Vasil Bıkov (Bıkaў) (tam adı: Vasil Vladimiroviç Bıkov; 19 iyun 1924[1][2][…] – 22 iyun 2003[2][3][…]) — Belarus yazıçısı. Belarusiya SSR xalq yazıçısı (1980). Sosialist Əməyi Qəhrəmanı (1984), Lenin (1986) və SSRİ Dövlət (1974) mükafatları laureatı .
Vasil Bıkov (Bıkaў) | |
---|---|
Васіль Уладзіміравіч Быкаў | |
| |
Doğum tarixi | 19 iyun 1924[1][2][…] |
Vəfat tarixi | 22 iyun 2003[2][3][…] (79 yaşında) |
Dəfn yeri |
|
Vətəndaşlığı | Belarus |
Milliyyəti | belarus |
Təhsili | Vitebsk rəssamlıq məktəbi (1939-40) |
Fəaliyyəti | nasir, dramaturq, ictimai xadim |
Fəaliyyət illəri | 1947–2003 |
Əsərlərinin dili | belarus, rus |
Janrlar | povest, publisistika, hekayə, esse |
Üzvlüyü | |
Mükafatları | |
bykau.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Vasil Vladimiroviç Bıkov 1924-cü il iyun ayının 19-da Belarusiyanın Vitebsk vilayətinin, Uşaçi rayonunun, Bıçki kəndində anadan olmuşdur. 1939-40-cı illərdə Vitebsk rəssamlıq məktəbində oxumuşdur. 1942-ci ildə orduya çağırılmış, Saratov piyada qoşun məktəbini bitirmişdir. 1943-cü ildən cəbhədə vuruşmuşdur. 1955-ci ildə ordudan tərxis edilmişdir. Qrodnoda yaşamış, yerli mətbuatda işləmişdir. 1970-ci illərin sonlarından isə Minskdə yaşamışdır. 1980-ci illərin ortaları – 90-cı illərin əvvəllərində Belarus demokratik hərəkatının fəal xadimlərindən olmuşdur. 1990-cı illərin 2-ci yarısından Avropada yaşamış, ölümündən bir az əvvəl vətəninə dönmüşdür. 2003-cü il iyunun 22-də Minskdə vəfat etmişdir.
Vasil Bıkov belarus və rus dillərində yazmışdır. Əsərləri 1947-ci ildən çap edilmişdir. Bıkovun yaradıcılığının əsasını təşkil edən müharibə mövzusu ilk dəfə “Birinci döyüşdə” (1949) hekayəsində əksini tapmışdır. Vətənin gənc müdafiəçiləri haqqında “Durna harayı” (1960) povest-rekviyemində, “Xəyanət” (1961), “Üçüncü raket” (1962; 1963-cü ildə ekranlaşdırılmışdır) povestlərində hadisələr sırf subyektiv şərh edilir, zaman və məkan sıxılır, etik problemlər, mürəkkəb insani münasibətlər isə ön plana çəkilir. “Alp balladası” (1964; 1966-cı ildə ekranlaşdırılmışdır; Y.A .Qlebovun musiqisi əsasında balet, 1967), “Ölülər ağrımır” (jurnal variantı 1965; əlahiddə nəşri 1982), “Lənətlənmiş yüksəklik” (1968), “Kruq Briyansk körpüsü” (1969), “Dan yeri ağaranadək yaşamalı” (1973; 1975-ci ildə ekranlaşdırılmışdır), “Obelisk” (1973; 1977-ci ildə ekranlaşdırılmışdır), “Getmək və geri dönməmək” (1978), “Fəlakət nişanəsi” (1982; 1985-ci ildə ekranlaşdırılmışdır) povestlərini yazmışdır.
Bıkovun “Basqın” (1989), “Sazaq” (1991) povestlərində, “Sarı qum” (1995) hekayəsində Stalin repressiyaları mövzusu üstünlük təşkil edir. “Karyer” (1986) romanının, “Canavar sürüsü” (1975; 1976-cı ildə ekranlaşdırılmışdır), “Onun batalyonu” (1976), “Sotnikov” (1970; 1977-ci ildə ekranlaşdırılmışdır), “Sev məni, əsgər” (1996) povestlərinin, “Evə aparan uzun yol” (2003) avtobioqrafik əsərinin, Belarus xalqının tarixinə və müasir taleyinə həsr olunmuş çıxışlar, məqalələr və müsahibələlərdən ibarət “Çarmıxda” (1992) kitabının müəllifidir. Bəzi əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir.[4]