fəaliyyət göstərmiş Yaponiya fotoqrafı. Yaponiyada yaş plitə fotoqrafiyasının qabaqcılı olmuşdur.[3]
Tomişiqe Rihey | |
---|---|
yap. 富重利平 | |
Doğum tarixi | 19 may 1837[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 7 fevral 1922[1] (84 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | fotoqraf |
Fəaliyyət illəri | 1854–1912 |
Vikianbarda əlaqəli mediafayllar |
Tomişiqe Rihey 1837-ci ildə Yanaqava şəhərində doğulmuşdur.[3] Şinokura Şusukenin ən böyük oğlu idi. Tomişiqe Kyuqo tərəfindən övladlığa götülmüşdür və onun 1851-ci ildəki ölümündən sonra Tomişiqe ailəsinin başçısı olmuşdur.[4] 1854-cü ildə Naqasaki şəhərinə köçərək bir çin dili tərcüməçisinin evində yaşamağa[5] və ticarətlə məşğul olmağa başlamışdır. Lakin biznesi uğurlu olmamışdır.[3]
1862-ci ildə Naqasakidə məskunlaşmış fotoqraf Kameya Tokucironun şagirdi olmuşdur. Kameya Kiotoya köçdükdən sonra 1864–1866-cı illərdə Ueno Hikomadan fotoqrafiyanı öyrənməyə davam etmişdir.[6] 1866-cı ildə Yanaqavaya qayıdaraq öz fotostudiyasını açmışdır. Kommersiya baxımından uğur qazana bilmədiyi üçün 1868–1869-cu illərdə Naqasakidə yenə Kameyanın şagirdi olmuşdur.[3]
Tomişiqe 1870-ci ildə karyerasına Tokioda davam etməyə qərar vermişdir. Lakin Kumamotoda yerləşən ordu qarnizonunun rəsmi fotoqrafı kimi işləməyə başlamış və studiyasını 1870-ci ildə Kumamotoda açmışdır.[a] Bu, Kumamotoda açılmış ilk fotostudiya olmuşdur.[3] Avropadakı studiyalara əsaslanaraq tikilmiş bu studiya şüşə dama malik idi.[6] Tomişiqeyə verilmiş hərbi tapşırıqlarından biri Kumamoto qəsrinin fotolarını çəkmək idi. Tomişiqenin studiyası 1877-ci ildə baş vermiş Satsuma üsyanı zamanı yanaraq məhv olmuş, 1878-ci ildə bərpa olunaraq yenidən açılmışdır. Tomişiqenin studiyası hələ də şəhərdə fəaliyyət göstərir və davamçıları tərəfindən idarə olunur. Studiya 1993-cü ildə 130 illiyini qeyd etmiş və Kumamoto Prefektura İncəsənət Muzeyi ilə birgə sərgi keçirmişdir.[3]
Ueno ilə Tomişiqe yaxın dostlar olmuş, məktublaşaraq fotoqrafiya biliyi mübadiləsi aparmışdırlar. Tomişiqe fotoqrafiya sahəsində iki yeniliyə imza atmışdır. 1870-ci illərin əvvəlində ləkələrin qarşısını almaq üçün neqativləri retuşlamaq texnikası inkişaf etdirmişdir. Əvvəlcə neqativ ləkələrini rəngləməyə çalışmışdır. Daha sonra düzəltmək istədiyi yerlərə karandaş çəkmiş, neqativdə sürüşdüyünü gördükdən sonra səthi hamarlaşdırmaq üçün diş tozu sürtmüşdür. O, bu texnikanı Ueno ilə bölüşmüşdür. 1874-cü ildə isə qaranlıq otaq lampasına alternativ üsul təklif etmişdir: şoci qapılarından istifadə olunan qeyri-şəffaf kağızı qırmızı rəngə boyamış və adi şüşəyə quraşdırmışdır.[6]
Tomişiqe 1888-ci ildə şagirdlər qəbul etməyə başlamışdır. 1888–1905-ci illərdə şagirdi olmuş İvaşita Yaiçiro Koreyada öz fotoqrafiya biznesini qurmuşdur. 1895–1908-ci illərdə şagirdi olmuş Şioyama Kozo Şimabarada öz studiyasını açmışdır. 1896–1912-ci illərdə şagirdi olmuş Sodezaki Ciiçi Yanaqavada öz studiyasını qurmuşdur.[6] Tomişiqe 1891-ci ildə Kumamoto şəhərinin fotoqraflarını bir araya gətirərək Fotoqraflar Liqasını (Şaşinşi Domey) qurmuş və təşkilatın sədri olmuşdur. 1899-cu ildə ingilis gecə məktəbi təsis etmiş, 1903-cü ildə Kumamoto Ticarət Palatasının sədri seçilmişdir.[5]