Ulduz Rəfili

Ulduz Saleh qızı Rəfili (15 dekabr 1922, Goranboy, Gəncə qəzası8 yanvar 2006, Bakı) — rejissor, əməkdar incəsənət xadimi, professor[1]

Ulduz Rəfili
Ulduz Saleh qızı Rəfili
Doğum tarixi
Doğum yeri Goranboy
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti Rejissor
Təhsili
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi

Ulduz Saleh qızı Rəfili 15 dekabr 1922-ci ildə Goranboy rayonunun Borsunlu kəndində doğulub. 12 yaşı olanda nəsilləri sovet repressiyasına məruz qalıb və o, böyük bacısı Səmayə xanımla 1934-cü ildə Bakıya köçüb. Ulduz xanımın öz əli yazdığı avtobioqrafiyasında oxuyuruq: "Atam Saleh Əliyev hələ mən dünyaya gəlməmiş vəfat etmişdir.

" Anam ikinci dəfə ailə qurmuşdur. 1935-ci ildə anam rəhmətə gedəndən sonra mən müstəqil həyata atılmalı oldum. Böyük Vətən müharibəsinə qədər Moskvada yaşayan böyük bacım Səmayə Rəfilinin yanında yaşamalı oldum. 1938-ci ildə Sənaye Texnikumunu bitirdim”. "

Daha sonra Ulduz xanım Moskvada Dəmiryolu Nəqliyyatı üzrə Mühəndislər İnstitutuna daxil olmuş, orada oxumaqla yanaşı, Moskva metropolitenində stansiya növbə rəisi və elektrik qatarında maşinist kimi çalışmışdır. Ulduz Rəfili müharibə bitdikdən sonra Bakıya qayıtmış, burada indiki Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olmuş, 1951-ci ildə oranı bitirmişdir. Həmin müddətdə də təhsil almaqla yanaşı, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında məsləhətçi və o zamankı Kitabxanaçılıq Texnikumunda pedaqoq kimi fəaliyyət göstərmişdir.

O, ali məktəbi bitirdikdən sonra 1951-ci ildə ilk Azərbaycan qadın teatr rejissoru kimi Gənc Tamaşaçılar Teatrının rus bölməsində fəaliyyətə başlayıb. 1972–1975-ci illərdə Gənc Tamaşaçılar Teatrının baş rejissoru kimi fəaliyyət göstərib. Burada həm Azərbaycan, həm də rus bölmələrində tamaşalar hazırlayıb, onlara quruluş verib.

U.Əliyeva 50-dən artıq tamaşaya — "İkinci ailə" (1954), "Ayrılan yollar" (1957), "Durna qatarı" (1958), V.Hüqo "Qavroş" (1959), "Ümid nəğməsi" (1959), "Hünər" (1963), S.Qədirzadə "Şirinbala bal yığır" (1965), "Xoruz" (1965), X.Əlibəyli "Dovşanın ad günü" (1966), C.Məmmədov "Dan ulduzu" (1967), K.Qaldoni "İki ağanın bir nökəri" (1968), M.Təhmasib "Rübailər aləmində" (1968), Anar "Ötən ilin son gecəsi" (1968), S.Sani Axundov "Qaraca qız" (1971), X.Əlibəyli "Aycan" (1973), Ə.Əylisli "Mənim nəğməkar bibim" (1975) və s. maraqlı quruluşlar verib. Ulduz xanım Rəfili Gənc Tamaşaçılar Teatrının inkişafındakı xidmətlərinə, rejissor sənətində qazandığı nailiyyətlərə görə 29 iyun 1964-cü ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.

Rejissorun səhnələşdirdiyi bir çox tamaşalar ümumittifaq festivallarının qalibi olub, diplom və mükafatlara layiq görülüb. 1954–1975-ci illər ərzində sənətkarın səhnələşdirdiyi əsərlər sırasında "Qavroş" (Viktor Hüqo, 1958), "Şirinbala bal yığır" (Salam Qədirzadə, 1965), "Dovşanın ad günü" (Xanımana Əlibəyli, 1966), "Mənim nəğməkar bibim" (Əkrəm Əylisli, 1975) və s. tamaşaları göstərmək olar.

Bakıda Ulduz Rəfilinin məzarı

1972-ci ildə Gənc Tamaşaçılar Teatrının müdiriyyəti tərəfindən Azərbaycan SSR Mədəniyyət Nazirliyinə sənətkar haqqında təqdim olunan xasiyyətnamədə oxuyuruq:

" Ulduz Rəfili-Əliyeva Azərbaycan teatrının ilk peşəkar qadın rejissoru olaraq 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 20 illik əmək fəaliyyəti müddətində 50-dən artıq tamaşaya quruluş verib. Onun quruluş verdiyi tamaşalar öz müasirliyi, bədii-ideya xüsusiyyətləri və yaradıcılıq mövqeyi baxımından seçilir. Bu əsərlər tamaşaçılar tərəfindən müvəffəqiyyətlə qarşılanaraq dəfələrlə mətbuatda müsbət fikirlərlə qeyd edilmişdir. O, teatrın həm Azərbaycan, həm də rus bölmələrində uğurlu tamaşalara imza atmışdır. Teatrın Bədii Şurasının üzvü kimi də səmərəli fəaliyyətini qeyd etmək vacibdir. Teatrda gənc aktyorların yetişməsində və dramaturqlarla yeni pyeslərin seçilib repertuara daxil edilməsi işində həmişə aktivdir. Bütün bunlarla yanaşı, Ulduz xanım teatrın ictimai həyatında da aktiv olmuş, böyük həvəslə mütəmadi olaraq məktəblilərlə görüşlər təşkil etmişdir "

Ulduz Rəfili 1975-ci ilin sentyabrından isə pedaqoji fəaliyyətə başlayıb. O, uzun illər Musiqi Akademiyasının vokal və opera hazırlığı kafedrasının professoru olub.

Musiqi Akademiyasında çalışdığı müddətdə rejissor kimi S.Raxmaninovun "Aleko", P.Çaykovskinin "Iolanta", F.Əmirovun "Sevil", V.A.Motsartın "Fiqaronun toyu" və s. əsərləri uğurla səhnələşdirmişdir[2]. Ulduz xanım musiqi-vokal əsərlərinin dərin məzmununu açaraq hər bir əsərə fərdi yanaşmağı bacarırdı. O deyirdi ki, "Tələbə bu günün ruhuna uyğun tərbiyə olunmalı, zamanın tələbinə cavab verməlidir. Xalqını və dövlətini sevərək onun tarixini dərindən bilməlidir".

Ulduz xanımın həyat yoldaşı Qurban Əliyev uzun müddət Azərbaycan SSR Təhsil Nazirliyində çalışmışdır. Yeganə övladı Həsən Əliyev isə səhiyyə sistemində işləmişdir. Keşməkeşli həyat yolu və maraqlı yaradıcılıq tarixçəsi ilə yaddaşlarda yaşayan Azərbaycanın ilk qadın teatr rejissoru Ulduz Rəfili 2006-cı ildə Bakıda vəfat etmişdir.

1952-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışmağa başlayan Ulduz xanımın yaradıcı fəaliyyəti yüksək qiymətləndirilmiş, 1957-ci ildə SSRİ Mədəniyyət Nazirliyinin (S.Mixalkovun "Sombrero" əsərinə görə), 1959-cu ildə Azərbaycan Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür.

16 oktyabr 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında (ADGTT) Əməkdar İncəsənət Xadimi, ilk azərbaycanlı peşəkar qadın teatr rejissoru Ulduz Əliyeva-Rəfilinin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Tədbirdə milli teatr sənətinin formalaşmasında və inkişaf etdirilməsində Ulduz Rəfili-Əliyevanın əvəzsiz xidmətlərindən, onun rejissorluq fəaliyyətindən, mənalı həyat yolu və maraqlı yaradıcılıq tarixçəsindən danışılıb. Eyni zamanda vaxtilə Ulduz Rəfili Əliyevanın Dövlət Gənc Tamaşaçılar Teatrında quruluş verdiyi "Kiçik faciələr" (A.S.Puşkin) "Şirinbala bal yığır" (S.Qədirzadə), "Mənim nəğməkar bibim" (Ə.Əylisli), "Qaraca qız" (Süleyman Sani Axundov) tamaşalarından parçalar nümayiş etdirilib.

  1. Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.
  2. Xəzər TV. "Azərbaycan teatrının ilk qadın rejissoru Ulduz Rəfilinin doğum günüdür" (az.). Youtube.com. 14.12.2022. 2022-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-14.