Hacı Fəxrəddin Qutlu bəy — Ağqoyunlu tayfa ittifaqının başçısı. Əlaəddin Turəli bəyin oğlu.
Fəxrəddin Qutlu bəy | |
---|---|
قتلغ بن طور علی | |
1362 – 1389 | |
Əvvəlki | Əlaəddin Turəli bəy |
Sonrakı | Əhməd bəy Bayandur |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | |
Dəfn yeri | Sinor, Bayburt |
Atası | Əlaəddin Turəli bəy |
Həyat yoldaşı | Maria Komnenos |
Uşağı |
|
Tam adı Hacı Fəxrəddin Qutlu ibn Turəli bəyin doğum tarixi haqqında əlimizdə məlumat yoxdur. Onun atası Turəli bəy öldükdən sonra hakimiyyətə gəldiyi bilinir. Professor Mükrimin Xəlil Yinançın yunan tarixçisi Panaretosun vaqiyənaməsindən etdiyi tərcümədə III Alekseyin 1363-cü ildə ailəsi ilə birlikdə Qutlu bəyi təbrik etmək üçün yola düşmək istəməsi lakin vəba səbəbindən səfərin baş tutmaması haqqında məlumat öz əksini tapır.[1] Bu da Qutlu bəyin atasının yerinə 1363-cü ildə artıq taxta çıxdığını və Turəli bəyin təxmini bu tarixlərdə vəfat etdiyini göstərir. [2]
Hələ Turəli bəyin sağlığında Ağqoyunlu tayfa ittifaqı 1340-cı ildən etibarən tez-tez Trapezund imperiyası üzərinə yürüşlər edirdi. Yenə Panaretosda Amid türkmənlərinin yunanlarla ilə döyüşdüyü barədə məlumatlar öz əksini tapır. 1343,1348-ci illərdə etdiyi hücumlarla Trabzon-Rum imperatoru III Alekseyin gözünü qorxutmağa müvəffəq olan Turəli bəy 1352-ci ildə oğlu Qutlu bəyi III Alekseyin qızı Maria Kommenosla evləndirir. Bu izdivaç tərəflər arasında münasibətləri tənzimləmək rolunu daşıyırdı. Əbubəkr Tehraniyə görə isə Qutlu bəy Maria Kommenosu Duxarlu Yusif bəyin intiqamını almaq məqsədilə qənimət kimi qaçırmışdı. Bu evlilikdən sonra Maria Kommenos Dəspinə Xatun adı ilə tanınır.[3][4] İzdivaçdan sonra tərəflər arasındakı işğalçı yürüşlər dayanır və səfərlər daha dostyana xarakter daşıyır. 1365-ci ildə Qutlu bəyin Trabzona səfəri də bunun açıq sübutudur. [5]
İtalyan şərqşünas E. Rossi Qutlu bəyin Dəspinə xanımla olan evliliyinin "Kitabi Dədə Qorqud" dastanındakı Qan Turalı hekayəsi ilə oxşarlıq təşkil etdiyi fikrini irəli sürmüşdür.[5] O qeyd edir ki, dastanda "Doqquz igidin qanını alan, adlı Oğuzda ad qoyan, sarı donlu Selcan qadını alan Qanlı Qoca oğlu Qan Turalı" məhz Qutlu bəydir. Dastanla tarixi faktlar arasında mühüm oxşarlıqlar olsa da, filoloji və tarixi aspektlər baxımından bəzi alimlər Rossinin fikirlərinə etiraz edirlər. Buna səbəb Qanlı Qoca oğlu Qanturalı boyunda İldırım Bəyazidin oğlu Əmir Süleymanı məth edən sözlərin olmasıdır. Bu da boyda bəhs edilən hadisələrin XV əsrin əvvəllərində baş verdiyini göstərir. Turəli bəyin XIV əsrin ikinci yarısında ölməsi və Qutlu bəyin evliliyinin 1352-ci ildə baş tutması faktı bizə məlumdur.[6]
Əbubəkr Tehraninin qələmə aldığı Kitabi Diyarbəkriyyə əsərindən də anlaşılır ki, Qutlu bəy atasının ölümündən sonra Ağqoyunlu tayfa ittifaqının başçısı olur.
Qutlu bəy Ağqoyunlu ərazilərini cənuba doğru genişləndirdi. Tayfa ittifaqı Ərzincan və Bayburd ətrafında məskunlaşdılar. Daha sonra o yerli bəylərlə münasibətlərini yaxşılaşdırdı və onları qohumluq bağları, eləcə də şaha olan sədaqətləri ilə tayfa ətrafında birləşdirdi. Qutlu bəy dövründə tayfa ittifaqı Ağqoyunlu adlanmağa başlamışdı. Belə ki, bu ifadəyə ilk dəfə onun hakimiyyəti zamanı Bürhanəddin səlnaməsində rast gəlinir.[6]
Bəzi qaynaqlarda onun son dərəcə dindar olması barədə məlumatlar öz əksini tapır. Epiqrafiq qaynaqlarda Qutlu bəyin Hacı adlandırılması onun dini vəzifələrinin yerinə yetirdiyini göstərir. Bundan başqa onun Bayburtun Sinür kəndində böyük bir vəqfiyyəsinin olması faktı da bizə məlumdur.[7] Qutlu bəyi son dərəcə dindar və səmimi bir mücahid kimi xarakterizə edən Tehrani də əsərində onun hakimiyyətinin ilk illərində gürcülərə qarşı cihad səfəri təşkil etdiyini, Axıskanı ələ keçirərək və çoxlu qənimətlə qayıtdığını qeyd etmişdir. Çox güman ki, bölgədəki digər yerli xalqları, eləcə də gürcüləri hədəf alan bu səfərin məqsədi müttəfiq Trabzonu şimaldan təhdid edən elementlərdən xilas etmək idi.[8]
Lakin müasir qaynaqlar Qutlu bəyin dindar olması fikri yalanlayır və sübut olaraq onun atası Turəli bəy kimi yunanlarla müqaviləsinə sadiq qalması və 1365-ci ildə Trabzona səfər etməsini göstərirlər. Bu səfərdən sonra oğlu Osman bəyi də Alekseyin qızlarından biri ilə evləndirir.[9][10]
Qutlu bəyin dövründə ağqoyunlular Ərətna, Qazi Bürhanəddin və Məmlüklər arasında gedən mübarizələrdə fəal rol oynadılar. Bəhs edilən dövrdə Anadolunun siyasi vəziyyətində mühüm hadisələr baş verirdi. Bayram xocanın başçılığı ilə Qaraqoyunlular Mosuldan Ərzuruma kimi yerlərdə hökmranlıq qurmuşdular. Bundan başqa Ərzincan hökmdarı Ahı Ayna bəy 1362-ci ildə vəfat etmiş, hökmranlıq Şebinqarahisar hökmdarı Pir Hüseyn bəyə keçmişdi.[11]
1378-ci ildə Pir Hüseyn bəyin vəfatından sonra şərqlə qərb arasındakı ticarət yolunda mühüm mövqeyə malik olan və bu səbəbdən zəngin bir mədəniyyət mərkəzinə çevrilən Ərzincan və Bayburt şəhərləri Mütahhərtənin əlinə keçdi. Ərətna hökmdarı Əlaəddin Əli bəy bunu təhlükə kimi görüb qorxutmaq məqsədilə Ərzincana yürüş etdi. 1379-cu ildə Mütahhərtən Ağqoyunlu və Dulqədiroğullarından kömək istədi. Qutlu bəy oğlu Əhmədi Mütahhərtənə köməyə göndərdi. Əhmədə qarşı göndərilən Kayseri valisi Cüneyd əsir düşəndə Ərətna hökmdarı mühasirəni götürməli oldu. Nəticədə Ərzincan Mütahhərtənin əlində qaldı.[9]
Qazi Bürhanəddinin güclənməsindən narahat olan Qutlu bəy 1381-ci ildə oğlu Əhmədi Sivasa göndərdi. Əhməd bəy burada Bürhanəddinin ən əhəmiyyətli sərkərdələrindən biri Yusif Çələbini məğub edərək öldürdü. Əhməd bəyin bu səfərindən xəbər tutan Qazi Bürhanəddin Kayseridən Sivasa qayıdır. Ağqoyunluların Qazi Bürhanəddinlə düşmənçiliyi 1388-ci ilə qədər yəni Qutlu bəyin ölümündən 1 il əvvələ qədər davam etdi.[12]
Qutlu bəyin dövründə Məmlüklər Mərkəzi Fərat hövzəsində və Amid bölgəsində mənfəətləri varidi. 1387-ci ildə Məmlüklərin Malatya valisi türk əsilli Mintaş, Məmlük sultanı Bərkük (1382-1389) ilə fikir ayrılığına düşdüyü üçün Qazi Bürhanəddindən kömək istədi və qarşılığında Malatyanı ona verəcəyini bildirdi. Bu səbəbdən Qazi Bürhanəddin Malatya bölgəsinin sərhəddindəki Kemaxa gəldiyi zaman orada olan Əhməd bəy Qazinin hüzuruna gələrək daha əvvəl baş verən hadisələrə görə üzr istədi. Astrabadi bu barədə yazır ki, ağqoyunlular bu barışıqda səmimi olduqlarını sübut etmək üçün Fəxrəddin Qutlu bəy oğullarından Qara Yuluq Osman bəyi girov olaraq Qazi Bürhanəddinə göndərir.[13] Tehrani isə Qara Yuluq Osmanın Qaraqoyunlularla mübarizədə müvəffəqiyyət qazandığı üçün qardaşları tərəfindən həbsə atıldığını bildirir.[11]
1389-cu ildə Qutlu bəy Bayburtun Sinür kəndində vəfat edir və orada da dəfn edilir. [1]