VIII David (gürc. დავით VIII; 1273 – 1311, Gürcüstan) — Baqrationilər sülaləsindən olan gürcü çarı.[2] VIII David taxta Elxani hakimiyyəti dövründə, 1293–1311-ci illər arasında çıxmışdı.
VIII David | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | დავით VIII |
Doğum tarixi | 1273 |
Vəfat tarixi | 1311 |
Vəfat yeri | |
Atası | II Demetre (Gürcüstan çarı)[1] |
Ailəsi | Baqrationi |
Dini | Gürcü Ortodoks Kilsəsi |
VIII David monqollar tərəfindən edam edilən çar II Demetrenin ən böyük oğludur. Elxanilərin Anadolu yürüşlərindəki hərbi uğurlarına görə Elxani hökmdarı Keyxatu xan tərəfindən Gürcüstan krallığı ona verilmişdi. Ondan əvvəl hakimiyyətdə olan əmisi oğlu II Vaxtanq kimi o da yalnız ölkənin şərq hissəsində hökm sürürdü. Ölkənin qərbində isə monqollardan asılı olmayan, müstəqil İmereti krallığı mövcud idi.
VIII David 1295-ci ildə Elxanilər arasında başlanmış hakimiyyət mübarizəsində Baydu xanı dəstəkləyir. Ancaq Baydu xanın 1295-ci ildə öldürülməsindən və Elxani taxtına Mahmud Qazan xanın çıxmasından sonra VIII David çətin vəziyyətdə qalır.[3] Qazan xan VIII Davidin paytaxt Təbrizə gəlməsini əmr edir. Atası II Demetrenin oxşar dəvətlə edam edildiyini nəzərə alan çar, Qazan xanın əmrinə tabe olmadı və müharibə hazırlıqlarına başladı. Qazan xan Gürcüləri cəzanlandırmaq üçün Gürcüstana ordu göndərdi. Lakin göndərdiyi ordu müvəffəqiyyətsizliyə uğradı. Bu hadisələrdən sonra Qazan xan 1299-cu ildə VIII Davidin hakimiyyətini tanımadığını elan etdi. V Georgi yeni çar elan edildi.
Elxanilər tərəfindən taxta çıxarılmasına baxmayaraq, V Georginin hakimiyyəti yalnız paytaxt Tiflisdə keçərli idi. 1302-ci ildə Qazan xan V Georginin yerinə taxta III Vaxtanqı keçirdi. Yeni çar Elxanilərə qarşı üsyan qaldıran qardaşı VIII Davidin üzərinə hücum etsə də müvəffəqiyyət əldə edə bilmədi. İki qardaşdan heç biri qalib gəlmədiyi üçün tərəflər arasında atəşkəs imzalandı. Həmçinin VIII David hakimiyyətin ortağı və Alastani knyazı olaraq tanındı. VIII David Məmlüklər və Bizans İmperiyası ilə yaxşı əlaqələr qurmağı bacardı[3] və bunun vasitəsilə 1305-ci ildə Qüdsdəki Gürcü Pravoslav Kilsəsinin monastırlarını və kilsələrini bərpa etdirdi.
III Vaxtanqın 1308-ci ildə ölümündən sonra VIII David yenidən ölkənin rəhbərliyini əlinə aldı. VIII David isə 1311-ci ildə vəfat etdi. Ondan sonra taxta oğlu VI Georgi keçdi