Vasili Vasilyeviç Ulrix (rus. Василий Васильевич Ульрих, 13 iyul, 1889 - 7 may, 1951)— sovet hüquqşünası, inqilabçı.
Vasili Ulrix | |
---|---|
Doğum tarixi | 13 iyul 1889 |
Doğum yeri | |
Vəfat tarixi | 7 may 1951 (61 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Fəaliyyəti | hakim, vəkil, hərbi qulluqçu, siyasətçi |
Partiyası |
|
Vasili Ulrix 1889-cu ildə Riqada anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Riqa politexnik instututunda ali təhsil alıb. 1908-ci ildən inqilabi hərəkata qoşulub. 1910-cu ildə Sosial-Demokrat Fəhlə partiyasına üzv qəbul edilib. Xüsusi xidmət orqanlarında fəaliyyətə 1918-ci ildə Petroqradda ÇK-da (Fövqəladə Komissiya) maliyyə şöbəsinin rəisi vəzifəsindən başlayıb.
Sonrakı illərdə xidmətini daxili mühafizə qoşunları qərargahının komissarı kimi davam etdirən Vasili Ulrix 1921-cı ildə Rusiya Ali Məhkəməsinin Hərbi Kollegiyasının, daha sonra isə 1926-cı ildən SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədri vəzifəsində işləyib. Eyni zamanda o, SSRİ Ali Məhkəməsi sədrinin müavini olub.[1]
Vasili Vasilyeviç Ulrixin (1889-1951) tərcümeyi-halında peşə ixtisası qrafasında peşəkar inqilabçı sözləri yazılıb. Yəni, bu adamın nə ali təhsili var, nə də ixtisası. 1910-cu ildən Sosial-Demokrat Fəhlə partiyasının üzvü kimi gizli fəaliyyətlə məşğul olduğu üçün peşəkar inqilabçı sayılıb. 1918-ci ildə Petroq-radda ÇK-nın maliyyə şöbəsinə rəhbərlik edib. Xalq Komissarları Sovetinin sədri Vladimir İliç Leninin katibliyində işləyən Anna Kassellə (1992-1974) ailə həyatı qurmağı, görünür karyerasında müəyyən irəliləyişə səbəb olub. 1919-cu ildə daxili mühafizə qoşunları qərargahının komissarı, az sonra Qara və Azov dəniz hərbi qüvvələrinin xüsusi şöbə rəisi təyin edilib. 1922-ci ildə Krımda ağ qvardiyaçı zabitlərin həbsində və güllələnməsində canfəşanlığı ilə fərqlənən Vasili 1926-1948-ci illərdə artıq Ali Məhkəmənin Hərbi kollegiyasının sədri vəzifəsinə yiyələnmişdi. Hüquq təhsili olmayan bu adam 1935-38-ci illərdə eyni zamanda SSRİ Ali Məhkəməsinin sədr müavini vəzifəsini də daşıyırdı. Otuzuncu illərin siyasi baxımdan ən səs-küylü məhkəmə prosesləri onun rəhbərliyi ilə aparılıb. 1934-cü ildə Kirova qarşı törədilən terror aktından sonra cinayətdə nəinki əli, hətta tozu olmaqda belə şübhəli bilinənlərə ağır cəza kəsən 35 yaşlı prinsipial inqilab keşikçisi öz mövqeyini kifayət qədər möhkəmlətdi. Bu minvalla ədliyyə general polkovniki rütbəsinə qədər yüksəldi.
Vasili Ulrix 1930-cu illərin ən səsli-küylü məhkəmə proseslərinə rəhbərlik edib. Stalinin xoşuna gəlməyənlər, siyasi proseslərdə iştirakı arzuolunmaz sayılanlar məhz Ulrixin əli ilə məhv edilib. Ulrix öz vəzifəsini hökmlərin və qərarların çıxarılması ilə yekunlaşdırmayıb. O, bəzi hallarda güllələnmə hökmünün icrasını şəxsən özü həyata keçirib. General həm də ittiham olunanlara verdiyi işgəncələrlə yadda qalıb. 1930-cu illərin ortalarından Vasili Ulrix Stalinin kabinetində daha çox görünüb. Onların görüşü təklikdə keçib, Stalin Ulrixə şəxsi tapşırıqlarını verib. Həmin dövrdə çoxları Ulrixi Stalinin “ölüm aləti” adlandırıblar. Nəhayət, 1948-ci ildə Vasili Ulrix işdə buraxdığı nöqsanlara və vəzifə səlahiyyətlərini aşdığına görə 22 il əyləşdiyi vəzifə kürsüsündən uzaqlaşdırılıb və Hərbi Hüquq Akademiyasında kurs rəhbəri təyin edilib.
Bəzi araşdırmaçıların qənaətinə görə, Stalin Ulrixi həbs etdirmək və güllələtdirmək fikrində olub. Çünki Ulrix Stalin haqqında çox şey bilib, onun “qara” işlərindən xəbərdar olub. Ancaq Ulrixin qəfil ölümü Stalinin bu planını təbii şəkildə həyata keçirib. Vasili Ulrix 1951-ci ildə, 61 yaşında insultdan vəfat edib. O, Moskvada, Novedeviçye qəbirstanlığında dəfn olunub.[1]