Vanqa

Vanqa (əsl adı Vangeliya Pandeva Quşterova (Surçeva), 3 oktyabr 1911, Strumitsa[d]11 avqust 1996 və ya 11 noyabr 1996[1], Sofiya) — Ekstrasens.

Vanqa
bolq. Вангелия Пандева Димитрова
Doğum tarixi 3 oktyabr 1911(1911-10-03)
Doğum yeri
Vəfat tarixi 11 avqust 1996(1996-08-11) (84 yaşında) və ya 11 noyabr 1996(1996-11-11)[1] (85 yaşında)
Vəfat yeri
Vəfat səbəbi süd vəzi xərçəngi
Dəfn yeri
Fəaliyyəti ekstrasens
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1911-ci ildə Makedoniya Respublikasında anadan olmuşdur. 1996-cı il 11 avqust tarixində vəfat etmişdir.

"Başıma kiminsə əli toxundu"

[redaktə | mənbəni redaktə et]

…Rəfiqələriylə gəzişən Vanqa birdən göy üzünü iri qara bir buludun aldığını görür. Havanın dəyişdiyini görüb, kəndə tərəf qaçan qızların arasından Vanqanı qasırğa ağuşuna alır. Sonradan görücü özü bu haqda deyirmiş: "Qasırğa məni sararkən elə bil başıma kiminsə əlinin toxunduğunu hiss elədim. Sonra heç nə xatırlamadım. Bir də gözümü açdım ki, yerdəyəm, başımda, gözümdə dəhşətli ağrılar var…"

Kəndlilər qızı daş-çınqılın, ağac budaqlarının arasından tapıb evə gətirirlər. Axşama yaxın gözləri qanla dolur, bir neçə gün sonrasa bəbəkləri ağarmağa başlayır. Xəstənin gözlərində iki dəfə əməliyyat keçirilsə də, nəticəsi olmur.

1925-ci ildə onu korlar evinə göndərirlər. Burada Vanqa Brayl əlifbasını, pianoda ifa eləməyi, dərziliyi öyrənir. Üç ildən sonra anası ölür, qız evə qayıdıb atasının və bacı-qardaşlarının qayğısını çəkməli olur.

Vanqa özü zəhməti çox sevdiyindən, kiminsə boş yerə vaxt keçirməyini də xoşlamazdı. Korluğa, böyük ailənin yükünün ağırlığına, kasıblığa baxmayaraq, onların evlərində həmişə səliqə-sahman hökm sürürmüşdür.

Gümüşü paltarlı atlı

[redaktə | mənbəni redaktə et]

Bu gün Vanqanın ilk görücülüyünün nə vaxta təsadüf etməsini və nədən ibarət olmasını dəqiqləşdirmək çətindir. Ancaq ədəbiyyatlarda və xatirələrdə daha çox atasının itirdiyi qoyunların yerini deməsi haqqında danışılır. Deyilənlərə görə, bir dəfə atasının otardığı sürüdən bir neçə qoyun itir. Ailəsinin yeganə gəlir mənbəyindən də mərhum olacaqlarından qorxan, atasının narahatlığını görən Vanqa ona deyir: "Sənin qoyunların qonşu Monospitova kəndindəki Afanasın evindədir". Özünün də tanımadığı bu adamın adını harada eşitdiyini soruşan atasına Vanqa "yuxuda görmüşəm və eşitmişəm" cavabını verir. Ata qızının nişan verdiyi kəndə və həmin adamın evinə gedib, qoyunların həqiqətən burada olduğunu görür.

Ətraf kənddəki insanların onun bacarığına inanmağa başlamaları Vanqanın ilk qlobal görücülüyü ilə baş tutub. Hələ yeniyetməlik vaxtlarından gözlərinə cəngavər geyimli atlının göründüyünü deyən Vanqa, 1941-ci ildə həmin atlını bir daha görür. Özünün dediyinə görə, ay işığı altında parıldayan gümüşü geyimli bu atlı onun qaranlıq otağına daxil olan kimi hər tərəf işığa bələnib. Atlı Vanqaya tərəf dönür və deyir: "Tezliklə dünya çalxanacaq və çoxlu xalqlar tələf olacaq. Sən burada qalacaq, ölənlər-qalanlar haqda görücülük edəcəksən. Qorxma! Mən sənə adamlara deyəcəklərini söyləyəcəyəm".

Bu sözləri eşidən Vanqa bacısından soruşur: "Sən buradan bir atlının necə çıxdığını gördünmü?"

"Nə atlı, yəqin yuxu görmüsən" deyə bacısı cavab verir. Ancaq bacısının yuxu hesab elədiyi bu olaydan təxminən iki ay sonra — aprel ayının 6-sı, 1941-ci ildə alman qoşunları Yuqoslaviya sərhəddini keçir…

Hər şey məhz Vanqanın gözünə görünən atlının dediyi kimi olur. Müharibənin başlanmasıyla doğmalarının taleyindən narahatlıq keçirən insanlar onun yanına gəlirlər. Şahidlərdən biri yazır: "Balaca otaqda küncdə oturmuşdu. Səsi gur və güclü idi. Yamaqlı paltarı belə onun bədəninin gərginliyini gizlədə bilmirdi. Kor gözlərindən boşluq yağsa da, üzündən sanki nur tökülürdü".

Beləcə, Vanqa kömək üçün yanına gələn insanlara səfərbərliyə cəlb olunmuş kişilərin vuruşduqları yerləri, başlarına gələn hadisələri dəqiqliklə söyləyir. Deyilənlərə görə, bu öngörümlər düz bir il davam edib və bu bir il ərzində Vanqa gün ərzində 2–3 saat yuxu yatıb. Onun görünüşü hamını heyrətə saldığından, yanına gələnlər görücünün qarşısında dizüstü oturmağa üstünlük verirmişlər.

Qadının uzaqgörənliyi haqda xəbər ətraf kəndlərə yayıldıqca, yanına gələnlərin sayı xeyli artır. Az keçmir, müxtəlif xəstəliklərlə bağlı da ona müraciət etməyə başlayırlar. Adamlar onun barəsində artıq qorxu qarışıq hörmətlə danışırdılar. Ancaq birmənalı şəkildə Vanqanın görücülüyünü şər qüvvələrlə bağlayanlardan tutmuş, ilahi qüvvənin möcüzəsi hesab edənlərədək hamı onun görücülüyünün nə qədər dəqiqliklə yerinə yetdiyinə heyran qalırdılar.

Beləcə, Vanqa haqqında yarıhəqiqət, yarıfantaziyadan ibarət bir mif formalaşırdı.

Sədaqətli Vanqa

[redaktə | mənbəni redaktə et]

Vanqanın qeyri-adi qabiliyyəti barədə xeyli ədəbiyyatlar olsa da, onun şəxsi həyatı çox vaxt ikinci plana keçir. Ancaq burada da xeyli maraqlı məqamlar mövcuddur. Bir dəfə onun yanına Dmitri Quşterov adında bir əsgər gəlir və quldurlar tərəfindən öldürülmüş qardaşının qatillərinin yerini soruşur. Elə evinin astanasındaca Vanqa Dmitriyə deyir: "Bilirəm, niyə gəlibsən. İstəyirsən, qardaşının qatillərinin yerini deyim. Ola bilsin, bunu sənə nə vaxtsa deyərəm, ancaq gərək mənə söz verəsən ki, qisas almayacaqsan. Çünki indi lazım deyil. Sən onların sonunu özün görəcəksən".

Bu hadisədən bir müddət sonra — aprelin 20-də Vanqa bacısına Dmitrinin onunla evlənmək üçün kəndə gələcəyini bildirir. Həqiqətən, 1942-ci il may ayının 10-da Dmitri onunla evlənir və gənc ailə Petriç şəhərində məskən salır.

Bir müddət sonra Dmitri səfərbərliyə alınaraq, Yunanıstana aparılır. Vanqanın səfərqabağı ərinə bircə məsləhəti olur: "Sudan özünü gözlə!"

Həqiqətən, bir neçə il sonra Dmitri də daxil, Yunanıstandan salamat dönən döyüşçülərin hamısı döyüşlər vaxtı bataqlıq suyundan içdikləri üçün uzun illər yatalaqdan əziyyət çəkirlər. Dmitri 1962-ci ildə elə bu xəstəliklə də yatağa düşür. Şəfaverici Vanqa sevimli Dmitrisinin bu xəstəlikdən qalxmayacağını bildiyindən əlindən ancaq ağlamaq gəlir. Xəstənin başının üstünü bir an belə tərk eləməyən Vanqa ərinin ölümüylə dərin yuxuya gedir, bir də mərhumun dəfni zamanı ayılıb deyir: "Mən onu qalmalı olduğu yerə qədər ötürdüm".

Həmin vaxtdan Vanqa həyatının sonuna qədər dul qadınlara xas qara rəngli yaylıqla gəzir…

"Xalq hakimiyyəti üçün faydalı insan"

[redaktə | mənbəni redaktə et]

Vanqanın həyatı xeyli keşməkeşli olub. Kommunistlərin hakimiyyətə gəlişindən sonra görücü həm dövlət məmurları, həm də din xadimləri tərəfindən təzyiqlərlə qarşılaşır. Birincilər hesab edirdilər ki, Vanqanın görücülüyü insanların sosializm quruculuğu yolunda işlərinə maneçilik törədir, ikincilərsə onu şeytanın elçisi hesab edirdilər.

1952-ci ildə Vanqa Stalinin 6 ay sonra öləcəyi barədə kiminsə yanında ağzından söz qaçırır. Bədxahlar tərəfindən görücünün bu sözü lazımi yerlərə çatdırıldıqdan sonra onu həbs edirlər. Təbii ki, öncəgörüm düz çıxmasaydı, yəni Stalin 1953-cü ildə ölməsəydi, görücünün nə vaxta qədər həbsxanada qalacağı da bilinməzdi.

Sonda onu bu kimi problemlərdən təsadüfi bir hadisə xilas edir. Hansısa yüksəkrütbəli dövlət məmurunun içində məxfi materiallar olan çantası itir. Bütün hüquq-mühafizə orqanları ayağa qaldırılsa da, itmiş çanta tapılmır. Axırda əli hər yerdən üzülmüş məmur Vanqanın yanına gəlir. Görücü ona gizlədilmiş çantanın yerini deyir. Bolqar hökuməti isə Vanqaya təşəkkür əlaməti olaraq "xalq hakimiyyəti üçün faydalı insan" xarakteristikası verir. Həmin olaydan sonra Bolqarıstan rəhbərliyi bu möcüzənin qarşısını almaqdansa, Vanqanın özünəməxsus seanslarını leqallaşdırmaq qərarına gəlir. Dövlət onun evinin yanında xəzinə qutusu qoyur və görücünün xidməti üçün məbləğ müəyyənləşdirir. Vanqanın yanına gələn hər bolqar 10 lev, əcnəbilər isə 50 dollar ödəməli idilər. Rəsmi statistikaya görə, bu qərar nəticəsində yalnız 1990-cı ildə dövlət xəzinəsinə 9 milyon levdən çox pul daxil olmuşdu.

Vanqanın fəaliyyəti üçün ən böyük imkan sabiq bolqar rəhbəri Todor Jivkovun qızı tərəfindən yaradılıb. Lüdmila Jivkovanın qızı Jenya Jivkova bu haqda deyir: "Mənim anam Lüdmila Jivkova partiya rəhbərliyi arasında böyük nüfuz sahibi olmaqla yanaşı, həm də hərtərəfli dünyagörüşünə və təhsilə malik, Şərq təlimləriylə maraqlanan bir qadın idi. Məhz onun təşəbbüsü ilə professor Lozanovun başçılığı altında Vanqa fenomeninin elmi şəkildə araşdırılmasına başlandı. Vanqaya hətta dövlət qulluqçusu kimi 200 levlik təqaüd də təyin olunur".

Fırıldaqçı loğman qovuldu

[redaktə | mənbəni redaktə et]

Bu xeyirxah kəndli qadını insanların əllərindəki şəkər parçası ilə onlara talelərindən xəbər verir, əvəzindəsə sevgiylə verilən istənilən xırda hədiyyəni götürərək, onları tez-tez sığallamaqdan zövq alır, bircə-bircə bu hədiyyələrin kim tərəfindən verildiyini xatırlayırdı.

Bacısı Lyübka Pandeva söyləyir: "Həyatının sonuna qədər südəmər uşaqlar kimi onun əmgəyi bitişmədi. Maraqlıdı ki, Vanqa da həmişə özünü 13 yaşında uşaq kimi hiss etdiyini deyirdi".

Vanqa yalanı sevməzdi. Ekstrasens adı altında fırıldaqçılıq edənlərə qarşı isə lap amansız idi. Onun həmin dövrlər Sovetlər Birliyində ekstrasensliklə məşğul olan Çumakı və Kaşpirovskini qovduğu hamıya məlumdur.

70-ci illərdə "rentgen adam" kimi məşhur olan Qrabov soyadlı fırıldaqçı ilə görüş isə həmin dövrün mətbuatında əsl sensasiyaya çevrilmişdi. "Bütün xəstəlikləri otlarla müalicə edirəm" deyən bu adama Vanqa qapısı ağzında növbəyə durmuş istənilən bir adamı seçib diaqnoz qoymağı və müalicə yolunu göstərməyi xahiş edir. Qrabov bir oğlanın üstündə dayanaraq Vanqanı inandırmağa çalışır ki, bu uşağı çobanyastığı ilə müalicə edə bilər. Qrabov xəstənin atasına oğlunu müalicə edə biləcəyi haqda danışır. Bəlkə də fırıldaqçı loğman Vanqanın tezliklə uşağın xəstəliyini təyin edə bilməyəcəyinə ümid bəsləyirmiş. Ancaq çox az-az özündən çıxan görücünün cavabı sərt olur. "Səfeh, xərçəngi çobanyastığı ilə müalicə etmirlər, bu müalicə sənə yaraşır" deyən Vanqa Qrabovu evindən qovur.

Deyilənə görə, bu hadisədən sonra Vanqa o qədər mütəəssir olur ki, özünün yazılmamış qanunlarını pozaraq, uşağın atasına ikinci oğlunu da bu xəstəliyin gözlədiyi haqda xəbər verir…

Ümumiyyətlə, Vanqa mümkün olduğu qədər insanlara acı həqiqətləri deməz, onlara müəyyən ümid yeri qoyardı.

Ancaq o, belə olaylardan sonra günlərlə özünə gəlməz, acıqlı-acıqlı gəzişərmiş…

Jurnalistin şoka düşəcəyi hadisə

[redaktə | mənbəni redaktə et]

1969-cu ildə Rusiya qəzetlərindən birində işləyən Andrey Tigrov adlı jurnalist Vanqadan müsahibə almaq üçün Bolqarıstana gedir. Vanqa ilə evində görüşür, ondan müsahibəsini alır. Vanqanın həyətində isə, bu zaman bir qadın işləyirmiş və Vanqanın otağındakı pəncərədən ona tərəf işıq düşürmüş. Vanqa həmin qadına dedi: "günün altında çox işləmə, yorularsan". Jurnalist şoka düşür. Çünki, Vanqa kor idi, o həmin qadını necə görə bilərdi?[mənbə göstərin]

"Ştirlits"in unutduğu zəngli saat

[redaktə | mənbəni redaktə et]

Vanqayla görüşən elm-mədəniyyət adamlarının, məşhur aktyorların, dövlət xadimlərinin xatirələrində görücünün qabiliyyətlərinin müxtəlif yönləri haqda xeyli material var.

Hamımızın "Baharın 17 anı" bədii filmindən daha çox tanıdığımız məşhur aktyor Vyaçeslav Tixonov 1979-cu ildə Vanqanı ziyarət etməyə gəlir. Aktyor içəri girən kimi Vanqanın sualı ilə qarşılaşır: "Sən nəyə görə dostun Yuri Qaqarinin arzusunu yerinə yetirmədin? Axı, son uçuşundan qabaq sənə zəngli saat almağı xahiş etmişdi".

Deyilənə görə, aktyor bu sözlərdən sonra o qədər həyəcanlanıb ki, ürək dərmanı qəbul etməyə məcbur olub.

Məsələ burasındaymış ki, vaxtilə bu söhbət yalnız onların ikisinin arasında olubmuş və Qaqarin ona özünə bir zəngli saat almağı məsləhət görübmüş. Ancaq ilk kosmonavtın ölümündən sonra aktyor bu haqda sadəcə unudur. Bunu Vanqaya söyləyəndə, görücü ona deyir: "Hamı bilməlidir ki, Qaqarin ölməyib, onu tutublar". Kim tərəfindən tutulmağını isə Vanqa demir…

Uzun illər Vanqanın yanında işləmiş loğman Lüdmila Kim xatırlayır: "1990-cı ildə Vanqa xəstələnəndə, onu ziyarət etmək üçün Rupiteyə getdim. Petriç şəhərinin meri məndən görücünün nə qədər yaşaya biləcəyini soruşdu. Dedim ki, istərdim, 100 il yaşasın, ancaq məncə, 19 il yaşayar. Bundan sonra Vanqa yuxuma girdi və mənə dedi: "Lyüda, düşünürsən ki, 19 il yaşayacağam, ancaq mənim bundan sonra 6 il yer həyatım qalıb". Ümumiyyətlə, Vanqa çox vaxt mənim yuxuma girir və onun yuxuda dedikləri həyatda həqiqətən, baş verir".

Vanqanın ölümündən sonra isə Lüdmila Kim şahidlərin hamısının təəccübünə səbəb olan hadisənin iştirakçısına çevrilib. Vanqanın yuxuda ona özünün illər əvvəl sağaltdığı xəstə oğlu ilə qəbrinin üstünə qırmızı parça salmaq tapşırığını yerinə yetirərkən, kənardan bu ayini lentə köçürənlər şoka düşürlər: baş daşının üstünə sərilmiş parça Vanqanın üz cizgilərini xatırladan forma alır…

Görücünün məşhur gürcü ekstrasensi Cuna Davitaşvili ilə görüşü də çox maraqlı olub. Cuna deyir ki, onunla birinci dəfə görüşəndə 12 ildən sonra ona çox ağır olacağını deyib: "Həqiqətən, düz 12 ildən sonra oğlum avtomobil qəzasına düşərək həlak oldu. Mənim Vanqa ilə münasibətlərim çox yaxşı olub. Onun bir xüsusiyyəti vardı ki, çox zaman qəbul etdiyi xəstələrin sadəcə, əlindən tutar və xəstəliyini təyin etdikdən sonra onları digər həkimlərin yanına göndərərdi. Mənim yanıma da çoxlu belə xəstələr göndərib".

Vanqanın xidmətlərindən bir sıra dövlət rəhbərlərinin faydalandığı haqda məlumatlar olsa da, belə görüşlər tam məxfi şəkildə keçirildiyindən, bu gün bunların həqiqətən baş verib-vermədiyini söyləmək çətindir. Ancaq Brejnevin onun yanına gəlməsi barədə 90-cı illərin əvvəllərində Bolqar mətbuatında materiallar gedib. Yazılanlara inansaq, məlum olur ki, Brejnev o dövrlər SSRİ-nin "16-cı respublikası" adlandırılan Bolqarıstana sonuncu səfərində Vanqanın yanına gəlir və içəri girən kimi ondan "bilirsənmi, mən kiməm" deyə soruşur. Vanqa isə ona "bilirəm, sən böyük rəissən" deyə cavab verir. Dünyanın ən böyük dövlətinin rəhbəriylə görücünün söhbəti 2 dəqiqədən də az çəkir.

Təbii ki, onun bütün öngörümləri haqda danışmaq mümkün deyil. Təsəvvür edin ki, Vanqa fenomenininin tədqiqatçısı professor Rozanov belə olaylardan 7 minini toplayıb. Ancaq hamıya tanış olan bir neçə məşhur öngörüm və bu deyimləri yozan tədqiqatçıların, həmçinin şahidlərin açıqlamalarından nümunələrlə Vanqanın qabiliyyəti barədə kifayət qədər təsəvvür oyatmaq mümkündür.

1942-ci ildə Vanqa Bolqar çarı III Borisə deyir: "Sənin hakimiyyətin genişlənəcək. Ancaq özünü 28 avqust tarixli günə hazırla". 28 avqust 1943-cü ildə Bolqar çarı Boris vəfat etdi.

1968-i ilin yanvar ayında Vanqa deyir: "Praqanı xatırlayın. Praqa tezliklə akvariuma dönəcək, sərsəmlər burada balıq tutacaqlar. Bəli, bəli, məhz belə də olacaq". 1968-ci ilin avqustunda Sovet qoşunları Çexoslovakiyaya girdi.

1989-cu ildə Vanqa xəbərdarlıq edir: "Qorxu, qorxu! Amerikalı əkiz qardaşlar onlara tuşlanmış dəmir quşların təsirindən yıxılacaqlar. Günahsız insan qanı axacaq".

2001-ci ildə terrorçuların təyyarələrlə hücumundan sonra Amerikada Dünya Ticarət Mərkəzinin "əkiz bina"sı dağılır, xeyli günahsız insan tələf olur.

90-cı ilin əvvəlində Rusiyada siyasi çəkişmələr dövründə Vanqa deyir: "Hamı elə bilir ki, onun Rusiyada mövqeləri hələ güclüdür. Ancaq hakimiyyətə ən az səs toplayanlardan biri gələcək". Həqiqətən, bir neçə aydan sonra heç kimin gözləmədiyi halda Rusiyada hakimiyyətə Boris Yeltsin gəlir.

1980-ci ildə Vanqa atom qorxusundan bəhs edir: "Kiyev yaxınlığında böyük bir partlayış olacaq. İnsanlar bu partlayışdan illərlə əziyyət çəkəcəklər". Bir neçə il sonra bütün dünyanı dəhşətə gətirən Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi.

Bu öngörümdən sonra isə çoxları qoca görücünün ağlını itirdiyini düşünürdülər: "Əsrin axırında, ya 1999, ya da 2000-ci ildə Kursk su altında qalacaq və bütün dünya ona matəm tutacaq". Bəli, insanlar Kursk kimi bir şəhərin su altında qalacağı barədə deyilənə bir az da istehza ilə yanaşmışdılar. Ancaq düz 20 il sonra Rusiyanın "Kursk" atom sualtı gəmisi həqiqətən su altında qaldı…

"Bizlərə qalan sevgi olacaq"

[redaktə | mənbəni redaktə et]

Vanqa həyatının son 20 ilini Petriçin 10 kilometrliyində yerləşən Rupite adlanan qəsəbədə keçirib. Yerli sakinlər deyirlər ki, Vanqanın gəlişinə qədər Rupiteyə aparan bu yolda ildə bir neçə dəfə ölümlə nəticələnən yol qəzaları olurmuş. Onlar Vanqanın yanına məsləhət üçün gəlirlər. Görücü yola şəkər tozu alıb səpməyi məsləhət görür. Bundan sonra həmin yolda bir dənə də qəza baş vermir.

Vanqa məhz bu yerdə illərdən bəri arzusunda olduğu məbədin ucaldılması işinə başlayır. Müqəddəs Pyotrun adını daşıyan bu məbədin yerləşdiyi məkana gələn insanlar Vanqanın buranı əbəs yerə seçmədiyinə inanırlar. Həqiqətən, ətrafdakı sakitlik, həzinlik, relyefin qeyri-adi görünüşü qəbri burada yerləşən xeyirxah Vanqanın ruhu ilə bir uyğunluq təşkil edir. Görücünün bacısı qızı Krasimira Stoyanovanın sözlərinə görə, Vanqa həmişə bu yerlərdə yerdən kənar qüvvələrin təsirini hiss etdiyini deyərmiş.

Arxitektura baxımından ənənədən xeyli uzaq olduğundan, əvvəlcə dini dairələrdə məbədin bu şəkildə tikilməsinə ciddi etiraz ediblər. Memarlar isə deyirmişlər ki, indi orta əsrlər yox, XX əsrin sonu olduğundan, belə kənaraçıxmalar dindən sapma sayılmamalıdır. Nəhayət, ali dini qurumdan mitropolit gəlir və məbədin kilsə qanunları ilə açılışını həyata keçirir. Görücünün bacısı qızı həmin günü belə xatırlayır: "Elə bil, Vanqaya ikinci həyat vermişdilər. Adamların arasında dayanıb, sakitcə, bir az da kədərlə açılışı gözləyirdi. Ətrafda baş verənlərə elə tez reaksiya verirdi, hərdən mənə elə gəlirdi ki, bütün baş verənləri gözləriylə görür. Zarafatla deyildi, düz 20 il həsrətində olduğu arzusu həyata keçirdi. Özünün uzun həyatı və ölümü, həmçinin insanların müqəddəs sayaraq gəldikləri bu məbədlə Vanqa bir daha sübut etdi ki, adamların qəzəbləri də, kinləri də, ötəridir, bizlərə qalan sevgi olacaq…"

"İnsanların faciələrini yaşayıram"

[redaktə | mənbəni redaktə et]

Onun ölüm yatağı düz iki ay çəkir. Sofiyanın dövlət xəstəxanasına gətirilən Vanqa "hər şey Tanrının iradəsiylə olacaq" deyərək, tibbi yardımdan imtina edir. Həkimlər bu müddət ərzində görücünü yalnız venadaxili inyeksiyalarla saxlayırlar. 80 yaşlı qadın ölümündən qabaq komadan ayılır və öz qabiliyyətlərini Fransadan olan bir qıza ötürdüyünü deyir. 1996-cı il avqustun 11-də Vanqa vəfat edir.

Şahidlər onun ölümqabağı son sözlərinin bütün bəşəriyyətə ünvanlandığı qənaətindədirlər: "Çəkişmələrə son verin, bir-birinizi sevin".

Deyirlər, Vanqanın yorğun üzü qırışlarla doluymuş. Tədqiqatçılardan birinin hesablamasına görə, bütün həyatı boyu o, milyona yaxın insanın taleyini oxuyub, 7 mindən artıq uşağın xaç anası olub. Bu baxımdan, simasındakı yorğunluq və kədər təbii ki, başadüşüləndir. Böyük görücünün özü bunu belə etiraf edirdi: "Siz gecələr yatırsınız, mən isə bəşər varlığının səhifələrini vərəqləyir və insanların faciələrini yaşayıram…"

Vanqanın dəhşətli proqnozları[2]

[redaktə | mənbəni redaktə et]
2011 – Yerin şimal yarımkürəsində radioaktiv sızma olacaq. Heyvanlar və bitkilər sağ qalmayacaqlar. Müsəlmanlar sağ qalmış avropalılara qarşı kimyəvi silahlarla savaşa başlayacaqlar.
2014 – Kimyəvi silahlarla aparılan müharibənin bitməsiylə dünyadakı insanların çoxu qan dərisi xərçənginə tutulacaqlar.
2016 – Avropa faktiki boşalacaq, əhalinin sayı azalacaq.
2018 – Çin dünyanın əsas dövləti olacaq.
2025 – Avropada az sayda da olsa, insan yaşayacaq.
2028 – Yerin yeni enerji qaynağı olacaq. Böyük ehtimalla bu, termonüvə reaksiyalarının nəzarət altına alınmasıyla əldə ediləcək. Aclıq artıq problem olmayacaq. Veneraya pilotlarla kosmik gəmilərin uçuşu başlayacaq.
2033 – Qütb buzları əriyəcək, dünya okeanının səviyyəsi yüksələcək.
2043 – Müsəlman bir dövlət yenidən Avropanın yeganə hökmdarı olacaq.
2046 – Süni insan orqanları yaradılacaq.
2066 – Müsəlmanların əlində olan Romaya hücum zamanı ABŞ iqlim dəyişikliyinə gətirib çıxaran yeni silahdan istifadə edəcək. Bu, ani donma yaradacaq.
2076 – İnsanlar arasında təbəqələşmə aradan qalxacaq. Bütün dünyada kommunizm hakim olacaq.
2084 – Təbiət yenidən yaranacaq.
2088 – Yeni xəstəlik yayılacaq, insanlar bir neçə saniyə içərisində yaşlanacaqlar.
2091 – Xəstəliyin müalicəsi tapılacaq.
2100 – İnsanın yaratdığı süni günəş Yer kürəsinin qaranlıq tərəfini də işıqlandırmağa başlayacaq.
2125 – Macarıstanda kosmosdan siqnal alınacaq və insanlar təkrar Vanqanı xatırlayacaqlar.
2130 – Yadplanetlilərin tövsiyəsilə su altında yaşayış koloniyaları salınacaq.
2154 – Heyvanlar yarı insana çevriləcəklər.
2167 – Yeni bir din ortaya çıxacaq.
2170 – Yer kürəsində böyük quraqlıq və qıtlıq başlayacaq.
2183 – Marsdakı nüvə koloniyasında xalq formalaşacaq və Yer kürəsindən müstəqillik istəyəcək.
2201 – Günəşdəki termonüvə reaksiyaları zəifləyəcək.
2256 – Kosmik səfərlər Yer kürəsinə yeni xəstəliklər gətirəcək.
2262 – Planetlərin təbiəti ardıcıl dəyişməyə başlayacaq. Mars bir ulduzla toqquşmaq təhlükəsilə üzləşəcək.
2288 – Zaman yolculuğu başlayacaq, yad planetlilərlə yeni təmaslar olacaq.
2299 – Fransada islama qarşı üsyan başlayacaq.
2480 – İnsanın süni yaratdığı iki günəş toqquşacaq. Dünya yenidən qaranlıqda qalacaq.
3005 – Marsda savaş başlayacaq.
3797 – Yer kürəsindəki bütün canlı həyat məhv olacaq. İnsanlar Günəş sistemində yeni yaşayış yerləri axtarmağa başlayacaqlar.
  1. 1 2 Library of Congress Authorities (ing.). Library of Congress.
  2. "Görücü Vanqanın dəhşətli proqnozları açıqlandı!". 2009-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]