Yoldaş Koroğlu (hekayə)

Yoldaş Koroğlu pyesi 1956-cı ildə Abbas Zamanov tərəfindən Azərnəşrdə çap edilən "Seçilmiş Əsərləri" adlı kitabda yer almışdır. Əbdürrəhim Bəy Haqverdiyev bu əsəri ölümündən bir il əvvəl, 1932-ci ildə qələmə almışdır. Tamaşa doqquz pərdədən ibarətdir. Müəllif bu tamaşada baş qəhrəmanın adını "Koroğlu" adlandırır. Bununla müəllif bu personajın mübarizəsini xalq qəhrəmanı "Koroğlu"-nun mübarizəsinə bənzədir. Orta əsr qəhrəmanından ayırmaq üçün onu "Yoldaş Koroğlu" adlandıraraq bir sovet qəhrəmanı canlandırır.

Koroğlu (Salman) gənc yaşlarında bəylər və ağalarla mübarizəyə başlayır və bunun nəticəsində kənddə sosializm qurulur. Lakin bu mübarizə bitmir, o yeni sistemin verdiyi fürsətlərdən yararlanmaq üçün gecə-gündüz çalışır və xalqının inkişafı üçün səy göstərir[1].

Hadisə İsrafilin evində başlayır. İsrafil və oğlu Salman şəhərdə dilənçilik edir, axşam evlərinə qayıdırlar. Bu vaxt Hacı Bayram gəlir və İsrafilə oğlunu ona qulluqçu verməsini xahiş edir və Salman atasına orada işləmək istədiyini söyləyir. Hacı Bayramdan getdikdən sonra kənddə kommunizmi təbliğ edən Mirzə Həsən gəlir və Salmanla söhbət zamanı yeni hökumətin formalaşmasına az bir vaxt qaldığını və kəndə hamının hazır vəziyyətdə olmasını söyləyir və gedir.

İkinci pərdədə hadisələr Hacı Bayramın malikanəsində baş verir. Salman yeni müqaviləni imzalayaraq burada işə başlayır və atası kor olduğu üçün onu Koroğlu adlandırırlar. Salman ilə işləyən qulluqçu, onun səhv yerə gəldiyini söyləyir və Hacı Bayramın qəddar bir insan olduğu barədə onu xəbərdar edir. Bu vaxt, Hacı Bayram qonşu kənddə ona bir az borcu olan bir bəylə kəndlilər arasında silahlı toqquşma olduğu xəbəri gəlir və Hacı Bayram köməkçisi ilə dərhal oraya gedir.

Üçüncü pərdədə qonşu kənddəki münaqişəni eşidən kənd sakinləri Hacı Bayramın evinin qarşısına toplaşaraq onun əmlakına sahib olmağa çalışırlar. Ancaq kənd müəllimi Mirzə Həsən oraya gəlir və camaatı sakitləşdirir. O, Bakıda Şura hökumətinin qurulduğunu bildirir və camaatı qanunsuz əməllərdən çəkindirməyə çalışır.

Dördüncü pərdədə hadisələr Molla Vəlinin evində baş verir. Yeni hökumətə qarşı çıxanlar burada görüşür və kəndliləri özlərinə tərəf çəkməyəin yollarını axtarırlar. Molla Vəli hətta kənd müəllimi Mirzə Həsənin öldürülməsi üçün fətva verir.

Beşinci pərdədə artıq Şura hökuməti kənddə öz işinə başlayır və Bakıdan gələn hökumət nümayəndəsi yeni dövrün özəllikləri barədə xalqa məlumat verir. Camaat yeni sistemi böyük coşquyla alqışlayır və yeni məktəblərdə təhsil alacaqlarına sevinir. Hacı Bayram camaatın arasından çıxır və bütün var-dövlətini hökumətə təhvil verəcəyini vəd edir.

Altıncı pərdədə yeni hökumətə qarşı çıxanlar yenidən Molla Vəlinin evində toplaşırlar. Molla Vəli çıxış yolunu yalnız silahlanmaqda görür və hamı bunun üçün ona pul verir.

Yeddinci pərdə döyüş səhnəsinin təsviri ilə başlayır. Hökumətlə qiyamçılar arasında silahlı toqquşma baş verir və kəndin gəncləri Koroğlunun rəhbərliyi altında qəhrəmanlıq göstərərək üsyanı yatırırlar. Üsyançılardan bir neçəsi öldürülür, digərləri başda Molla Vəli olmaqla həbs olunurlar.

Səkkizinci pərdədə kənddə yeni bir hökumətin qurulmasından bir neçə il keçir və hökumət üzvləri kənd idarəsində bir iclas keçirirlər. İclasın vacib məsələsi "kollektivləşmə" olur. Mirzə Həsən və Yoldaş Koroğlu kollektivləşmənin kəndlilərə verəcəyi töhfədən danışır və kəndliləri buna inandırmağa müvəffəq olurlar.

Doqquzuncu, həm də sonuncu pərdədə pambıq tarlası təsvir edilmişdir. Hər kəs bu il kənddə məhsulun bol olduğunu qeyd edir. Bu vaxt kəndə qayıdan Hacı Bayram kənd sakinlərindən üzr istəyir və onlarla birlikdə kənddə işləməyə hazır olduğunu söyləyir. Koroğlu başda olmaqla kəndlilər, ona kənddə qalmasına imkan verir və beləliklə kənddə bayram şənliyi davam edir[1].

Koroğlu surəti

[redaktə | mənbəni redaktə et]

Əsl adı Salman olsa da, el arasında Koroğlu kimi tanınan gənc, kəndlidir. Haqqı və ədaləti sevən Koroğlu; bəylərə, ağalara və xanlara qarşı üsyana rəhbərlik edir və kənddə yeni hökumət qurulması üçün çox çalışır. Yeni hökumətin faydalı işlər görəcəyinə inanaraq deyir:

" Yoldaşlar! Bu gün təzə hökümətimizin, Şura hökümətinin vəkilləri bizim kəndə təşrif gətiriblər. Onların, bizim indiyədək bəylər, xanlar, dövlətli hacılar ayaqları altında tapdalanan kəndimizə gəlməklərini ürəkdən alqışlayıb deyirik: yaşasın Şura höküməti![1] "

İsrafil Koroğlunun (Salmanın) atasıdır. Uşaqlıqda keçirdiyi xəstəlikdən sonra gözləri kor olur və yaşamaq üçün dilənçilik edir. Lakin Şura hökuməti qurulandan sonra, kəndlilərin əksəriyyəti kimi, parlaq gələcəyə ümid edir və hökuməti hər şəkildə dəstəkləməyə çalışır.

Şərəf İsrafilin həyat yoldaşıdır. Ərinə və ailəsinə sadiq bir qadındır. İsrafilin qocalmasına baxmayaraq hələ də işiləməsi onu narahat edir. Ümid edir ki, Salman gələcəkdə onları bu çətin yaşayış şəraitindən xilas edəcəkdir.

Hacı Bayram Şura hökumətindən əvvəl kəndin ən varlı adamlarından biri idi. Kəndlilərə qarşı həmişə amansızcasına davranır və haqqlarını yeyir. Evində işləyən qulluqçuların maaşlarını vaxtında ödəmir. Lakin yeni hökumət qurulduqdan sonra onunla silahlı qarşıdurmaya girmir və İrana qaçır. Son pərdədə yenidən kəndə qayıdır və hər kəsə işçi kimi yaşamağa hazır olduğunu vəd edir.

Mirzə Həsən kəndin müəllimidir. Kənd camaatını maarifləndirməyə çalışmaqla yanaşı, sosializmi də təbliğa edir. Salmanın və kəndin digər gənclərinin kommunizm ideologiyasında tərbiyə almasında mühüm rol oynayır. Həmişə haqqın və ədalətin tərəfində olan Mirzə Həsən kənd sakinlərinə qanunsuz əməllər etməməyi tövsiyə edir.

Molla Vəli kəndin mollasıdır. Öz maraqlarını güdən və eyni zamanda saxtakar biridir. O, camaatı yeni hökumətə qarşı üsyan etməyə çağırır və bir çoxların ölümünə səbəb olur və sonda hökumət tərəfindən tutularaq həbs olunur.

Güldəstə, Hacı Bayramın qızıdır. Atasından fərqli olaraq, mehriban bir insan olan Güldəstə, evlərində işləyən qulluqçularla yaxşı davranır və atasından gizli onlara yemək-içmək daşıyır. Sonda atası ilə birlikdə qaçdığı İranda xəstəlikdən ölür.

Rəhim, Hacı Bayramın xidmətçisidir. Çalışqan və öz haqqını müdafiə edən biridir. Salmanın təsiri ilə sosializmi dəstəkləməyə başlayır və Hacı Bayrama qarşı çıxır. Kənddə yeni hökumətin qurulmasında mühüm rol oynayır.

Mahmud, Hacı Bayramın ev işçisidir. Çox qəddar və təkəbbürlü bir insandır. Evdəki qulluqçulara qarşı amansız davranır və onların ac-susuz işləməklərindən ləzzət alır.

Cavadov mərkəzdən kəndə göndərilən yeni hökumətin üzvüdür. İnsanların problemləri ilə məşğul olur və hər kəsə kömək etməyə çalışır.

Bundan əlavə, əsərdə bəylər, ağalar, qulluqçular, komsomollar, komandir, əsgərlər və kəndlilər də yer alır[1].

Dil və üslub özəllikləri

[redaktə | mənbəni redaktə et]

Əbdürrəhim bəy Haqverdiyev Sovet dövründə yazdığı bir çox səhnə əsərlərində olduğu kimi, bu əsərdə də estetikaya o qədər də əhəmiyyət vermir. Əsasən ideoloji məqsədlər üçün yazılmış əsərdə, müəllifin məqsədi sosializm dövrünü tərifləməkdir. Bu səbəbdən müəllifin əvvəlki əsərlərindən fərqli olaraq "Yoldaş Koroğlu"-da folklor nümunələrinə qismən az rast gəlinir. Bunun əksinə olaraq, müəllif əsərdə rusca sözlərə tez-tez yer verir. Bu tip sözlərə nümunə olaraq aşağıdakıları göstərmək olar:

"Uçitel", "naşalnik", "pristav", "naloq", "saldat", "zakon", "ispalkom", "slesar" …

Əvvəlki pərdələrdən fərqli olaraq müəllif yalnız son pərdədə nəzm nümunəsi verir. Bu da pambıq tarlasını qoruyan kəndlinin oxuduğu mahnıdır:

" Yaz gələndə şum elərik düzləri,

Ağ dərya tək pambıq tutar hər yeri.

Çıxsın düşmənlərin canı, gözləri,

Yaşa şuram, yaşa şuram, çox yaşa!


Fabriklərə axar pambıq selləri,

Mal toxunar, bəzəndirər elləri.

Sınsın düşmənlərimizin belləri,

Yaşa şuram, yaşa şuram, çox yaşa!


Qara dəryadır neftimiz, qazılar,

Tərifimiz dəftərlərə yazılar.

Düşmənlərin yazdıqları pozular,

Yaşa şuram, yaşa şuram, çox yaşa![1]

"
  1. 1 2 3 4 5 "Abdurrahim Bey Hakverdiyev Hayatı-Sanatı ve Tiyatro Eserleri" (PDF). 2020-06-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-06-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]