Volf Messinq

Volf Qriqoryeviç Messinq (pol. Wolf Grigoriewicz Messing; rus. Во́льф Григо́рьевич (Ге́ршикович) Ме́ссинг ) — SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperementlər ilə nümayiş etdirən estrada artisti. RSFSR əməkdar artisti.

Volf Messinq
pol. Wolf Grigoriewicz Messing
Volf Messinq 1930-cu illərdə
Volf Messinq 1930-cu illərdə
Doğum tarixi
Doğum yeri Qura Kalvariya, Polşa Polşa
Vəfat tarixi (75 yaşında)
Vəfat yeri Moskva, SSRİ
Vəfat səbəbi cərrahiyyə əməliyyatı zamanı ürək dayanması
Dəfn yeri
  • Vostryakovo qəbiristanlığı[d]
Fəaliyyəti hipnozçu, sirk artisti[d]
Mükafatları "RSFSR əməkdar artisti" fəxri adı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gənclik dövrü

[redaktə | mənbəni redaktə et]

Volf Messinq 1899-cu il sentyabr ayının 10-da o dövrlər Rusiya imperiyasının tərkibində olan Varşavanın yaxınlığındakı Qura Kalvariya kəndində doğulub. Kasıb yəhudi ailəsində qeyri-adi yaddaşı və müşahidə qabiliyyəti ilə seçilən balaca Volfun qarşısında ieşibota – ruhani məktəbinə getmək tələbi qoyulur. Uşaq imtina eləyəndə ona "ilahi vəhy" gəlir. Günlərin birində, qaranlıq kənd yolunda qabağında ağ paltarlı, iri cüssəli, gur səsli biri peyda olur və əmr edir: "Sən Tanrının əmriylə ieşibota getməlisən". Anadangəlmə əsəb xəstəsi olan Volf bu hadisədən o qədər həyəcanlanır ki, huşunu itirir, bir neçə gün xəstə yatır. Sonradan baş verənləri atasına danışır və evin ağsaqqalı onun tanrının əmriylə hərəkət etməli olduğunu bildirir. Ruhani məktəbinə gedən Volf bir neçə il sonra onu ieşibota getmək üçün "dilə tutmuş" tanrı elçisinin kim olduğunu biləndə, təkcə atasına yox, tanrıya qarşı belə üsyana qalxır. 13 yaşlı Volf bir gün həmin "tanrı elçisi"nə rast gəlir və bu adamın əslində, atasının onu inandırmaq üçün parayla kirələdiyi tanışı olduğunu anlayır. Volf Messinq özü sonralar "Özüm haqqında" adlı xatirələrində belə yazır: "Deməli, atam məni aldatmaq üçün bu yoldan ötəni dilə tutub, bəlkə pul da verib ki, mənimlə "ilahi" rolu oynasın. Deməli, atam - həmişə ədalətli, düzgün hesab etdiyim atam məni aldadıb. Onda mənim gördüyüm, eşitdiyim hər şey yalandır. Bəlkə Tanrı özü də aldadır?.

13 yaşlı Volf bu hisslərin təsiri altında kənddə Fələstindəki yəhudilər üçün yığılan pulları oğurlayıb, aradan çıxır. Qeyri-adi qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf eləyir. 13 yaşlı Volf bilet əvəzinə bələdçiyə adi kağız parçası uzadır və sadəcə, çox istəyir ki, bu kağızı bilet kimi qəbul edilsin. Bu alınır Volf ilk dəfə anlayır ki, tutulduğu "Ay xəstəliyi" təkcə gecələr durub gəzməklə yekunlaşmırmış, o, həm də hələ sirrini bilmədiyi qeyri-adi qabiliyyətə malikdir.

Berlinə gəlişi

[redaktə | mənbəni redaktə et]

Bununla da Volfun Berlin həyatı başlayır. Günlərin birində yorğunluq və aclıqdan bayılmış Volfu küçədə tapıb həkim Abelin yanına gətirirlər. Abel onda qeyri-adi qabiliyyətin olduğunu başa düşür və gələcək telepat ilk dərslərini alır. Alman dilini pis bilmədiyinə görə yanından keçdiyi adamların düşüncələrini dinləməyə çalışırdı. Bir dəfə özgənin fikirlərini düzgün oxuyub-oxumadığını yoxlamaq üçün fikirli dayanan satıcılardan birinə yaxınlaşıb dedi: "Narahat olmayın, qızınız keçini sağa biləcək". Qadın heyrətlə onun üzünə baxdı. Satıcı kişiyə isə dedi: "Özünüzü üzməyin, qonşunuz sizin borcunuzu qaytaracaq!"

Beləcə, Volf Berlində səyyar ansamblın tərkibinə daxil oldu, öz "psixoloji təcrübələr"ini göstərməyə başladı. Ona impressario təyin etdilər, yavaş-yavaş populyarlıq qazanmağa başladı. Birinci dünya müharibəsi başlayanda Volf Messinqin 15 yaşı vardı.

Memuarında yazır ki, bu illərdə Eynşteynlə, Ziqmund Freydlə görüşür. Məşhur psixiatr 15 yaşlı gənc telepatı özü sınağa çəkir. Bu vaxtdan Volf Messinqin Avropaya, Amerikaya, Asiyanın müxtəlif ölkələrinə turneləri başlayır. Dövrünün məşhur adamlarıyla görüşür. Messinq yüzlərlə insanın yığışdığı salonlarda, meydanlarda ağlagəlməz nömrələrlə çıxış edir, fikirləri oxuyur, gizlənmiş əşyaları tapır, sürücünün fikirlərini oxumaqla gözübağlı şəkildə avtomobili idarə edir. Onun yanına artıq yaxından-uzaqdan müxtəlif problemli, istəkli və niyyətli insanlar gəlməyə başlayır. Telepatın özünün də yazdığına görə, bu illərdə yüzlərlə insana kömək edir, kiminin itmiş əşyasını tapır, kiminə qürbətdəki doğmasından xəbər verir.

Müharibə dövrü

[redaktə | mənbəni redaktə et]

İkinci dünya müharibəsinin başlanması ilə Messinqin qara günləri də başlayır. Telepat 1937-ci ildə kütlə qarşısında çıxış edərkən çəkinmədən bəyan etdi ki, bu qızğın silahlanmanın axırı növbəti dünya müharibəsi ilə başa çatacaq, son hədəf, təbii ki, "kommunizmin yuvası" SSRİ-dir. Ancaq əgər Almaniya SSRİ-nin üzərinə hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş miskinliklə məğlub olacaq! Bu bəyanat ölkədə bomba kimi partladı. Hitler onun həbs edilməsi üçün külli miqdarda mükafat təyin etdi - onu Reyxin və şəxsən özünün 1 N-li düşməni adlandırıb, Messinqi öz əlilə kütlə qarşısında asacağına söz verdi. Bir nömrəli düşmənin başına 200 min marka qiymət qoyuldu, bütün küçələrə, yollar ayrıcına böyüdülmüş şəkli vuruldu, amansız təqib başlandı. Messinq ilk vaxtlar məharətlə iz azdırır, ustalıqla gizlənə bilirdi. Ancaq bir gün o, almanların əlinə keçir və onu həbsxanaya salırlar. Həbsxanada isə parapsixologiya tarixində ən unikal hadisə baş verir: Messinq qüdrət və bəsirətində olan bütün ruhi qüvvəsini, hipnoz, təlqinetmə qabiliyyətini səfərbər edərək, mühafizəçiləri növbə ilə kameraya çağırır, axırda özü çölə çıxır, kameranın ağzını bağlayır və heç nə olmamış kimi çıxıb gedir...

Onun "qırmızılar"ın arasında həyatının firavan keçdiyini qətiyyən demək olmaz. Sovetlərdə ona heç vaxt etibar etmədilər. Elə İkinci dünya müharibəsinin ilk günlərində "bü müharibə nəylə bitəcək" sualına "mən 4 illik müharibənin sonunda Berlində qırmızı ulduzlu tanklar görürəm" cavabı az qala başına bəla olmuşdu. Axı, onda SSRİ ilə Almaniya dost idi. Sonrakı illərdə Messinq əsl vətənpərvər Sovet vətəndaşı kimi arxa cəbhədə var gücüylə çalışdı, zəhmətkeşlər qarşısında konsertlər verdi, müharibə gedə-gedə ilk leqal Sovet milyonçusu oldu, şəxsi vəsaiti hesabına cəbhəyə iki təyyarə düzəltdirib verdi, nəcib əməlləriylə insanlara yardım etdi, xeyriyyəçiliklə məşğul oldu. Messinq bütün fantastik qabiliyyətinə baxmayaraq, özünü sirr haləsinə bürüyüb, müəmma təcəssümü olmaqdan xeyli uzaq, açıq təbiətli adam idi. O istər mütəxəssislər, istər kütlə qarşısında fenomenal qabiliyyətinin sirlərini böyük həvəslə şərh edir, qabiliyyəti olan digər insanlarda da bir işıq ucu görəndə köməyini, məsləhətlərini, insanpərvərliyini əsirgəmirdi. Ruhi qabiliyyəti ilə qeyb aləmindən çıxaraq, pərdə-pərdə şəhadət aləminə yaxınlaşan insanları Messinq xurafat tozundan silkindirməyə çalışır və ən başlıcası: bu qüdrəti insanın rifahı naminə sərf etmək üçün özünün bütün əfsanəvi nüfuz və şöhrətindən istifadə edirdi.

Nə vaxt öləcəyini belə əvvəlcədən bilən ekstrasensin memuarında yazılanları oxuyuruq: "Mənim heç bir qabiliyyətim, səciyyəvi xüsusiyyətim mənə başqa insanlar qarşısında üstünlük vermir. Bunu dərk etmədən əsl ekstrasens olmaq mümkün deyil, çünki bu, fəzilət məsələsidir. Əgər belə qabiliyyəti olan şəxslər öz fitrətini cinayət, şantaj və digər rəzalətli işlərə sərf etsələr, təbiətlərindəki əks proses əvvəl-axır onları fəlakət girdabına yuvarlayacaq". Elə buna görə də, Messinq ömrünün axırınadək vaxtilə adam öldürdüyünü sonsuz iztirabla xatırlayırdı. Bu qətl hadisəsi onun uşaqlıq çağının yadigarı olub. Beş-altı yaşlarında onu yaxınlıqdakı şəhərə, nənəsinin yanına yollayıblarmış. Həddən ziyadə dəcəl, ipə-sapa yatmayan uşaq olduğundan, atası bərk-bərk xəbərdarlıq edibmiş ki, əgər şıltaqlıq edib həddini aşsa, vaqon bələdçisi gəlib onu kisəyə salıb, ağzını bağlayacaq. Volfun tapşırıldığı qarıların ağzı söhbətə qızışdığından vaqonun tamburuna qaçan uşaqdan xəbərləri olmur. Bələdçi fənərlə künc-bucağı işıqlandırır və "sən burda neynirsən, dovşan? Dur get vaqona, durma burda" deyib qapının ağzında dayanır. Volf bərk sevindi ki, onu kisəyə salıb ağzını bağlamadılar, elə sevincək halda da düşünür: "Nə kef olardı, bu əmi açarla qapını açıb, vaqondan çölə tullansa!" Bələdçi səssiz komanda eşidibmiş kimi qapını açıb çölə tullanır və həlak olur…

Barəsində olan iddialar

[redaktə | mənbəni redaktə et]

Bu gün dünyanın məşhur telapatlarından və ektrasenslərindən ən çox onun barəsində müzakirələr aparılır, məhz Messinqin qeyri-adi qabiliyyətləri mübahisə doğurur, əsasən məşhur "Özüm haqqında" memuarının hər məqamı araşdırılmaya məruz qalır. Məsələn, təsəvvür edin ki, indiyə kimi onun barəsində elə yalnız bu yazıda oxuduqlarınızın hamısı birbəbir təftiş olunur və Messinqin öz adı ətrafında sadəcə, bir mif yaratdığı iddia edilir. Ona görə də XX əsrin bu məşhur telepatı və hipnozçusu barədə tam dolğunluğu ilə məlumat almaq üçün Messinqi zındıq hesab edənləri də dinləməkdən imtina etməyək. İnkarçıların bəzi fikriylə tanış olaq.

  1. Araşdırmaçı Şenfeld yazır ki, Messinqin memuarı özü yox, 60-cı illərin jurnalist-populyarizatoru "Mixvas" ləqəbli Mixail Xvastunov tərəfindən yazılıb. Çünki Messinq tam savadlı deyildi və rus dilində də səlis yaza bilmirdi.
  2. Memuarda Volf Messinqin Eynşteynlə, Freydlə Vyanada görüşməyi barədə yazılanlar yalandır. Çünki Vyanada Eynşteynin heç vaxt evi olmayıb və 1913-1925-ci illər arasında dahi fizik, ümumiyyətlə, Vyanaya gəlməyib.
  3. Almaniya, Polşa və digər ölkələrin mətbuatında Messinqin memuarda iddia etdiyi tarixlərdə (məşhur telepat olmağı, konsertlər təşkil etməyi, turnelərə çıxmağı, axtarışa verilməyi və s.) onun barəsində materiala rast gəlinməyib.
  4. Həmçinin, eyni qaydada, nə SSRİ təhlükəsizlik orqanlarının dosyelərində, nə də Kremlin qeydiyyat jurnallarında Volf Qriqoryeviçin barəsində hansısa məlumat, Kremlə gəlişi və çıxışı, yoldaş Stalinlə görüşləri barədə qeydlər yoxdur.
  5. Hansısa əmanət bankından pul almağı isə, o dövrün bank mütəxəssisləri, elə indikilər də birmənalı şəkildə bildirirlər ki, bankdan pul almaq üçün qəbzi xəzinədara yox, mühasibə verməlisən. Alınacaq məbləğ böyük olduqda isə instansiyaların sayı artır.

Messinq nə qədər mehriban, ünsiyyətcil insan olsa da, ömrünün sonuna qədər tənha bir həyat yaşamışdı. Əvvəldən anadan yetim qalan Volfun atası, qardaşları, ümumiyyətlə, bütün yaxın qohum-əqrəbası müharibənin ikinci ilində ölüm düşərgəsi Maydanekdə həlak olmuşdular. SSRİ-də isə eksperimentlərdə ona yardım edən Aida Mixaylovna Raportla evlənsə də, övladı olmadı, ardınca qadın da vəfat etdi. Beləcə, bütün ömrünü sovetlərin estrada səhnəsində keçirməyə məcbur olan RSFSR-in əməkdar artisti yoldaş Volf Qriqoryeviç Messinq sonuncu dəfə 1974-cü ildə Moskvadakı "Oktyabr" kinoteatrında çıxış etdi və həmin ilin noyabr ayının 8-də axşam saat 11-də ürəyində keçirilən cərrahiyyə əməliyyatından sağ çıxa bilmədi. Sovet hakimiyyəti dostlarına və həmkarlarına onun qəbrinin üstünü götürməyə icazə vermədi.