Xəlil Fikrət Kanad

Xəlil Fikrət Kanad (5 yanvar 18921974, Ankara) — Türkiyə yazıçısı və pedaqoqu.

Xəlil Fikrət Kanad
Doğum tarixi 5 yanvar 1892(1892-01-05)
Vəfat tarixi 1974
Vəfat yeri
Təhsili
Fəaliyyəti müəllif, pedaqoq

Xəlil Fikrət Kanad 5 yanvar 1892-ci ildə Yunanıstanda — o zaman türklərin sıx yaşadığı Manastrın Serficə qəsəbəsində Osman bəyin ailəsində anadan olmuşdur. Çox erkən – altı aylığında atası vəfat etmiş, ailənin bütün ağırlığı anasının üzərinə düşmüşdü. X. Fikrət doğma kəndlərində ibtidai təhsil almış, 10 yaşında Manastrda yeni açılan sənaye məktəbinə (sənət məktəbinə) göndərilmişdi. Sənət məktəblərində tədris olunan fənlər o zamankı rüşdiyyələrdə-orta məktəblərdə öyrədilən fənlərlə, əsasən, eyni idi. Sənət məktəblərində əlavə olaraq dərzilik, pinəçilik, mürəttiblik öyrədilirdi. O dövrdə Türkiyədə orta məktəblərin son imtahanlarında uğur qazananlardan yaşca böyük olanlar Fransaya, kiçik olanlar isə Almaniyaya göndərilirdi. Almaniyadakı təhsil mühiti Xəlil Fikrətin görkəmli təhsil işçisi və bir alim kimi formalaşmağında mühüm rol oynamışdır. O, 1910–1912-ci illərdə Almaniya liseylərinin birində almanca mükəmməl öyrənmiş, əvvəlcə Berlin Universitetinin fəlsəfə, sonra Leyspiq Universitetinin pedoqoji fakültəsində təhsil almışdır. O, Türkiyədə təhsil sahəsində dissertasiya müdafiə edən ilk elmlər doktorudur.

1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə Bakıya gəlmiş, Nazirliyin məktəbəqədər təhsil bölümünün rəhbəri təyin edilmişdir. O dövrdə Nazirliyin nəşriyyat şöbəsinə X. Fikrətlə Bakıya gələn Mühiddin Birgün rəhbərlik edirdi. X. Fikrət 1923–1926-cı illərdə Bakı Dövlət Universitetində pedaqogika və psixologiya fənlərini tədris etmişdir. Bakıda işləyərkən onun ən böyük xidməti azərbaycanlı tələbələr üçün ilk dəfə olaraq ana dilində ―Tədris və tərbiyə tarixi" adlı 2 cildlik dərslik yazması olmuşdur. Birinci cild 1924 və 1926-cı illərdə, ikinci cild isə 1926-cı ildə "Azərnəşr" tərəfindən çap edilmişdir.

Xəlil Fikrət Bakıda işləyərkən "Coğrafiyanın tədris üsulu" adlı kitab yazmışdır. Bakıda nəşrinə nail ola bilmədiyi həmin kitabı 1927-ci ildə bəzi əlavələrlə Türkiyədə nəşr etdirmişdir.

1926-cı ildə Xəlil Fikrət Odenvald məktəbinin təcrübəsini öyrənmək üçün Almaniyaya gedir. Təhsil uğurlarına görə həmin məktəb nəinki Almaniyada , həm də Avropada məşhur idi. Böyük istək və arzularla yaşayan Xəlil Fikrət öyrəndiyi təcrübəni tətbiq etmək üçün Bakıya qayıtmaq istəsə də , ona sovet hökuməti ona Azərbaycana gəlməyə viza vermir. Həmin dövrdə keçmiş SSRİ-də siyasi vəziyyət kəskin şəkildə dəyişmişdi. O, 1927-ci ildə Almaniyadan Türkiyəyə dönmək məcburiyyətində qalır.

Xəlil Fikrət, həqiqətən, öz dövründə Azərbaycanda və Türkiyədə ən çox yazan və məqalələri nəşr olunan pedaqoq alimdir. O, on beşə qədər kitab və kitabçanın, dərslik və dərs vəsaitinin , Bakıda ("Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət","Məktəb", "Maarif işçisi", "Yeni məktəb") və Türkiyədə("Tərbiyə", "Karınca", "Hayat") nəşr olunan jurnallarda çap edilmiş onlarla elmi məqalənin müəllifidir.

Onun Azərbaycandakı elmi-pedoqji fəaliyyəti alimlərin də diqqətində olmuşdur. Bu sahədə Fərrux Rüstəmovun tədqiqatlarını misal göstərmək olar. Onun bu yaxınlarda respublikanın ən məşhur jurnallarından olan ―"Azərbaycan məktəbi" jurnalında [№ 6. (658) səh. 21–29] nəşr edilmiş ―Azərbaycan-Türkiyə Elmi-Pedoqoji Əlaqələrinin inkişaf tarixindən‖ adlı məqaləsində görkəmli pedaqoq alimin, elmi-pedaqoji fəaliyyəti təqdiq edilmişdir.

Azərbaycanın pedaqoq alimi professor Fərrux Rüstəmov yazır: Xəlil Fikrətin əsərlərinin ümumi həcmi üç min səhifədən artıqdır. Onun pedoqoji yaradıcılığı çoxşaxəlidir. Tərbiyənin psixoloji, sosialoji əsasları, nəzəri və praktik problemləri, ailə tərbiyəsi, çətin uşaqların tərbiyəsi, təhsil tarixi ilə bağlı maraqlı və ciddi elmi araşdırmaları vardır. Onun yaradıcılığında aşağıdakı istiqamətlər aparıcıdır: Təhsil psioxologiyası, tədris metodları və tədris proqramları, təhsil sosiologiyası, təhsil tarixi, xalq təhsili, təhsil fəlsəfəsi və s. Beləliklə, Xəlil Fikrət Kanad təkcə Türkiyədə və Almaniyada deyil, Azərbaycanda da məşhur pedaqoq alim kimi tanınmaqdadır.