Keyxatu xan (monq. ᠭᠠᠶᠺᠠᠲᠦ; Buddist adı: Riçindorj; təq. 1259 – 24 mart 1295) — Elxanlılar sülaləsindən beşinci elxan. Elxanlılar dövlətinin hökmdarı (1291–1295), Arqun xanın qardaşı və sələfi.
Keyxatu xan | |
---|---|
monq. ᠭᠠᠶᠺᠠᠲᠦ | |
23 iyul 1291 – 24 mart 1295 | |
Əvvəlki | Arqun xan |
Sonrakı | Baydu xan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1259 |
Vəfat tarixi | |
Fəaliyyəti | suveren[d] |
Atası | Abaqa xan |
Anası | Nukdan xatun |
Həyat yoldaşları | Qutluq Türkan qızı Səfvətəldünya-vəl-din Padşah xatun |
Ailəsi | Çingizlilər, Elxanlılar sülaləsi |
Dini | buddizm |
Vikianbarda əlaqəli mediafayllar |
Keyxatunun buddist laması ona Tibet dilində Qiymətli Almas mənasını Riçindorj adını vermişdir. Bu ad sonradan Keyxatu dövründə tədavülə buraxılan kağız pullarda da qeyd edilmişdir.
Keyxatu xan 1259-cu ildə Abaqa xanla Nukdan Xatunun ailəsində doğulmuşdur. Anası olan Nukdan Xatun Tatar idi.[1] Keyxatu xan Əhməd Təkudar xanın hakimiyyəti dövründə Suriyanın şimalında yaşamış və 1284-cü ildə Qonqurtayın edam edilməsindən sonra qardaşı olan Arqunun yanına, yəni Xorasana qaçmışdır.[2] O, 1284-cü ilin iyununda Arqun tərəfindən Təkudara sülh qarşılığı girov kimi verilmiş və ögey anası Today Xatunun ordasına qatılmışdır. Arqunun taxta çıxmasından sonra Keyxatu əmisi Hulaçu ilə birlikdə Anadolu canişini təyin edilmişdir.[3]
Ərzincandakı canişinliyi dönəmində o, fars və türk dillərini öyrənmişdir. 1286-cı ildə Hulaçunun geriyə çağırılmasından sonra o, Anadolunu tək idarə etməyə başlamışdır.[4] Keyxatu Qutluqxanilər sülaləsindən olan Padişah Xatunla ailə qurmuşdur. O, həmçinin Anadolu Səlcuqlularının hökmdarı II Məsuda türkmən bəyliklərinə qarşı yürüşlərində dəstək vermişdir. Bu dəstək xüsusən Germiyanoğullarına qarşı aşkar hiss edilmişdir. Bu zaman Qaramanoğulları monqolların müttəfiqi olan Kilikiya çarlığını ələ keçirmiş, Güneri 1286-cı ildə Kilikiya krallığının Tarsus şəhərini ələ keçirmişdir. Buna cavab olaraq, Elxan Arqun Keyxatunu II Leoya yardım üçün bu bölgəyə göndərmişdir. Keyxatu 16 yanvar 1287-ci ildə Qaramanoğullarının paytaxtlarını ələ keçirmiş və yandırmışdır.[4] Güneri dağlara geri çəkilməyə məcbur olmuşdur.[5] Keyxatunun Anadoludakı canişinliyi Samaqarın 1289-1290-cı illərdəki canişinliyinə görə qısamüddətli fasilə vermişdir. O, əvvəlki vəzifəsinə 1290-cı ilin 15 oktyabrında Samaqarın Tokatda korrupsiya və yarıtmaz idarəçiliyə görə həbs edilib mərkəzə göndərilməsindən sonra yenidən başlamışdır. Keyxatu 3 yanvar 1291-ci ildə Xacə Nəsrəddin adlı yeni vergi məmurunu qəbul etmiş və yeni siyahıyaalmaya başlanılmışdır.
Keyxatu xan Arqun xanın ölüm xəbərini Antalya yaxınlığındakı qışlaqda olarkən Arqun ağanın oğlu və Hülakü xanın kürəkəni Laqzi Küregendən eşitdi. Boş qalmış taxt uğrunda onun əsas rəqibləri Arqun xanın oğlu Qazan xan və əmisinin oğlu Baydu idi. Baydu təsir gücünə malik sərkərdələrdən biri olan Tağaçar tərəfindən dəstəklənirdi. O, hətta Keyxatunun yanına elçilər göndərərək yalandan bildirmişdi ki, guya artıq Baydu taxta çıxmışdır. Lakin bundan şübhələnən Keyxatu qurultaya doğru yola çıxdı.
Tağaçar, Qonquqbal, Toğan və Tuqal kimi əsilzadələr Baydunu dəstəkləyərkən, tarixçilər bildirir ki, Baydu Yasaya görə taxta olan iddiasını geri çəkərək onun qardaşına və ya oğluna aid olduğunu demişdir.[4] Bir digər qaynaq olan Mahmud Ağsaray isə bildirir ki, Baydu ümumiyyətlə qurultayda olmamışdır.[6] Taxta bir digər iddiaçı olan Qazan xan isə bu zaman Xorasanda Arqun ağanın bir digər oğlu olan Novruz ağanın üsyanı ilə məşğul idi və buna görə də, qurultaya qatıla bilmədi. Nəticədə Keyxatu xan 23 iyul 1291-ci ildə Əhlətdə Elxan seçildi. Keyxatunun əsas dəstəkçisi onun arvadı olan Uruk Xatun idi. Uruk Xatun Arqun xanın dul arvadı və Olcaytunun anası idi.[7]
O, taxta çıxdıqdan sonra verdiyi ilk əmrlə bəzi sərkərdələrin cəzalandırılmasını istədi. Nəticədə Tağacar və Tuqal cəzalandırıldı, bəzi qaynaqlarda isə, Qoncuqbalın da cəzalandırıldığı bildirilir. Tağaçarın 10 min nəfərdən ibarət orduları Cəlairilərdən olan Şiktur Noyona, Tuqalın ordusu isə Narin Əhməd adlı əmirə verildi. Baydunun bir digər dəstəkçisi olan Toğan Xorasana qaçmağa çalışarkən həbs edildi. Bu zaman Anadoludakı türklərin yeni bir üsyanı başladı və Keyxatu Şiktur Noyonu öz yerinə naib təyin edərək Anadoluya doğru hərəkətə başladı. Həmçinin imperiyanın şərq vilayətləri ilə maraqlanmaq üçün Münke Teymurun oğlu Anbarçı Rey şəhərinə göndərildi.
Hazaraspid hökmdarı I Əfrasiyab 1291-ci ildə Arqunun ölümündən yararlanaraq öz hakimiyyətini İsfahana qədər yayamaq istədi. Keyxatunun cavabı sərt oldu. O, özünün şəxsi keşik rəhbəri olan Tuladayı Luristanı yağmalamaq üçün göndərdi.[4] Yağma üçün səbəb isə bu bölgənin I Əfrasiyaba tabe olması idi. Bu zaman Keyxatunun arvadları Padişah və Uruk Xatunlar I Əfrasiyabın bağışlanması üçün xahiş edirlər. Bundan sonra Keyxatunun qərarı ilə I Əfrasiyab Luristan hakimi vəzifəsində qalmağa davam etsə də, qardaşı Əhməd Elxani sarayında əsir saxlanılır.[8]
Keyxatu 1291-ci ilin 31 avqustunda 20 minlik ordu ilə Anadoluya yürüşə başladı.[9] Yürüşün məqsədi Konyanı mühasirəyə alan Qaramanoğullarını cəzalandırmaq idi. Konyanın II Məsudun qardaşı və Sahib Ataoğulları tərəfindən gücləndirilməsinə baxmayaraq, Qaramanoğulları Keyxatunun Kayseriyə qədər gəlməsinə qədər şəhərin mühasirəsini dayandırmadılar. Keyxatu ordusunu iki yerə parçaladı və bir hissəsini Məntəşəyə göndərib, digər hissəsi ilə Qaramanoğullarının paytaxtı Ereğliyə yürüşə başladı. Onun növbəti hədəfi Əşrəfoğulları bəyliyi idi. Burada o, 7 min qadın və uşağı qul edərək Konyaya göndərmişdi. Kayseriyə qayıtdıqdan sonra Səlcuqlu ordularının müşayiəti ilə IV Kılıç Arslanın Şimali Anadoluya keçmiş tərəfdarlarını cəzalandırmaq üçün Göktay və Giray noyanlarını göndərdi. Bundan istifadə edən Əşrəfoğulları və Qaramanoğulları yenidən Konyanı mühasirəyə aldılar. Lakin Kiprli II Henrinin Alanya şəhərini 15 gəmi ilə mühasirəyə almasından sonra mühasirəni sonlandırmağa məcbur oldular. Keyxatu Denizlini ələ keçirdi və şəhər 3 gün yağmalandı.[9] Məsud da həmçinin Qılınc Arslanla müharibəyə getdi. Qılınc Arslan Məsudun qardaşları olan Fərumurz və Kəyumərsdən başqa, Çobanilər tərəfindən də dəstəklənirdi. Keyxatu Məsudun yardımına 3 min döyüşmü və Göktay, Gəray və Anit adlı sərkərdələrini göndərdilər. Gəray və Yaman Candar Məsudu döyüşlər zamanı əsir düşməkdən xilas etdilər. Keyxatu tərəfindən eçmiş Çobani mülkü olan Kastamonu şəhəri Yaman Candara verildi. Bu torpaq verilməsi xidmət qarşılığında verilən iqtaya əsaslanmaqda idi.
Keyxatu xan Anadoludakı yürüşünə 11 ay sərf etdikdən sonra 1292-ci ilin iyun ayında geri döndü. Onun paytaxtda olmaması Tağaçar və onun dəstəkçisi olan Səəd əl-din Zəncani tərəfindən müxtəlif şayiələrin yayılmasına səbəb olmuşdu. Onlar Anbarçinin vəziri olan və Səəd əl-Dinin qardaşı Qütbəddin vasitəsilə Anbarçini yanlış olaraq Keyxatunun Anadoludakı türklər tərəfindən məğlub edildiyini və onu taxta çıxmağı tapşırdığını bildirdilər. Anbarçi bu məsələyə şübhə ilə yanaşdı və bu zaman Salyanın Qaraçala kəndi yaxınlığında olan Şiktur Noyonla əlaqə saxlayaraq onları həbs etdirdi.[1] Keyxatu 1292-ci ilin iyununda Aladağa gəldi və ikinci dəfə taxta çıxdı. Bu çox güman ki, Ali Xaqan olan Xubilay xaqan tərəfindən xan kimi tanınmaya görə idi.[11]
Bundan sonra Keyxatu Xatun arvadı Padişah Xatuna 1292-ci ilin oktyabrında Kirmanı əldə etməsinə şərait yaratdı. O, həm Tağaçarı, həm də Səəd əl-Din Zəncanini bağışladı, hətta sonuncunu öz vəziri təyin etdi. 18 noyabr 1292-ci ildə öz qayınatası Ağ Buğa Cəlairi özünün baş komandanı təyin etdirdi. Şiktur və Tağaçar ona tabe etdirildi. Eyni zamanda Səəd əl-Din öz qardaşı Qütbəddinin Təbriz valisi təyin edilməsinə də nail oldu.[12] Öz günü artıran, əlində xeyli sayda mal-mülk cəmləşdirən, 10 minlik şəxsi ordusu olan Səəd əl-Din Zəncani imperiyanın ən güclü şəxslərindən birinə çevrildi və özünə xeyli düşmən də qazandı. Keçmiş əmirlər olan Həsən və Taycu onu dövlət əmlakını ələ keçirməkdə və korrupsiyada ittiham etsələr də, öz iddialarını sübuta yetirə bilmədilər.
1292-ci ildə Keyxatu xan Misir sultanı Səlahəddin Xəlilə məktub göndərərək onu Hələbi geri qaytarmayacağı halda bütün Levant bölgəsini ələ keçirəcəyi ilə hədələdi. Xəlil cavabında bildirdi:
Xanın ideyaları mənimki ilə eynidir. Mən də əvvəlki kimi Bağdadı İslam qütbünə qaytarmağa ümid edirəm. Görəcəyik bizim ikimizdən hansımız daha cəld olacağıq.[13] |
Lakin Elxanilərlə Misir ordusu arasında heç bir böyük döyüş baş vermədi.
Onun hakimiyyəti dövründə Arqun xanın zamanında Xubilaydan özünə arvad olması üçün göndərdiyi Kököçin Elxanilər dövlətinə gəldi. 1293-cü ildə gələn Kököçini yol boyu Marko Polo müşayiət etmişdi. Keyxatu xan qərar verdi ki, Kököçin şahzadı Qazanla evlənməlidir. Bununla Keyxatu özündən sonra xanlıq üçün Qazan xanı dəstəkləmiş olurdu. Buna cavab olaraq Qazan Keyxatuya minnətdarlıq əlaməti olaraq pələng göndərdi. Marko Polo və ətrafı 9 ay müddətinə Keyxatu ilə birlikdə qaldı.
Keyxatu ilə təxminən eyni zamanda taxta çıxmış Qızıl Orda xanı Toxta şahzadə Qalıntayı və Poladı Elxanilər dövlətinə göndərdi. 28 mart 1294-cü ildə Elxanilər dövlətinə gələn elçiliyin əsas məqsədi iki dövlət arasında sülh imzalamaq və gümanki Toxtanın taxt üçün olan rəqiblərinə qarşı dəstək almaq idi. Qızıl Orda elçiləri 3 gün sonra geri qayıtdılar.[4]
1294-cü ildə Keyxatu xəzinəni yenidən doldurmaq qərarına gəldi, çünki yayılmış mal-qara vəbasına görə xəzinə boşaldılmışdı. Buna cavab olaraq, vəzir Səəd əl-Din Zəncani həll yolu kimi Çində də istifadə edilən və Jiaoçao (kağız pul) adlandırılan pulların tədavülə buraxılmasını təklif etdi.[11] Keyxatu bunu qəbul etdi və Xubilayın Təbrizdəki elçisi olan Buladı yanına çağırdı. Bolad sistemin necə işlədiyini izah etdikdən sonra Keyxatu Çin əskinaslarını o qədər yaxından təqlid edən əskinaslar çap etdi ki, onların üzərində hətta Çin sözləri də çap olundu. Pullar üzərində yerli əhalinin İslam bağlılığını simvollaşdıran dini işarələrə də yer ayrılmışdı. Bu pulların ilk dövriyyəsi 12 sentyabr 1294-cü ildə Təbrizdə başladıldı. Keyxatu bu pullardan istifadə etməkdən imtina edən hər kəsin edam edilməsini əmr etmişdi. Vassaf kimi şairlər Keyxatu ilə yaxınlaşmaq üçün dərhal bu kağız pulları övməyə başladılar.[1] Dövriyyədə olan kağız pulların dəyəri yarım dirhəmdən 10 dinara qədər idi. Keyxatunun planı öz təbəələrinin bu pullardan istifadə etməsinə və xəzinənin tənzimlənməsinə nail olmaq idi. Bu təcrübə tamamilə uğursuz oldu. Tacirlər və insanlar bu pullardan istifadə etməkdən imtina etdilər. Tezliklə bazar iğtişaşları başladı, iqtisadi fəaliyyətlər dayandı və dövrün tarixçisi Rəşid əd-din hətta “yeni pulların buraxılması ilə baş verən “Bəsrənin xarabalığı”ndan” öz əsərində bəhs etmişdir. Beləliklə, Keyxatunun qarşısında bu kağız pulları tədavüldən geri çəkməkdən başqa yolu qalmadı.[14]
Keyxatu sərxoş ikən özünün qulluqçularından birinə Baydunu vurmağı əmr edərək onu təhdir etmişdi. Bu Baydunun ondan narazılığının böyüməsinə səbəb oldu. Bundan sonra Baydu oğlu Qıpçağı Keyxatunun sarayında girov buraxaraq tez Bağdaddakı ailəsinin yanına getdi. O, Oryat əmiri (Sulamış ibn Tengiz Güregenin oğlu) Çiçək, Lagzi Küreken (Arqun ağanın oğlu), El Teymur (Hindiqur Noyonun oğlu) və Todaçu Yarquçi tərəfindən də dəstəklənirdi və Bağdad yolunda bunlar tərəfindən müşayət edilmişdi. Onu həmçinin vəzir Camaləddin Dəstgərdani də dəstəkləyirdi. Həmdullah Qəzviniyə görə, Baydunun Keyxatu xana qarşı çıxmasının əsas səbəbi oğlunun da xan tərəfindən təhqir edilməsi idi.[15] Keyxatu xan kürəkəni Qurbatay Güreken Baydunun üsyanı barədə xəbər gətirdikdən sonra bir neçə əmirin həbs edilməsini əmr etdi. Həbs edilənlər arasında xanın şəxsi keşikçisi Tuladay, Qoncuqbal, Tukal, Buğday da var idi. Qıpçaq da həbs edilib Təbrizdəki bəhsxanaya salınanlar arasında idi. Keyxatunun əsas adamları onların edam edilməsini istəyərkən Tağaçar buna qarşı çıxdı. Baydu da Bağdada gedərək oranın canişini Suqurçunu edam etdi və Diyarbəkir canişini Baybuğanı həbs etdi. Keyxatu 17 mart 1295-ci ildə qayınatası Ağ Buğa Cəlairini və Tağaçarı ona qarşı göndərdi və özü də 4 gün sonra Təbrizə gəldi. O bilmirdi ki, Tağaçar artıq gecə düşərgəsinə gedən Bayduya beyət etmişdi. O, Anadoluya qaçmaq istəyərkən müşavirləri Bayduya qarşı döyüşməyi məsləhət görürlər. Lakin Keyxatu Muğana qaçdı. Təbrizə gələn Tağaçar Qoncuqbal və Tuladayı azad etdi və bu zaman Keyxatu mərhəmət üçün müraciət edirdi. Müraciət etməsinə baxmayaraq, o, 21 mart 1295-ci ildə xan qanının tökülməməsi üçün kamanla boğuldu. Bu hadisənin dəqiq tarixi bəlli deyildir. Qaynaqlarda 5 mart, 21 mart və ya 25 aprel 1295-ci il tarixləri keçməkdədir.[4] Keyxatunun ölümünə səbəb olacaq hadisələrin başlanğıcı kimi qaynaqlarda keçən hekayələrdən biri də budur ki, Keyxatu kağız pul tədavülə buraxdıqdan sonra bunun Baydunun üsyanına və sonda da döyüşdə Keyxatunun ölümünə səbəb olması yönündədir.[16][17]
Mirxondun bildirdiyinə görə, Keyxatu şəraba olan düşkünlüyünə, qadınlara və cinsi əlaqəyə yanaşmasına görə məşhur əxlaqsız olmuşdur.[17] Eyni zamanda o, bütün dinlərə tolerant yanaşması və kommunal harmoniyaya sahibo lmasına görə də tanınmaqdadır. Digər Buddist padşahlar kimi, o, bütün dinlərə liberal şəkildə himayədarlıq edirdi. Onun faydalananları arasında Nestorian xristianları da var idi ki, onlar onu Kilsəyə verdiyi hədiyyələrə görə çoxlu tərifləyirlər. Nestorian kilsəsinin rəhbəri olan III Yabalaxa ilə yaxşı münasibətləri olmuşdur. Tarix-i Âl-i Səlcuqda o, ədalətli və xeyriyyəçi bir hökmdar kimi təsvir edilmişdir.[18][19]
Keyxatunun müxtəlif tayfalardan olan 8 arvadı var idi:
Türkiyədə çəkilmiş Kuruluş:Osman teleserialında o, antoqonist obraz kimi özbək aktyoru Maruf Otacanov tərəfindən canlandırılmışdır. Keyxatunun həqiqətdə 30 yaşlarında ikən ölməsinə baxmayaraq, serialda o, yaşlı adam kimi göstərilmişdir.[21]
SƏLƏF Arqun xan |
Keyxatu xan Elxanilər |
XƏLƏF Baydu xan |