Ueno Hikoma

Ueno Hikoma (上野 彦馬?, 15 oktyabr 1838, Naqasaki[2]22 may 1904, Naqasaki[2])Yaponiya fotoqrafı. Yaponiya fotoqrafiyasının qabaqcıllarından biridir. Yaponiyada ilk fotostudiyalardan birini açmışdır. Şimooka Renco ilə birlikdə "Yaponiya fotoqrafiyasının iki atası"ndan biri hesab olunur.[3]

Ueno Hikoma
yap. 上野彦馬
Doğum tarixi 15 oktyabr 1838(1838-10-15)
Doğum yeri
Vəfat tarixi 22 may 1904(1904-05-22) (65 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti fotoqraf, mühəndis
Fəaliyyət illəri 1853–1899
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ueno Hikoma 1838-ci ildə Naqasakidə doğulmuşdur. 16 yaşında olanda Hida əyalətinə gedərək Hirose Tansonun şagirdi olmuş və Çin klassiklərinin əsərlərini oxumuşdur.[4] Tacir atası Ueno Toşinoco[a] 1848-ci ildə Yaponiyaya ilk kameranı gətirmişdir.[6] O, bu kameranı Satsuma daymyosu Şimazu Nariakiraya satmışdır.[7]

Atasının 1851-ci ildəki ölümündən sonra kimyəvi maddələrin istehsalı ilə məşğul olan ailə biznesini davam etdirmək üçün kimya oxumağa başlamışdır. 1858-ci ildə hollandların Naqasakidə yerləşən kimya məktəbinə daxil olmuş və Pompe van Meerdervoortdan kimya dərsləri almış, eləcə də, fotoqrafiya haqqında nəzəri biliklər əldə etmişdir.[5] Köhnə teleskop linzaları ilə öz kamerasını hazırlamış və fotoqrafik kimyəvi maddələr üzərində təcrübələr aparmışdır.[6] 1859-cu ildə isveçrəli fotoqraf Pyer Rosyedən fotoqrafiya haqqında praktiki biliklər[8] və kollodiya yaş plitə fotoqrafiyası haqqında məlumatlar əldə etmişdir.[6]

Sakamoto Ryomanın Ueno Hikoma tərəfindən çəkilmiş fotosu (1866–1867).

1860-cı ildə Ueno Horie Kuvaciro ilə birlikdə Edoya səyahət etmiş və daymyo Todo Takayukinin mülkündə qalmışdır.[8] Daymyo onların Naqasakidə Bauduin adlı bir holland tacirdən fotokamera almaları üçün 150 ryo pul vermiş və cütlük fotoqrafiya təcrübələrinə Edoda davam edərək klan rəsmilərinin və şoqun qulluqçularının fotolarını çəkmişdir.[4] Horie 1861-ci ildə Uenonun fotoportretini çəkməyi bacarmışdır.[8] Ueno 1862-ci ildə Horie ilə birlikdə üç cilddlik "Kimya dərsliyi" (Seymikyoku hikkey) kitabını yazmış[8] və kitabın üçüncü cildinin 17 səhifəsini kollodiya yaş plitə fotoqrafiyası prosesinə həsr etmişdir.[4] Bu, Yaponiyada bu prosesi təsvir edən ilk əsərdir.[6]

Ueno 1862-ci ildə Naqasakiyə qayıtmış və Nakaşima çayının sahilində öz fotostudiyasını açmışdır. Bu, Naqasaki şəhərində kommersiya məqsədli ilk fotostudiya olmuşdur. İlk bir neçə il ərzində çətinlik çəksə də, tədricən məşhurluq əldə etməyə başlamış və biznesi böyümüşdür. Tomişiqe Rihey kimi fotoqraflar onun şagirdi olmuşdurlar. 1890-cı ildə Vladivostokda, 1891-ci ildə ŞanxayHonkonqda fotostudiyalar açmışdır. Uenonun qardaşı Ueno Saçimanın 1870-ci ildə Kobedə və 1876-cı ildə Tokioda fotostudiyası var idi.[8]

Ueno Yaponiyada jelatinli quru lövhə fotoqrafiyası ilə məşğul olan ilk fotoqraflardan biri olmuş, 1881-ci ildə bu texnika ilə təcrübələr aparmağa başlamışdır. Yokohamada yaşayan əcnəbi fotoqraf Feliks Beato ilə dostluq etmişdir. Beato Uenonun ailə üzvlərinin və tanışlarının fotolarını çəkmişdir.[8] Uenonun Naqasaki fotoları 1873-cü ildə Vyanada keçirilmiş Dünya Sərgisinə göndərilmişdir. O, hökumətdən bir neçə sifariş qəbul etmişdir. 1874-cü ildə ABŞ-nin Venera tranziti ekspedisiyasına kömək etmişdir. 1877-ci ildə Naqasaki prefekturasının sifarişi ilə Satsuma üsyanındakı döyüş meydanlarının fotolarını çəkmişdir.[9] 1879-cu ildə keçmiş ABŞ prezidenti Uliss Qrantın fotosunu çəkmişdir.[6]

Ueno portret və peyzaj fotoqrafiyası ilə məşğul olmuşdur. Naqasaki çaylarının və mənzərələrinin fotolarını çəkmişdir. 40 ildən çox fəaliyyət göstərən studiyası xaricilər tərəfindən tez-tez ziyarət olunurdu.[10] 1904-cü ildə Naqasakidə ölmüşdür.[6]

  1. Ueno Şunnoco kimi də tanınır.[5]
  1. RKDartists (nid.).
  2. 1 2 3 4 online image library Nederlands Fotomuseum.
  3. Hannavy. səh. 1266
  4. 1 2 3 Ozawa, Takesi. "The history of early photography in Japan". History of Photography (ingiliscə). 5 (4). 1981: 295. doi:10.1080/03087298.1981.10442688. İstifadə tarixi: 22 noyabr 2024.
  5. 1 2 Bennet. səh. 73
  6. 1 2 3 4 5 6 Hannavy. səh. 1415
  7. Hannavy. səh. 770
  8. 1 2 3 4 5 6 Bennet. səh. 74
  9. Bennet. səh. 75
  10. Bennet. səh. 76