Vera Fyodorovna Komissarjevskaya (rus. Вера Фёдоровна Комиссарже́вская; 27 oktyabr (8 noyabr) 1864[1][2], Sankt-Peterburq, Rusiya imperiyası[1] – 10 (23) fevral 1910[1][2], Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu, Rusiya imperiyası[1]) — XX əsrin əvvəllərində rus aktrisası, rus və sovet teatr və kino aktrisası Nadejda Skarskayanın böyük bacısı (1868-1958).
Vera Komissarjevskaya | |
---|---|
rus. Вера Фёдоровна Комиссарже́вская | |
Doğum tarixi | 27 oktyabr (8 noyabr) 1864[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 10 (23) fevral 1910[1][2] (45 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Təbii çiçək |
Dəfn yeri |
|
Fəaliyyəti | dramaturq, teatr aktrisası, yazıçı, aktrisa, biznes ledi |
Fəaliyyət illəri | 1891–1910 |
Vikianbarda əlaqəli mediafayllar |
Vera Fedorovna Komissarjevskaya (1930-cu illərin sonuna qədər onun soyadını Kommissarjevskaya yazırdılar) 1864-cü il oktyabrın 27-də (8 noyabr) Sankt-Peterburqda rus opera artisti və musiqi müəllimi Fyodor Petroviç Komissarjevskinin ailəsində anadan olub.[3]
1891-ci ildə Sankt-Peterburqda Vera Komissarjevskaya ilk dəfə həvəskar səhnədə Donanma Ekipajının Dəniz Məclisində Zina rolunda çıxış edib (P.P.Qnediçin “Yanan məktublar” pyesi). Onun səhnə debütü əvvəl Aleksandrinski Teatrının məşhur aktyoru V.N.Davydov ilə dərslər sayəsində mümkün olub. Sonra Komissarjevskaya Konstantin Stanislavskinin rəhbərlik etdiyi İncəsənət və Ədəbiyyat Cəmiyyətinin (Moskva) tamaşalarında iştirak etməyə başlayıb.[4]
Komissarjevskaya “Maarifçilik meyvələri” (1891) tamaşasında Betsi rolunu oynamaqla peşəkar teatr tənqidçilərinin diqqətini cəlb edib. O, Novoçerkasska N.N.Sinelnikovun teatrına (1893-1894-cü illərdə orda işləyib) dəvət olunub. Orada Vera oxuyaraq “ingenue” və vodevil rollarını ifa edib.
Komissarjevskayanın birpərdəli pyeslərdə və vodevillərdəki rolları şən, canlı və əsl yumorla əhatə olunurdu.
1894-1896-cı illərdə Komissarjevskaya Vilnüsdə K.N.Nezlobinin teatrında işləyib, o dövrdə 60-a yaxın rol oynayıb. O, Rozi (G.Sudermanın "Kəpənəklərin döyüşü"), Larisa (Aleksandr Ostrovskinin "Cehizli"yi), Luiza (Fridrix Şillerin "Hiyləgərlik və Sevgi”, Sofiya (Aleksandr Qriboyedovun "Ağıldan bəla"), Klerxen (Sudermanın “Sodomun ölümü”) və s. kimi məşhur obrazlara səhnə həyatı verib.
1896-cı ildə Komissarjevskaya Aleksandrinski Teatrının səhnəsinə çıxıb. Onun ilk parlaq uğuru "Cehizsiz" tamaşasındakı Larisa rolundan sonra gəlib. Bunun ardınca teatrda Çexovun “Qağayılar” tamaşasında Nina Zareçnaya, Sudermanın “Yay gecəsinin işıqları” tamaşasında Marikka, “Faust”da Marqarita və başqaları rol alıb.
Aleksandrinski Teatrının səhnəsini tərk etdikdən sonra Komissarjevskaya iki mövsüm əvvəllər hər il qastrol səfərində olduğu əyalətə getməyə başladı. Bu iki illik qastrol səfərinin məqsədi öz teatrı üçün vəsait toplamaq idi.[5]
Bu zaman Komissarjevskaya dolayı yolla inqilabi hərəkata dəstək verirdi. Onun xeyriyyə fəaliyyətindən toplanan pulla 1901-1906-cı illərdə sosial-demokrat, sosial-inqilabçı və digər anti-hökumət partiyalarının broşürlərinin çap olunduğu Bakıda yerləşən “Nina mətbəəsi” üçün avadanlıq alınıb.
Komissarjevskaya 1904-cü il sentyabrın 15-də özünün Dram Teatrını (müasir "Passage" ticarət mərkəzinin binasında) açdı. İlk bir neçə ildə teatrın quruluşçu rejissor bölməsinə Vera Komissarjevskayanın qardaşı Fyodor Komissarjevski rəhbərlik edib. Repertuarın əsasını İbsenin, Çexovun və Ostrovskinin əsərləri təşkil edirdi.
1906-cı ildən Vsevolod Meyerhold Komissarjevskaya Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. Meyerhold bir mövsümdə ərzində burda 13 tamaşa hazırlamışdı. Lakin bir neçə uğursuzluqdan sonra Komissarjevskaya ona teatrdan getmək təklifi etdi. Meyerhold ilə ayrılıqdan sonra simvolist şair Valeri Bryusov teatra dəvət olundu. Lakin bu əməkdaşlıq uğurlu alınmadı.[6]
1909-cu ildə Komissarjevskayanın öz teatrının fəaliyyətindən məyus olması onu çətin bir qərar verməyə məcbur etdi. O, öz yaratdığı teatrı tərk etmək qərarını verdi. Vera Fedorovna yeni bir arzusunu, teatr məktəbi yaratmağı reallaşdırmaq fikrinə düşdü. Bu məqsədi üçün o, yenidən qastrol səfərlərinə çıxdı. Amma bu qastrol səfəri onun həyatında sonuncu qastrol oldu.
Komissarjevskaya 10 (23) fevral 1910-cu ildə qastrol səfəri zamanı Daşkənddə çiçək xəstəliyinə yoluxdu. Çox keçmədən elə orda vəfat etdi. Komissarjevskayanın ölümü cəmiyyət tərəfindən genişmiqyaslı faciə kimi qəbul edildi. Bir həftə ərzində mərhumun cəsədi ilə ikiqat möhürlənmiş sink tabut Türküstan bölgəsindən dəmir yolu ilə Sankt-Peterburqa gəlib çatdı. Hər gün mərkəzi qəzetlər dəfn qatarının hərəkəti ilə bağlı xəbərlər dərc edirdilər. Moskvada tabutun Kazan vağzalından Nikolaevski stansiyasına aparılması zamanı on minlərlə insan aktrisa ilə vidalaşmaq üçün Kalançevskaya meydanına toplaşmışdı.[7] Peterburqda onun nəşini on minlərlə insan qarşıladı.Vera Komissarjevskaya fevralın 20-də Aleksandr Nevski Lavrasının Nikolskoye qəbiristanlığında dəfn edildi.[8]
1915-ci il sentyabrın 17-də heykəltəraş Mariya Dillon tərəfindən aktrisanın məzarı üzərinə qoyulmuş qəbir daşının açılışı oldu. Müasirləri, əksər hallarda, bir fikirdə yekdil idi ki, Mariya Dillon aktrisanı hər kəsin xatırladığı kimi təsvir edib: "Fiqurun xarakterik yana əyilməsi və bürüncdə simvolik məna kəsb edən “görünməz pərdəni geri itələməyə hazır olan” əl jestini müasirləri onun canlı obrazı kimi qəbul edirlər. Onlar onun iri, qeyri-adi ifadəli gözlərini heykəldə görürlər. Komissarjevskayanın üzündə yorğunluq, düşüncələrinin və üzüntülərinin izləri var: Dillon onu həyatının son, ən dramatik dövründə təsvir edib. Müasirlərinin “rus səhnəsinin qağayısı” adlandırdığı aktrisanın həssas və simpatik ruhunun iztirablarını əks etdirən bu görünüş çox cəlbedicidir. Aktrisa durur, fikirli şəkildə daş stellaya söykənir, əlində bükülmüş kağız parçasını saxlayıt. Bu onun rolunun mətnidir". Anonim rəyçi bu haqda yazır: "Onun ayaqları altında ölü bir qağayı var idi, lakin ruhanilərin xahişi ilə indi xurma budağı ilə əvəz edilmişdir." Başqa bir müasir jurnalist hesab edir ki, heykəltəraşın yaratdığı obrazda Nina rolunda Komissarjevskayanı görmək olmaz: bu, aktrisanın özünə bir abidədir, onun rollarından biri deyil".[9][10]
Nikolskoye qəbiristanlığında olan Vera Komissarjevskaya qəbri 1936-cı ildə Aleksandr Nevski Lavrasının Tixvin qəbiristanlığı ərazisində yeni yaradılmış İncəsənət Xadimlərinin Nekropoluna köçürüldü.
1883-cü ildə o,həvəskər rəssam qraf Vladimir Muravyovla silə qurdu. Lakin həyat yoldaşının bacısı Nadejda Skarskaya ilə münasibətləri haqda öyrəndikdən sonra ondan boşandı. Muravyov Vera ilə boşandıqdan dərhal sonra onun bacısı Nadejda ilə evləndi. Bu hadisədən sonra Vera bir ay psixiatriya klinikasında müalicə aldı. 1887-ci ildə o, Raxmaninovun qohumu, dəniz zabiti, teatr və musiqinin böyük pərəstişkarı Sergey İliç Ziloti ilə tanış olur. Onlar nişanlanmalarına baxmayaraq, evlilik baş tutmur. Sonradan Veranın Valeri Bryusovla münasibəti olur. Sergey Ziloti sonralar başqa qadın ilə ailə qurur, general-mayor rütbəsi alır, donanmanın general-leytenantı olur. Ziloti 10 oktyabr 1914-cü ildə 52 yaşında Birinci Dünya müharibəsində öhəlak olur.[11]