Xanlar ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir (Qarabağ xanlığı, Şuşa; 1775–1832; Şuşa, Rusiya imperiyası) — Cavanşirlər sülaləsinin üzvü, Qarabağın sonuncu müstəqil xanı olan İbrahimxəlil xanın oğlu, Rusiya İmperator Ordusunun polkovniki.[1]
Xanlar ağa Sarıcalı-Cavanşir | |
---|---|
Xanlar ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Qarabağ xanlığı |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa, Qafqaz canişinliyi |
Atası | İbrahimxəlil xan |
Fəaliyyəti | zabit |
1775-ci ildə dünyaya gələn Xanlar ağa Cavanşir İbrahimxəlil xan Cavanşirlə Avar və Məhəmməd Nutsal xan Avarın qızı olan Bikə Xanımın evliliyindən dünyaya gəlmişdir.[2] Qafqazdakı rus ordusunun komandanı olan Pavel Sisianovun 1805-ci ilin noyabrında yazmış olduğu hesabata əsasən həmin zaman 30 yaşı olmuşdur.[3]
Gənc ikən onu böyük qardaşı və xanlığın əsas vəlihədi Məhəmmədhəsən ağa Cavanşirə qarşı istifadə etmək istəsələr də, o, buna qatılmamışdır. 1805-ci ilin may ayında Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında imzalanmış Kürəkçay müqaviləsinə görə xanlıq tam müstəqilliyini itirmiş və Rusiyanın asılılığına keçmişdir. Bundan sonra Sisianovun təklifinə əsasən 1805-ci ilin iyul ayının 8-də Xanlar ağaya Rusiya İmperator Ordusunun polkovniki rütbəsi verilmişdir.[4]
Rusiya və Qacar imperiyaları arasında gedən birinci müharibənin gedişatında İbrahimxəlil xan Cavanşir 1806-cı ilin 27 may tarixində Xankəndində heç bir səbəb olmadan rus zabiti mayor Lisaneviçin komandanlığındakı dəstə tərəfindən ailəsi ilə birlikdə qətlə yetirildi. Bundan qorxan Xanlar ağa Qacar imperiyasına qaçdı. Bir qədər sonra Qafqaza yeni təyin edilən rus komandanı İvan Qudoviçdən qardaşı Mehdiqulu xan Cavanşirin xahişindən sonra vətəninə geri dönməyinə icazə verilmiş, Tiflisə gedərək andını təzələmiş və polkovnik rütbəsi yenidən bərpa edilmişdir. Beləliklə, Xanlar ağanən vətəninə geri dönməsi 1807-ci ilin aprelində baş vermişdir.[1][5]
Xanlar ağanın 1823-cü ilə qədər Qarabağ xanlığında iki növdə gəliri mövcud idi. Birinci ipək, quru meyvələr, metal məmulatlar, pambıq, kök ağacı və digər ticarət məhsullarının dövriyyəsindən ona verilən gəlir, ikincisi isə xırdabuynuzlu və xırdabuynuzlu mal-qara satışından gələn vergi gəliri idi. Bu gəlirlər 1823-cü ildə Qafqaz hakimi Aleksey Yermolovun əmri ilə birbaşa xəzinəyə tabe etdirildi və xəzinədən Xanlar ağaya pul verilməsinə başlanıldı. Bu pulun məbləği illik 371.44 rubl idi. 1822-ci ildə Qarabağ xanlığının daxili müstəqilliyinin də ləğv edilməsindən sonra Xanlar ağaya irsi mülkiyyətində qalması ilə 10 kənd və oymaq verildi. Onun 1832-ci ildəki ölümündən sonra bu gəlirlər və mülk ögəy qardaşı Əhməd ağa Cavanşirə keçdi.[6]
Xanlar ağa və yaxınlarının mülkiyyətində 20 kənd və oymaq (Lənbəran, Daşbulaq, Kövük, Bazarkənd, Damğalı adlı kəndləri, Hacısamlı, Nəzirli, Cinli və Binələr (Malbinəsi, Qoyunbinəsi) və s.) var idi. Bu kənd və oymaqlarda ümumilikdə 948 ailə yaşayır, onlardan 578 nəfəri vergi ödəyicisi, 370 nəfəri isə qeyriləri idi. Həmçinin bu əhalinin böyük əksəriyyəti - 92 faizi türk-müsəlman, çok kiçik bir hissəsi 79 ailəsi qeyri-türk və ya qeyri-müsəlman idi.[7]
Xanlar ağa 1832-ci ildə vəfat еdib. Xanlar ağanın övladı olmayıb.
Ənvər Çingizoğlu. Cavanşir eli: Sarıcalı oymağı. Bakı: Mütərcim. 2015. 500.