Əkrəm Nəcəf oğlu Naibov (Əkrəm Əylisli; 6 dekabr 1937, Yuxarı Əylis, Ordubad rayonu) — nasir, dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvü,[1] Azərbaycan Respublikasının sabiq xalq yazıçısı,[2][3] Azərbaycan SSR Lenin komsomolu mükafatı (1968), Azərbaycanın əməkdar incəsənət xadimi (1984), M.F.Axundov adına ədəbi mükafat laureatı (1991), Azərbaycan Respublikası Milli Məclisinin III çağırış[4] deputatı.
Əkrəm Əylisli | |
---|---|
Əkrəm Nəcəf oğlu Naibov | |
Doğum tarixi | 6 dekabr 1937 (86 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Həyat yoldaşı | Qalina Aleksandrovna |
Uşaqları |
İlyas Naibov Nəcəf Naibov |
Atası | Nəcəf |
Təhsili | |
Fəaliyyəti | yazıçı, siyasətçi, şair, dramaturq, ssenarist, tərcüməçi, redaktor, romançı, hekayə yazıçısı[d] |
Əsərlərinin dili | Azərbaycan dili, rus dili |
Janrlar | poeziya, povest[d], hekayə, povest, oçerk, teatr pyesi |
Tanınmış əsəri | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Əkrəm Əylisli 6 dekabr 1937-ci ildə Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan olmuşdur. Burada orta məktəbi qurtardıqdan sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini bitirdikdən sonra Azərnəşrin tərcümə redaksiyasında redaktor (1965–1968), "Gənclik" nəşriyyatında baş redaktor (1968–1970), "Mozalan" satirik jurnalında baş redaktor (1970–1971) olmuşdur.
1974–1978-ci illərdə Azərbaycan Nazirlər Soveti Dövlət Kinematoqrafiya Komitəsinin baş redaktoru işləmiş, sonra "Azərbaycan" jurnalının baş redaktoru kimi çalışmışdır (1978–1983). Azərbaycan Sovet Yazıçıları İttifaqının katibi (1987–1991), "Yazıçı" nəşriyyatının direktoru olmuşdur (1992-ci ildən). Gənc yazıçıların Moskvada keçirilən Ümumittifaq müşavirəsində (1962), Belorusiya, Moldova və Özbəkistanda sovet ədəbiyyatı günlərində və digər tədbirlərdə iştirak etmişdir (1968–1980).
"Ulduz" jurnalı redaksiya heyətinin üzvü (1967–1978), SSRİ Yazıçılar İttifaqı bədii şurasının üzvü (1968–1976) olmuşdur. SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin və Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin, eyni zamanda "Azərbaycan" və "Drujba narodov" jurnalları redaksiya heyətlərinin üzvü seçilmişdir (1978–1990). Sovet yazıçılarının nümayəndə heyətinin tərkibində Macarıstan, Polşa və Şimali Yəməndə səfərdə, Əziz Nesinin şəxsi dəvətilə Türkiyədə olmuşdur.
Polşanın Poznan şəhərinin Fəxri vətəndaşıdır. Belorusiya SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, "Şərəf nişanı", "İstiqlal", "Şöhrət" ordenləri və medallarla təltif edilmişdir.
Bədii yaradıcılığa şeirlə başlamış, lakin ilk mətbu hekayəsi "Qəşəm və onun kürəkəni"dir ("Azərbaycan" jurnalı, 1959, N 7). Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Özü də bədii tərcümələr edir, Vasili Şukşinin, Qabriel Qarsiya Markesin, V.Korolenkonun, İ.Turgenevin, Ç.Aytmatovun, H.Məlikin əsərlərini dilimizə çevirmişdir.
Yaradıcılığında dram əsərlərı xüsusi yer tutur. "Quşu uçan budaqlar", "Mənim nəğməkar bibim", "Bağdada putyovka var","Vəzifə", "Anamın pasportu", "Ata mülkü", "Bir cüt badmüşk ağacı", "Yastı təpə" pyesləri Bakı, Naxçıvan, Gəncə və İrəvan dram teatrlarında tamaşaya qoyulmuşdur. Ssenariləri əsasında "Gilas ağacı", "Ürək yaman şeydir", "Sürəyya" filmləri çəkilmişdir.
2005-ci ildə Azərbaycan Milli Məclisinə üzv seçilmişdir.
Əkrəm Əylisli "Daş yuxular" əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etməsi ilə ittiham edilərək, Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdündən[2] və "Xalq yazıçısı" fəxri adından[5] məhrum edilmişdir.
Amerikalı ədəbiyyatşünas Malihe Tayrelın fikrincə, Əylisli "Sovet cəmiyyətinin soyuqluğu və biganəliyindən doğan özgəlik hissini" təsvir edir. Əylislinin prozası səmimi və alovlu, ancaq eyni zamanda müstəqil fikirlidir. Onun əsərləri ədəbi və siyasi cərəyanlardan eyni dərəcədə uzaq durur və "soyuq, yad cəmiyyətə qarşı mübarizə apararaq, onun öz şəxsiyyətini ifadə edir".[6]
Ə.Əylisli 60-cı illərdə milli nəsrin yenilik axtarışlarını yaradıcılığında özünəməxsus şəkildə təmsil edən ilk yazıçılardan oldu. O, əsəsrlərində əsasən müharibə dövründəki və müharibədən sonrakı kəndi göstərirdi. Onun nəsrinin əsas qəhrəmanı bu dövrün kəndində dünyaya gəlmiş, xaraktercə formalaşmış, dünyanı və insanları tanımağa başlamışdır.[7]