Şirin və Xosrov (Dəhləvi)

"Şirin və Xosrov"Əmir Xosrov Dəhləvinin "Xəmsə" toplusuna daxil olan ikinci əsəridir.

Şirin və Xosrov
Müəllif Əmir Xosrov Dəhləvi
Janr məsnəvi
Orijinalın dili fars dili
Orijinalın nəşr ili 1298
Tərcüməçi A. Sarovlu
Əvvəlki Ulduzların yüksəlişi
Sonrakı Leyli və Məcnun
border=none Əsas məqalə: Xosrov və Şirin
Dehləvinin "Şirin və Xosrov" poemasından "Xosrov və Şirinin toylarında əylənməsi", 1609, Səfəvilər imperiyası, Valters Sənət Muzeyi

Dehləvinin “Şirin və Xosrov” poemasının məzmunu, poemanın tərkib hissələri təxminən NizamininXosrov və Şirin” poemasında olduğu kimidir. Əsərdə iştirak edən obrazlar, baş verən hadisələr də əsas etibarilə Nizami əsərində təsvir olunduğu kimidir. Hətta, bu əsəri bir növ iqtibas da adlandırmaq olar.[1] Lakin, Dehləvi öz zövqüncə, eləcə də, dövrünün, mühitinin tələblərinə uyğun şəkildə əsərinin süjetində bəzi dəyişikliklər əmələ gətirmiş, poemada müəyyən epizodları artırıb-əksiltmişdir.

Şair çalışmışdır ki, əsərin məzmunu, onun ana xətti saray əhvali-ruhiyyəsinə, hakim təbəqənin amal və arzusuna uyğun gəlsin, hadisələri dövrünün zadəgan mühitinə uyğun bir tərzdə nəzmə çəksin. Məhz bu nöqteyi-nəzərdən Dehləvi Nizami əsərində əsas qəhrəman olan Şirin obrazını ikinci yerə, şahzadə xosrov obrazını isə ön plana çəkmişdir. Digər tərəfdən də, Fərhadı adı bir zəhmətkeş kimi yox, Çin şahzadəsi, Çin xaqan nəslinə mənsub bir şəxs kimi təsvir tərənnüm etmişdir. Dehləvi adi və zəhmətkeş insan haqqında fikir söyləmək istəməmiş, əməkçi bir sənətkarı şahlar şahı Xosrova qarşı qoymaqdan çəkinməmişdir. Bu əhvali-ruhiyyə çox qabarıq şəkildə bütün əsər boyu özünü göstərir.[2]

Əmir Xosrov bir saray şairi kimi hökmdarların tərəfini saxlamaq istəsə də, bəzən sətirarası saray mühitinin iç üzünü də açıb göstərmişdir. Xüsusilə Şapur haqqında mülahizələrinin bəzisində onun simasında tipik saray xadimlərinin yaltaq, şəxsiyyətsiz və buyruq qulu olduqlarını nümayiş etdirmişdir.

Nizami əsəri ilə məzmun fərqləri

[redaktə | mənbəni redaktə et]

Nizami əsərində Şirin heç vaxt Fərhada aşiq olmamış, ona bir sənətkar kimi hörmət etmişdir. Fərhad isə elə ilk baxışdan Şirinə vurulmuş, onun eşqinin əsiri olmuşdur. Əmir Xosrovun əsərində isə Fərhadla Şirin arasında əhd-peyman bağlandıqdan sonra, Fərhad Bisütunu yarmağa başlayır. Fərhadın dağ çapması səhnəsinə də Dehləvi tərəfindən bəzi xoşagələn epizodlar artırılmışdır.

Şirinin Fərhadın ölüm xəbərini eşitməsi, ona dəfn mərasimi təşkil etməsi, yas saxlaması və sair Nizami əsərində olduğu kimi verilsə də, epizodun sonu dəyişdirilmişdir. Əmir Xosrovun əsərində Fərhadın ölümündən sonra Şirin Xosrovdan qisas almaq qərarına gəlir. Şəkəri öldürmək məqsədi ilə Mahsaman adlı bir qadını İsfahana göndərir. Hazırlanan cinayət planı həyata keçirilir və Şəkər zəhərlənərək öldürülür.

Nizaminin təsiri

[redaktə | mənbəni redaktə et]

Əmir Xosrov Dehləvi “Şirin və Xosrov” poemasının müqəddiməsində özünün “Nizami xərməninin xuşəçini” olmasına işarə edir:

" “Mən də ondan bir neçə zinət götürüb,

Bu xəzinəmdə toplamaq istəyirəm.” [3]

"

Əmir Xosrov “Papaqçı hekayəsi”ndə əsərinin Nizaminin əsəri qədər qüvvətli olmayacağını qabaqcadan etiraf edərək yazır: “Onlar ki, mənim yazımı və keçmiş ustadın (Nizami Gəncəviyə işarədir [1]) füsünkar yazısını görüb oxuyacaqlar, mənim bu nəqdimin nə qədər naciz olmasını düşünüb bəlkə də mənə istehza edib deyəcəklər: bu əsər əsla ona bərabər deyil. Doğrudur, mən özüm də bunu etiraf edib qabaqcadan belə fikir və mülahizə söyləyənləri haqlı və üzürlü sayıram.” [4]

“Şirin və Xosrov” poeması Əmir Xosrov Dehləvi “Xəmsə”sinin ikinci hissəsidir. Şair, 4124 beytdən ibarət olan poemasını hicri 698 (1298-1299) – ci ildə tamamlamışdır:

" “Rəcəb ayınən başlanğıcında bu əsər bitdi,

Hicrətdən altı yüz doxsan səkkiz il ötmüşdü.
Beytlərinin sayını sormaq istəsən?
Dörd min yüz iyirmi dörd beytdir.” [5]

"
  1. 1 2 Q. Beqdeli – Şərq ədəbiyyatında “Xosrov və Şirin” mövzusu, Bakı, 1970, səh. 142
  2. Q. Beqdeli – Şərq ədəbiyyatında “Xosrov və Şirin” mövzusu, Bakı, 1970, səh. 143
  3. Əmir Xosrov Dehləvi – Şirin və Xosrov, M., 1961, səh. 33
  4. Əmir Xosrov Dehləvi – Şirin və Xosrov, M., 1961, səh. 31
  5. Əmir Xosrov Dehləvi – Şirin və Xosrov, M., 1961, səh. 360
  • Q. Beqdeli – Şərq ədəbiyyatında “Xosrov və Şirin” mövzusu, Bakı, 1970

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]