Tsxinvali döyüşü (gürc. ცხინვალის ბრძოლა; rus. Бои за Цхинвали) — Rusiya-Gürcüstan müharibəsi zamanı Tsxinvali şəhəri uğrunda gedən döyüş. Bu döyüş müharibə ərzində yeganə böyük qarşıdurma olaraq tarixə keçmişdir. Döyüş 8 avqust 2008-ci il səhəri gürcü qoşunlarının artilleriya atəşindən sonra şəhərə daxil olması ilə başlamışdır. Onların qarşısı şəhər ərazisində yerləşən osetiyalı döyüşçülər və Rusiya Silahlı Qüvvələrinin burada yerləşən sülhməramlı qüvvələri tərəfindən alınmışdır. Rusiya qoşunları Cənubi Osetiya ərazisinə Roki tuneli vasitəsilə daxil olurdu. Gürcü qoşunları şəhəri tərk etməyə məcbur olduqdan sonra bir neçə dəfə yenidən hücum etməyə cəhd etsə də, bu hücumlar heç bir nəticə verməmişdi. Ərazi mürəkkəb relyef şəraitinə malik olduğu üçün rus qoşunlarının bura gəlib çatması vaxt itkisinə səbəb olmuşdur. Gərgin döyüşlərdən sonra Gürcüstan Silahlı Qüvvələri 10 avqust tarixində şəhəri tərk etməyə məcbur oldu. 11 avqustda isə bütün gürcü qoşunları Cənubi Osetiyanı tərk etməyə məcbur oldu. Üçgünlük döyüşlər Tsxinvali şəhərinə böyük ziyan vurmuş, şəhər ərzisinin bəzi hissələri dağılmışdır.
Tsxinvali döyüşü | |||
---|---|---|---|
Rusiya-Gürcüstan müharibəsi | |||
Tarix | 8-11 avqust 2008-ci il | ||
Yeri | Tsxinvali, Gürcüstan | ||
Nəticəsi |
Rusiyanın strateji qələbəsi Gürcü qoşunları Tsxinvalini tərk etdi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
|||
Vikianbarda əlaqəli mediafayllar |
Tsxinlavi Qori şəhərindən təqribən 25 km məsafədə yerləşir.[7] 7 avqust 2008-ci ildə Gürcüstan hakimiyyəti Rusiya qoşunlarının Rusiya ilə Cənubi Osetiya bölgəsini birləşdirən Roki tuneli istiqamətində hərəkət etməsi barədə kəşfiyyat məlumatı əldə edir. Almaniyanın Der Spiegel mətbu orqanının verdiyi məlumata görə, bu hadisədən sonra gürcü tankları həmin tuneli bağlamaq üçün hərəkətə keçmişdir. Həmçinin, Gürcüstan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Tsxinvalidən bir qədər şimalda yerləşən Qupta körpüsünü bombalamaq əmri almışdır.[8]
Bəzi rus mənbələrinin verdiyi məlumata görə, 7 avqustda Gürcüstan Silahlı Qüvvələrinin 2-ci, 3-cü və 4-cü piyada briqadaları, artilleriya briqadası, Qori tank batalyonu və xüsusi təyinatlılar da daxil olmaqla təqribən 16,000 nəfər hərbçi Cənubi Osetiya sərhədinə yeridilmişdir. Buna baxmayaraq, bir çox Qərb mənbələrinin məlumatında isə həmin istiqamətdə hərəkət edən gürcü qoşunlarının sayının 12,000 nəfər olduğu qeyd olunmuşdur.[9][10]
Strateji və Texnoloji Araşdırmalar Mərkəzinin (CAST) qurucusu Konstantin Makienkonun verdiyi məlumata görə, gürcü qoşunlarının əsas məqsədi sürətli hücumla Cənubi Osetiyada yerləşən düşmən qüvvələrini tam şəkildə sıradan çıxarmaq və rus qoşunları şəhərə daxil olana qədər Tsxinvalidə möhkəmlənmək olmuşdur.