Tsoy divarındakı yazılar, 2013 | |
Ölkə | Rusiya |
Şəhər | Moskva |
Yerləşməsi | Arbat küçəsi ilə Krivoarbatskiy zolağının kəsişməsindəki ev №37-də |
Əsas tarixlər: İlk dəfə adı çəkilib: 1991 ("Пульс" jurnalında)
|
Tsoy divarı (rus. Стена Цоя, ing. Tsoi's Wall) — musiqiçi Viktor Tsoya və onun yaratdığı "Kino" qrupuna həsr olunmuş, Moskvada yazılar ilə bəzənmiş divar. Divar Arbat küçəsi ilə Krivoarbatski döngəsinin kəsişməsindəki 37 №-li evdə yerləşir və Moskvanın görməli yerlərindən biri hesab edilir.[1] Tsoy fanları üçün divarın yanındakı xüsusi külqabına qırıq siqareti yandıraraq qoymaq adət halını almışdır.[2]
Tsoy fanları tərəfindən tez-tez ziyarət edilən divar dostlar üçün bir-birlərinə göndərdikləri qeydləri gizlətmək və ya görüş təşkil etmək məkanına çevrilmişdir. Moskvadan əlavə bir neçə şəhərdə, o cümlədən Sankt-Peterburq, Xabarovsk,[3] Dnepr, Sevastopol[4] şəhərlərində də Tsoyun xatirəsini əbədiləşdirmək üçün belə divarlardan istifadə olunmuşdur.
Divara yazılan ilk yazı 15 avqust 1990-cı ilə təsadüf edir və divarda qara rəng ilə "Viktor Tsoy bu gün öldü" (rus. Сегодня погиб Виктор Цой) yazılmışdır.[5] Ardınca isə başqa bir nəfər bu yazıya cavab olaraq yazmışdır: "Tsoy yaşayır!" (rus. Цой жив!). Daha sonra bir çox əlavə yazılar, o cümlədən "Kino" qrupunun "Пачка Сигарет" (azərb. Siqaret paçkası) və "Муравейник" (azərb. Qarışqa yuvası) adlı mahnılarından götürülmüş bəzi ifadələr divara həkk olunmuşdur. 2006-cı ildə divar "Art Destroy" layihəsinin üzvləri tərəfindən boyandı, lakin divar yazıları Tsoyun pərəstişkarları tərəfindən bərpa edildi. 2009-cu ildə Moskva hakimiyyəti divarın yenilənməsi ilə bağlı müəyyən planlarrın olduğunu bildirdi, lakin bu planlar skeptisizm ilə üz-üzə gəldi (şübhə ilə qarşılandı) və ləğv olundu.
Divarın yaxınlığında motosikletdə ayaqyalın oturan Tsoyun abidəsinin qurulması planlaşdırılırdı, lakin bu təklif yerli sakinlər və Tsoyun pərəstişkarları tərəfindən rədd edildi.[2]