Şah Abbas və Xurşid Banu — Üzeyir bəy Hacıbəyovun dördüncü muğam operası. Librettosu da Üzeyir bəy Hacıbəyovundur. Azərbaycan xalq nağılının motivləri əsasında yazılmışdır. 4 pərdəli, 6 şəkillidir.
Şah Abbas və Xurşid Banu | |
---|---|
Bəstəkar | |
Librettoçu | Üzeyir Hacıbəyov |
Dili | Azərbaycan dili |
Janr | muğam |
Pərdə | 4 |
Yaradılma tarixi | 1911 |
İlk səhnələşdirmə |
23 mart 1912 Azərbaycan Respublikası |
Vikianbarda əlaqəli mediafayllar |
Opera ilk dəfə 1912 il martın 10-da (23-də) Nikitin qardaşlarının sirkində tamaşaya qoyulmuşdur. Tamaşanın rejissoru H. Ərəblinski, dirijoru M. Maqomayev idi. Rollarda H. Sarabski (Şah Abbas), Ə. Ağdamski (Xurşid Banu), H. Terequlov (Məstavər) və b. çıxış etmişlər. Opera Azərbaycan səhnəsində 30-cu illərədək tamaşaya qoyulurdu.
Əvvəlki operalarından fərqli olaraq xoşbəxt sonluqla bitən bu əsərin qəhrəmanı mənsəbpərəst və şöhrətpərəst şaha qalib gəlmiş sadə odunçu qızıdır. Əsərdə xeyir şərə qalib gəlir, ülvi məhəbbət zəfər çalır. Hacıbəyovun əvvəlki əsərlərindəki kimi, burada da muğamlardan geniş istifadə olunur. Lakin əsərdə müəllif materialı xeyli artırılmışdır ki, bu da müəllifin yaradıcılıq inkişafına dəlalət edir. Hacıbəyov qəhrəmanların fərdi xüsusiyyətlərini əks etdirən musiqi yarada bilmişdir. Operada ən böyük uğur Şah Abbasın partiyasıdır. Muğam operalarında ilk dəfə olaraq ənənəvi-klassik tipli ariya səslənir (birinci pərdədə).
Lakin bununla belə bu ariyada milli lad-intonasiyası da aydın hiss olunur. Ariya dramaturji cəhətdən də çox maraqlıdır. Burada Şah Abbas obrazı hərtərəfli təsvir olunur, onun həm xəyalpərəst, şairanə, dərin hisslərlə yaşayan bir şəxs, həm də hökmran, qətiyyətli bir şah olması açıqlanır. Ariyanın iki planlı məzmunu bir tərəfdən—lirik, yumşaq, digər tərəfdən isə—marşabənzər ruhda olub, Heyratı zərbi muğamını xatırladır. Şah Abbasın bu ariyası sonralar M. Maqomayevin "Şah İsmayıl" operasındakı Aslan şahın ariyasının yaranması üçün zəmin yaratdı. Bu ariya Hacıbəyovun gələcək opera üslubu üçün çox mühüm əhəmiyyət kəsb edirdi. Operada Xurşid Banunun birinci pərdədəki ariyası, Məstavərin partiyası da müəllif musiqisi ilə ifadə olunur. Hacıbəyov üçün ənənəvi olan musiqi tərzi və yeni musiqi ifadələri bəstəkarın əvvəllər istifadə etdiyi musiqi vasitələrini xeyli genişləndirdi, operanın böyük müvəffəqiyyətinə səbəb oldu.