Trabzon məsələsi — Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında yaşanmış gərginlikdir. 1461-ci ildə baş vermiş bu hadisə Osmanlı sultanı II Mehmedin Ağqoyunlu dövlətinin müttəfiqi olan və Qara dənizə çıxış vasitəsi olan Trabzon imperiyasını tutması zamanı yaşanmışdır.[1]
IV səlib qüvvləri 1204-cü ildə İstanbulu ələ keçirdikdən sonra Trabzona sığınan Komninlər sülaləsi mənsublarının qurduğu Trabzon-Rum imperiyası bütün zəifliklərinə və böyük ərazi itkilərinə baxmayaraq Anadolu Səlcuqlarına qarşı varlığını davam etdirə bilmişdi. Fallmerayerin dediyi kimi, Səlcuqlu ölkəsinin sərhədlərində dolaşan hər bir düşmənlə daim birləşən bu kiçik dövlət, Hülakü dövləti Yaxın Şərqdə göründüyü zaman monqolların hökmranlığını tanıyaraq işğaldan xilas ola bilmiş, hətta Cəlaləddin Xarəmşahın hücumlarından da qorunmuşdu. Lakin XIII əsrin sonu, XIV əsrin ilk illərində Səlcuqlu dövlətinin dağılması və qısa müddət sonra Monqol-İlxani hökmranlığının zəifləməsi ilə Anadolunun siyasi mənzərəsi tamamilə dəyişdi. Beləliklə “Tevâif-i Mülük” dövrü başladı. Trabzon İmperiyasının vəziyyətində ciddi dəyişiklik oldu. Həqiqətən də Anadolunun digər yerlərində olduğu kimi Trabzon torpaqlarını əhatə edən bölgələrdə də fərqlənmiş bir çox bəylər ətraflarında olan döyüşkən qüvvələrlə Trabzonlular üçün böyük təhlükə yaratmağa başladılar. Bəziləri Anadolu Səlcuqlu dövlətinin vassalları, digərləri isə sərbəst hərəkət edən və özlərinə ev axtaran türkmən boylarının başçıları olan bu bəylər tez-tez Trabzon torpaqlarına şiddətli basqınlar etməyə cəhd edirdilər. Onların arasında xüsusilə Ağqoyunlu bəyləri seçilirdi. Məlum olduğu kimi, XIII əsrin birinci yarısında Ərzurum bölgəsinə qədər getdiyi anlaşılan və Trabzon-Rum qaynaqlarında “Amid türkləri” və “Amid xalqı” adlandırılan Ağqoyunlular ilk dəfə 1341-ci ilin yanvarında Trabzon ərazisinə böyük bir hücum edərək, eyni ildə paytaxtı yenidən təhdid etmişdilər. Mübarizə gücü olmayan, daxili sıxıntılara qarşı dura bilməyən imperator III Aleksey, Turəli bəyin torpaq, can və mal itkisinə səbəb olan basqınlarına qarşı heç bir tədbir görə bilmədi. Bu səfərin Trabzon-Rum imperatorluğunun hücumlarına cavab məqsədilə təşkil olunduğu da bildirilir. Turəli bəy rəhbərliyindəki türkmənlərin 3-cü səfəri isə 1343-cü ildə baş tutmuşdur. 1348-ci ildə iyun ayının 29-da o, Ərzincan hakimi Əxi Ayna bəy, Bayburt hakimi Məhəmməd Rikabdar ilə birlik qurub Trabzon üzərinə bir daha yürüş etmişdi. Bu səfər barədə Rum qaynaqlarında məlumatlar öz əksini tapmışdır. Yenidən 1348-ci ildə Duharlu oymağından Yusif bəyin Trabzonlular ilə etdiyi döyüşdə şəhid olması Turəli bəylə oğlu Qutlu bəyin Trabzona hücumu ilə nəticələndi. Türk axınları ilə mübarizə apara bilmədiyini anlayan imperator III Aleksey onun dostluğunu qazanmaq üçün 1352-ci ildə bacısı Marianı Turəli bəyin oğlu Fəxrəddin Qutlu bəy ilə evləndirir.[2] Lakin Kitabi-Diyarbəkriyyəyə görə Yusif bəyin intiqamını almaq üçün edilən səfərdə şahzadə Maria qənimət kimi ələ keçirilmişdi. Bu hadisə ilə Ağqoyunlu-Trabzon münasibətlərində yeni bir mərhələ başladı. Bu evlilikdən sonra Maria Kommenos Dəspinə Xatun adı ilə tanınır. İzdivaçdan sonra tərəflər arasındakı işğalçı yürüşlər dayanır və səfərlər daha dostyana xarakter daşıyır. 1365-ci ildə Qutlu bəyin Trabzona səfəri də bunun açıq sübutudur.[3][4]
Qutlu bəyin oğlu Qara-Yuluq Osman bəyin dövründə də bu münasibətlərin davam etdiyini görürü.[5] Osman bəy 1420-ci ildən sonra Mütahhartənin nəvəsi Yar Əli bəyin əlində olan Ərzincanı mühasirəyə alarkən, IV Aleksey də Ağqoyunlu qüvvələrinə qoşularaq, onlara silahlar gətirmişdir. Bizans tarixçisi Dukas Osman bəyin IV Alekseyin qızı ilə evlənməsi barədə məlumat vermişdir.[6] Cəlaləddin Əli bəyin həyat yoldaşı Sara Xatunun da Komnin şahzadəsi olduğu deyilsə də, bu məlumat doğru deyil. Onun atasının adının Pir Əli olduğu bizə məlumdur. Uzun Həsənin padşahlığına qədər belə bir mehriban inkişaf nümayiş etdirən Trabzon-Rum İmperiyası ilə Ağqoyunlu münasibətləri Uzun Həsən dövründə daha da gücləndi. Belə ki, Uzun Həsən hətta Komnenin sülaləsinin himayədarına çevrildi. Şübhəsiz ki, bu münasibətlərin inkişafında Osmanlı imperiyası təhlükəsi və Fatehin Rum imperiyasına qarşı siyasəti də rol oynamışdır.[7]
II Sultan Muradın Rumelidə məşğul olması, bütün zəifliklərinə baxmayaraq, Trabzon imperiyasına öz varlığını qoruyub saxlamaq imkanı verirdi. Bununla belə, IV Alekseyin oğlu imperator Kalo İoann (1429-1458), II Murad ölənə qədər həmişə qorxu içində yaşamış, II Sultan Mehmed taxta çıxanda sevinmişdi. İmperator bu vaxt Trabzonda olan məşhur Bizans tarixçisi Franses bu barədə xəbər verərək yeni hökmdarın ona dostluq zəmanəti verməsindən məmnunluğunu ifadə etdi. Franses isə Mehmedin Xristianlığın böyük düşməni olduğunu, Rum dövlətinə və onların Şərqdəki hökmranlığına son qoymaq istədiyini, Bizansın zəifliyi səbəbindən öz ambisiyalarını tezliklə reallaşdıracağını söyləmişdi. Baş verən hadisələr çox keçmədən onun haqlılığını sübut etdi.[7]
II Sultan Mehmed İstanbulu fəth etdikdən az sonra Trabzonla bağlı siyasətini dəyişdi. II Mehmed Trabzonu tutmağa və beləliklə özünün başlıca rəqibi olan Ağqoyunlu dövlətini Qara dənizə çıxış yolundan məhrum etməyə, onun Qərblə əlaqələrini kəsməyə can atırdı. Səlahəddin Tanselin fikrincə, Fateh Trabzonu almaqla Şərq ilə Qərbi birləşdirən böyük dəniz ticarəti yolunun nəzarətini öz əlinə keçirmiş olardı. Belə ki, Palailoqos sülaləsinin hökmranlığı sona çatdıqdan sonra komnenlilər Bizansın nümayəndələrinə və rumların qanuni himayədarlarına çevrildilər. Əslində İstanbulun fəthindən sonra bir çox Bizans rütbəli adamları Trabzona sığınmağı uyğun görmüşdülər. Beləki bu hadisənin Fatehi hərəkətə gətirmək üçün kifayət edəcəyi və dövlətini möhkəm təməllər üzərində bərqərar etmək üçün Anadol u hegemonluğunu ələ keçirməyi düşünən hökmdarın sonda Komnenilərin hökmranlığına son qoyacağı qəti idi.[8]
Lakin gözlənilməyən bir hadisə Trabzonun vəziyyətini tamamilə çətinləşdirdi. Rafizi türkmənlərini ətrafına toplayan Şeyx Cüneyd 1456-cı ilin yazında Trabzon imperiyasının ərazisinə daxil oldu, Ağca-qalanı ələ keçirdi. Ona qarşı gələn qüvvələri məğlub etdikdən sonra Trabzon divarlarına tərəf irəlilədi.[9] Lakin onun hücumları bir nəticə vermədi və tezliklə geri çəkilməli oldu. Bu ərəfədə Rum valisi Xızır Bəyin Osmanlı qüvvələri ilə Trabzona basqın etməsi təsadüf deyildi. Çünki Osmanlı qaynaqları bu axının Cüneydi Trabzondan çıxarmaq üçün olduğunu yazır. Bu basqın nəticəsində Kalo İoann ildə 2000 qızıl sikkə xərac ödəməyə razılaşaraq Osmanlı hökmranlığını tanıdı. Həmin il Serbiyada məşğul olan Fateh Sultan Mehmed paytaxta qayıtdıqdan sonra imperatorun qardaşı Davud İstanbula getdi, bu dəfə xəracın miqdarı 3000 qızıla yüksəlmişdi.[8]
XV əsrin II yansında Şərq istiqamətində Osmanlı işğallarının güclənməsi şəraitində Ağqoyunlu Trabzon munasibətləri daha da möhkəmləndi. 1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri İstanbula gəldilər və Trabzonun osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun cehizi Sivas-Kayseri bölgəsinin ağqoyunlulara təslim edilməsini tələb etdilər. II Mehmed bu tələbi rədd etdi. İstanbuldan mənfi cavab alan Uzun Həsən Trabzon yaxınlığında mühüm strateji məntəqə olan Qoyluhisarı 1460-cı ilin baharında ələ keçirdi. Yaşar Yücel və B.S.Baykal Əbu Bəkr Tehraninin verdiyi məlumatlara əsaslanaraq yazırlar ki, bu zaman Fateh sultan Mehmed sülh arzusu ilə «Muş Əli» adlı bir elçi göndərmişdi. Uzun Həsən bu elçini böyük əmirlərindən olan Xurşid bəylə birlikdə Fateh Mehmedin yanına göndərmiş, «Trabzon və ətrafındakı qalalarla bağlı tələblərini» Osmanlı hökmdarına bildirmişdi. Fateh Mehmed bu tələbləri qəbul etmiş və əmirlərinə xəbər göndərərək Trabzon torpaqlarına hücum etməməyi, bu bölgəni Uzun Həsənin təbəələrinə həvalə etməyi tapşırmışdı. Beləliklə, iki dövlət arasında baş verə biləcək böyük bir münaqişənin qarşısı alınmışdı. Bəkir Sidqi Baykal Sultan Mehmedin Uzun Həsənin tələblərini qəbul etməsinin səbəbini, Fatehin daha vacib olan Mora səfərinə hazırlaşmağında görür. Lakin II Mehmed Trabzonu işğal etmək fıkrindən əl çəkməmişdi. Səlahəddin Tansel Ağqoyunlularla münasibətdə II Mehmedin tərəddüd etməsinin səbəbini, «Uzun Həsənın təcavüzlərinin artması Fatehə qəti olaraq bunu anlatmışdı ki, özünə arxadan zərbə vura biləcək bir dövləti bitərəf etməsə, Trabzona yürüş təhlükəli ola bilər». Buna görə də « II Mehmed Trabzon probleminin həllini tə'xirə salmış, Uzun Həsənlə vuruşmaq üçün ordusunu Ərzincana yeritmiş və Yassıçəmən adlanan yerdə ordugah qurmuşdu».[10]
Əbu Bəkr Tehraninin verdiyi məlumata görə, Fateh II Mehmed Uzun Həsənin yanına elçi göndərərək sülh bağlamağı təklif etmişdi. O, yazır: «Rum padşahı Uzun Həsənə elçi göndərdi və bildirdi ki, əgər o, anası Saray Xatunu sülh üçün onun yanına göndərərsə, sülh bağlamağa, Trabzona olan iddialarından imtina etməyə hazırdır». Ağqoyunlu elçilərinə Saray Xatun başçılıq edirdi. Bəkir Sidqi Baykal Əbu Bəkr Tehraninin verdiyi məlumatların doğru olduğunu qəbul edir və Uzun Həsənin anasını Fatehin yanına yollamağa razı olmasının səbəbinin cavabsız qaldığını yazır. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Saray Xatun Osmanlı sultanının hərbi düşərgəsində yaxşı qarşılandı. Qaynaqların verdiyi məlumata görə, danışıqlar zamanı Saray Xatun II Mehmed bır-birinə «ana» və «oğul» deyə müraciət etmişlər. Saray Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik bacarığından istıfadə etdi və Uzun Həsənin birinci tapşınğını yerinə yetirə bildi: II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fıkrindən daşındırdı. Rəşad Əkrəmə görə, iki ölkə arasında, ağqoyunluların Osmanlı dövlətinə, habelə onun himayəsindəki ərazilərə hücum etməməsi, Osmanlı qoşunlarının Trabzona hücumu zamanı Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh müqaviləsi bağlandı.[11] Bu sülh müqaviləsinin Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz Saray Xatunun bağladığı bu müqavilə nəticəsində o zaman Osmanlı imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti öz müstəqilliyini saxlaya bildi. Lakin Saray Xatunun bütün sə'ylərinə baxmayaraq, II Mehmedi Trabzon fəthindən çəkindirmək mümkün olmadı. Yaşar Yücel II Mehmedin Trabzon fəthi ərəfəsində Uzun Həsənlə olan münasibətlərini təhlil edərək belə bir nəticəyə gəlir ki, nə Uzun Həsən Fatehi Trabzon fəthindən çəkindirmək üçün qəti bir təşəbbüsdə olmuş, nə də Fateh onu tamamilə bitərəf etməyə çalışmışdı. Üstünlüyün Fateh tərəfində qaldığı və Uzun Həsənin «şəfaət» diləməsi haqqında Osmanlı rəvayəti qəbul oluna bilməz. Çünki, Fateh bütün Trabzon səfəri boyunca Uzun Həsəndən çəkinmişdi və onun arxadan edəcəyi hücumdan ehtiyat etmişdi. İbn Kamalın çox gözəl bildirdiyi kimi Sultanın Saray Xarunu özü ilə götürməsi də bunu sübut edir. 1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. Uzun Həsənin qaynı, son Trabzon hakimi David Komnen İstanbula göndərilərək edam edildi. Şəhərin əldən getdiyini görən Saray Xatun öz gəlininin (Dəspinə xatunun) Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü. Yaşar Yücel bunu, sultanın danışıqlar zamanı Saray Xatuna bəzi şeylər vəd etməsi ilə əlaqələndirir. Yaşar Yücel və Əli Sevim yazırlar ki, Sultan Fateh Uzun Həsənin ölkəsi sərhədlərinə gələn zaman orduda girov olaraq götürülmüş Saray Xatunu bir elçi heyəti və Trabzon xəzinəsindən əldə olunmuş hədiyyələrlə oğlunun yanına göndərdi. Osmanlı heyəti Uzun Həsənlə mövcud olan müqaviləni «Şərq sərhədlərinin təhlükəsiz olması şərtilə təzələdi». Osmanlı sultanı bu tədbir vasitəsilə qərbdəki istilalarını həyata keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. Trabzonun fəth olunması nəticəsində Ağqoyunlu dövləti nəinki öz müttəfiqini, habelə Qara dənizə olan yeganə çıxış yolunu da itirdi. Ağqoyunlu-Osmanlı münasibətləri xeyli kəskinləşdi.[10]