Xosrovun taxta çıxması

Xosrovun taxta çıxmasıI Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Ağa Mirək Mirzə Qiyas tərəfindən çəkilmiş rəsm əsəridir. Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. [1]

Xosrovun taxta çıxması
Rəssam Ağa Mirək Mirzə Qiyas
Tarixi 1539-1543
Üslubu Təbriz miniatür məktəbi
Sifarişçi I Şah Təhmasib
Saxlanıldığı yer Britaniya Milli Kitabxanası

Nizaminin "Xosrov və Şirin" poemasında, Xosrov, atası öldükdən sonra üsyan qaldıran əyan Bəhram Çubinə qarşı dura bilmir və mübarizə meydanından qaçır. O, Bərdəyə, Şirinin yanına gəlir. Lakin, Xosrovun bütün yalvarışlarına cavab olaraq Şirin ona xatırladır ki, başqaları onun taxtını tutduğu halda, Xosrovun eyş-işrətə uyması qəhrəmana yaraşan hərəkət deyil. Ancaq atasının taxtını geri aldığı təqdirdə Şirin Xosrovun arvadı ola bilər. Bu məğruranə və haqlı sözlər Xosrova təsir edir. O, Rum məmləkətinə gəlib ordan hərbi kömək aldıqdan sonra qayıdır, Bəhram Çubinə qalib gəlir və taxt-taca sahib olur. Miniatürün sağ tərəfində iki düzbucaq içərisində Şirinin dili ilə Xosrova müraciət edilən beyt yazılmışdır:

" Mən durmuşam burda, şahlığı al sən,
Öz taxtını qaytar, əlindəyəm mən.
[2]
"

Miniatürdə izdihamlı təntənə şəraitində gənc şahın yenidən taxta çıxması mərasimi təsvir olunur. Xosrov əyanların və saray musiqiçilərinin əhatəsində daş-qaşlarla bəzədilmiş taxtda əyləşmişdir. Sarayın yuxarı başında müxtəlif zümrələrə mənsub əyanlar görünür. Möhtəşəm tağ-təvan arxasında çiçəkli aöaclar, sərvlər ucalır. Tağın qarşısında çarhovuz vardır. Sağda əllərində əsa tutmuş yüksək rütbəli əyanlar və onları müşayət edən bir qrup xidmətçi durmuşdur. Miniatürün mərkəzində təsvir olunmuş saray qulluqçuları məclis əhlini müxtəlif təamlara qonaq edirlər.[3]

Xosrovun əyləşdiyi orijinal formalı taxt qızıl və daş-qaşdan ibarət xətmkarlıq tərtibatı ilə bəzədilmişdir. Taxtın arxasında qızılbaş papaqlı, əllərində incə sürahi (şərab qabı) tutmuş iki xidmətçi əmrə müntəzir vəziyyətdədir. Arx kənarındakı çəmənlikdə daha iki gənc təsvir olunmuşdur. Bunlardan biri piyalədən şərab içir, yanında diz çökmüş xidmətçi isə meyvə dolu buludu ona təklif edir. Taxtın yaxınlığında əllərində qızıl quş olan üç quş ağası hədiyyə ilə Xosrova yaxınlaşır. Tamaşaçılar bu dəbdəbəni maraqla seyr edirlər.[3]

N. Zamanovun fikrincə, miniatürdə saray həyatının dəbdəbəli və izdihamlı təsvirində Ağa Mirəkə tanış olan I Təhmasibin sarayı və onun mühiti əsas götürülmüşdür. Buradakı monumental tağın tünd göy rəngli frizində süls xətti ilə yazılmış kitabədə Şah Təhmasibin adının çəkilməsi və onun şəninə deyilən uzun tərif də bunu sübut edir.[4] Saray rəssamı olan Ağa Mirək bu yazı ilə sənətinin pərəstişkarı olan şaha hörmət və sədaqətini ifadə etmişdir. [5]

  1. "Khamsah of Nizami". bl.uk. Britaniya Milli Kitabxanası. 2016-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 avqust 2017.
  2. Gəncəvi, Nizami. Xosrov və Şirin. Bakı. 1962. 110.
  3. 1 2 Zamanov, 1981. səh. 38
  4. Zamanov, 1981. səh. 39
  5. Zamanov, N. Nizaminin “Xosrov və Şirin” süjetləri orta əsr miniatürlərində (Azərbaycan SSR EA Xəbərləri, No. 3-4). 1971.
  • Zamanov, Nadir. Nizami poeziyası və təsviri sənət (Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutu). Bakı: Elm. 1981. səh. 190.