"Xortdanın cəhənnəm məktubları" povesti — Ə. Haqverdiyevin ən iri həcmli nəsr əsəridir. Əsər 1906-cı ildə Molla Nəsrəddin jurnalında çap olunsa da, 1930-cu il- də "Odabaşının hekayəsi" ona əlavə olunaraq ayrıca kitab halında çap olunmuşdur.
Bu povestdə əsas ideya xalqın tərəqqisinə mane olan ictimai təbəqələrin, habelə o dövrdə Azərbaycandakı mühafizəkar qüvvələri tənqid etməkdir. Lakin yazıçı yeri gəldikdə başqa ciddi siyasi-ictimai mətləblərə də toxunmuşdur.
Yazıçı "Xortdanın cəhənnəm məktubları" povestində həyatda görüb müşahidə etdiyi mənfi tipləri "cəhənnəm" adlanan məkanda cəmləşdirərək ideya və mövzu baxımından zəngin bir əsər yaratmışdır.[1]
"Xortdanın cəhənnəm məktubları" povestinin mövzusu yazıçının özünün dediyi kimi, "mənfi tiplər cəmiyyəti" ilə əlaqədardır. Povestdə həm bu dünyanın, həm də cəhənnəmin təsvirində üç əsas mövzu diqqəti cəlb edir. Bunlardan birincisi, fırıldaqçı din xadimlərinin ifşasıdır. Bu mövzu müqəddimə hissəsindən başlayaraq bütün əsər boyu davam edir.
İkinci mövzu burjua-mülkədar cəmiyyətinin ifşası məsələsidir. Ədib burjua-mülkədar cəmiyyətinin geniş təhlilini və tənqidini vermir. Bu mövzu ayrı-ayrı dövlət nümayəndələrinin satirik portretlərində və sözgəlişi toxunulan bəzi siyasi-ictimai mətləblərdə, hadisələrdə bədii həllini tapmışdır. Ədib bu mövzunu, əsasən, iki istiqamətdə inkişaf etdirir:
"Xortdanın cəhənnəm məktubları"ndakı tənqidi mətləblərdən biri də çarizmin müstəmləkəçilik siyasətinin kəskin ifşasıdır. Əsər boyu müxtəlif ictimai-siyasi məsələlərlə əlaqədar olaraq ədib cəmiyyətdəki ədalətsizliyin, rəzalətin əsas dayağı kimi çarizmin fitnəkar siyasətini, habelə onun Azərbaycandakı nümayəndələrini kəskin ifşa edir.
Ə. Haqverdiyev dövrün bir ziyalı yazıçısı kimi həmin fırıldaqçıları, dələduzları uyğun bir məkana – cəhənnəmə toplayaraq "mənfi tiplər cəmiyyəti"ni yaratdı və açıq-aşkarcasına onları ifşa etməyə başladı. "Xortdanın cəhənnəm məktubları" həmin dövrün mənfi tiplərini yaxından görüb tanımaq üçün çox böyük əhəmiyyətə malik bir povestdir.[1]
"Xortdanın cəhənnəm məktubları"nda Haqverdiyev bir çox mövzulara toxunduğuna görə süjet və kompozisiya baxımından çoxşaxəli və orijinaldır. Povestdə bu dünyada yaşayan mənfi tiplərlə o biri dünyada yaşayan mənfi tiplər arasında o qədər də böyük fərq göstərilmir. Sadəcə o biri dünya, yəni cəhənnəm real dünyadakı mənfi tip insanların sonuncu aqibət məkanıdır. Xortdan Tiflisdən Şuşaya gəlincə yetimlərin malını yeyən Musa bəy kimi bəylərə, Mirzə Səttar kimi gedib "dərs gətirən" müəllimlərə, hiyleyi-şəriyyə ilə məşğul olan axundlara, Məşədi Seyfulla kimi fırıldaq yolu ilə xalqı soyanlara, təziyadarlara rast gəlir. Ancaq onlar törətdikləri əməllərə görə o biri dünyada heç də peşman deyil, əksinə, yeri gələndə özlərinə haqq qazandırmağa da çalışırlar.
"Xortdanın cəhənnəm məktubları" povesti süjet baxımından mürəkkəbdir, çoxşaxəlidir. Belə ki, əsas süjetdən çıxış edən, onunla bağlı olan bir sıra xırda süjet xətləri də vardır. Xortdanın hər iki dünyada qarşılaşdığı insanlar haqqında olan əhvalatların hər biri özlüyündə kiçik bir süjetə malikdir. Povestdə süjetin ekspozisiya mərhələsini Xortdanın ağlına cəhənnəmə getmək fikrinin gəlməsi, Mirzə Qoşunəlinin yanına – Şuşaya Tiflisdən gedən zaman başına gələn əhvalatlar, burada qarşılaşdığı insanlar, nəhayət, Şuşaya gəlib çıxması təşkil edir. Xortdanın on gün müddətində həmin iksirin qəbul etməsi, Tiflisə gəlməsi, vaxt tamam olduqdan sonra cəhənnəmə gəlməsi mərhələsini zavyazka (bədii düyün) mərhələsini təşkil edir. Kulminasiya (bədii zirvə) mərhələsini isə Veyl quyusu ilə bağlı olan əhvalatlardır. Razvyazka (düyünün açılması) mərhələsində ziddiyyətlər tədricən açılmağa, ayrı-ayrı surətlər, qruplar arasında olan münaqişə zəifləməyə doğru gedir. Povestdə rus kazaklarının, zabit və generallarının çar ikinci Nikolayın cəhənnəmə gəlməsi, Xortdanın cəhənnəmi tərk etməsi razvyazka (düyünün açılması) mərhələsini təşkil edir. Nəhayət, final (bədii yekun) mərhələsində hadisələr sona yetir. Xortdanın bu dünyaya qayıtması, qayıtdıqdan sonra yeni dünyanın yarandığını görməsi, dörd ildən çox vaxtın keçməsi ilə dünyanın dəyişməsi, zəhmətkeşlərin hakimiyyəti final mərhələsidir.
Povestin baş qəhrəmanı olan Xortdan nə mənfi, nə də müsbət surətdir. "Xortdan – qorxunc görünüşlü mifik vücuddur". Ə. Haqverdiyevin məhz Xortdan surətini seçməsi təsadüfi deyildi. Avam camaat arasında uşaqları xortdanla qorxutmaq, həyatda şər əlamətləri Xortdanın ünvanına yazmaq uzun müddət dəb halında olmuşdur. Ə. Haqverdiyev də camaat içərisindəki bu cəhalət əlamətini Xortdan surətini yaratmaqla lağa qoymuşdu, gülüş hədəfi etmişdi.