Yühənnas Seyidov

Yühənnas (Miryühənnas) Mirhəsən oğlu Seyidov (16 fevral 1927, Naxçıvan18 noyabr 1996, Bakı) – Azərbaycanda bərk cisimlər fizikasının əsasını qoyan nəzəriyyəçi fizik, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmlər doktoru, professor.[1][2] 

Yühənnas Seyidov
Doğum tarixi 16 fevral 1927(1927-02-16)
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1996(1996-11-18) (69 yaşında)
Vəfat yeri
Elm sahəsi bərk cisimlər fizikası[d]
Elmi dərəcəsi
Elmi adı
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı

Y.M.Seyidov 16 fevral 1927-ci ildə Naxçıvanda anadan olmuşdur. 1949-cu ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) fərqlənmə diplomu ilə bitirərək Rusiya EA-nın Ural şöbəsində Bərk cisimlər nəzəriyyəsi ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Dünyada tanınmış alım, akademik S.V.Vonsovskinin rəhbərliyi altında 1956-cı ildə "Ferritlərin ferromaqnetizmi və antiferromaqnetizmi kvant nəzəriyyəsinin bəzi məsəlləri" mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. [1][2]

1953-1960 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Nəzəri fizika” kafedrasında işləmişdir. Pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, 1960-cı ildən Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun “Nəzəri fizika” bölməsinə, 1966-cı ildən “Bərk cisim nəzəriyyəsi” laboratoriyasına, 1987-ci ildən isə “Bərk cisim nəzəriyyəsi” bölməsinə rəhbərlik etmişdir.[1][2]

1973-ci ildə "Çoxelektronlu vasitəli mübadilə nəzəriyyəsi əsasında zəif ferromaqnetizmin mikroskopik mənbələrinin, maqnit-elektrik effektlərinin, pyezomaqnetizmin və kooperativ elektrik momentinin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. 1977-ci ildə professor elmi adını almış, 1980-ci ildə isə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.[1][2]

Y.M.Seyidov  Azərbaycanda bərk cisimlər nəzəri fizikasının əsasını qoyanlardan biri idi. Elmi fəaliyyətinin böyük hissəsi müasir bərk cisim nəzəriyyəsinin ən aktual problemlərindən biri olan maqnetizm nəzəriyyəsinə həsr olunmuşdur. Antiferromaqnitlərin optik spektroskopiyasına dair işlər silsiləsinə görə Azərbaycan SSR Nəzirlər Sovetinin qərarı ilə (16 aprel 1986-cı il) Elm və Texnika sahəsində dövlət mükafatına layiq görülmüşdür (F.M.Haşimzadə, M.N.Abdullayev və V.V.Yeremenko ilə birlikdə).[1][2]   

Y.M.Seyidov 18 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. İki övladı və iki nəvəsi var.[1][2]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Y.M.Seyidovun elmi fəaliyyətinin böyük hissəsi müasir bərk cisim nəzəriyyəsinin ən aktual problemlərindən biri olan maqnetizm nəzəriyyəsinə həsr olunmuşdur. O, maqnitnizamlı kristallarda çoxelektronlu ardıcıl mübadilə nəzəriyyəsini qurmuşdur. Y.M.Seyidovun ferrit və antiferromaqnitlər nəzəriyyəsi, zəif ferromaqnitlərin mikroskopik nəzəriyyəsi, maqnitoelektrik effektləri, pyezomaqnit və çoxelektronlu nəzəriyyə əsasında kooperativ elektrik momentləri sahəsində fundamental işləri dünya elmi ictimaiyyəti tərəfindən tanınır. Rəhbərliyi ilə 2 elmlər dok­toru və 8 fəlsəfə doktoru yetişdirilmişdir. 120-dən çox elmi əsərlərin müəllifidir.[1][2]

Seçilmiş elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • С.В.Вонсовский, Ю.М.Сеидов. Некоторые вопросы квантовомеханической теории ферромагнетизма феррита и антиферромагнетизма. Известия АН СССР, сер. физ., 1954, том 18, стр. 319. 
  • N.G.Guseinov, Yu.M.Seidov. Magnetic impurity levels in antiferromagnets. Soviet  Physics JETP, 1967, Vol. 24, No. 4, pp. 725-728. 
  • Yu.M.Seidov, A.M.Suleimanov. Theory of absorption and scattering of light by singlet-triplet magnetic systems. Physica Status Solidi (b), 1985, Vol. 131, No. 2, pp. 545-554. 
  • Yu.M.Seidov, A.M.Suleimanov. To the theory of two-magnon absorption of light by surface collective excitations in the singlet–triplet ferromagnets. Physica Status Solidi (b), 1987, Vol. 140, No. 1, pp. 149- 154.
  • Yu.M.Seidov, A.M.Suleimanov. On the theory of Raman scattering by surface collective excitations in singlet-triplet ferromagnets. Physica Status Solidi (b), 1989, Vol. 153, No. 2, pp. K203-K208.   
  • Y.M.Seidov, G.R.Shaulov. Phase transitions in a magnetic superlattice: effective-field-theory approach. Journal of Physics: Condensed Matter, 1994, Vol. 6, No. 45, pp. 9621-9632. 
  • Y.M.Seidov, N.F.Hashimzade, R.I.Tagiyeva. Spin waves at the junction of two magnetic superlattices. Journal of Magnetism and Magnetic Materials, 1994, Vol. 136, Nos. 1-2, pp. 88-92. 
  • G.Shaulov, Yu.Seidov. Phase transitions in a magnetic superlattice. Journal of Magnetism and Magnetic Materials, 1995, Vols. 140-144 (Part 1), pp. 527-528. 

Elmi-təşkilati fəaliyyəti 

[redaktə | mənbəni redaktə et]

“Azərbaycan Elmlər Akademiyasının Xəbərləri” jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının və “Azərbaycan Elmlər Akademiyasının Məruzələri” jurnalının redaktoru olmuşdur. Y.M.Seyidov Azərbaycan Sovet Ensiklopediyasının işində yaxından iştirak edərək, çox sayda məqalələrin müəllifi kimi, böyük əmək sərf etmişdir. İxtisaslaşdırılmış müdafiə şuralarının fəal üzvü olan Y.M.Seyidov bu sahədə də yorulmadan fəaliyyət göstərmişdir.

25 ilə yaxın bir müddət ərzində Azərbaycan Dövlət Universitetində (indiki BDU) pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycanda elmi kadrların hazırlanmasında da onun xidmətləri böyükdür. Belə ki, onun bilavasitə rəhbərliyi altında onlarca doktorluq və namizədlik dissertasiyası müdafiə edilmişdir. O, fizika və bərk cisim nəzəriyyəsi sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlanmışdır. Onlardan bir qismi hazırda aparıcı alimlər olaraq, elmi tədqiqat institutlarında laboratoriyalara, ali təhsil müəssisələrində isə kafedralara rəhbərlik edirlər. 

Təltif və mükafatları 

[redaktə | mənbəni redaktə et]

1986 - Azərbaycan SSR Dövlət Mükafatı laureatı.[1][2]

  1. 1 2 3 4 5 6 7 8 "Seyidov Yühənnəs Mirhəsən oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 "Yühənnəs Seyidov MirHəsən oğlu" (Azərbaycan). www.nkpi.az. 2024-02-13 tarixində arxivləşdirilib.